• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncə

E-mail Çap PDF

 

Gəncə orta əsrlərdə Yaxın və Orta Şərqdə çox mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi idi. Azərbaycan və dünya ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvi bu şəhərdə doğulub, yaşayıb yaratmışdır. Gəncə Azərbaycanın dövlətçilik tarixində də böyük rol oynamış, yadelli təcavüzlərinə qarşı çox mühüm mübarizə mərkəzi idi. Nadir şah imperiyasının süqutundan sonra Gəncə eyni adlı Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1804-cü il yanvar ayının 3-də Cavad xanın baççılığı ilə Gəncədə işğalçı çar Rusiyası qoşunlarına qəhrəmancasına müqavimət göstərilmişdir. İşğalçılar şəhəri ələ keçirdikdən sonra Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianovun təklifi ilə Gəncə çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın adı ilə Yelizavetpol adlandırılmışdı. Rusiya işğalçıları onlara inadlı müqavimət göstərmiş Gəncənin adını xalqın yaddaşından silmək üçün "Gəncə" sözünün işlədilməsini belə yasaq etmişdilər.

Gəncənin işğalından sonra, 1804-cü il mart ayının 2-də aparılmış kameral təsvirə görə, burada 213 ev, hər iki cinsdən olan 7303 nəfər (3922 kişi, 3381 qadın) əhali qeydə alınmışdı. Birinci dünya müharibəsi (1914-1918-ci illər) ərəfəsində şəhər 120 kv.km ərazini əhatə edirdi. Yaşayış evləri və təsərrüfat tikililərinin sayı 13 minə çatırdı.

Qafqaz təqviminin (1917-ci il) məlumatına görə, şəhərdə 67731 nəfər əhali var idi. Onların 58592 nəfəri yerli sakinlər, 9139 nəfəri isə müvəqqəti yaşayanlar idi. Şəhər əhalisinin 28503 nəfərini kişilər, 29228 nəfərini isə qadınlar təşkil edirdi.

Yelizavetpol eyni adlı dairənin, sonra isə qəza və quberniyanın mərkəzi olmuşdur. Şəhərdə dairə məhkəməsi yaradılmış, məhkəmə islahatından sonra (1868-1869-cu illər) bu orqan yenidən təşkil olunmuşdu. Burada əsas idarə orqanı isə polis idarəsi idi.

XIX əsrin sonlarında Gəncədə şəhər duması fəaliyyətə başladı. Şəhərin iqtisadi həyatının əsasını  isə sənətkarlıq və ticarət təşkil edirdi. Bakı-Tiflis dəmir yol xəttinin çəkilməsi (1883-cü il), dəmir yol stansiyası və depo tikintisi şəhərin iqtisadi həyatında ciddi dəyişikliklər yaratdı. Poçt-teleqraf əlaqəsi inkişaf etməyə başladı. 1887-ci ildə Gəncədə ilk telefon xətti çəkildi, 1910-1911-ci illərdə isə Bakı və Tiflis şəhərləri ilə telefon əlaqəsi yaradıldı. Şəhərin sosial-siyasi və mədəni həyatında da dəyişikliklər baş verirdi.

1905-1907-ci illər inqilabı dövründə Gəncə sosial-siyasi zülmə və müstəmləkə əsarətinə qarşı mübarizə mərkəzlərindən birinə çevrilməyə başladı. Ermənilərin azərbaycan türklərinə qarşı soyqırımına kəskin müqavimət göstərildi, siyasi təşkilatlanma sahəsində mühüm addımlar atıldı. "Qeyrət" (1905-ci il), "Difai" (1906-cı il) kimi siyasi partiya və təşkilatlar fəaliyyətə başladı. Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və digər görkəmli siyasi xadimlər yetişdi. Şəhərdə sosial-demokrat qrupu və "Hümmət" təşkilatı da iş aparırdı. Fevral inqilabından (1917-ci il) sonra şəhərdə Yelizavetpol quberniyası icraiyyə komitəsi təşkil olunaraq Xəlil bəy Xasməmmədov sədr seçildi.

1917-ci ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə “Türk Ədəmi-Mərkəziyyət partiyası” yaradıldı. Bu partiya federativ şəkildə qurulacaq Rusiyada Azərbaycana Muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı. Şəhərdəki Şah Abbas məscidinin həyətində "Yaşasın Demokratik Respublika", "Yaşasın Azərbaycanın Muxtariyyəti" kimi şüarlarla mitinq keçirilmişdi. Apreldə Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında da muxtariyyət ideyası müdafiə olunmuşdu.

İcraiyyə Komitəsi ilə bərabər Gəncədə Fəhlə və Əsgər Deputatları Soveti də fəaliyyət göstərirdi. Bolşeviklər tədricən mövqelərini möhkəmləndirməyə çalışırdılar. Onların sırası ermənilər hesabına artırdı. Aprelin 10-da bolşeviklərlə menşeviklərin Rusiya Sosial-Demokrat Fəhlə Partiyası birləşmiş Yelizavetpol komitəsi yaradılmışdı. Oktyabr çevrilişindən (1917-ci il) sonra şəhərdə milli azadlıq ideyaları daha da gücləndi. Şəhər Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsində, onun erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsində tarixi rol oynadı.

1918-ci il may ayının 25-də Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncəyə gəldi və qərargahını formalaşdırmağa başladı.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük ruh yüksəkliyi ilə qarşılandı, hökumətin Tiflisdən Gəncəyə köçürülməsi üçün tədbirlər görüldü. 18 günlük Tiflis fəaliyyətindən sonra Azərbaycan Milli Şurası və Hökuməti buraya köçürüldü. Gəncənin paytaxt olduğu dövrdə (1918-ci il iyun-sentyabr ayları) Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti əsas diqqəti Bakının azad edilməsi uğrunda mübarizənin təşkilinə yönəltdi. 

Hökumətin burada olduğu dövrdə bütövlükdə dövlət, o cümlədən şəhərin həyatına dair 120-dən çox müxtəlif qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 iyun tarixli qərarı ilə Yelizavetpol şəhərinin ictimai idarəsinin fəaliyyətinin bərpasına başlandı, onun işinə köməklik üçün 150 min manat ayrıldı. 27 iyun tarixli qərarla Yelizavetpol şəhər milisi yerli idarəçiliyin tabeliyinə verildi, 11 iyul qərarı ilə Yelizavetpol hərbi mükəlləfiyyət idarəsi yaradıldı. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpol adı ləğv olundu, Gəncənin tarixi adı özünə qaytarıldı.

1918-ci il sentyabr ayının 15-də Bakı azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti həmin ayın 17-də Bakıya köçdü. Paytaxtın Bakıya köçürülməsinə baxmayaraq Gəncə ölkənin həyatında mühüm rol oynamaqda davam edirdi.

Mudros barışığına (1918-ci il) əsasən, türk qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilis qoşunları ölkəyə daxil oldu. Gəncədə ingilis hərbi hissələri yerləşdirildi. İngilislərin tələbi ilə hərbi nazirlik də noyabrın 22-də Bakıdan Gəncəyə köçürüldü. Milli ordunun formalaşdırılması prosesi Gəncədə davam etdirildi, Qarabağda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına qarşı fəal mübarizə təşkil olundu.

1919-cu ilin əvvəllərində Gəncə və ətrafında 20 mindən çox qaçqın yerləşdirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1 oktyabr tarixli qərarı ilə Gəncə sənət məktəbi hərbi məktəbə çevrilmiş, bunun üçün müvafiq maddi vəsait ayrılmışdı. Şəhərdə xəstəliklərlə mübarizə və səhiyyənin təşkili də diqqət mərkəzində saxlanılırdı. Parlament 1919-cu il yanvarın 25-də səpmə yatalaqla mübarizə üçün Gəncə şəhər özünüidarəsinə 450 min manat verilməsi haqqında qanun qəbul etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirlərə baxmayaraq, antimilli qüvvələr, xüsusilə erməni-daşnaklar və bolşeviklər pozuculuq fəaliyyətlərini davam etdirirdilər.

1919-cu ilin yazında Gəncədə Fərhad Əliyev başda olmaqla, Rusiya Kommunist (bolşeviklər) Partiyası dairə komitəsi yaradıldı. İyulun 13-də isə Gəncədə fəhlə konfransı işə başladı. Qəzada Cümhuriyyət Hökumətinə qarşı kəndli çıxışlarının qızışdırılmasına cəhd göstərilirdi.

Bakıda Sovet hakimiyyətinin qurulması Gəncədə vəziyyətə ciddi təsir göstərdi.

1920-ci il aprelin 28-də Azərbaycan Kommunist Partiyası Gəncə dairə komitəsi F.Əliyevin, Eminbəylinin, Vəli Xuluflunun sədrliyilə Quberniya İnqilab Komitəsi yaratdıldı.

1920-ci il mayın 1-də II-ci Qırmızı Ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə mübarizəni davam etdirirdi. Mayın 25-dən 26-a keçən gecə Gəncədə sovet işğalına qarşı Cahangir bəy Kazımbəylinin, Cavad bəy Şıxlinskinin və digər vətənpərvər oğulların rəhbərliyi ilə güclü üsyan baş verdi.

Bolşevik rejimi Gəncə üsyanını yalnız mayın 31-də çətinliklə yatıra bildi. Azərbaycan Sovet Sosialist Respublikası Hökuməti Gəncədə sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün cəza tədbirləri ilə yanaşı, inzibati-siyasi dəyişikliklər də həyata keçirdi. İyul ayının 3-də Gəncədə Qəza İnqilab Komitəsi yaradıldı. 1935-ci ildə isə Gəncə şəhəri S.M.Kirovun adı ilə Kirovabad adlandırıldı.

Beləliklə, çar Rusiyası zamanında olduğu kimi, sovet dövründə də Gəncə özünün tarixi adından məhrum oldu.

Sovet İttifaqı dağıldıqdan və Azərbaycanın müstəqilliyi bərpa olunduqdan (1991-ci il) sonra şəhərin tarixi adı yenidən özünə qaytarıldı.

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort