• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt

Gəncənin “Dörd Yol” məhəlləsi

E-mail Çap PDF

Gəncənin “Dörd yol” məhəlləsi XVII yüz illikdə güneydən Şah Abbas meydanı, quzeydən Bağlar, gün batandan Sofulu, gün çıxandan Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX yüz illiyin sonu XX yüz illiyin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə “Bıçaqçılar” basalağı yaranmış, “Dəmirçilər” məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və.s sənətlərlə məşğul olurdular. Artıq məhəllə gün çıxandan “Molla Cəlilli”, gün batandan “Sofulu”, güneydən “Əttarlar”, ”Şah Abbas” meydanı, quzeydən Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları, həmçinin ”Ləzgi” qəbristanlığı ilə əhatə olunmuşdur.

Gəncənin iqtisadi inkişafında əsaslı dönüş yaradan Bakı-Tiflis Dəmir yolu 1883-cü ildə çəkildi. Dəmir yolu vağzalına gedən yol ”Dörd yol” məhəlləsindən keçdiyi üçün məhəllə quzeyə doğru böyüməyə başladı. Məhəllədən keçib şəhərin mərkəzini Dəmir Yol vağzalı ilə birləşdirən, atla işləyən “Qonka” var idi. 1932-ci ildə “Qonka” ləğv olundu, yeni minik növü olan 4-5 vaqonlu “Kukuşqa” şəhərin nəqliyyata olan tələbatını bir müddət ödədi. Bundan sonra yeni nəqliyyat  növü “Tramvay” yolu çəkildi. Bu nəqliyyat növü 1950-ci ilə kimi məhəllədən keçib şəhərin müəyyən küçələrindən işləyirdi. 1950-ci ildə artıq məhəllə şəhərin əsas küçəsi hesab olunurdu. Oktyabr küçəsində olan tramvay yolu həmin il Əzizbəyov küçəsinə keçirildi.

Məhəllədən keçən “Satır” arxı və “Hacı Qədimli” kəhrizi məhəllə sakinlərinin suya olan təlabatını tam ödəyirdi. Axar suların məhəllələr arasında paylanmasına “cuvarlar” nəzarət edirdilər. İctimai mülkiyyət olan arxların suyuna nəzarət edən “cuvarlar”a rəhbərliyi isə “Mirab”lar edirdi. “Mirab”lar seçki yolu ilə seçilirdi.

Məhəllənin güneyində “Dörd yol” karvansarası Gəncəyə gələn tacirlərin düşərgəsi idi. Məhəllə sakinləri “Hacı Xeyransa” hamamından, ”Hacı Saitlilər” məscidinin xidmətindən yararlanırdılar. Məhəlləyə yaxın olan “Əttarlar”, ”İmamlı” qəbristanlığında ölülərini dəfn edirdilər. XIX yüzilliyin 70-ci illərində bu qəbristanlıqda boş yer olmadığı üçün sakinlər “Səbiskar” qəbristanlığından istifadə etməyə başladılar.

Məhəllədə olan “Hacı Saitlilər” hamamının suyu odunla qızdırılırdı. Bir gün kişilər, bir gün isə qadınlar istifadə edirdilər. Bu hamam indiki Universamının yerində idi. Məhəllə karvansarası Sovetlər dönəmində 21N-li məktəb, sonra isə ictimai təminat idarəsi kimi fəaliyyət göstərirdi.

Məhəllədə Seyidlər, Talıblılar, Hacı Qədimlilər nəslinin nümayəndələləri, ha belə tanınmış sakinlərindən Məşədi Məmməd Axundzadə, Cabbar bəy Şeyxzamanlı, Məşədi İsmayil, Məşədi Mehdilər, Nainsaf oğlu Məmməd Əli, Ağa Allahverdilərdən Kərbəlayi Əhmədin, Məşədi ağa, Məşədi Rza, Həsən Fəttah oğlu məhəllənin bütün şəhərdə tanınan nüfuzlu ağsaqqallarından olmuşlar.

I-ci Dünya müharibəsində Müsəlman süvari alayı döyüşçüləri içərisində ”Dörd yol” lu Yaqub Kərbəlayi Əhməd oğlu da var idi. Mərhum “Diki Diviziya” nın süvari alayının rəşadətli döyüşçüsü olmuşdur.

F.Əhmədov “Gəncənin tarix yaddaşı” kitabında yazır ki, ”Bu dövrə qədər mövcud olmuş tatardan əsgər olmaz” prinsipi burada pozulmuşdur. Könüllülük əsasında Gəncə quberniyasının bütün qəzalarında, o cümlədən Gəncə şəhərindən əsgərlər yığılır və onların əsasında “II Yelizavetpol süvari tatar alayı” yaradılır. Yüz nəfər atlıdan ibarət həmin hərbi hissə “Vəhşi Diviziya” adlandırılan birləşmənin tərkibinə daxil edilər. ”II Gəncə süvari müsəlman alayı” nın döyüş qabiliyyəti haqqında həmin alayın komandiri polkovnik Polotsovun Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi 11\VII-1915-ci il tarixli teleqramı şəhadət verir. Həmin sənədin məzmunu aşağıdaki kimi idi:

“Vəhşi diviziyanın alayları içərisində Gəncə süvari alayı birinci olaraq öz komandirinə müqəddəs Georgi xaçı ilə təltif olunmaq şərəfi nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək onu tatar süvarilərinin yüksək döyüş bacarığı və fədakar qəhrəmanlığın qiyməti kimi qəbul edirəm. Müsəlman döyüşçülərinin misilsiz şücaəti qarşısında mənim dərin heyrətimi qəbul etmənizi xahiş edirəm”.

Gəncə şəhərindən toplanmış döyüşçü süvarilərindən İsmayıl bəy Qəhrəmanov, Məmməd Məşədi Mirzə oğlu, Oruc Abbas oğlu, Məmməd İsrafil oğlu Quliyev, Oruc Məşədi İsgəndər oğlu, İsa Kərbalayi İsmayıl oğlu, Yaqub Kərbalayi Əhməd oğlu, Cahangir Əsgər oğlu, İsrafil Məmməd oğlu, Ələkbər Abbas oğlu, Məmmədəli Qasım oğlu, Göyüş Abbas oğlu, İsrafil Əsəd oğlu, Əliqara Niftəli oğlu, Seyid Rza Mürtəza oğlu, Seyid Həsən Mir Qasım oğlundan ibarət idi.

Mərhum Yaqub Kərbalayi Əhməd oğlu 1920-ci ildə bolşeviklərin hərəkətlərindən şübhələnərək, Ərəş qəzasının Suçimi kəndində gizlənir və 1923-cü ildə orada da vəfat edir. Onun Gəncədə Səmayə adlı qızı və Fərman adlı oğlu yaşayırdı. Nəvəsi Allahverdiyev Əli Fərman oğlu Gəncə şəhər Dövlət Dram teatrının əməkdar artisti idi.

Məhəllə sakinlərindən zərgər Məşədi Ağamirzə, kürəkəni Salman Əhmədov (ədib), fizika müəllimi Məcid Ağazadə nəinki məhəllədə, hətta Gəncədən kənarda da tanınmış ziyalılar idilər. Məhəllədə boya-başa çatmış şəxslərdən professor Əli Saləddin, “Azərbaycan qadını” jurnalının məsul katibi, professor Sabir Gəncəli, xalq artisti Mobil Əhmədov, bəstəkar Firuddin Mehtiyev, “Cücələrim” mahnısı ilə dünyada şöhrət qazanmış ünlü bəstəçi Qəmbər Hüseynli, SSRİ-də tanınmış pəhləvan Elbrus, texnika elmləri namizədi, əməkdar ixtiraçı Sadıq Bağırov, kənd təsərrüfatı elmləri namizədi, Böyük Vətən müharibəsi iştirakçısı mərhum Nürəddin Allahverdiyev, fizika-riyaziyyat elmləri namizədi mərhumə Zərinə Həsənova da hamının sevimlisi idilər.

 Hamlet Əli oğlu Allahverdiyev

AMEA GREM-nin “Arxeologiya və Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort