• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Hacı Əli Kərbəlayi Qasım oğlu

E-mail Çap PDF

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamanında təmsil olunan şəxsiyyətlərin böyük əksəriyyəti dövrün tanınmış ziyalıları idi. Belə ziyalılardan biri də gəncəli xeyriyyəçi Hacı Əli Kərbəlayi Qasım oğlu olmuşdur.

Hacı Əli Kərbəlayi Qasım oğlu 1856-cı ildə Gəncə şəhərinin Zərrabi məhəlləsində anadan olmuşdur. İlk təhsilini Gəncə Mədrəsəsində (Məktəbül-Ruhaniyyədə) aldıqdan sonra, Peterburq şəhərində İnstitutu bitirmişdir. Hacı Əli Kərbəlayi Qasım oğlu və kiçik qardaşı Bala Məşədi 1905-ci ildə Gəncədə Ələkbər bəy Rəfibəylinin yaratdığı Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və "Qeyrət" firqəsinin ən fəal üzvlərindən biri olmuşlar. Eyni zamanda 1906-cı ilin fevral ayında Gəncədə yaradılan ilk milli-demokratik siyasi ruhlu partiya olan "Difai"nin fəaliyyətində yaxından iştirak etmişlər.

Hacı Əli və qardaşı Bala Məşədi Gəncədə sayılıb-seçilən xeyriyyəçilərdən biri olmuşlar. Hacı Əli Qasımovun böyük maddi imkanları olmuş və o, sərvətinin böyük hissəsini xalqın və millətin rifahı yolunda sərf etmişdir. Hətta deyilənə görə, Hacı Əli Qasımov vaxtilə Bakı şəhərinə Şollar suyunun çəkilişinə öz maddi yardımı ilə dəstək vermişdir. Həmçinin, 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurularkən Hacı Əli və Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün ADR Hökumətinə hədiyyə etmişdir.

Hacı Əli Kərbəlayi Qasım oğlu 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş, Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918-ci il noyabr ayının 19-u) əsasən, Gəncə qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Əhrar" fraksiyasında təmsil olunmuşdur.

Hacı Əli 1920-ci il yanvar ayının 5-də Parlaman üzvlüyündən istefa verərək doğma şəhəri Gəncəyə qayıtmışdır. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra qardaşı Bala Məşədi ilə birlikdə 1920-ci il Gəncə üsyanının fəal iştirakçılarından biri olmuşdur. Gəncə üsyanı bolşeviklər tərəfindən amansızcasına yatırıldıqdan sonra başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökumət və digər mürtəcə qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Dəfələrlə sürgünlük həyatı yaşamış qardaşlar sonuncu dəfə 1934-cü ildə ailələri ilə birgə Qazaxıstan çöllərinə sürgün olunurlar.

Sürgündən qayıtdıqdan sonra hər iki qardaş hökümət tərəfindən yenidən təqiblərə məruz qalır və bir müddət sonra həbs edilərək Bayıl təcridxanasına salınır. Bir neçə gün davam edən sorğu-suallardan sonra, 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.

(Hacı Əli Qasımovun Gəncədəki müsadirə olunmuş mülkü, bu evdə mərhum İsmət Qayıbov da yaşamışdır)

Vüqar Həsənbəyli

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort