Söz: Rəsul Rza
Musiqi: Telman Hacıyev
İfa edən: Gülüstan Əliyeva
Nizami Gəncəvinin irsində türklük və islamlıq
Hazırda Azərbaycan-türk fəlsəfəsi və mədəniyyətinin inciləri sayılan mütəfəkkirlərin Ə.Bəhmənyar, N.Gəncəvi, Xaqani, N.Tusi, İ.Nəsimi, M.Füzuli və b. yaradıcılığından bəhs olunarkən, onların Azərbaycan xalqının qədim dini-fəlsəfi dünyagörüşü ilə bağlı fikirləri tədqiqatlardan, həmçinin Azərbaycan türk fəlsəfəsi, Azərbaycan türk tarixi və s. adlanan mühüm əhəmiyyətə malik olan elmi yazılardan ya kənarda qalmış, ya da çox cüzi şəkildə təfsir olunmuşdur. Halbuki onların dünyagörüşündə türk mənsubiyyətinə, türk ruhuna, eləcə də islama dair motivlər güclüdür. Bu mütəfəkkirlər birmənalı şəkildə özlərini türk adlandırmış və türklükləri ilə də fəxr etmişlər. Onların arasında böyük türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin yaradıcılığında əski türk düşüncəsinə, türk dini etiqadlarına, ümumilikdə türk mədəniyyətinə-fəlsəfəsinə meyil daha çox hiss olunur. N.Gəncəvi «Xəmsə»sini («Beşliy»ini) farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümumilikdə türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ etmişdi. N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir. Filosof-şair «Sirlər xəzinəsi»ndə dəfələrlə türk düşüncəsinə, türk etiqadlarına müraciət etmişdi: «Türkə bənzər yasəmən çöldə qurub ağ çadır, Çadırın ayparası Sürəyyaya nur saçır». Burada o, ağ yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşçü çadırına oxşadır və bu çadır guya, o qədər əzəmətlidir ki, Surəyya ulduzunadək ucalıb ona şölə verir. Nizami daha sonra yazır: «Lalənin bağrı qara - ərəb yavrusu kimi, Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi!». «Türk yasəmən» ifadəsi Nizaminin ənənəvi məcazlarındandır və türkün qədim dövrlərdən əbədi bahar, təzəlik, paklıq rəmzi olduğuna işarədir. «Qarı ilə Sultan Səncərin hekayəti»ndə isə Nizami türk hökmdarını ədalətli və vicandlı olmağa çağırır. Nizamiyə görə, türk hökmdarları heç bir zaman zalım və ədalətsiz olmamışlar, Sultan Səncərin buna uyğun olmayan davranışı isə türk adına şərəf gətirmir. Ona görə də, Nizami bir qarının dilindən türk hökmdarı Sultan Səncəri ədalətsiz işlərinə görə belə ittiham edir: «Dağ kimi ucalmışdı bir zaman Türk dövləti, Sarmışdı məmləkəti ədaləti, şəfqəti. Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san, Demək, sən türk deyilsən, yağmaçı bir hindusan». Fikrimizcə, burada N.Gəncəvi bir tərəfdən Sultan Səncərin timsalında türk hökmdarlarını türk düşüncəsinə, türk adət-ənənələrinə əməl etməyə çağırmaqla yanaşı, onları pis əməllərdən çəkindirməyə çalışmış və başqa tərəfdən Azərbaycanda bir Türk dövlətinin hakim olduğuna işarə etmişdir. «Xosrov və Şirin» poemasında isə N.Gəncəvi açıq şəkildə yazır ki, türklərin köku bu millətin ulu əcdadı Alp Ər Tonqa, dini etiqadı isə Günəşə sitayişlə bağlıdır: «Əgəp o aydırsa, biz aftiabıq (Günəş - F.Ə.), O Keyxosrovdursa, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa-F.Ə.)». Eləcə də, N.Gəncəvinin zərdüşti Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubuna qarşı göstərdiyi hörmətsizliyə münasibəti də göstərir ki, o, fars düşüncəsindən çox-çox uzaq olmuşdu. Gəncəli Nizami atəşpərəst dininə tapınan fars Pərvizin peyğəmbərin məktubunu cırmasını «quduzluq» kimi qiymətləndirmişdi. Fikrimizcə, N.Gəncəvinin «İskəndərnamə»ni yazmaqda məqsədi yalnız Makedoniyalı İskəndərin timsalında adil hökmdarı, ədalətli cəmiyyəti təsvir etmək deyil, eyni zamanda türk millətinin qədimliyini, türk inanclarını, adət-ənənələrini və s. dünyaya tanıtdırmaq olmuşdu. Bu baxımdan N.Gəncəvinin Makedoniyalı İskəndəri türk dünyasının bir hissəsi olan Azərbaycana, daha sonra Qıpçaq elinə aparması təsadüfi ola bilməzdi. N.Gəncəvinin burada başlıca məqsədi Azərbaycanda, Qafqazda, Orta Asiyada və b. yerlərdə yaşayan türklərin adət-ənənələrini, mədəniyyətini, düşüncələrini və s. açıqlamaq olmuşdu. Məsələn, İskəndəri Qıpçaq ellərinə aparan N.Gəncəvi yazır ki, Qıpçaq türklərinin adət-ənənələri böyük fatehi mat qoyur. Xüsusilə qadınların üzlərini örtməməsi və kişilərdən qaçmaması İskəndəri təəccübləndirir. İskəndər qıpçaqların ağsaqqallarını başına yığaraq bu adətlərindən əl çəkməyə çağırır: «Örtülü dedi çöl qıpçaqlarına: «Üzünü gizləmək xoşdur qadına». Qıpçaq türkləri isə İskəndəri başa salırlar ki, onlar adətlərini dəyişməyəcəklər, makdeoniyalı fateh isə hiylə işlətməklə istəyinə çatır. Nizaminin yaradıcılığında zərdüştiliyin, atəşpərəstliyin birmənalı şəkildə pislənməsi, eləcə də Makedoniyalı İskəndəri bu dini dünyadan təmizlədyi üçün tərifləməsi, heç də təsadüf ola bilməzdi. Əgər Firdovsi «Şahnamə»də fars düşüncəsini, fars dini etiqadlarını, fars dünyagörüşünü təbliğ etmişdirsə, N.Gəncəvi də «Beşlik»də, o cümlədən «İskəndərnamə» poemasında türk həyat tərzini, türk düşüncəsini, türk dini etiqadlarını, türk adət-ənənələrini, türk dünyagörüşünü və s. böyük ustalıqla əks etdirmişdir. Göründüyü kimi, N.Gəncəvinin əsərlərində «türk» amili xüsusilə önə çəkilmiş və Azərbaycan türklərin qədim vətəni kimi açıq şəkildə qeyd edilmişdir. «Xosrov və Şirin» poemasında «Dərbənd dənizinin bir sahmanında», «Arrandan başlamış Ərmənə qədər» hökmdarlıq edən Məhin Banunun dilindən Nizami türklüyümüzün qədimliyini bu cür ifadə edir: «Əgər o aydırsa, biz afitabıq, O, Keyxosrov, bizsə Əfrasiyabıq (Alp Ər Tonqa - F.Ə.)». Deməli, Arran-Bərdə hökmdarı Məhin Banu özünü Əfrasiyabın, yəni türklərin nəsilindən hesab etmişdi. N.Gəncəvi də Məhin Banunun dilindən bu xalqın kökünün türk olması və türklərin Əfrasiyab (Alp Ər Tonqa) kimi hökmdarının olması ilə fəxr edir. Xüsusilə N.Gəncəvi «İskəndərnamə» poemasında türk xalqlarının qədimliyini, onların adət-ənənələrini böyük ustalıqla əks etdirmişdir. Bu əsərində Makedoniyalı İskəndərin Qıpçaq ellərinə səfərindən bəhs edən N.Gəncəvinin məqsədi türklərin yalnız Azərbaycanda deyil, Orta Asiya və bütün Qafqaz ellərində qədim xalqlardan biri olduğunu sübuta yetirmək olmuşdu. Ümumiyyətlə, N.Gəncəvinin bütün yaradıcılığı bizə onu deməyə əsas verir ki, o bir türk ölkəsində-şəhərində dünyaya gəlmiş, türk kimi böyümüş və türk adına xidmət etmişdir. N.Gəncəvinin «İskəndərnamə» poemasında türk ölkəsi, türk əhalisi, türk yurdu və s. mənalarda tez-tez ifadə etdiyi «Xəzran», «Xəzər», «xəzərli», «xəzərlər», «Xəzər dağı» anlayışları da göstərir ki, o, bir türk filosofu olmuş və türk ölkəsində yaşamışdır. «Xəzər dağından Çin suyuna qədər Türklərlə doludur bütün bu yerlər» - yazan N.Gəncəvi birincisi, Azərbaycanın qədimdən türk torpağı olduğunu, ikincisi isə «Xəzər dağı» ifadəsini işlətməklə həmin dövrdə xəzərlər adlı türk etnosunun mövcudluğunu göstərmək istəmişdir. Başqa tərəfdən N.Gəncəvinin «İskəndərnamə»sində görürük ki, İskəndərin qoşununda türklər olduğu kimi, rusların da qoşununda Xəzər, Xəzran ölkəsindən gəlmiş «xəzərlər» adlı türk tayfaları var: «Qarşıda bənizi qırmızı ruslar Məcusun atəşi kimi parıldar. Sağ qolu bəzəmiş Xəzran dəstəsi, Soldan da ucalır Burtasın səsi». Əslində «Xəzran» sözünün mənası Xəzərlər - «Xəzərlər ölkəsi» deməkdir. Hətta, N.Gəncəvi «İskəndərnamə»də bir türk etnosu kimi «xəzərli» terminindən də istifadə etmişdir. Fikrimizcə, N.Gəncəvinin dünyagörüşünün bu yöndə obyektiv, elmi prinsiplərə əsaslanan şərhi, təfsiri ilk dəfə böyük türkçü ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdi. M.Ə.Rəsulzadə N.Gəncəvinin türk mənsubiyyətinə, türk dini-fəlsəfi düşüncəsinə, türk ruhuna, türk mədəniyyətinə-fəlsəfəsinə bağlılığını vaxtında görərək, bütün bunları «Azərbaycan şairi Nizami» əsərində əks etdirmişdi. M.Ə.Rəsulzadə yazır ki, Firdovsi İran millətçiliyinin ideoloqu, fars oğlu fars olduğu kimi, N.Gəncəvi də türk oğlu türk kimi bir Azərbaycan şairidir. M.Ə.Rəsulzadəyə görə, Nizaminin iranlılıqdan, farspərəstlikdən uzaq olmasına nümunə «Xosrov və Şirin» poemasında Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubunu cırmasını «quduzluq» adlandırması, «atəşpərəst hökmdarın yalnız maddi fəlakət və süqutunu şərh etməklə kifayətlənməyib, eyni zamanda İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etməsi»dir. Onun fikrincə, Nizaminin bir o qədər də ehtiyac olmadan peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qırmancla onu vurması, vəziri Büzürgümidin ona ərəb peyğəmbəri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşkədələrin (atəşgahların) sönməsi kimi əhvalatları «Xosrov və Şirin» poemasına əlavə etməsi, türk ziyalısının farslıq təəssübündən, fars düşüncəsindən uzaq olmasıyla bağlı olmuşdu. M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi. Onun fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəsləməsi onda farslıq duyğusunun olmaması idi. M.Ə.Rəsulzadəyə görə, Nizami bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır: «Təkallahlıq mövqeyindən də o hər cür ikilik və çoxluğu rədd edən bir «vəhdaniyyətçidir». Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub öz aralarında vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlir». M.Ə.Rəsulzadə yazır ki, hətta Nizami üçün «qədim farslığın islama qarşı müxalifətinin bir ifadəsi» olan ismaililik «iranlı» məzhəb kimi onun dilində bir söyüşdür: «Dediyim kimi deyilsə, ismaili olum». Deməli, N.Gəncəvi qədim türklərin tanrıçılıq dini-fəlsəfi təlimində olduğu kimi təkallahlılıq dünyagörüşünə sahib olmuş və bütün hallarda dualist, politeist sistemləri inkar etmişdi. Bu da, bir daha göstərir ki, N.Gəncəvi XII əsrdə dualist fars düşüncəsinin, atəşpərəst fars ehkamçılığının, yaxud da islama qarşı yönəlmiş «Firdovsi kini»nin yox, qədim dövrdən etibarən türk düşüncəsinə hakim olan monoteizmin, türk dini etiqadının daşıycısı olmuşdur. Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İsmət İsmayıl oğlu Qayıbov
“Biz ordunu da, qrupları da, OMON-u da yalnız erməni yaraqlıları ilə mübarizə aparmaq üçün yaradırıq. Xalqımızın erməniləri tam məhv etməyə gücü çatacaq” (İ.Qayıbov).Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru, Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının üzvü, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət İsmayıl oğlu Qayıbov 1942-ci il oktyabr ayının 8-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olub. İ.Qayıbov Gəncə şəhərində hazırda adını daşıdığı 1 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra, 1967-ci ildə hüquq fakültəsində təhsilini başa vurur. Əmək fəaliyyətinə 1963-cü ildə Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, sonra isə İslah Əmək Müəssisələrində çalışıb. İ.Qayıbov 1971-ci ildə respublika prokurorluq orqanlarına işə qəbul edilir. İlk öncə rayon prokurorunun köməkçisi, Bakı şəhər prokurorluğunun şöbə prokuroru və şöbə rəisi, İsmayıllı və Əli Bayramlı rayonlarında şəhər prokuroru vəzifəsində çalışmışdı. 1982-ci ildə Respublika prokurorluğu aparatında şöbə rəisi vəzifəsində irəli çəkilib və 1987-ci ildən 1990-cı ilədək Sumqayıt şəhər prokuroru vəzifəsində çalışıbdır. 1990-cı ilin avqust ayında Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilir. Daha sonra isə Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru adına layiq olur. Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru olan İsmət İsmayıl oğlu Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra Azərbaycanın digər dövlət xadimləri ilə birlikdə içərisində olduğu “Mİ-8” helikopterinin erməni hərbi yaraqlıları tərəfindən vurulması nəticəsində şəhid olur. Azərbaycanın Respublikasının ilk Baş prokuroru İ.Qayıbovun rəsmi dəfn mərasimi Bakıda keçirilir və mərhum Şəhidlər Xiyabanında dəfn olunub. Hazırda Bakı şəhəri Bakıxanov qəsəbəsindəki yerləşən stadion, eləcə də neft tankeri, Gəncədə 1 saylı orta məktəb və şəhərin ən böyük küçələrindən biri İsmət İsmayıl oğlu Qayıbovun adını daşıyır. Eyni zamanda Gəncədə doğulub boya-başa çatdığı evin qarşısında mərhumun xatirə barelyefi vurulmuşdur.
Qara duman. İsmət Qayıbov (film, 2011)Mən səni araram (Fikrət Əmirov).
Film böyük Azərbaycan bəstəkarı Fikrət Məşədi Cəmil oğlu Əmirov haqqındadır (2006-cı il). Filmin üzərində işləyənlər: Cahan Mirbaba oğlu Ağamirov
Gəncənin Nizamişünas mütəxəssisiGəncənin tanınmış Nizamişünas, Şərqşünas və fars dili mütəxəssisi Ağamirov Cahan Mirbaba oğlu 1945-ci ildə Gəncə şəhərinin İmamlı məhəlləsində ziyalı ailəsində anadan olub. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov isə Stalin repressiyasına məruz qalmış, bir müddət Cənubi Azərbaycanın Təbriz şəhərində yaşamışdır. Cahan Mirbaba oğlu Ağamirov 1965-ci ildə Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbi bitirərək, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə daxil olaraq, 1971-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitirmişdir. C.Ağamirov 1971-1972-ci illərdə ordu sıralarında xidmət edərək, hərbi tərcüməçi vəzifəsini icra etmişdir. 1973-cü ildə C.Ağamirov Gəncə şəhər 4 saylı orta məktəbində hərbi dərsi demişdir. 1975-ci ildə Bakı şəhəri 5 saylı Texniki-Peşə məktəbində tərbiyəçi - müəllim vəzifəsində işləyib. Cahan Ağamirov 1979-cu ildən 1989-cu ilə qədər Leninqrad (indiki Sankt-Peterburq) şəhəri Şərqşünaslıq İnstitutunda tərcüməçi, inturistə tərcüməçi-bələdçi, Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Gimnaziyasında türk və fars dili müəllimi vəzifələrində çalışmışdır. 1989-cu ildə Cahan müəllim vətənə dönüb doğma Gəncə şəhərində 24 saylı orta məktəbdə fars dili müəllimi kimi fəaliyyətini davam etdirir. 2002-ci ildən bu günə qədər isə Gəncə Dövlət Universitetində fars dili müəllimi vəzifəsində fəaliyyət göstərir. 2007-ci ildən 2011-ci ilə kimi A.M.E.A. Gəncə Regional Elmi Mərkəzinin «Nizamişünaslıq» şöbəsində böyük elmi işçi olub. Cahan Mirbaba oğlu Ağamirovun elmi mövzu və məqalələrinin siyahısı: 1. Nizami yaradıcılığında türk sözləri, Azərbaycan zərbi-məsəlləri kitabı. Gəncə 2005-ci il. 2. Nizami və türklük. Gəncə 2008-ci il monoqrafiya. 3. Fars dili dərslik kitabı. Bakı 2009-cu il. 4. Nizami və Heydər Əliyev 2009-cu il konfrans materialı. 5. Nizami yaradıcılığında qadın surətləri. A.M.E.A. G.R.E.M 2008-ci il. 6. Dahi Azərbaycan şairi Nizami Gəncəvi. Qazaxıstan Respublikası, Astana 2009-cu il, Hüquq və Filologiya Universiteti. 7. İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi. Gəncə 2010-cu il, G.D.U-nun xəbərlər məcmuəsi. 8. İran ədəbiyyatında Nizaminin tədqiqi. Bakı 2010-cu il, Beynəlxalq elmi nəzəri jurnalı. 9. Nizami əsərləri yenidən tərcümə edilməlidir. Bakı 2010-cu il. A.D.U-nun elmi xəbərləri. 10. Gəncədə fəaliyyət göstərən “Difai”, «Gəncənin səsi», «Gəncəbasar», «Yüksəliş» və s. qəzet və jurnallarda bir çox sayda məqalələri dərc olunub. Hal-hazırda elmi işi kimi yazdığı «Nizami irsinin İran Ədəbiyyatşünaslığında öyrənilməsi və tədqiqi» mövzusunda filologiya üzrə fəlsəfə doktoru, elmi dərəcəsi almaq üçün dissertasiyasını tamamlayıb. Evlidir, bir oğlu var. Gəncə üsyanının başçısı-Usta Bəndər
"Əxilər" Hərəkatının rəhbərlərindən biri
XII-XIII əsrləri əhatə edən həmin dövr Azərbaycan dövlətinin çiçəklənməsinin və tənəzülünün başlanğıcı idi. O zaman Gəncədə öz yaradıcılığı ilə Yaxın və Orta Şərq xalqlarının bədii və fəlsəfi fikrinin sonrakı inkişafını müəyyənləşdirmiş şair və mütəfəkkir Nizami Gəncəvi yaşayıb yaratmışdır. Sənətkar Bəndərin elə həyatı da həmin dövrə-XII-ci yüzilliyin sonuna, XIII-cü yüzilliyin əvvəllərinə təsadüf edir. İgid üsyançı Bəndəri də ölməz Nizamini dünyaya bəxş edən el-oba, torpaq, mühit və ictimai qayğılar yetirmişdir. Nizami Gəncəvinin dünyaya gəlməsindən bir qədər əvvəl-1139-cu ildə baş verən zəlzələ nəticəsində demək olar ki, tamamilə dağıdılmışdısa da, şəhər qısa müddət ərzində bərpa edilib öz əvvəlki şöhrətinə yüksəldi. Şəhərin tərəqqisi köçərilərin oturaq həyata keçməsinə sənətkarlığın coşğun inkişafına və əhalinin təbəqələşməsinə gətirib çıxardı. Burada toxuculuq, metal emalı, dulusçuluq və başqa sənətlər o dövr üçün artıq yüksək səviyyəyə çatmışdı. Şəhər əhalisinin ən qabaqcıl zümrəsini Usta Bəndər və onun sənətkar tərəfdarları təşkil edirdi. Təsadüfi deyil ki, yadelli işğalçıların amansız həmlələrinə məruz qalmış Gəncənin müdafiəsinə də məhz dulusçu Bəndər kimi sənətkar başçılıq edirdi. O dövrdə ümumən Azərbaycana, o cümlədən Gəncəyə hücumların ardı-arası kəsilmirdi. Yadelli işğalçıların hücumları, yerli idarəetmə hakimlərinin zorakılığı, əhaliyə olmazın işgəncə verməsi, zülm, talan bütün bunlar Gəncə əhalisinin səbrini aşırdı. Onlar bu talançılığa, ədalətsizliyə qarşı çıxmağa başladılar. Əhalidən xərac vergisi ikiqat, üçqat yığılırdı. Bu aclıq, talan siyasətinə, baş alıb gedən bu zülmə, xarəzmlərin zillətinə qarşı xalq üsyanı başladı. Üsyanın başında dulusçu sənətkar usta Bəndər dururdu. Bəndər zülmə, əsarətə tab gətirməyən öz həmkarları ilə birlikdə Gəncə əhalisini Xarəzmşah işğalçılarına qarşı mübarizəyə qaldırdı. 1231-ci ildə Gəncə şəhəri usta Bəndərin başçılığı altında üsyana qalxdı. Cəlaləddinin sarayı dağıdıldı, məmurlar qılıncdan keçirildi. Cəlaləddin şəhəri mühasirəyə alsa da, üsyançılar onun təslim olmaq tələbini rədd etdilər. Usta Bəndər öz döyüşçüləri ilə birlikdə açıq döyüşdə məğlub oldular. Düşmən atlıları şəhərə girib əhaliyə divan tutdular. Üsyanın 30 başçısı Gəncə qapıları yanında dar ağacından asıldı. Bəndər isə tikə-tikə doğrandı. Bəndər əzab işgəncə ilə ölsə də, xalqın qeyrətini hünərlə qoruyur, elin mənliyini mərdliklə müdafiə edir. Usta Bəndərin rəşadəti və Gəncə əhalisinin qeyrəti tarixi həqiqətə tam uyğun olaraq tariximizin ən şərəfli, parlaq səhifələrindən birini təşkil edir. Bəndər Hərəkatı ilə tanış olduqca, ötüb keçənlərə bir daha bələd olduqca doğma el-oba üçün atan qəlbin iftixarla dolur. Zənnimcə Usta Bəndərin həyatı, onun qəhrəmanlığı, xalqına olan sədaqəti Gəncə tarixinin silinməz səhifələrindən biridir. Biz də bir vətəndaş olaraq bu tarixi qəhrəmanlığı öyrənib, təbliğ etməyə borcluyuq. Sürahi Qaffari Nizami Gəncəvinin şəxsi həyatına aid bəzi faktlar
Nizami Gəncəvi dünyada bu "Beşlik" ilə şöhrətlənmişdir. Ədəbiyyatda Nizami Gəncəvi ilə "Xəmse-ye Nizami" söz birləşmələri bir-birini tamamlayan iki məşhur tərkibdir. Nizami Gəncəvini Nizami olaraq bütün şairlərdən fərqləndirən əslində elə bu beş kitabdır. Nizami Gəncəvi özü də sonuncu əsəri olan "İsgəndərnamə"nin müqəddiməsində bunu xüsusi olaraq qeyd etmişdir. Nizami Gəncəvinin şəxsi həyatına aid məlumat çox azdır. Təzkirəçilər şairin üç dəfə evləndiyini, bir oğlu olduğunu xəbər verirlər. Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olmuşdur. Bu türk qızını Nizami Gəncəvi son dərəcə sevmiş və onunla 1173-cü ildə ailə həyatı qurmuşdur. Canı kimi sevdiyi və əsərləri qədər istədiyi yeganə oğlu Məhəmmədin anası həmin türk gözəli olmuşdur. Qıpçaq gözəli Afaq şair "Xosrov və Şirin" əsərini yazan vaxtı 1180-ci ildə dünyasını dəyişmişdir. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin öz həyat yoldaşı Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli ömür-gün yoldaşına gətirərək deyir: "O (Şirin) mənim qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun özü idi". Beləliklə, Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adını Afaq olduğunu bildirmişdir. Eyni zamanda oğlu Məhəmmədin bu qadından doğulduğunu belə anlatmışdır: "Türküm köçdü isə də, İlahi, türk balasını sən özün qoru". Şairin öz oğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Türk həyat yoldaşına olan istək, sevgi şairin türk balasına keçmişdir. Şair yalnız bir həyat yoldaşı ilə evlənməyin tərəfdarı olmuşdur. Filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində Nizami Gəncəvi bir arvadlığın məziyyətini özünəməxsus bir üslubla açıqlamışdır: "Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Dünyanın yeddi atası və dörd anası olduğu üçün onun işləri dolaşıqdır. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla". İlk eşqinin yadigarı olan oğlu Məhəmməd haqqında şair daima düşünmüş və bu "türk balasını" candan gələn bir istəklə bəsləmişdir. Şair oğlunu əsərlərindən biri kimi qəbul etmiş və onu kitablarına qardaş saymışdır. Nizami Gəncəvinin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan tamamilə heç bir tərəfə ayrılmamışdır. Yalnız tədqiqatçılar qeyd edirlər ki, Xaqani Şirvani ilə birlikdə bir dəfə Həcc ziyarətinə getmişdir. Təvazökarlıq Nizami Gəncəvi həyatının ana xətti olmuşdur. O, bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, kimsədən heç bir şey ummadan yazmışdır. Öz ruzisini o kimsədən deyil, ruzi paylayan Allahdan gözləmişdir. Təvazökarlıqla gözütoxluq şairin əsas məziyyətlərindən biri olmuşdur. Şairin fikrincə adam öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır. Nizami Gəncəvi bəzi məddah şairlərdən fərqli olaraq, hökmdar saraylarından daim uzaqlaşmışdır. Şairin fikrincə, padşahla durub oturmaq pambıqla odun münasibətinə bənzəyir. Nizami Gəncəvi həyatı və yaradıcılığı daim bizim üçün kamil bir məktəbdir. Bu məktəbdən faydalanmaq hər kəs üçün vacibdir. Dahi şairin bir müddət əvvəl 870 illik yubileyi Gəncə şəhərində geniş miqyasda keçirildi. Nizami Gəncəvinin məqbərəsi önündə təşkil olunmuş tədbirdə dünyanın bir çox ölkələrindən gəlmiş şairlər, yazıçılar, siyasi xadimlər iştirak etdilər. Bu tədbir bir daha bütün dünyanın Nizami Gəncəviyə olan sevgisinin, hörmətinin təzahürü idi. Nailə Abbasova |
|