• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu Vazeh

E-mail Çap PDF

 

Azərbaycanın şair-mütəfəkkiri, maarifçi, Gəncə "Divani-hikmət" məclisinin sədri Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Sadıq Cavad xan Ziyadoğlunun şəxsi mirzələrindən biri olmuşdur.

Mirzə Şəfi ilk təhsilini Gəncə yerləşən mədrəsədə almışdır. Dünyagörüşünün formalaşmasında böyük din xadimi Hacı Abdullanın böyük rolu olmuşdur. 

Mirzə Şəfi Vazeh bir müddət məktəbdə hüsnxət və rəsmxətdən dərs demişdir. XIX əsrin 30-cu illərində böyük dramaturq Mirzə Fətəli Axundovla tanış olmuş və onun müəllimi olmuşdur.

Mirzə Şəfi Vazeh 1840-cı ildə Tiflis şəhərinə köçmüş, qəza məktəblərində Azərbaycan və fars dillərindən dərs demişdir. Tiflisdə yerli ziyalılarla tanış olur, onlara öz şeirlərini oxuyurdu. Onun dostlarından fars dilindən dərs dediyi adamlardan biri də alman ədəbiyyatşünası Fridrix Bodenştetd olur. Bodenştetd Mirzə Şəfi Vazehin şeirlərinə vurularaq onların üzünü köçürür, sonra da alman dilinə çevirərək 1850-ci ildə Almaniyada "Şərqdə min bir gün" adı ilə məcmuədə çap etdirir. 1851-ci ildə isə "Mirzə Şəfinin sərgiləri" adı altında ayrıca kitabcada çap etdirir. Şeirlər son dərəcə şöhrət qazanaraq ingilis, fransız, holland, yəhudi, polyak, norveç dillərinə tərcümə olunur. Mirzə Şəfi Vazehin şeirlərinin şöhrət qazandığını görən Bodenştetd özünü onların müəllifi elan etməyi qərara alır və Mirzə Şəfi adını personaj kimi qələmə verir. Beləliklə, Mirzə Şəfi Vazehin şöhrəti bir müddət oğurlanmış olur. 1855-ci ildə Mirzə Şəfi Vazehin şeirləri onu şəxsən tanımış rus şairi və inqilabçısı T.İ.Mixaylov tərəfindən rus dilində çap olunduqdan sonra, Bodenştetd biabırcasına ifşa olunur.

Mirzə Şəfi Vazehin şeirləri zərif və oxunaqlı, Şərq ahəngdarlığına malikdir. Əsərlərini və şeirlərini azərbaycan və fars dillərində yazmışdır. Mirzə Şəfi Vazehin təbii ahəngdar qəzəllərinin, ikiliklərinin, rübailərinin sətirlərində maarifçilik hikməti çox asanlıqla oxucuların qəlbinə hopurdu.

Gəncədə yaratdığı “Divani-hikmət” ədəbi-fəlsəfi məclisində isə poeziya, fəlsəfəyə, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparılırdı. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, F.Bodenştedt və başqaları məclisdə iştirak edirdi. Mirzə Şəfi Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, bir müddət qəza məktəblərində müəllim işləmişdir. 1850-ci ildə isə yenidən Tiflisə getmiş, gimnaziyada azərbaycan və fars dillərindən dərs demişdir.

Mirzə Şəfi Vazehin şeirləri N.İ.Eyfert, İ.S.Predan, P.F.Yakubovic və başqaları tərəfindən rus dilinə tərcümə olunaraq nəşr olunmuşdur. A.Rubenşteyn Mirzə Şəfi Vazehin şeirlərinə 12 romans yazmışdır. "Şərq nəğməsi" adlanan bir romans F.İ.Şalyapinin repertuarına da daxil idi. Mirzə Şəfi Vazeh Şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə Tiflisin rus məktəblərində uzun illər istifadə olunan "Kitabi türk" dərsliyini yazmışdır.

Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu Vazeh 1852-ci ilin noyabr ayında Tiflis şəhərində vəfat edib. Hazırda qəbri Tiflis şəhərindəki Botanika bağında yerləşir.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort