• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Hardasan Qədim Gəncə?

E-mail Çap PDF

Hardasan Qədim Gəncə?

Tarix kitablarında Gəncə şəhərinin salınması haqqında yekdil fikir yoxdur. Onun tarixini VII-VIII-IX əsrlərə aid edirlər. Tanınmış rus alimi Y.A.Paxomov yazır ki: - “Gəncə şəhərinin yerində hələ VIII əsrin əvvəllərində eyni adda salınmış bir yaşayış məntəqəsi var idi” [1.46].

Mərhum arxeoloq İ.M.Cəfərzadənin fikrincə isə: -

“Gəncə Sasani Kavad (Qubad) tərəfindən tikilmiş, VII əsrdə (hicri 39-cu ildə) ərəblər tərəfindən salınmış və IX əsrdə Abbasilər sülaləsindən olan Bağdad xəlifəsinin fərmanı ilə inşa edilməmişdir, əksinə bu tarixlərdən çox əvvəl mövcud olmuşdur” [2.102].

Azərbaycan torpağında yaşamış ən qədim soylardan biri Kuti soy birləşməsidir. Onların Azərbaycanda olmaları e.ə. III minilliyə, Albanların məskunlaşması isə II minilliyin sonu I minilliyin əvvəllərinə təsadüf edir. Çox təəssüf ki, onların hansı dildə danışmaları haqqında dəqiq fikir söyləmək çətindir.

Araz çayından şimalda mövcud olmuş Qafqaz Albaniyasının Şimali Qərb vilayətinin mərkəzi Gəncə şəhərinin təbii iqlim şəraiti insan cəmiyyətinin formalaşmasında ilkin məskənlərdən olmuşdur. Yazılı mənbə kimi biz ancaq eramızın əvvəllərində yaşamış səyyah və tarixçilərin əsərlərindən olsa-olsa bu günümüzdən 2400 il əvvəli öyrənə bilirik. Bizim söyləyəcəyimiz fikirlər isə arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, katakomba qəbirlər və oronimlərə əsaslanır.

Gəncənin cənubunda yonulmamış çay daşlarından çox qədimlərdə yaşayış yeri tikirlərmiş. “Göy-göl rayonu yaxınlığında bir neçə il aparılan arxeoloji tədqiqat nəticəsində çay daşlarından hörülmüş və 3 min illik tarixi olan qədim bir yaşayış yeri aşkara çıxarılmışdır. Üç hektara yaxın olan bu yaşayış yerinin ətrafına daşdan hasar çəkilmişdir. Buradakı evlər düzbucaqlı formadadır. Həm də evlərin divarları və döşəmələri ağ maddə ilə suvanmışdır” [3.48].

Cənubi Qafqazda metallurgiyanın yaranma tarixi haqqında alimlərin fikri üst-üstə düşmür. Tanınmış rus alimi R.Virxov və E.Şantur metallurgiyanın Qafqaza Mərkəzi Asiyadan, fransız alim Jak de Morqan isə Dunaydan Qafqaza gəldiyini bildirir.

A.A.İyessen elmi dəlillərlə sübut edir ki, Qafqaz metallurgiyanın ən qədim məskənidir. O, Cənubi Qafqazda 5 əsas metallurgiya mərkəzinin olduğunu yazır. 1.Qərbi Gürcüstan; 2.Mərkəzi və Şərqi Gürcüstan; 3.Mərkəzi Cənubi Qafqaz; 4.Ermənistan; 5.Azərbaycan (Kür-Araz ovalığı).

Arxeoloji tədqiqatlar sübut edir ki, Albaniyada “.....e.ə. V-IV minilliklərdə misdən əmək alətləri və silahlar hazırlanmağa başlanmışdır. Lakin misdən hazırlanan alət və silahlar praktiki cəhətdən əlverişli olmadığı üçün insanlar misi qalayla qarışdırıb tunc əldə etdilər” [4.29].

III minillikdə Albaniyada erkən tunc dövründə insanlar artıq torpağı mis xışla becərmirdilər. Gədəbəydə mis mədəninin olması Albaniyada dəqiq desək Gəncədə ilk tunc alətlərin meydana gəlməsinə şərait yaratdı. Tuncun əldə edilməsi üçün 90% mis, 10% qalay lazım idi. Burada isə mis var idi, qalay isə yox. Qalay əldə edənə kimi insanlar mərgümüşdən istifadə edirdilər. İnsanlar sonralar qalayı başqa yerdən gətirirdilər, kürədə 7000-9000-də əridib, onu istədikləri şəkildə düzəltdikləri qəlibə tökürdülər. Əldə edilmiş alətlə torpağı becərirdilər.

“Eradan əvvəl III minilliyə aid metal əridilən kürələr, daş və gildən hazırlanmış qəliblər, bir sıra tunc əşyalar, alətlər və silahlar zamanlarına görə metal işləmə sənətinin yüksək səviyyədə olduğunu göstərir” [5.45].

E.ə. II minilliyin sonu və I minilliyin əvvəllərində dəmir dövrü başladı. Bununla da II minillikdə yüksək tərəqqi və inkişaf baş verdi. Dəmir alətlərin istehsalı üçün Gəncədə gözəl şərait var idi. Onun yaxınlığında böyük dəmir yataqlarının olması bunu deməyə əsas verir ki, Qafqaz Albaniyasında dəmirin ilk istehsal yeri Gəncə şəhəri olmuşdur. Bu istehsal vasitələri zamanı dəmirin insan həyatında rolu böyükdür. Artıq dəmir alətlə yanaşı əlvan metallardan, qızıl və gümüşdən zinət əşyaları hazırlanırdı. “E.ə. III minilliyə aid olan Xaçbulaq kəndindən tapılan bir qızıl asma vədigər bəzək şeyləri bunu təsdiq edir” [6.404].

Elə bu vaxtdan insan cəmiyyətində “ana şahlıq”, “ata şahlıq”-la əvəz olundu. E.ə. III əsrdə dövriyyəyə mis pul buraxıldı. Bundan sonra məhsullar mübadilə ilə yanaşı pul dövriyyəsində işləməyə başladı.

Qədim insanların ilk məişət əşyaları gildən hazırlanırdı. Onlar gildən təsərrüfat küpləri, məişətdə işlədilən kasalar, çölməklər, badələr, çıraqlar və s. əşyalar düzəldir, sonra onu kürədə bişirirdilər. Dulusçuluğun geniş inkişafı üçün Gəncədə xammal bazası var idi. İndinin özündə də Gəncənin şimal-şərqində böyük gil yataqları mövcuddur.

Şəkil № 1

1

Yarım köçəri həyat tərzi keçirən insanlar heyvandarlıqla məşğul olurdular. Onlar qoyun, keçi, inək, camış, at və dəvə saxlayırdılar. Onun südündən yağ, pendir, şor, süzmə və ayran alırdılar. Yunundan heybə, corab, paltar, keçə, xalça toxuyurdular. Burada floranın zənginliyi onlara boyaq rəngləri alıb boyaqçılıqla məşğul olmağa, əczaçılığa da şərait yaradırdı. O zamanlardan bu günə kimi arıçılıq bu zonada ən gəlirli sahə idi. Ağacın nazik budaqlarından səbətlər toxunur, içi palçıqla suvanırdı. Bal arıları səbətin içində şan düzəldib bal yığırdılar. Bu üsulla bal istehsalı yaxın keçmişə kimi mövcud idi. Heyvanların dərisinin emalı (dabbaqlıq) kustar üsulla həyata keçirilirdi. Dəridən paltar, kəmər, ayaqqabı (çarıq), papaq hazırlayırdılar.

Albaniyada 2 növ at yetişdirilirdi. Biri qoşqu, digəri isə minik atları idi. Minik atları haqqında akademik Teymur Bünyadov yazır: “Zənnimcə Qafqazın ən qədim atlarından biri sayılan Qarabağ at cinsini hətta Midiya atlarının nəsli hesab etmək olar”.

Ulularımız ovçuluqla da məşğul olurdular. Ov heyvanlarının və quşlarının çoxluğu bu sənətə meyli daha da artırırdı. Onlar mis ucluqlu oxlarla və ov itlərilə ov edirdilər. “....təxminən 5500 il bundan öncə məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq maldarlıq meydana çıxır ki, bunun nəticəsində ovçuluq təsərrüfatı öz əsas rolunu itirir” [7.17].

Qədim babalarımız yeri şumlayandan sonra dəni əllə səpirdilər. Yetişmiş məhsulu əl ilə yolurdular, sonralar sümükdən, daşdan hazırlanmış orağa bənzər alətlə taxılı biçirdilər. Misin əldə edilməsi nəticəsində metal oraqlar meydana çıxdı, bununla da daş oraqları əvvəlcə mis, tunc sonra isə dəmir oraqlar əvəz etdi. Yığılmış sünbülləri (dərzləri) vəllərlə döyər, sonra onu sovurardılar. Sovrulmuş taxıl qurudulur və təsərrüfat günlərində saxlanardı. Tədqiqatçılar göstərir ki, təxminən 5000 il bundan öncə Azərbaycanda vələmir, buğda, arpa becərilirdi. Yığılmış dəni kirkirədə yarma halına salırdılar.

Şəkil № 2

2

Akademik N.İ.Vavilov bildirirdi ki, Cənubi Qafqaz üzüm, nar, gilas, əncir, alma, armud və s. meyvələrin mədəniləşməsi vətənidir.

Gəncəçayı hövzəsində indi də vəhşi üzüm, nar və çay tikanı kolları mövcuddur. Strabon yazırdı: “Sakasenada və başqa vilayətlərdə bir üzüm kolu 1 metrel şərab verir”. (XI.7.2) 1metrel=40 litr. Onlar əkin yerlərinin suvarmaq üçün Gəncə çayından arxlarla su gətirirdilər. Albaniyada Gəncə şəhərinin yaxınlığında Şəmkir çayı hövzəsində kəhrizlər sistemi qeydə alınıb. Artıq insanlar qonşu vilayətlərə və ölkələrə gedir, ticarətlə məşğul olurdular.

5000 il tarixi olan Dərbənd-Şirvan-Tiflis karvan yolu üstə olan Qədim Gəncə hər iki istiqamətdə hərəkət edən karvanların dayanacaq yeri idi.

Ulu babalarımız ölülərini katakomba qəbirlərdə; qazılmış içi daşlarla möhkəmləndirilmiş qəbirlərdə dəfn edərdilər. Tanınmış qəbilə başçısı və yaxud onların valideynləri ilə bərabər onlara məxsus miniklərini, silahlarını, qadınları isə ziynət əşyaları ilə dəfn edərdilər. Axirətə inandıqları üçün qəbrin içinə yeməli və içməli ərzaqlar da qoyulurdu. Strabon Coğrafiya əsərində Albanların ziynət əşyalarını, heyvanlarını ölüləri ilə birlikdə dəfn etməsi nəticəsində çox kasıb yaşadıqlarını göstərir. Bütün ölülər paltarlı dəfn olunurdu.

E.ə. I minilliyin ortalarından bizim eraya qədər olan zamanlarda Albanlar ölülərini paltarlı küp qəbirlərdə dəfn edirdilər.

Şəkil № 3

3

Strabon yazırdı ki, (şəkil № 3) Albanlar “Allahlardan əsas Hemos, Zevs və Selenanı daha müqəddəs bilirdilər” [8.4,7.].

Hemos – günəş Allahı, əsas ali olan allah Zevs və ay allahı Selena idi. Onlar ay allahı Selenaya qurbanlar kəsir və dualar oxuyardılar.

“Albanlar dağdağan, saqqız ağac, dəmir ağac, çinar, qara ağaca da sitayiş edirdilər” [9.154].

Het mifologiyasında “Arma” Ay ilahəsinin adıdır. Qədim yunanlar da Armaya sitayiş edirdilər. Onlar Armanı ölkələrində Selena kimi tanıyırdılar.

Qeyd etmək lazımdır ki, qədim məbədlər dəbdəbəli binalardan ibarət olurdu.

“Zərdüşt məbədləri ilk vaxtlar yalnız kiçik bir mehrabdan ibarət olmurdu”.

Albaniyada məbəd şəhərləri öz quruluşu etibarilə şəhərlərdən ciddi fərqlənirdi.

“Albaniyadakı şəhərlərin (sonralar ölkənin iqtisadi və siyasi mərkəzinə çevrilmiş Şiz-Vavilon və s. kimi məbəd şəhərləri müstəsna olmaqla) qala divarları kiçik olub, yalnız məbəd və bilavasitə məbədlə bağlı binalar ətrafında idi” [10.32].

Göstərdiklərimizə yekun olaraq onu deməyi lazım bilirik ki, “tunc dövrü üçün xarakterik olan kurqanlar, torpaq, küp və daş qəbirlərin öyrənilməsi göstərir ki, Gəncəçay və Qoşqarçay vadiləri əhalinin ən sıx yaşayış məskəni olmuşdur” [4.62].

Çar Rusiyası dövründə Azərbaycanda bir sıra ekspedisiyalar aparılmışdır. Peşəkar ekspedisiyalarla yanaşı, həvəskar arxeoloqların və təsadüfi insanlar da dəfinə axtarmaq arzusu ilə qazıntı işləri aparmışlar. Çox təəssüf ki, istər elmi, istərsə də qeyri-elmi axtarışlar bu günkü tələbi ödəmirdi. Tapılan qiymətli eksponatlar oğurlanıb xaricə aparılır və yaxud şəxsi kolleksiyalarda saxlanılırdı.

1828-ci ildə rus arxeoloqu A.Yanovski Azərbaycan ərazisində vaxtilə Pliniyin Albaniyada adını çəkdiyi toponimlərin yerini müəyyənləşdirdi və sonra topladığı məlumatları 1846-cı ildə Peterburqda “Qədim Qafqaz Albaniyası” məqaləsini dərc etdirdi.

1834-cü ildə fransalı səyyah Dübua de Monpera Göy-göl rayonunda qazıntı işləri aparmış və tapdığı mədəniyyət abidələri olan tunc əşyaları və boyalı gil qabları vətəni Fransaya göndərmişdi.

1883-cü ildə Gədəbəy mis mədənində mühəndis vəzifəsində çalışan alman Kox Şəmkir rayonu yaxınlığında qazıntı aparmış və xeyli çaxmaq daşından hazırlanmış daş alət tapmışdır.

1884-cü ildə Gədəbəy mis mədəninin işçisi Krome qazıntı işləri apararkən daş sənduqə qəbir aşkar etmişdir. Sənduqədən çıxan maddi-mədəniyyət abidələri qarət edilib Münhen muzeyinə verildi.

1896-cı ildə Gəncə əyalət məktəbinin inspektoru A.Y.İoakimov Göy-göl rayonu ərazisində qazıntı aparmış və qiymətli qəbir əşyaları tapmışdır.

1901-ci ildə Moskva Arxeologiya Cəmiyyətinin Qafqaz şöbəsi Gəncə ilə Göy-göl rayonu arasındakı sahədə 7 kurqab aşkar etmişdir.

“Qarabağın Şuşa şəhərində müəllim işləyən Emil Resler 1892-1903-cü illər arasında Qarabağ və Gəncədə qazıntılar apararaq qiymətli abidələr çıxarıb. O, həmin abidələri Moskvadakı Dövlət Arxiv Muzeyinə və Peterburqdakı Ermitaj Muzeyinə verib”. “.... E.ə. II minilliyin sonu I minilliyin əvvəlinə aid edilmiş qolbaqlar, təbərzin baltalar, bıçaq, xəncərlər, ox ucları, muncuqlar və s. əşyalar xoşbəxtlikdən burada qorunur” [11.26].

1908-20-ci illərdə Ter-Qukasov Gəncəçay ərazisində arxeolji qazıntı aparmış və tunc dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkar etmişdir.

Bütün bu göstərdiyimiz məlumatlar onu göstərir ki, yaşadığımız Gəncə və ətraf ərazi qədim insanların yaşayış yeri olub.

Təxminən 2004-cü ildə Gəncə şəhərinin cənubi-qərbində yerləşən Danayeri kəndindən 4 km qərbdə “Qaplan dağ” massivində bir daş sənduqə aşkar olundu. Hadisənin şahidlərindən bir nəfər söyləyirdi ki, sənduqənin qapağı sal daşı kənara itələdik, qutunun içində bir qadın sanki yatmışdı. Əynində paltarı, əllərini sinəsinə qoymuşdu, boğazında muncuq, biləyində bilərzik var idi. Təəcüb bizi götürmüşdü. Bir neçə dəqiqədən sonra qız toz şəklinə düşdü. Onun boynundakı daş muncuq, qolundakı tunc bilərzik hazırda bu məqalənin müəllifindədir.

Şəkil № 4

4

Təxminən 14-15 il bundan öncə Gəncə şəhərinin cənubunda olan “Üç təpə” ətrafında bir ədəd 72 sm uzunluğunda tunc qılınc aşkar edildi. Təxminən həmin illərdə oradan daş muncuqlar da tapılıb.

Şəkil № 5

5

5/IX-2011-ci ildə şəhərin Azadlıq meydanında monitor üçün çala qazıldı. Torpağın 4 metr dərinliyindən 3 ədəd küp qəbir, içində insan skeleti aşkar olundu.

1998-ci ildə şəhərin şimali-qərb hissəsində Dəmir Yolçular Xəstəxanasının cənubunda həyətyanı sahədə bina yeri qazılarkən küp qəbir aşkar olunub.

Əgər şəhərin mərkəzində bu gün küp qəbirlər aşkar edilirsə bəs şəhərin mərkəzi harada olub? Bu sualın cavabı bizi düşündürməlidir...

Bu gün Gəncədə olan “Mahsara bağı” yaşayış məntəqəsinin onomasiyası və “Üç təpə” yaşayış yeri öz tədqiqatçılarını gözləyir.

 

ƏDƏBİYYAT:

1.Й.А.Пахомов  “Монеты Азербайджана” ст.46.

2. İ.M.Cəfərzadə  “Gəncənin tarixi oçerki”. Qobustan., 1973.səh.102.

3.Teymur Bünyadov “Azərbaycanın uzaq keçmişinə səyahət”. Bakı,  1957., səh.48.

4.Yusif Səfərov “Qədim Azərbaycan: nə bilirik?”. Bakı, 1989., səh.29.

5.Teymur Bünyadov “Mərd qalalar, sərt qalalar”. Bakı, 1981., səh.45.

6.Р.М.Мунчайев “Кавказ на заре бронзового века”. Москва, 1975., стр.404.

7. Strabon “Coğrafiya” XI 4,7.

8.Кемал Алиев “Античная Кавказская Албания”. Баку 1992., стр.154.

9.З.И.Ямпольский “Древняя Албания III-I вв до н.э.” Баку 1962., стр.190.

10.Rəşid Göyüşov “Amarəs-Ağoğlan”. Bakı 1975., səh.32.

11.Nuridə Atəşi “Qafqaz Amazonları”., səh.26.

 

Allahverdiyev Hamlet Əli oğlu

AMEA GREM-in “Arxeologiya və

Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort