• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Mirabovlar türbəsi

E-mail Çap PDF

                                                                                                                                                                                              Səbiskar Qəbristanlığı.

 

Məlikovlar türbəsi

E-mail Çap PDF

                                   Səbiskar qəbristanlığı. 1903-cü il.

 

Hacı Ağa-Əli Hacı Rza oğlu türbəsi

E-mail Çap PDF

                                                                                                                                                                                                    1900-cü il

                                                                                                                                                                                        Səbiskar Qəbristanlığı.

 

Hacı Mir Qasim Ağa türbəsi

E-mail Çap PDF
  •                                                                                                                                                                                                                              1889-cu il

  •                                                                                                                                                                                                                                Səbiskar Qəbristanlığı
  • Gəncə şəhərində kəhrizlər çəkdirən, məhşur xeyriyyəçi Hacı Mir Qasim ağa 
 

Cahangir Nağıyev

E-mail Çap PDF

Gəncənin ilk filosofu

Cahangir Musa oğlu Nağıyev 1903-cü il mart ayının 31-də Gəncədə bağban ailəsində anadan olmuşdur. Onun atası çox tez, 1905-ci ildə vəfat etmişdir.

1910-cu ildə Cahangir Nağıyev Gəncədə ikisinifli ibtidai rus-tatar məktəbinə daxil olmuş, 1912-ci ildə oranı müvəffəqiyyətlə bitirib, 1919-cu ildə Gəncə kişi Gimnaziyasına daxil olmuşdur. Orada o, 6-cı sinifdən birbaşa 8-ci sinifə keçirilmiş və 1920-ci ildə həmin Gimnaziyanı əla qiymətlərlə bitirmişdir. 16 yaşlı C.Nağıyev Gimnaziyada oxuduğu illərdə dayısı Məmməd Xəlilovun vasitəsilə partiya sıralarına daxil olmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra C.Nağıyev əvvəlcə Gəncədə Quberniya Komitəsinin, sonra isə Gəncə Dairə Komitəsinin məsul katibi işləmişdir. 1922-ci ilin yanvar ayında o, Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.

1922-ci lin sonunda C.Nağıyev Azərbaycan KP göstərişi ilə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə oxumağa göndərilir. O, 1924-cü ilədək burada oxuyur və fəlsəfəyə xüsusi maraq göstərir. Bunu nəzərə alaraq Azərbaycan KP MK-i, habelə Moskvada nəşr olunan “Kommunist” jurnalının zəmanəti ilə C.Nağıyev universitetin iqtisadiyyat fakültəsindən Qırmızı Professura İnstitutunun fəlsəfə fakültəsinə köçürülür. Az vaxt ərzində o, burada fəlsəfə sahəsində nadir istedada malik olduğunu nümayiş etdirmiş və onun bu qabiliyyəti institutun elmi şurasında da qeyd olunmuşdur.

Son kursda C.Nağıyev ağır xəstələnir. Buna baxmayaraq o, Qırmızı Professura İnstitutunun fəlsəfə fakültəsini müvəffəqiyyətlə bitirir və işləmək üçün Bakı şəhərinə göndərilir. Buradan isə həkimlərin məsləhəti ilə müalicə olunmaq üçün Almaniyaya və Fransaya göndərilir. Müalicə olunmaqla bərabər gənc alim Avropanın müxtəlif fəlsəfi məktəbləri ilə tanış olur və sonrakı elmi-tədqiqat işi üçün zəngin material toplayır. Avropa səfərindən sonra C.Nağıyev “Deşan fəlsəfi sistemi” haqqında rus dilində kitab nəşr etdirir.

Bakıya qayıtdıqdan sonra o, yenicə təşkil olunmuş Azərbaycan Elmi-Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə başçılıq edir və Azərbaycan Dövlət Universitetində dialektik materializmdən dərs deyir, bir qədər sonra isə həmin universitetdə dialektik materializm kafedrasının müdiri olur.

1929-cu il noyabrın 15-də C.Nağıyev və arvadı Rozaliya Nağıyeva faciəli surətdə həlak olmuşlar.

Qısa ömür sürən, rus, alman, fransız dillərini mükəmməl bilən, fars və ərəb dillərini mənimsəyən C.Nağıyev öz dövrü üçün qiymətli olan zəngin bir elmi-fəlsəfi irs qoyub getmişdir.

Çox qısa, lakin mənalı həyat yolu keçən C.Nağıyevin təəssüf ki, övladı olmamışdır. Onun dörd qardaşı olmuşdur. Böyük qardaşı Süleyman Nağıyev C.Nağıyevə atalıq etmiş, onun vasitəsi və vəsaiti ilə oxuyub təhsil almışdır.

C.Nağıyevin ikinci qardaşı Hüseyn Nağıyev Gəncədə Gimnaziyanı bitirdikdən sonra Almaniyada ali təhsil almış, aqronomiya ixtisasını qazanmışdır. Sonra Gəncəyə gəlmiş və burada Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsinin ilk dekanı olmuşdur. Gəncədə Kənd Təsərrüfatı Texnikumunun ilk yaradıcısı və onun ilk direktoru da Hüseyn Nağıyev olmuşdur.

C.Nağıyevin üçüncü qardaşı Ənnağı Nağıyev Gəncədə Gimnaziyanı bitirdikdən sonra Kiyev Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra Gəncəyə qayıdaraq ömrünün sonuna qədər burada həkimlik sənəti ilə məşğul olmuşdur.

C.Nağıyevin dördüncü qardaşı Hacıbaba Nağıyev də Gəncədə Gimnaziyanı bitirdikdən sonra Moskvada ali təhsil almış, geodeziya ixtisası üzrə mühəndis adına nail olmuşdur. O, Gəncədə ali məktəb və texnikumlarda geodeziyadan dərs demiş və KTT-da direktor işləmişdir.

Qeyd olunanlardan aydın olur ki, istedadlı filosof Cahangir Musa oğlu Nağıyev görkəmli ziyalı ailəsinə mənsub olmuşdur.

Cahangir Musa oğlu Nağıyev 26 il yaşasa da, onun fikri, zehni, düşüncəsinin məhsulu olan saf-elmi fəlsəfəsi əsrlərlə yaşayacaqdır.

Vüqar Həsənbəyli 

 

Bala Məşədi

E-mail Çap PDF

Millət Fədaisi

ХХ-ci əsrin əvvəllərində erməni-daşnak qüvvələri tərəfindən Azərbaycan türkünə qarşı törədilən qırğın və ixtişaşların cəmiyyətdə vətənpərvər ziyalıların və bəylərin bir masa arxasında birləşməsi zərurətini tezləşdirdi. Məhz belə bir dövrdə xalqı qırğından qorumaq, müdafiə etmək üçün dövrün görkəmli ziyalılarının bir araya gəlməsinin və bir məqsəd altında birləşməsinin artıq zamanı idi. Bunun üçün də 1906-cı ilin yazında ilk demokratik ruhlu siyasi təşkilat olan «Difai» partiyası yaradıldı.

Bu təşkilatın rəhbəri əslən Şuşadan olan türkoloq Əhməd bəy Ağaoğlu idi. Təşkilatın Azərbaycanda bir çox yerli şöbələri fəaliyyət göstərirdi. Gəncə şöbəsinin rəhbəri Ələkbər bəy Rəfibəyli olmaqla, üzvləri Həmid bəy Usubbəyli, Nəsib bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həsən bəy Ağayev, Axund Məhəmməd Pişnamazzadə, Adil xan və İsmayıl xan Ziyadxanlı, Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlı, üç qardaş Xəlil, Ələkbər və Ələsgər bəy Xasməmmədov, Dəli Alı, Məşədi İsmayıl və Sarı Ələkbər kimi bir çox görkəmli şəxsiyyətlərdən ibarət idi.

Bu şəxsiyyətlər arasında xüsusi xidmətləri ilə seçilən, 1905-ci ildə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı mərdlik göstərən Bala Məşədi Azərbaycanın salnaməsi tarixində dərin bir irs qoymuşdur. O, «Difai» partiyasının ən fəal üzvlərindən biri olmuşdur. 

Qasımov Məşədi (Bala Məşədi) Kərbəlayı Qasım oğlu 1870-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm. Qızın mənim qabağımdan qayıdıb söz desə, aramızda inciklik olar, xan”. Bala Məşədinin hərəkəti Hüseynqulu xanın o qədər xoşuna gəlir ki, deyilənə görə, Gəncəbasar ətrafında yerləşən bir neçə kəndi və Kürqırağı meşə zolağının bir hissəsini ona hədiyyə edir. Bala Məşədi qısa bir müddətdə həmin ərazilərdə böyük bir təsərrüfat qurur və yüzlərlə adamın həmin təsərrüfatda işləyib dolanması üçün şərait yaradır. Bununla yanaşı, yaşadığı Gəncə şəhərində böyük qardaşı Hacı Əli Qasımov ilə birlikdə mülklər alıb, imkanlarını daha da genişləndirirlər. Onu da qeyd etmək lazımdır ki, Bala Məşədidən 20 yaş böyük olan Hacı Əli Qasımov eyni zamanda nəslin ağsaqqalı olmuşdur. O, XX-ci əsrin əvvəllərində milli dirçəliş yolunda hərtərəfli fəaliyyət göstərmişdir. Hacı Əli Qasımovun böyük maddi imkanları olmuş və o, sərvətinin böyük hissəsini xalqın və millətin rifahı yolunda sərf etmişdir. Hətta deyilənə görə, Hacı Əli Qasımov həmin dövrdə Bakı şəhərinə şollar suyunun çəkilişinə öz maddi yardımı ilə dəstək vermişdir. Bütün bu işlərdə Bala Məşədi öz böyük qardaşının yaxın köməkçisi olmuşdur. O zamanlar Qərbi Azərbaycandan köçkün düşmüş ailələrə hər cür köməklik göstərmiş, onların Gəncədə yerləşmələri, iş tapmaları, yaşamaları üçün hər cür imkan və şərait yaratmışdır. Qərbi Azərbaycandan köçkün düşmüş əvvəlki nəsillərin xatirələrinə görə, XX-ci əsrin əvvəllərində Göyçə mahalından bir neçə şəxs Bala Məşədinin yanına gələrək şikayət edirlər ki, bir quduzlaşmış erməni dəstəsi Göyçə mahalında azərbaycanlılara göz verib işıq vermirlər hətta, qız-gəlinlərimizi gəlib qaçırıb aparırlar. Bu sözlərdən qəzəblənən Bala Məşədi Göyçəlilərdən bir qədər möhlət istəyir və bir həftə sonra Göyçəyə gedərək həmin erməni dəstəsinin üzvlərinin başlarını kəsib dəsmala bükülmüş vəziyyətdə Gəncəyə gətirir.

Bala Məşədi həmçinin 1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı gizli fəaliyyət göstərmiş “Difai” təşkilatının fəal üzvlərindən biri olmuş, təşkilata maddi dəstək göstərməklə yanaşı, özü gizli şəkildə bəzi əməliyyatlarda iştirak etmişdir. Gəncə ağsaqqallarının söylədiyinə görə, bir gün Bala Məşədi məlumat alır ki, “Poqos” adlı bir nəfər erməni Xankəndində ermənilərin topladığı pulu Tiflis şəhərinə-qubernatora rüşvət kimi aparır ki, Xankəndinin erməniləşdirilməsini rəsmiləşdirsinlər. Bunu eşidən Bala Məşədi təkbaşına Gəncə şəhərinin yaxınlığında (indiki Nizami Gəncəvinin məqbərəsi ətrafında) həmin erməninin qarşısını kəsərək, onu güllə ilə vurub öldürür. Sonra onun rüşvət kimi apardığı pulları götürüb, üzərinə də bir qədər pul əlavə edir və silah almaq üçün qaçaq Dəli Alıya verir. Sonralar Gəncə şəhərində təşkil olunmuş dəstə məhz, bu silahlarla silahlandırılır. Həmin dəstə o zaman ermənilərin Gəncəyə basqınının qarşısını alır və “Hacı Məlik” düzündə (indiki G.Q.K-nın arxası) 2000-ə yaxın erməni öldürülür.

Ötən əsrin əvvəllərində Türkiyədə quraqlıq və aclıq olan zaman Bala Məşədi öz təsərrüfatından bir neçə vaqon buğda-taxıl qardaş Türkiyə Cümhuriyyətinə göndərmişdir. Dəqiq məlumatlara görə, Mustafa Kamal Atatürk Bala Məşədinin bu hərəkətinə görə, ona təşəkkür məktubu ünvanlamışdır. Lakin Sovet Hakimiyyəti qurulan zaman onun qohumları ehtiyat edərək Bala Məşədinin Atatürklə çəkdirdiyi şəkillərini, sənədlərini yandırmışlar. Yalnız üç il əvvəl, o dövrün Gəncə ziyalıları barədə kitabla əlaqədar material toplanan zaman arxivdən Bala Məşədi, Nəsib bəy Yusifbəyli, Pişnamazzadə qardaşları, Mirzə Abbas Abbaszadə və digər şəxslərin bir yerdə çəkdirdikləri şəkli tapılmışdır.

Azərbaycanda ilk Demokratik Respublika qurularkən Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün Müsavat Hökümətinə hədiyyə vermişdir.

Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra isə başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və onların ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökümət və digər qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Sovet Hakimiyyəti qurularkən bir-çoxları Bala Məşədi və qardaşı Hacı Əli Qasımova Türkiyəyə köçməyi təklif etmişlər. Lakin Bala Məşədi və qardaşı Hacı Əli Qasımov ailəsini, Vətənini buraxıb heç yerə getməyəcəklərini bildirmişlər.

1934-cü ildə Bala Məşədini ailəsi ilə birlikdə Qazaxıstana sürgün edirlər.

1937-ci ildə isə Bala Məşədi sürgündən geri qayıtmış, lakin qısa bir müddətdən sonra yenidən qardaşı Hacı Əli Qasımov ilə birlikdə həbs edilərək, 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.

Bala Məşədinin 9 qızı və Aral adlı bir oğlu olmuşdur. Təəssüf ki, oğlu uşaq ikən vəfat etmişdir. Hal-hazırda Bala Məşədinin 3 qızı Gəncə şəhərində yaşayır. Bala Məşədinin Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində 80-ə yaxın nəvə, nəticə və kötücəsi vardır ki, onların da böyük əksəriyyəti ziyalı şəxslərdir.

Beləliklə, «Difai»çi Bala Məşədi xalqının, millətinin qorunması, müdafiəsi yolunda əlindən gələni əsirgəməmiş və vətənpərvər bir şəxsiyyət kimi yaddaşlara yazılmışdır.

(Bala Məşədinin Xəsədərəli kəndindəki dağıdılmış mülkü)

Vüqar Həsənbəyli

"Difai" qəzetinin redaktoru

 

Akif Vəli oğlu Məmmədov

E-mail Çap PDF

16-cı döyüş uğursuz oldu...


Ən böyük ucalıq öz yaşamını və ətrafında dövr edən hadisələri qiymətləndirib kənarda qalan mənə nə demək yox, xalqın, dövlətin üçün hər an öndə getməsidir. Öz yoldaşlarından seçilmədən vətənin dar günündə ailəsini və iki uşağını arxada qoyub, torpaqlarımızın azadlığı üçün mən döyüşə getməliyəm deyib və bu anda sadiq qaldı.

Məmmədov Akif Vəli oğlu 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 20 saylı orta məktəbin 10-cu sinfini bitirdikdən sonra əsgəri xidmətini Polşa dövlətində keçirmişdir. Hərbidə çəkinmədən bütün silahların sirlərini və onlarla nə cür davranmağı, atəş açmaq bacarığını, özündə yüksək səviyyədə əks etdirən əsgər komandirlər tərəfindən mükəmməl öyrənmişdir. Akif hərbi xidməti bitirdikdən sonra yoldaşlarından fərqli olaraq çiynində kiçik çavuş rütbəsində vətənə qayıtmışdır. Sonralar təhsilini Gəncə şəhərində Yüngül Sənaye Texnikumunda oxumaqla davam etdirmişdir.

Akif iş fəaliyyətinə Gəncə şəhərində başlayıb. Onu yoldaşlarından fərqləndirən alicənab xasiyyəti, böyük-kiçiyin yerini bilməsi, düz olanları həmişə dəstəkləməsi olub. Yoldaşlar arasında döyüşlərdən söhbət gedəndə deyərdi ki, bu torpaqlar hər zaman bizimdir. Biz də qorumalıyıq. Biz bu torpağın nemətlərindən istifadə edib, qürurla yaşamaq üçün onun dar günüdə öndə getməliyik.

1992-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu Hərbi Komissarlığına gəlib könüllü olaraq hərbiyə getməsini xahiş etmişdir. Müharibəyə gedən kimi Akif döyüşlərini ilk dəfə N saylı xüsusi dəstədə gizir rütbəsində Cəbrayıl rayonundan başladı. Onu getməzdən əvvəl çoxları qınadı, qoy subaylar gedib döyüşsünlər, sənin uşaqların var dedilər. Bu sözlərə ancaq məhəl qoymayan mərd döyüşçümüz, Vətən eşqi ilə yanan, vətən sevgisini canından üstün tutan oğullarla o döyüş bölgələrinə yola düşdü.

Həyacanlı günlər, qorxuducu silah səsləri, yaranmış əsgərlərin qışqırıq səsləri qulağından əksilmirdi. Bəli, Gəncə şəhərinin o sakit sükutlu yaşamından onun həyatında əsər əlamət qalmamışdı. Atıcıların dayanmadan atdıqları mərmi səsləri, sanki yeri-göyü sirkələyirdi. Bəzi gənc əsgərlər təcrübəsizliyindən özlərini qoruya bilmirdilər. Onların hər birinin gülləyə tuş gəlməməsi üçün əlimizdən gələni edirdik deyən Akif bəy, döyüşlərin birində özləri də bilmədən döyüşçülər bir yerə toplaşıb söhbət edəndə mərmi onların yaxınlığında partlayıb çoxunu yaraladı və əsgərlərdən bir neçəsi şəhid oldu.

1993-cü ildə Qaraheybətdə yenidən batalyonun əsgərlərinə təlimlər keçirilib, bu dəfə Ağdərəyə yola saldılar.

Akif də onlarla birlikdə döyüş bölgəsinə getdi və bu döyüşdə də xüsusi olaraq fərqlənirdi. Akif bəyin söylədiyinə görə, həmin döyüşdə Gəncə şəhərindən bir neçə qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimiz heç vaxt yadımdan çıxmır. Ülfət Abbasov, Elsevər, çay qıraqlı Elşən, Şəmkir rayonunun Çinarlı qəsəbəsindən Pənah və s. iyun ayının 23-ü 1993-cü ildə əsgərlərin əlində olan Çardaqlı yüksəkliyinin verilməməsi üçün neçə belə qəhrəman, sınmaz oğullarımız şəhid oldu.

Sonra yenidən bizi Gəncəyə qaytardılar və Şəmkirdə yeni batalyon hazırlayıb bu dəfə bizi Beyləqana göndərdilər. Haramı düzündə döyüşlər başladı. Mən 16-cı dəfə idi ki, döyüşlərdə iştirak edirdim. Bu dəfə düşmənin 5 tankı gözlənilmədən bizim tərəfə hərəkət etdi. Mən tələsmədən qranatamyotu tankın üstünə çevirdim. Yaxınlaşan tankın birinə atəş açdım və tankın biri dayandı. Sağ və sol cinahda qalan tanklardan biri mənim üstümə gəlməyə başladı və bunu görən əsgərlər qışqırdılar, onlar sənin vurduğunu görüblər ona görə sənin üstünə gəlir. Həmin dayandığım yer, kiçik çala idi. Mən yenidən hazırlaşdım ki, tank yaxınlaşsın atəş açım, amma qalxıb atəş açmaq istəyərkən ikinci güllə açılmadı. Tank düz üzərimə gəldi, üstümdən keçdi, onun təkərləri arasında qaldım. Tank yenidən yerində fırlandı. Bu döyüş məhz 16-cı döyüş idi və həyatımda axırıncı döyüş oldu. Bu hadisə 17 il bundan əvvəl yanvar ayının 13-də baş vermişdir. Sonradan döyüşdən çətinliklə yoldaşlarım məni təcili tibbi yardım maşınında Beyləqana 3-cü sovxozun həyətinə gətirdilər. Helikopterlə Bakıya yola saldılar. Xəstəxanada həkimlər mənim üzərimdə neçə saatlarla əməliyyat apardılar, yenə də xeyri olmadı.

Bəli, bununla belə Akif bəy hərbidə sağlamlığını itirdi, onurğa sinirlərində qəlsəmələr əzilib bir-birindən ayrılmışdır. Akif bəy vətəni, torpağı yolunda canını qoydu, sağlamlığını itirdi. I-ci qrup Qarabağ əlili oldu.

O, həmişə hamımızın gözündə qəhrəmanlıq zirvəsində dayanır. Övladları və bir neçə nəvəsi həmişə alnı açıq və qürurla yaşayırlar. Ona görə ki, onların Akif bəy kimi qürurlanacaq ataları və babaları var. Gəncə şəhərinin rəhbər işçilərinin Akif Məmmədova qarşı münasibətləri yaxşı olub və olmaqdadır. Onu 7 dəfə Krıma sanatoriyaya göndərib qayğısına qalırlar. Ona “OKA” maşını veriblər.

Akif bəy deyir ki, Qarabağ Əlilləri Cəmiyyətinin sədri Almaz Aşurzadə həmişə mənim qulluğumda hazır olub, öz imkanlarını bizdən əsirgəmir. Artıq respublikamızın bütün bölgələrində əlillərə dövlət lazımı köməklik edir, onların qayğısını çəkirlər. Onlar heç vaxt unudulmurlar.

TANRI SİZİ QORUSUN AKİF BƏY!

Vüqar Həsənbəyli

 

Hacı Həsən türbəsi

E-mail Çap PDF
  •                                                                                                                                                                       Səbiskar Qəbristanlığı. 1913-cü il.

 

Mirəli Qaşqay Seyidəli oğlu

E-mail Çap PDF

                                                             

                                                                                                                                      Doğum tarixi : 07 yanvar 1907-ci il Gəncə.

                                                                                                                                                   Vəfatı : 23 aprel 1977-ci il Bakı.

Həyatının mənasını xalqa xidmət etməkdə görən təfəkkür şəxslərimizdən biri də Gəncənin ilk geoloqu, Geomorfologiya və Stratiqrafiya elmlərinə dair çoxsaylı əsərlərin müəllifi, akademik Mirəli Qaşqaydır.

Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mirəli Qaşqayın soyunun kökləri şanlı keçmişə gedib çıxır. Soyun tarixi türk köçəri tayfaları olan Qaşqayların hələ XIII-XIV əsrlərin astanalarında hərəkətindən başlanır. Tayfanın bir hissəsi Elxanilər (başçı) üzərində üstün hüququ ələ keçirərək, tayfadan ayrılmış və Qədim Gəncə şəhərində oturaq həyat tərzinə keçmişdir. Qalan tayfalar isə Cənubi Azərbaycana köç etmiş və hal-hazırda Cənubi Azərbaycanın fars əyalətinin birində məskunlaşmışlar. Qaşqayların qalan hissəsi isə əsrlər boyu soyadını qoruyub saxlayaraq,  XX əsrin başlanğıcınadək Gəncə şəhərində yaşamışlar. Qaşqa-Qaşqay tayfalarının seçilmiş simvolu atın alnındakı ağ çalar mənasını ifadə edir.

Görkəmli Azərbaycan alimi Mirəli Qaşqay bütün ömrünü Qafqazın Geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir.
1934-cü ildə Mirəli Qaşqay İsti-su mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair namizədlik dissertasiyası, 1942-ci ildə isə "Azərbaycannın əsası və ultrasəsi süxurları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
İstedadlı alimin elmi fəaliyyəti də çox cəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir.
O, Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını və Kəlbəcərdə yerləşən perlit yatağını açmışdır. Akademik Mirəli Qaşqay filiz əmələ gəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. Mirəli Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristal oqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır. Uzun illər ərzində akademik Mirəli Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralo kimyası şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır.

Mirəli Qaşqayın elmi irsi də həmçinin çox zəngindir. Onun rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
Akademik Mirəli Qaşqayın "Azərbaycan əsası və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", "Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri", "Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi", "Listvenitlər, onların genezisi və təsnifatı", “Azərbaycan Alunit yataqları” kimi fundamental əsərlərini dünya elminə qiymətli töhfədir.
Mirəli Seyidəli oğlu Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat etmişdir.

2007-ci il aprelin 17-də Mirəli Qaşkayın 100 illik yubileyi ilə bağlı rejissor Elçin Musaoğlunun quruluşunda Mirəli Qaşkayın həyat və yaradıcılığından bəhs edən sənədli film hazırlanmışdır. "Qaşqayın son proqnozu" adlı filmin prodüseri isə Oqtay Mirqasımovdur.

Gəncəli akademik Mirəli Qaşqay görkəmli şəxsiyyət, yüksək mədəniyyət sahibi, dünya şöhrətli alim, ictimai xadim və öz ölkəsinin əsl vətəndaşı kimi onu tanıyanların xatirəsində daimi yaşayacaqdır.

Azərbaycanın Elmlər Akademiyasının ilk tərkibi, 1945-ci il

Aşağı cərgə: mərkəzdə, soldan beşinci - Akademiyanın prezidenti MirƏsədulla Mirqasımov,
soldan birinci Səməd Vurğun, soldan üçüncü Üzeyir bəy Hacıbəyov, soldan səkkizinci Mustafa Topçubaşov;
Yuxarı cərgə: soldan birinci Yusif Məmmədəliyev, soldan ikinci Mirzə İbrahimov, soldan dördüncü Heydər Hüseynov, soldan beşinci Mirəli Qaşqay.

Orxan GƏNCƏSOY

 

Gəncənin Ozan məhəlləsi.

E-mail Çap PDF

                                                                                                             Gəncənin Ozan məhəlləsi

Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi “Ozan”, ikinci hissə isə “Dal Ozan” kimi tanınır. Birinci hissə quzeydən-“Qaramanlı”, güneydən “Böyük malakan, İtti küçə”, gün batandan “Şahsevənlər”, gün çıxandan isə “Dal Ozan” və “Bala Bağban”la haşiyələnib. “Dal Ozan” quzeydən “Sofulu”, gün çıxandan “Zərrabi”, güneydən “Bala Bağban”, gün batandan “Ozan” və “Səbzavat” ilə dövrələnib. Bu məhəllələrdə tikilmiş yaraşıqlı binalar və burda yaşayan mülkədarların çoxluğu bizə buranın ən gəlimli-gedimli məhəllə olduğunu deməyə əsas verir. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar. Qədim enosumuz Dədə Qorqudda da “Ozan” sözü işlədilir. Ozan əski türklərdə aşıqlara deyilirdi.

Ozan məhəlləsinin “Ləmsə” yolu üstə tikilmiş məscidin bəzi mənbələrdə tikilmə tarixi 1884-cü il kimi göstərilir. Hətta məscidin Hacı Abbas tərəfindən tikildiyidə bildirilir. Çox təəssüf ki, müəlliflər məscidin kitabəsini düzgün oxumayıblar. Məscidin başmaqxanasının içində, giriş qapısının üstündə onun hicrətin 1201-ci ilində tikildiyi aydın yazılıb. Ozan məscidi 1783-cü ildə xalqın pulu hesabına tikilib. Hacı Abbas XIX yüzilliyin ortalarında anadan olmuş və yerli mülkədar olmuşdur. Ona məxsus olan iki mərtəbəli ev XIX əsrin sonu XX əsrin əvvəllərində tikildiyini göstərir. Hacı kəndin ona məxsus olması da yanlış fikirdi. Hacı kənddə onun mülkü olub. Ləmsə yolu 1820-ci illərdə salınıb. Gəncəlilər almanlara o zamanlar “Ləmsə” deyirdilər. Bu yol başlanğıcını Bala bəy Verdiyevin evinin qənşərindən götürüb, indiki Rəssamlıq məktəbi, İtti küçə, Bala Bağban, Todanlı, Üç təpə məhəllələrindən Göy-göl rayonuna kimi uzanırdı. Məhəllənin ortasında (Təbriz küçəsində) “Bəylik basalağı” yerləşir. Burada Əsgər bəy, Şəmil bəy, Cavad bəy, Hüseyn bəy, İbrahim və Həsən bəy qardaşları, Süleyman bəy, Hacı Hüseyn bəy, Sünnülər-Məşədi Məmməd bəy və s. bəylər yaşayırdılar. Onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular.

Məhəllənin əhalisi içməli suyu “Ozan” və “Hacı MirQasım ağa” kəhrizlərindən, əkin yerlərini isə “Xan arxı” suyu ilə suvarardılar. “Ozan” kəhrizi başlanğıcını Qızıl qayadan götürürdü. Bu kəhriz “El yolu” (İsmət Qayıbov küç.) ilə gəlib Bala Bağbandan dönüb “Səbzavad”ın güneyindən Ləmsə yolu ilə gəlirdi. Bəzi məhəllələrdə yeri hələ də qalmaqdadır. Kəhrizin çəkilməsində Məşədi Böyük bəy, Əsgər bəy, Hacı Yəhya ağa və Məşədi Musanın xidmətləri olmuşdur.

Hacı MirQasım ağa kəhrizi başlanğıcını Qızıl qayadan götürüb El yolu ilə gəlirdi. Bu kəhrizdən hal-hazırda da istifadə olunur. Onun tikilmə tarixi isə 1914-cü ilə təsadüf edir.

Ozan məhəlləsində Gəncə üsyanının fəal iştirakçısı, pedaqoq Əliqara bəy Məmmədov, inqilabçı Fərhad və Hidayət Eminbəylilər, rejissor Adil İsgəndərov, professor Kəbutər Səfərov, Niyaz Səfərov, Rəhim Mehtiyev, Zülfüqar Məmmədov yaşayıblar. Çar ordusunun polkovniki olmuş Şahverdi xan Ziyadxanovun mülkü də bu məhəllədə yerləşirdi. Ev bir mərtəbəli olub, kərpiclə tikilmişdir. Təxminən, 1960-cı illərdə ev uçurularaq, yerində 1 saylı orta məktəbin yeni korpusu inşa olunmuşdur.

Məhəllədə XIX yüzillikdə mövcud olmuş bu gün isə dillərdə adı qalmış, özü olmayan “Qırx kilimçi”, “Xocalı” basalağı da olmuşdur. Bu basalağın yerində isə “Mahrasa bağı” məhəlləsi salındı. “Mahrasa bağı” adlı yaşayış məhəlləsi ayrıca bir elmi-tədqiqat işi olduğu üçün onun haqqında sonralar məlumat verəcəyik.

“Dal Ozan”

“El yolu” ilə “Dik küçə”nin (M.A.Abbaszadə) kəsişdiyi yerdə İsmayıl bəyin 2 mərtəbəli yaşayış evi yerləşir. 1918-ci ildə Gəncədə yerləşən İran səfiri Seyid Cəfər xan bu binada otururdu. Onun anası Gəncəli qızı idi.

1920-ci ildə rus-bolşevik əsgərləri evləri talayır, sakinlərdən qızıl, gənc qız və gəlinlərdən şəhvət tələb etdiyini bilən səfir, insanları qorumaq üçün şəhərin bir çox evlərinin üstündə İran bayrağı astırardı ki, guya həmin binalarda İran təbələri yaşayır.

El yolu küçəsində xeyriyyəçi Bala Məşədinin 2 mərtəbəli evi (İ.Qayıbov 9) indi də qalmaqdadır. Bu küçədə “Difai”çi Molla Məhəmməd Pişnamazzadənin də mülkü (İ.Qayıbov 12) yerləşir. Bu küçədə Bağır bəy Rəfibəylinin də 2 mərtəbəli evi şəhərdə ən yaraşıqlı binalardan biridir. Bu bina bir zamanlar orta məktəb, rəssamlıq məktəbi də olub. Hal-hazırda Gigiyena və Epidemiologiya mərkəzi bu binada fəaliyyət göstərir.

1948-1950-ci illərdə Gəncə Tibb Məktəbinin arxa tərəfində “Buzxana” da fəaliyyət göstərmişdir.

Bu küçədə həmçinin Cümə məscidinin bir zamanlar axundu olmuş “Zübrət əl Təvarix” (tarixlərin əsası) kitabının müəllifi Şeyx Həsən Axundzadə də yaşamışdır.

Məhəllədə Gəncə çayının sol sahilində 2 daşlı “Tümən” dəyirmanı da olmuşdur. Dəyirmanların xarabalığı indi də qalmaqdadır. “Dal Ozan”la “Zərrabi” məhəlləsinin arasında Hacı Xudu (Çökək) dəyirmanı da var idi.

Bu küçənin sonunda “Səbsikar” qəbristanlığı yerləşir. El arasında bu qəbristanlığın yerli Axundovların (göy-göyərti) əkin yeri olduğu və qəbristanlıq üçün vəqf olunduğu deyilir. Nəzərinizə çatdırmaq istərdim ki, Gəncədə yerli Axundovlardan başqa Qabaqtəpəli Həsən Axundov da yaşayırdı. Onun nəsli bu gün Axundov soyadını daşıyır.

Bu qəbristanlıqda Əsgər ağa Gorani, Abdulla Tofiq Sur, “Difai”çi Mirzə Məhəmməd Axundzadə, Ələkbər bəy və Cavad bəy Rəfibəylilər, Mirzə Abbas Abbaszadə, Hacı Əli Hüseynzadə, Tahir bəy və Gəncənin tanınmış nəsillərinin türbələri yerləşir. Mərhum Abbas Səhhət və Məhəmməd Hadi də bir zamanlar bu qəbristanlıqda dəfn edilmişdilər...

Hamlet Əli oğlu Allahverdiyev

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort