• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Gəncənin Tapqışlaq məhəlləsi

E-mail Çap PDF

 

Gəncənin Tapqışlaq məhəlləsi quzeydən Şərəfxanlı, Şahsevənlər, günçıxandan Lətifli, güneydən Qazaxlar, günbatandan Quru qobu ilə həmsərhəddir. Məhəllə indiki Təbriz küçəsinin bir hissəsində yerləşir. Tapqışlaq məhəlləsinin əhalisi Gəncə ətrafı kəndlərdən, bölgələrdən gəlmədirlər, bura heyvanların qışlaq yeri olub. Məhəllə sakinləri heyvandarlıq, üzümçülüklə məşğul olurdular. Əkin yerlərini və məişətdə işlətdikləri suyu 1956-cı ilə qədər "Xan arxı"ndan götürdülər. Məhəllədə Məşədi Məmmədtağı dəyirmanı da var idi. Məhəllə sakinləri möhrədən üstü kümbədsiz məscid də tikmişdilər. Sovetlər birliyi dövründə (1934-cü ildə) məscid Qızıl Əskər kolxozunun ambarına çevrildi. O zamanlar məscidin bir hissəsində 3 otaqlı 4 illik ibtidai məktəb var idi. Bu məktəb Şərəfxanlı məhəlləsində (Eminbəyli küçəsində) olan M. F.Axundzadə adına 7 illik natamam orta məktəbin şöbəsi idi. Tapqışlaq məscidinin yerini vəqf etmiş Xədicə qarının nəvəsi məscidinin yerində ev tikdirdi. Vaxtı ilə bu məhəllədə Hacı Hilal, Kərbəlayi Qəmbər və onun uşaqları yaşayırdı. Hacı Hilalın övladı yox idi. O, bərbərlik edir, həmçinin diş çəkirdi. Ağsaqqallar söyləyirdilər ki, xüsusiçilik dövründə orucluq yayın əvvəlinə düşmüşdü. Hacı Hilal oruc tutmağına baxmayaraq erkən durub taxıl biçərkən, günorta vaxtı gün onu vurur. Hilal baba huşunu itirib yıxılır. Qonşular haraya gəlib Hacının üzünə, başına, ağzına su töküb ayıldırlar. O, özünə gələndə qonşulara etirazını bildirir ki, nə üçün onun orucunu pozublar? Hacı Hilal əməli saleh insan olub.

Böyük Vətən müharibəsinə getmiş kişilərin kiçik yaşlı uşaqlarını bir yerə yığıb, bozbaş bişirib onları yedirdər sonra isə onlara sünnət edərmiş. Hacı Hilal babanı tanıyanlar onu indidə xoş niyyətlə yad edirlər. Məhəllədə həmçinin Kərbəlayi Qəmbərində insani keyfiyyətlərindən indi də danışırlar. Mərhumun 3 oğlu olub. Böyük oğlu İsrafil Gəncə şəhər dəmir yolunun rəisi, Mikayıl Rabitə Nazirliyində çalışıb. Kiçik oğlu Şirin isə müharibəyə gedib gəlməyib.

Məhəllədə Qara gözlülər tayfasının heyvan saxlamaq üçün nəyələri (daşırı) var idi. Onlar Gəncəyə Mingəçevirin Hürüuşağı kəndindən gəliblər. "Qaragözlülər İranın Həmədan əyalətində yaşayan türk dilli tayfa olub, Səlcuqların dövründə Ön Asiyaya gəlmələri ehtimal olunur. Qaragözlülərin adı mənbələrdə XIV-cu əsrdən çəkilir" 1.62.

Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacalı, Aşıqlı və başqa tayfaları da var. Oymağın bir çox şəxsiyyətləri İranın ictimai-siyasi həyatında aparıcı rol oynayıblar. "Hazırda Həmədan bölgəsində hamılıqla oturaq həyata keçmiş və kəndlərdə yaşayan Qaragözlü oymağının Şamluların qalığı olduğu bilinir, ancaq Şamlunun hansı obasından və ya obalarından olması hələ təyin edilməmişdir. İndi İranda bəydilli adında əhəmiyyətli bir təşəkkülə təsadüf edilmədiyi üçün ehtimal ki, Qaragözlülər bəydillilərin törəmələridir".  2.299.

Tarixi mənbələrdə Qaragözlülərin 1570-ci illərdə Türkiyədə də yaşamaları haqqında məlumat var. Burada Qaragözlülərin eymur oymağının qollarından birinin olduğu göstərilir və onların Avstriyaya hərbi səfərə cəlb olunması haqqında da yazılıb.

Bu oymağın nümayəndələrindən Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmməd Hüseyn xan Qaragözlünün, Əbdülqasım xan Qaragözlünün, Məhəmmədcəfər Məczubun və başqalarının adı məlumdur.

Qaragözlü oymağının adı ilə bağlı Azərbaycanda da toponimlərə rast gəlinir. Zəncanın İçrut, Səidabad və Qoltuq bölgələrində qərar tutan Avşar tirələrindən biri də Qaragözlülər tayfasıdır. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.

Gəncədəki Qaragözülər isə hazırda şəhərin M.Müşfiq və Eminbəyli küçələrində yaşayırlar. Qaragözlülər Sovet hökumətinin ilk illərində Azərbaycanda üç soyada ayrıldılar və Abbasov, Cəfərov, Qaragözov soyadı ilə tanındılar. Xüsuçilik dövründə isə Mahrasa bağında, Aşıqlar məhəlləsinin cənubunda, Şahsevənlər məhəlləsində əkin yerləri var idi. Qaragözlü Kərbəlayi Aslan və qardaşı Kərimin Tapqışlaqda mal-qara yataqları var idi. Onlar heyvanlarını qışda burada saxlayır, yazda isə dağlara aparırdılar.

Azərbaycanın xalq artisti Ələddin Abbasov, qardaşı həkim-polkovnik Ələkbər Abbasov, Az.N.K.İ.-nin kafedra müdiri Talıbzadə Rza, BDU-nun müəllim-professoru Əlövsət Abbasov, Şəmil Talıbzadə məhz Qaragözlülər tayfasındandırlar.

Ədəbiyyat:

1.A.S.E.III-cild Bakı 1979 səh.62.

2.Faruq Sümər "Oğuzlar" Bakı 1992 səh.299.

Hamlet Əli oğlu Allahverdiyev

 

Əliyev Nəriman Məcid oğlu

E-mail Çap PDF

 

Şəhidlər ölməz, Vətən bölünməz!

Nəriman Məcid oğlu Əliyev 22 iyul 1969-cu ildə Gürcüstan Respublikasının Batumi şəhərində anadan olmuşdur. Batumi şəhərində orta məktəbi bitirdikdən sonra Nəriman Əliyev təhsilini Batumi şəhər Texniki-Peşə məktəbində davam etdirmişdir. N.Əliyev daha sonra bir müddət Batumi şəhərindəki emalatxanaların birində dəmirçi kimi işləmişdir. Nəriman Məcid oğlu gənc yaşlarından etibarən idmanın sambo növü ilə məşğul olmuş, yoldaşları arasında mahir sambocu kimi tanınaraq, respublika mükafatçıları sırasında yer almışdır. N.Əliyev Ukrayna Respublikasının Lvov şəhərində sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 1990-cı ildə ailə üzvləri ilə birgə Gəncə şəhərinə köçmüşdür. N.Əliyev ilk öncə Gəncə Sənaye Materialları Kombinatında işləməyə başlamışdır. Ermənilərin Azərbaycan torpaqlarına olan hücumlarına dözməyən gənc Nəriman 7 oktyabr 1992-ci ildə cəbhəyə könüllü olaraq getmişdir. Kiçik leytenant Nəriman Əliyev əvvəlcə Laçın rayonunda təcavüzə məruz qalan kəndlərdə yerli əhaliyə kömək etmiş sonra isə könüllülərdən ibarət olan polkun döyüşçüsünə çevrilmişdir. Cəsur döyüşçü ölümün gözünə dik baxaraq daim döyüşlərdə ön sırada getmişdir. Dəfələrlə erməni quldurlarının postlarını, silah anbarlarını təkbaşına məhv etmişdir. N.Əliyev Ağdərə, Qozlu, Çıldıran, Dronbon kəndlərinin düşmən tapdağından təmizlənməsində xüsusi mərdlik, qəhrəmanlıq göstərmişdir. 8 fevral 1993-cü ildə Vaqauz kəndi uğrunda gedən döyüş Nəriman Əliyev üçün sonuncu döyüş oldu. Daim ön sırada mərdliklə döyüşən igid vətənpərvər bu dəfə düşmənin atdığı topun hədəfinə çevrildi. Beləliklə, cəmi 24 il ömür sürən, həyatı gənc yaşlarından dəmir kimi bərkiyən, ürəyində Vətən sevgisi mətinləşən bir gəncin ömür səlnaməsi başa çatmışdır. Nəriman Əliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Nəriman Əliyev nişanlı idi. Valideynləri ilə birlikdə Gəncə ş. Yusif Kosayev küç. 24 saylı evdə yaşayırdı.

 

"Millət Fədaisi - Bala Məşədi"

E-mail Çap PDF

Filmi hazırlayanlar:

Ssenari və mətn müəllifi:

Orxan Gəncəsoy

Redaktor və Elmi məsləhətçi:

Vüqar Həsənbəyli

Rejissor:

Elnur Pişnamaz-zadə

Operator:

Ramin Mehdi

Montaj:

Müşfiq Məmmədov

Mətni səsləndirdi:

Rafiq Qurbanov

Layihə müəllifi:

Vüqar Həsənbəyli

 

“Difai”, Gəncə 2012.

 

Rəssam Hüseynov Teyyub Mehdi oğlu

E-mail Çap PDF

 

Teyyub Mehdi oğlu Hüseynov 25 dekabr 1934-cü ildə Gəncə şəhərinin Şahsevənlər məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Mehdi Mirzə Usub oğlu uzun müddət Gəncə Maliyyə şöbəsində, şəhər Su İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Teyyub Hüseynovun anası Gəncənin Ozan məhəlləsindən olan Sənubər Usub qızı Ələkbərova isə vaxtilə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Teyyub Hüseynov 1952-ci ildə Gəncə şəhər 22 saylı orta məktəbi bitirərək, elə həmin ili Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra bir il Gəncə şəhəri H.Zərdabi adına Gəncə Pedoqoji İnstitutunun (indiki GDU) metodika fakültəsində rəssamlıq sənətindən dərs deyir.

Teyyub Hüseynov 1962-ci ildə Moskva Toxuculuq İnstitutunun dekorativ tətbiqi incəsənət fakültəsinə daxil olaraq, 1967-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya qayıdır.

Teyyub Mehdi oğlu ilk öncə Bakı Toxuculuq fabrikində bir il çalışdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq, 1968-ci ildə Gəncə şəhərinə qayıdır. Elə həmin ili Gəncə şəhəri Partiya Komitəsinin birinci katibi Ələsgər Əlizadə tərəfindən Uşaq Rəssamlıq məktəbinə direktor təyin edilir. Teyyub Hüseynov 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunur.

Teyyub Hüseynovun səyi nəticəsində Gəncə Regional Elm Mərkəzi binasının ikinci mərtəbəsində üç otaqdan ibarət olan Rəssamlıq məktəbi, qısa zaman ərzində Gəncə şəhər 2 saylı orta məktəbin binası Uşaq Rəssamlıq məktəbinin ixtiyarına verilir. Təxminən, Teyyub Hüseynovun 5 illlik böyük zəhmətindən sonra məktəb öz bəhrəsini verməyə başlayır. Məktəbdə Azərbaycanın bütün bölgələrindən hətta Naxçıvan şəhərindən uşaqlar təhsil alırdı, onlardan biri əməkdar rəssam Naxçıvan doğumlu Trabzon Universitetinin professoru Fikrət Haşımov olub.

(Gəncə ş. 18 dekabr 1980-ci il. Həsən Həsənov, Heydər Əliyev və Teyyub Hüseynov)

Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin şagirdləri daxili və beynəlxalq sərgilərdə müvəffəqiyyətlə iştirak edirdilər. Teyyub Hüseynovun təşəbbüsü əsasında vaxtilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olan Həsən Həsənovun dəstəyi ilə Azərbaycan Respublikasında ilk dəfə olaraq Gəncədə Uşaq Rəssamlıq Qalereyası açıldı. Hətta, Heydər Əliyev 1980-ci ildə Gəncə şəhərinə səfər etdiyi zaman şəxsən uşaq rəssamlıq məktəbinə ziyarətə gələrək məktəbin fəaliyyətindən məmnun qalmışdır. Teyyub Mehdi oğlu Hüseynov 1977-78 və 1978-79-cu tədris illərində Gəncə Pedoqoji texnikumunda dövlət imtahan komissiyasının sədri olmuşdur. Əsərləri respublikadaxili sərgilərdə dəfələrlə nümayiş etdirilən T.Hüseynov 1982-ci ildən 1998-ci ilə qədər Pedoqoji Texnikumda rəsm və rəngarlıqdan dərs demişdir. T.Hüseynov dərs dediyi illərdə müxtəlif incəsənət sahələrindən tələbələr yetişdirmişdir. Onlardan ən görkəmlisi Gürcüstan doğumlu heykəltaraş Səid Rüstəmovdur. Hazırda Türkiyədə böyük heykəltəraşlıq layihələrinə imza atmış və şöhrət qazanmış bir sənətçidir. Mərhum gəncəli rəssam Arif Məmmədov, Rövşən Xankişiyev, Faiq Osmanov, Hacı Şərifov və s. adlarını qeyd etmədiyimiz bir çox sənət sahibləridə məhz T.Hüseynovun yetişdirdiyi şəxslərdir.

Prezident mükafatçısı, əmək veteranı olan Teyyub Mehdi oğlu Hüseynov 03 sentyabr 2013-cü ildə Gəncə şəhərində vəfat edib. Qəbri Gəncənin Səbiskar qəbristanlığındadır.

 

Ələddin Abdulla oğlu Əsgərov

E-mail Çap PDF

 

Əməkdar elm xadimi, professor, baytarlıq elmləri doktoru 

Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1942-ci ildə o, Gəncə şəhərindəki 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (ADAU) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (Samux) həkim işləmişdir.

1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Həmin ildən professor elmi adı almışdır. 1965-ci ildən kafedra müdiri vəzifəsində işləyib. Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvüdür, 600-dən artıq müxtəlif istiqamətli elmi, ictimai-siyasi məqalə və digər əsərlərin, 60-dan çox kitabın, dərslik, dərs vəsaiti, monoqrafiya, bədii-elmi kitabın, 10 ixtiranın, 12 təsərrüfata tətbiq edilən tövsiyənin müəllifidir. Alimin rəhbərliyi altında 14 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. O, dünya üzrə insan ekologiyası, kainatın anatomiyası, insanın mənşəyi, təkamül təliminə yeni baxış, həyatın yaranma tarixinə dair, ölməzlik kimi təlimlərin ilk müəllifidir. Ələddin Əsgərovun təbiətin və ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena kimi dərslikləri 4 dəfə təkrar çap olunmuşdur.

Ələddin Əsgərov Azərbaycan dilində "Kənd təsərrüfatı heyvanlarının gigiyenası" dərsliyini tərtib edən ilk alim olmuşdur. Sonralar bu dərslik dəfələrlə müxtəlif düzəlişlərlə 7 dəfə təkrar çapdan çıxmışdır. Bu nəşr əsasında ilk dəfə kənd təsərrüfatı heyvanları üçün texniki-layihə və zoogigiyenik normalar hazırlanmış, tövsiyələr kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Ələddin müəllim müxtəlif istiqamətli sahələr üzrə də qələmini sınamışdır. O, gigiyena, ekologiya, bədii, elmi-kütləvi kitabların - "Bilirsinizmi?", "Nələr olmur bu dünyada?", "Təbiətin mühafizəsi", "Ətraf mühitin qorunması", "İnsan və təbiət", "İnsan ekologiyası", "Ekologiya və poeziya", "Təkamül təliminə yeni baxış", "Ovçuluğun əsasları", "Ailə ekologiyası", "Müasir ekologiya" (2004-2007) və s. dərsliklərin və digər əsərlərin müəllifidir.

Onun kitabları Azərbaycanın hər yerində geniş oxucu auditoriyasına malikdir. Ekologiya üzrə tədqiqatları 1972-ci ildən 1988-ci ilə qədər Azərbaycanın ali məktəblərində istifadə edilən ilk və yeganə dərslik olmuşdur. Bu gün də onun dərslikləri ali tədris ocaqlarında geniş istifadə edilir.

Professor Ə.Əsgərov tərəfindən təbiətin mühafizəsi (1972), dərman bitkilərinin qorunması (1970), keçmiş Alüminium zavodunun tullantılarına qarşı mübarizə yox, müharbə (1969), su mənbələri və içməli suların öyrənilməsi (1967-ci ildən), neft tullantılarının dezinfeksiya təsirliyi (Neft-Kimya İnstitutu ilə birgə 1960-1972-ci illər), təbii dağ minerallarının yem əlavəsi kimi istifadəsi (Geologiya İnstitutunun əməkdaşı professor H.Mahmudov ilə birgə) və s. məsələlər öyrənilmiş, ixtiralar edilmiş və Moskvadan müəlliflik şəhadətnamələri alınmışdır. Siqaretə qarşı mübarizə (1988), əməkhaqqı (1993) və s. haqqında məqalələrlə çıxış etmişdir.

Alimin "Gəncənin tarixi yaddaşından" və "Gəncə salnaməsindən bir yarpaq" (2000-2003) kitabları oxucuların diqqətini cəlb etmişdir. Ə.Əsgərovun "Gəncənin tarixi yaddaşından" kitabı bu diyarın ən görkəmli şəxsiyyətlərinə, alimlərinə və bu yurddan bəhrələnənlərin elmi-yaradıcı irsinin öyrənilməsinə həsr edilmişdir.

Ələddin Əsgərov ekologiya üzrə tədris planına ilk dəfə olaraq 1995-ci ildə "İnsan ekologiyası" mövzusunu daxil etmişdir. Bu problemə insanın özü ilə əlaqədar olan ailə, şəxsiyyət, poeziya, dil, din, tərbiyə, turizm və incəsənət kimi məsələlər də daxil edilmişdir. O, ölkənin, millətin, xalqın səadətini sanitariya-gigiyena və ekologiya məsələlərinin həllində görürdü. Həmin problemlərə çoxlu elmi məqalələr həsr etmişdir.

Ələddin müəllim elmi axtarışlarına və ixtiralarına görə hələ keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin və digər ali orqanların fəxri fərmanlarına, müxtəlif medallara, diplomlara və müəlliflik şəhadətnamələrinə layiq görülmüşdür.

Elmin inkişaf etdirilməsində, ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ələddin Əsgərova Əməkdar Elm Xadimi fəxri ad verilmişdir.

Ələddin Əsgərov doqquz il baytarlıq təbabəti fakültəsinin dekanı, yeddi il Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. Vaxtilə Gəncə Şəhər Təbiəti Mühafizə Cəmiyyətinin üzvü, şəhərin Ekologiya cəmiyyətinin sədri olmuşdur. O, 45 ildən artıq ADAU-nun Elmi Şurasının üzvü olub.

Ələddin Abdulla oğlu Əsgərov 2013-cü il aprel ayının 9-da Gəncə şəhərində vəfat edib.

 

Gəncənin Şərəfxanlı məhəlləsi

E-mail Çap PDF

 

Şərəfxanlı elinin köç etməsi səbəblərini Çələbilər məhəlləsi məqaləsində qeyd edilib. Tarixi faktları təkrar etməmək xatirinə əsas məsələyə keçək. 

Şərəfxanlılar Gəncə şəhərində bu günki N.Nərimanov, Səfəvilər, H.Z.Tağıyev küçələrində Mollacəlilli və Çələbilərlə qarışıq yaşayırdılar. 1905-ci il erməni-müsəlman qovğası zamanı Gəncə çayının sol sahilinə köçən Şərəfxanlılar bir müddət qapılarda kirayənişin, bəzi ailələr tanışlarının, qohumlarının evində yaşadılar. 1906-cı ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin köməkliyi sayəsində onlar Şahsevənlər məhəlləsinin günbatan hissəsində boş torpaq sahəsi alıb ev tikdilər. Burda içməli suyun olmaması üzündən onlar nə heyvandarlıq nə də əkinçiliklə məşğul ola bilmirdilər. İçməli suyu Şahsevənlər kəhrizindən gətirirdilər. Şərəfxanlı məhəlləsinin günbatan hissəsində heyvandarlıqla məşğul olmağa qismən şərait var idi. Bu “Quru qobu” adlanan susuz boş torpaq sahəsi idi. Gəlmə əhali dabbaqlıq, şərabçılıq və xırda ticarətlə gün keçirirdilər.

Şərəfxanlı məhəllə sakini Məmməd Alı oğlu Ələkbərov söyləyirdi: “Atam söyləyirdi ki, bizim evimizi ermənilər yandırdı. O zamanlar onlar silahlı biz isə silahsız idik. Ailəmiz qaçıb Şahsevənlər məhəlləsinin günbatan hissəsində indiki Eminbəyli küçəsində torpaq sahəsi aldıq ev tikdik. O zamanlar atam dəmirçilik edirdi. Suyu uzaqdan gətirirdik, şəraitimiz çox pis idi. Amma qorxumuz yox idi. Arada bir müddət sakitlik yarandı. Atam gedib ermənilərin içində 1914-cü ildə bir uçuq dam aldı. Yerində bir mərtəbəli ev tikdirdi. Bənnalar o zaman İrandan gəlmişdilər. Bu bina qədim Mollacəlilli məhəlləsində yerləşirdi (M.Y.Axundzadə küçəsi 30 №-li ev. Binanın fasadında tikilmə tarixi 1333h/q yazılıb). Artıq mən böyümüşdüm atama köməyim dəyirdi. Günlərin birində atam öldü, anam ermənilərin içində yaşamaqdan qorxurdu. Onlar anama deyirdilər: “Ay qız qorxmursan burda yaşayırsan? Sənin başını kəsərlər”. Bundan sonra anam ermənilərin hədə qorxularından ehtiyat edib, dəyər-dəyməzinə evimizi ermənilərə satıb indiki yerə köçdük. 

Şərəfxanlı elinin bir hissəsini XVIII yüzillikdə Qarabağda, Ağdamın yanında Şərəfxanlı adlı kənd salmışdılar. Güzəranın ağırlığı hər zaman sadə insanları narahat edib. Elə buna görə də əhalinin bir yerdən başqa yerə köçməsi hər bir zaman olub.

“1916-cı ildə Güney Azərbaycanın Qaradağ mahalının Utu kəndində Hüseyncavan Mikayıl oğlu dünyaya gəldi. Atasının erkən vəfatından az sonra anası Zöhrə xanım bir yaşlı Hüseyni və üç qızı götürüb Quzey Azərbaycana gətirməyə məcbur olmuşdur. Ailə bir müddət Ağdam rayonunun Şərəfxanlı kəndində, sonra Goranboyun Dəliməmmədli qəsəbəsində məskunlaşdılar".

Sonralar Şərəfxanlı elinin bəzi üzvləri Goranboy, Göy-göl bölgələrində müxtəlif kəndlərdə yaşamağa başladılar. Gəncədə yurd salmış Şərəfxanlılar 1912-ci ildə məhəllədə üstü dam şəklində 4 otaqlı məscid inşa etdilər. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlını o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn etdilər. Dəfn olunmuş bu şəxslərin kimliyini öyrənmək mümkün olmadı, onların qəbri indi də durur. Sovet hakimiyyəti dövründə bu məhəllənin əsas küçəsinə Eminbəyli adını verdilər. Məscid bu küçənin 60 saylı mənzilində yerləşir. Sovetlər dönəmində məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu. Hazırda bina xüsusiləşdirilib. Binanın çöl hissəsində məscid tikilən zaman əkilmiş çinar ağacları indi də durur. Hazırda məhəllədə Şərəfxanlılar, Qaragözlülər və Ayrımlar yaşayırlar.

İrandan köçüb gələn ellilər Goranboy bölgəsində Qaradağlı, Sarab, Xoylu kəndlərini saldılar və gəldikləri yerin adını yeni məskən saldıqları yerlərə verdilər. Goranboy bölgəsinin Qaradağlı kəndində olan “Tat oğlu” kəhrizi əhalinin İrandan gəldiyindən xəbər verir. Gəncəbasar əhalisi İrandan gəlmiş soydaşlarına səhvən " tat " deyirdi. Qaradağdan istərsədə Xoy və Sarabdan gələn soydaşlarımızın içindən tanınmış alimlər, şairlər, mühəndislər çıxıb.

Hamlet Əli oğlu Allahverdiyev

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2021. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort