• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Comərdi Qəssab türbəsi

E-mail Çap PDF

                                                                  "Əxilər" Hərəkatının yaradıcılarından olan Comərdi Qəssabın türbəsi
comerd
comerdi qessab qebri
Comərdi Qəssab VII-VIII əsrlərdə yaşamışdır.

XIII əsrdə qədirbilən müsəlmanlar tərəfindən Comərdi Qəssabın əhəmiyyətli fəaliyyətinə görə onun qəbri üzərində əvvəlcə türbə, sonra isə məscid tikilmişdir. Türbə XX əsrin 60-cı illərində sökülmüşdür.

Türbənin özülü 2004-cü ildə tapılmış və "Heydər Əliyev" fondunun köməyi ilə bərpa edilmişdir.

comrd_qssab_trbsi

 

Həmid Araslı yaradıcılığında Nizami Gəncəvi və türklük

E-mail Çap PDF

 

nizami-375x500

Dahi Azərbaycan şairi, filosof və mütəfəkkiri Nizami Gəncəvi bütün dünyanın aytək parlayan, günəştək nur saçan nadir şəxsiyyətlərindən biridir. Onun dillər əzbəri olan misilsiz “Xəmsə”si heç şübhəsiz dünya ədəbiyyatı xəzinəsinə ən böyük tövhədir. Şair “Xəmsə” vasitəsilə dünyanın sirlərini açmağa müvəffəq olmuş, əsl eşq, mehr, məhəbbət dastanı yazmış, eşqdə sədaqəti ön plana çəkmiş, dünyanı lazımınca vəsf etmiş və öz fəlsəfi fikirləri ilə onları cilalamışdır.

Orta əsr Şərq şeir dili sayılan fars dili təbiidir ki, Nizami Gəncəvi kimi böyük söz ustadından yan keçə bilməzdi. Şair bu ənənəyə sadiq qalaraq həmişəyaşar “Xəmsə”sini fars dilində yazmış, ancaq türk olduğunu unutmamışdır.

Azərbaycanda Nizami Gəncəvi haqqında ilk araşdırma aparan, onu təbliğ edən, şairin türk olduğunu sübut edən alim akademik Həmid Araslıdır. Onu demək kifayətdir ki, keçən əsrin 40-cı illərindən Nizami Gəncəvi haqqında ilk elmi izahları verən Həmid Araslı “Nizami Gəncəvi” Bakı 1947, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri” Bakı 1998, “Şərqdə Leyli və Məcnun əsərləri və Nizami” Bakı 1940, “Nizami əsərlərində el variantları” Bakı 1940, “Nizami və Azərbaycan xalq ədəbiyyatı” Bakı 1947, “Nizami və Vətən” Bakı 1948, “Şairin həyatı” Bakı 1967, “Nizami Gəncəvi və Sirlər xəzinəsi” Bakı 1981, “Nizami Gəncəvi və qadın obrazları” Bakı 1939, “Nizamidə xalq sözləri və xalq ifadələri” kimi yazılarında Həmid Araslı Nizami və türklük məsələlərinə xüsusi önəm vermiş, onu açıqlamağa çalışmışdır.

Sonuncu məqaləsində böyük alim 100-ə qədər “Xəmsə”də türk sözləri olduğunun və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu arayıb tapmışdır. Bununla da Nizaminin türk olduğuna heç bir şübhə yeri qoymamışdır. Onun yaylaq, qışlaq, köç, alaçıq, dağ, çirkin, sancaq, qırmızı, dolma, ələk, çadır, kömək və s. sözləri onu göstərir ki, Nizami bu sözlərdən ustalıqla istifadə etmişdir.

Maraqlıdır ki, Nizami yaradıcılığına tam qətiyyətlə yanaşan Həmid Araslı Azərbaycan atalar sözlərinin bütövlüklə işlənilməsini və onların bəzən nəzmlə verilməsini sübut etmişdir. Aşağıdakı misallara nəzər salaq:

“Pişik balasını istədiyindən yeyər” Azərbaycan atalar sözü fars dilində olmadığından Nizami böyük məharətlə onu farsca “Xəmsə”də iki misra ilə vermişdir:

“Qorbe ço bovəd sərhəm pusti, Bəççeye xod ra xorəd əz dusti”.

Digər bir misala diqqət yetirək:

“Vaxtsız banlayan xoruzun başını kəsərlər” ifadəsini Nizami nəzmlə belə vermişdir:

“Xorusi ke bica xanəd, Becaye pər fəşani, sər fəşanənd”.

Yaxud da Nizami türk və fars dillərində olan atalar sözləri və zərbi-məsələləri hər iki dildə mövcud olduğunu nəzərə alıb onları yerli-yerində işlətməyə nail olmuşdur.

Hər qamış şəkər, hər gül bar verməz,

Hər uşaq doğana qadın deyilməz.

Şairin digər ibarələrində farsca zərbi-məsəllər olsa da, türk sözləri ilə zənginləşdirilmişdir.

“Çerkin bər siyah nəmineşinəd, Cəvani dər kuç əst”.

Buradakı “çirkin” və “köç” sözləri tam türk kəlmələridir. Ümumiyyətlə, akademik H.Araslı bu işi ilk qələmə alan və onun elmi izahını verən ilk alimimizdir. Bunun nəticəsidir ki, ondan sonra alimin qızı Nüşabə xanım Araslı “Nizami türk ədəbiyyatında”, “Nizami və türklük” mövzusunda gənc alimlərimizdən dissertasiya yazması, Cahan Ağamirovun 2005-ci ildə nəşr etdirdiyi “Nizami yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərbi-məsələləri” və “Nizami və türklük” monoqrafiyası isə 2008-ci ildə işıq üzü görmüş ki, bu isə Həmid Araslının təməli qoyduğu elmi işinin davamı kimi qiymətləndirilməlidir.

Nizami Gəncəvi “Xəmsə”sini yenidən oxuyarkən sübut etdik ki, “Xəmsə”də türk sözlərinin sayı 120-dən də çoxdur. Elə beytlərə rast gəldik ki, şair orada iki türk kəlməsi işlətmişdir:

Tace to əfsus ke əz sər behəst,

Çole fərəs, torbe əz xəz behəst.

Göründüyü kimi sonuncu misradakı “çul” və “torba” sözləri sırf türk sözləridir.

Nizami Gəncəvi Gəncənin yetirməsi olsa da, o, bəşəriyyətin şairi olaraq şöhrət qazanmışdır.

 

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 

Rauf İsmayılzadə

E-mail Çap PDF

Gəncəli Musiqişünas

Fikrət Əmirov və Rauf İsmayılzadə

Gəncə şəhəri yarandığı gündən onun sayğılı və sevgili oğulları Azərbaycanın adını öz şərəfli əməlləri ilə daim yüksəltmişlər. Bu şəxsiyyətlərin yaratdıqları əsərlərin yüksək sənətkarlığına, insanlara münasibətlərində xeyirxahlığı təbliğ etmələrinə bələd olduqdan sonra, onların sözün əsl mənasında böyük şəxsiyyət olduqları göz önünə gəlir. Ulu babalarımızın bu ənənəsi bu gün də doğma Gəncəmizdə yaşayır. Sənatkarlıq ənənələrini yaşadanlardan biri də Gəncədə yaşayıb yaradan, sənətkarlığı ilə böyük şöhrət qazanan, Gəncənin müsiqişünas alimi, sənətşünaslıq elmləri namizədi, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin sədri Rauf Yusif oğlu İsmayılzadədir.

Rauf Yusif oğlu İsmayılzadə 1936-cı ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, gənc Rauf Gəncə Musiqi Texnikumunun tar sinfinə daxil olaraq, 1956-cı ildə Texnikumu da fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ili təyinatla Xanlar (indiki Göygöl) rayon musiqi məktəbində tar müəllimi kimi fəaliyyətə başlayır. Gənc Rauf ömrünü musiqiyə həsr etmək üçün öz üzərində ciddi hazırlaşmış, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyaslnın “Xalq musiqi nəzəriyyəsi” şöbəsinə daxil olmuşdur. Gəncəli Raufun tələbəlik illəri çox mənalı keçmişdir. Həmin illərdə o, yaşadığı ömrün hər saatının, hər dəqiqəsinin qədrini bilmiş, musiqi aləminin bütün sirlərinə yiyələnmək üçün əlindən gələni əsirgəməmişdir. Dövrün görkəmli bəstəkarı, xalq artisti Səid Rüstəmovun idarə etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərmişdir.

1963-cü ildə Rauf İsmayılzadə Konservatoriyanı müvəffəqiyyətlə bitirib, təyinatla Gəncə Musiqi Texnikumunda musiqi nəzəriyyəsi üzrə müəllim kimi çalışmağa başlamışdır. Ali təhsilli musiqi ixtisası qazanmasına baxmayaraq Rauf İsmayılzadə əldə etdiyi nailiyyətlərlə kifayətlənməmiş, 1965-ci ildə istehsalatdan ayrılmamaq şərtilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna dissertant kimi qəbul olunur. Dissertant olduğu müddətdə xalq musiqisinin bütün incəliklərinə yiyələnməyə çalışır. Bu sahədə böyük uğurlar əldə edir. 1971-ci ildə «Azərbaycan Xalq Mahnıları» mövzusunda dissertasiya işini müdafiə edir. İstedadlı musiqiçi Rauf İsmayılzadənin elmi işi Respublikanın adlı-sanlı bəstəkarlarının nəzər-diqqətini cəlb edir. Onlardan bəstəkar Qara Qarayev, Fikrət Əmirov və başqa görkəmli sənətkarlar Rauf İsmayılzadənin elmi işinə yüksək rəy vermişlər. Rauf İsmayılzadə 1972-ci ildə sənətşünaslıq elmləri namizədi adına layiq görülmüşdür. Dörd il sonra isə 40 yaşlı Rauf İsmayılzadə SSRİ Bəstəkarlar İttifaqına üzv seçilir.

Gəncə şəhərində musiqi sənətinin inkişafı ilə əlaqədar olaraq 1981-ci ildə burada Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsi yaradılır. SSRİ-nin və Azərbaycanın xalq artisti, dövlət mükafatları laureatı, sosialist əməyi qəhrəmanı, bəstəkar Fikrət Əmirov şöbənin sədri, Rauf İsmayılzadə isə məsul katib seçilir.

Musiqiçi-alim olan Rauf İsmayılzadə Gəncəlilər arasında ictimai xadim kimi də fəaliyyət göstərmişdir. O, 1981-1985-ci illər ərzində Gəncə şəhəri, Kəpəz rayon Sovetinin deputatı seçilmişdir.

Rauf İsmayılzadə 1988-ci ildən əmək veteranıdır. 1994-cü ilin iyun ayının 1-dən Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şəhər şöbəsinin sədridir. 1996-cı ildən isə Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bir alim kimi Rauf İsmayılzadə 40 il ərzində müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olmuş, 500-dən artıq elmi və publisistik məqalələrin və 20-ə yaxın kitabın müəllifidir.

2008-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının təqdimatı əsasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Prezident mükafatına layiq görülmüşdür.

Ailəlidir, üç övladı və altı nəvəsi var.

                                                                                                                                                                                                                                                                            Vüqar Həsənbəyli

 

Əsgər ağa Gorani (Adıgözəlov)

E-mail Çap PDF

Azərbaycan mədəniyyətinin görkəmli siması

gorani adigozelov esger-aga

Əsgər ağa Haqvеrdi bəy oğlu Adıgözəlov 1857-ci il may ayının 3-də Gəncə qəzasının Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. İlk öncə Əsgər ağa Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirərək, Moskva şəhər Pеtrovski-Razumovski adına Kənd Təsərrüfatı Akadеmiyasına daxil olur. Akadеmiyanı bitirəndən sonra vətənə dönür. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis Dairə Məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız gimnaziyası açıb.

Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlilikdən yеddi uşaq dünyaya gəlib. Təəssüflər olsun ki, üç azyaşlı övladı tələf olub. Sağ qalan övladları-Daniyal bəy, Mikayıl bəy, Lülpər xanım (Lеyla xanım) və Əli bəy olmuşdur.

gorani adigozelov esger aga ushaq

Əsgər ağa Gorani Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərmişdir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü ilin martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı məhz Əsgər ağa Goranidir.

Hələ gimnaziyada oxuyarkən Əsgər ağa Gorani Nəcəf bəy Vəzirovla dostluq etmişdi. Müəllimləri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Günlərin birində Həsən bəy deyib: "Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq". Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy də bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi "Həyat" qəzetində yazmışdı: "Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi". Əslində Əsgər ağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgər ağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: "Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar". Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub. Nizami məqbərəsi İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir.

Əsgər ağa Gorani-Adıgözəlov 1910-cu il mart ayının 10-da Gəncə şəhərində vəfat etmiş və Gəncənin Səbiskar qəbristanlığında dəfn edilmişdir.

                                                                                                                                                                                                Orxan Gəncəsoy

 

Göy-Göl

E-mail Çap PDF

 

 

 

Azərbaycan gözəl mənzərələr məskənidir. Təbiət başı qarlı dağlarını, alp çəmənliklərini, subtropik zonalarını, qızmar günəşi, təmiz dağ havasını, iti axınlı çaylarını, mineral bulaqlarını, dəniz və göllərini buradan əsirgəməmişdir.

Kiçik Qafqaz sıra dağlarında yerləşən göllər içərisində Göy-gölə hansı tərəfdən gəlsəniz sizi hər şeydən əvvəl qarşınızdakı təkrarolunmaz gözəl ponorama valeh edər. Göy Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. Bunların 76 növü sırf  ağac və koldur. Qalanlar isə çəmən bitkiləridir. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvanlar var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur. Gölün sahili isə meşə ilə örtülmüşdür. Belə görünüş gölün şəffaf suyunda əks olunaraq gözəl bir mənzərə yaradır. Təbiətin bu incisini göylərə yüksəldən dağların uca zirvələri qoruyur. Bu füsunkar göl sanki xəyala dalmış halda öz dərinliklərindən səmaya baxır.

Göy-gölün qeyri adi gözəlliyi şairləri və rəssamları yazıb yaratmaqdan yormur. Səməd Vurğun öz şerlərindən birində Göy-Gölü “Göllər şahı” adlandırır. Təbiət burada insana ilin hər bir vaxtında sevinc, ilham, sağlamlıq və gümrahlıq gətirən hər şeyi yaratmışdır. Bunun üçün Göy-gölün isti mülayim dağ havası çox əlverişlidir. Burada orta illik temperatur-7, çöküntünün miqdarı isə 600 mm\dir. Yay axşamlarında gölün sahili sərin, qışda azacıq şaxta olur, ancaq günəş yaydakı kimi parlayır. Göy-gölün havası həmişə təmizdir. Bakı-Tbilisi dəmir yolu, hava xətti və şose yolları kimi Göy-Gölün də yolu Gəncə şəhərindən keçir. Bakıdan Gəncəyə 362 km, Tbilisidən isə 188 km dir.

Gəncə-Zaqafqaziyanın ən qədim şəhərlərindən biridir, bəzi məlumatlara görə IV əsrin ortalarında yaradılmışdır. Şəhərin əhalisi X və XII əsrlərdə daha çox artmışdır. Çünki, şəhər yaxın Şərqin elm, ədəbiyyat və incəsənət mərkəzi olmuşdur. Dahi Azərbaycan şairi Şeyx-İlyas İbn Yusif Nizami Gəncəvi XII əsrdə burada anadan olmuşdur.

Dünya poeziyasının məşhur xadiminin qəbri də Gəncə şəhərində yerləşir. Gəncə 1804-cü ildə çar I Aleksandırın qadınının şərəfinəYelizavetpol adlandırıldı. 1935-ci ildən isə ona S.M.Kirovun şərəfinə Kirovobad adı verildi. Hal-hazırda Gəncəmiz paytaxt Bakıdan sonra sənaye və mədəniyyət sahəsində respublikanın 2-ci şəhəri hesab olunur. Özünün dadlı Gəncə üzümü olan Təbriz sortu unikal sayılan tərxun və başqa məhsulları ilə fəxr etməyə dəyər. Gəncədən Göy-gölə gedən yolda hazırda inkişaf etməkdə olan Göy-göl şəhəri yerləşir. Yol boyu palıd, cökə, qovaq və s. ağaclar insanın zövqünü oxşayır. Bunların arxasında Qərbə tərəf ucsuz-bucaqsız üzüm bağları yerləşir. Heyiflər olsun ki, onları yavaş-yavaş azaldırlar. Göy-göl Azərbaycanın böyük üzüm və şərabçılıq təsərrüfatlarından biridir.

Göy-göldən yuxarı hazırkı Hacıkənd kurortudur. Kurort dağ silsiləsinin şimal-qərbində yerləşir. Burada inqlabdan əvvəl Bakı, Tbilisi və Gəncə varlılarının yaylaqları idi. Onlar ailələri ilə yayda burada dincələrdilər.

Sovet hökümətinin ilk illərində bu yaylaqlar dövlətin ixtiyarına verilməklə burada istirahət evləri və mədəni-məişət ocaqları yaradıldı. Hacıkənd respublika əhəmiyyətli birinci dərəcəli kurorta çevrildi. Bədxah ermənilər də, sonralar buralara köçürülüb, firavan həyat sürürdülər. Əfsuslar olsun ki, çörəyimizi yeyib, bizə qarşı çıxdılar.

Göy-Gölə gedən yol dərin vadidə yerləşən Çaykənd yaylasından keçir. Buradan Göy-Gölə 10 km-dir, 6 km-dən sonra isə Ağsu keçidinin qalın meşələrində yerləşən gölün füsünkar mənzərəsi açılır. Onun Qərb sahillərində sanatoriyanın monumental daş binası yerləşirdi(?). Burada turist bazaları, qayıq baydarka, idman oyunları üçün meydança və s. başqa sağlamlıq ocaqları mövcud idi. Dağ iqlim kurortu Göy-Göl vətənimizin ən gözəl yerlərindən biridir. Göy-Göldə bir dəfə olan adam cır yarpaqlı meşələri, ağaçları arasında səhiyyə və turist binalarını həmişə xatırlayacaq və onu yaddan çıxarmayacaqlar.

Göy-Göl axan göldür buraya su Yuxarı Ağsu çayından tökülür. Ağsu çayı isə qonşu Maral göldən başlayır. Maral gölə tökülən çaylar isə öz mənbəyini Kəpəz (Əlfərah) dağından alır. Göy-Gölün 5 m dərinliyində suyun temperatoru 18-20-dir. Ondan aşağıda isə temperatur kəskin sürətdə dəyişir. Göldə suyun şəffaflığı orta hesabla 9,5 m çatır. Göy-Göl suyunun sarılığı təhlil edilərkən məlum olmuşdur ki, onun suyu qarlı Avropanın və SSRİ-nın dağ göllərinə nisbətən duzludur. Türkiyənin Van gölünə oxşayır. Mən bunu Türkiyədə olarkən seyr etdim və “Əfsanəvi Torpaqlar” kitabında qeyd etmişəm. Lakin, buna baxmayaraq su içməlidir. Suyun əsas xüsusiyyəti üst təbəqədə azot birləşmələrinin olmamasıdır. Suyun 1-də natrium ümumi miqdarı 101, 6 mq, onun şorluğu 0, 82%, çodluğu isə 6,4%-dir. Gölün suyunda çox maraqlı bir hal tətbiq edilmişdir. Bu, suyun 30m-dən başlayaraq dibinə qədər bütün dərinliklərdə natrium və onun əvəzedicisi hidrogen-sulfidin olmamasıdır.

Göy-Gölün və oradan axan Aşağı Ağsu çayının suyu kimyəvi tərkibinə görə ionlu hidrokorbonat və sulfat ionlu kalsium qrupuna aiddir. Yüz illər ərzində bol rütubət sayəsində Azərbaycanın bu gözəl güşəsində bitkilər daha da çoxalmışdır. Burada meyvə ağacları alça, armud, alma və vəhşi böyürtkən kolları var. Göldən şimalda gamış sahəsi yerləşir. Göldə qızıl və farel balıqları yaşayır. Göy-gölə qədər uzanan meşələrdə Qafqaz maralı, vəhşi keçi, Sibir Samuru, vəhşi donuz və başqa heyvanlar var.

Göy-göl nə vaxt və neçə yaranmışdır?

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy Göl yaranmışdır. Göy Göl ərazisində ümumilikdə 19 göl var. 7-si isə böyük göllər sırasına daxildir.

Göy-göldən bir az aralıda Qaragöl yerləşir. Ərazisi 3 hektara yaxındır. Dərinliyi 16 metrdən 24 metrə qədərdir. Kəpəz dağının dağılmış çınqılları ərazisindədir.

Göl bir tərəfindən nadir Eldar şamı meşəsi, digər tərəfdən isə qarışıq enli yarpaqlılarla əhatə olunub. Çöl heyvanlarının ən çox məskunlaşdığı ərazidir.

Maral gölün isə eni və uzunu 1 km-ə qədərdir. Dərinliyi 97 metrdir. Su oksigenlə zəngindir və farel balığının saxlanması mümkündür.Digər göl olan Zəli gölün eni bəzi yerlərdə 500 metr, bəzi yerlərdə isə 400 metrdir. Dərinliyi 16 metrdir. Qamışlıqdan ibarətdir. İçməli su kimi istifadə oluna bilməz. Güzgü gölü isə iki hövzədən ibarətdir. I-sahəsi 1 hektardır. Dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. Dibində olan bütün daşlar görülür. İçərisinə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün də bu göl "Güzgü gölü" adlanır. II-meşəliyin arasında olan göl gün işığı düşdüyü zaman parıldayır. Adının "Güzgü gölü" olmasının bir səbəbi də budur. Digər göl Cilli göl isə bataqlıq gölüdür. Bütün otlar suyun altında qaldığına görə Cilli göl adlanır.

Həmçinin burada xırda göllərdə mövcuddur. Çoban gölü, Ayı gölü, Bataqlıq gölü. Göy-gölün ərazisində bulaqlardan-Çay kənarında Yeddi bulaq, Göy dağ bulağı, Novruz bulağı, Qızxanım bulağı, Dərzi qaya bulağı, Xatın bulağı, Cınqır dağının bulağı.

Coğrafi mövqeyinə görə Göy-gölün əvəzsiz gözəlliyini cəsarətlə SSRİ-in və Qərbi Avropanın məhşur dağ iqlim stansiyaları ilə müqayisə etmək olar. Öz təbii gözəliklərinə görə Göy-göl qoruğu onların arasında birinci yerdə durur. Göy-göldən Kəpəz dağına səyahət olduqca cəlb edicidir. 1926-cı ildə Azərbaycan su təsərrüfatı idarəsi gölün şəklini çəkmiş və suyun keyfiyyətini yoxlamışdır. Onlar istəyirdilər ki, göldən təbii su anbarı kimi istifadə edib kürək çayın suyunu artırsın və pambıq çöllərini, bağları suvarsınlar.

1927-28-ci illərdə gölü daha da dəqiq öyrənilməyə başladılar. Bu dəfə məqsəd suvarma deyil Gəncəni Göy-gölün suyu ilə təhciz etmək idi. Aparılan bu tədqiqat Göy-göl haqqında daha dürüst məlumat verdi. Deyilənlərdən aydın oldu ki, əvvəllər göl əsasən təsərrüfat məqsədi üçün öyrənilirdi. Belə tədbir isə təbiətin müdafiə edilməsi bir araya sığa bilməzdi. Sonralar suvarma və su kəməri məsələsi arxa plana çəkildi və bir neçə on illiklər ərzində Göy-göl iqlim stansiyası kimi məhşurlaşmağa başladı. 1933-cü ildə gölün sahilində kurort və istirahət ocaqları salınmağa başlandı və...?! İndi isə Göy-gölü yay və qış iqlim stansiyasına çevirmək üçün geniş problematik tədbirlər yerinə yetirilməlidir.

Yerli su anbarlarından və xüsusilədə Göy-gölün su ilə təchiz olunmasında Kəpəz dağ silsiləsinin böyük rolu vardır. Kəpəz bir neçə kilometrdən yaxşıca görünür və onu Murovdağ silsiləsinin çoxlu zirvələri içərisindən asanlıqla fərqləndirmək olur. Öz görünüşü ilə dağ orta əsr dağlarını xatırladır.

Bir sözlə gələrsiz görərsiz!

                                                                                                                                                                                                                                                                                  Vüqar Həsənbəyli

 

Füzuli parkı

E-mail Çap PDF

 

fuzuli parki2

fuzuli parki1

fuzuli parki3

fuzuli parki4

fuzuli parki5

fuzuli parki6

fuzuli parki7

fuzuli parki8

fuzuli parki9

fuzuli parki10

fuzuli parki12

fuzuli parki13

fuzuli parki14

fuzuli parki15

fuzuli parki16

fuzuli parki17

fuzuli parki18

fuzuli parki19

fuzuli parki20

fuzuli parki21

 

Şeyx Nizaminin məzarı

E-mail Çap PDF

Şairin məqbərəsinin acı taleyi, ilginc faktlar!

  

Bu yerdə mənim tək yatanlar çoxdur,

Onları xatirə salan ki, yoxdur.

Təzə kəklik, yad et məni ürəkdən

Məzarım yanından ötüb keçərkən,

Görərsən üstümdə göyərmiş otlar,

Baş daşım uçulmuş, çökmüşdür məzar.

Qəbrimin tozunu sovurmuş yellər,

Dostlardan anan yox məni bir nəfər.

Bəlkə də dahi şair Nizami Gəncəvi hələ sağlığında ikən məzarının faciəvi bir tarix yolu keçəcəyini hiss edirmiş. Elə böyük mütəfəkkirin “ŞƏRƏFNAMƏ”sindən götürdüyümüz bu kiçik misralardan da göründüyü kimi qədim Gəncəyə doğru gedən cığırın növbəti anlarında dahi şairimizin məzarının keçdiyi faciəvi tarix yolundan və ümumiyyətlə Şıx düzündən söhbət açacağıq.

Böyük Nizaminin məqbərəsi, Qızıl Arslan tərəfindən Nizamiyə hədiyyə edilən Həmdan-indiki Əhmədbəyli kəndinin ərazisindədir və əbəs yerə deyil ki, bu əraziyə yerli əhali indi də “Şeyx düzü”, “Şıx düzü” deyir. ”Gəncənin dünəninə nəzər saldıqda Şıx düzünün ərazi vahidi olaraq, özünün də vaxtilə məhəllə olduğunun şahidi oluruq. Şıx düzü məhəlləsinin Şah Abbas Gəncəsinə köçürülməməsinə baxmayaraq, əsirlərdi yerli əhali Nizami torpağının bu güşəsini elə Şeyx düzü, Şıx düzü kimi yaddaşlarında saxlayıb.

“Şıx düzü”ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olub. Ümumiyyətlə isə, Nizami dövründə burada böyük qəbristanlıq yerləşib. Qəbristanlığın daha çox fəxri xiyaban olmasını söyləməyə əsas verən ən ümdə amil, Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələrinin olmasıdır.

Böyük Nizaminin vəfatından az sonra, XIII əsrin əvvəllərində onun üçün məqbərə ucaldılır. Bu tikili öz təravət və əzəmətini XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə qədər qoruyub saxlayır, xalqın daimi ziyarət yeri olur. Nizami irsinin tədqiqatçısı, görkəmli alim, akademik Həmid Araslı məhz ilkin məqbərə haqqında yazırdı:

“Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”

19-cu əsrin əvvəllərində dahi şairin nəinki qəbirüstü abidəsi, həmçinin məzarının faciəvi tarix yolu başlayır. Məhz o dövrdə Rusiya imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şıx düzü”ndə baş verən məhşur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür, ilkin görkəmini nəzərə çarpacaq dərəcədə dəyişir.

XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi qarşısında qalan məqbərənin ciddi təmirə ehtiyacı olduğunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov günbəzi təmir etdirir. Bundan sonra məqbərə tamamilə baxımsız qalır və uçub dağılır.

1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün Yol bələdçisi” kitabında da belə təsvir edir: “Biz daha yeddi verst yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu-şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı.” 

XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məhşur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü – ehtişamı dağılan.

Olmayıbdır cahanda bir səninlə məntək,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

Həqiqətəndə bu Nizaminin məzarı haqqında insanda təəssüf doğuracaq ən qəlbətəsiredici şer parçasıdır.

1881-ci ildə Tiflisdə arxeoloqların V qurultayı kecirilir. Qurultayda Rusiyalı arxeoloqlarla yanaşı Avropadan gəlmiş qonaqlar da iştirak edirlər. Həmin dövrdə Avropalı arxeoloqlar Qafqazla ciddi maraqlanır və Çar hökümətinin razılıgı ilə bu ərazidə geniş qazıntı işləri aparırlar, elə dahi Nizaminin məzarının çökdüyü günlərdə bundan sonra başlayır.

Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəyə gələrək Nizaminin qəbri ilə maraqlanırlar. Yerli əhalinin sonralar söylədiyinə görə, arxeoloqlar qəbrin sirrini öyrənir və məqbərədən bir az aralıdan lağım ataraq oraya daxil ola bilirlər. Onlar məzardan bəzi şeyləri götürüb aparmaq istəyərkən, Əhmədli kəndinin əhalisi onlara mane olur və bu əşyaları onlardan alırlar. Bundan xəbər tutan çar hökuməti alınan əşyaların arxeoloqlara qaytarılmasını əmr edir. Bu əşyaların nədən ibarət olması və onların sonrakı taleyi bu günə qədər də sirr olaraq qalır.

Mirabbas Mirbağırzadə, 19 oktyabr 1923-cü ildə “Kommunist” qəzetində dərc olunan “Şeyx Nizaminin qəbri” adlı məqaləsində bu olayı özünəməxsus tərzdə ifadə edir.

“40-45 il bundan əvvəl Avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı başdaşını aparmışdır…Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur…”

Nizaminin məzarı Gəncənin tərəqqipərvər ziyalılarını daim narahat edirdi, məzarın abadlaşdırılması üçün yollar axtarılırdı. Belə ziyalılardan biri də Gəncə gimnaziyasının ana dili və ədəbiyyat müəllimi, “Difai”çi Mirzə Məhəmməd Axundzadə idi. O, 1908-ci ildən başlayaraq müxtəlif mətbu orqanlarda müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin təmiri barədə düşünməyə çağırır. Bu məqsədlə elə ilk addımı da onun özü atır. Mirzə Məhəmməd Axundzadə 1909-cu ildə “Şeyx Nizami” kitabını yazır. Bu kitabın satışından toplanılan məbləğ Nizaminin məqbərəsinin təmiri üçün nəzərdə tutulurdu. “Şeyx Nizami” kitabınının titul vərəqəsində yazılır: «Bu kitabın satışından əldə olunan pullar Nizaminin məqbərəsinin bərpasına sərf olunacaq.»

Lakin toplanılan məbləğ məqbərənin təmirinə çatmır, yalnız məqbərənin ətrafında səliqə-səhman yaratmağa bəs edir.

”Molla Nəsrəddin” jurnalının 1908-ci ildə çıxmış 51-ci sayında görkəmli rəssam Şmerlinq tərəfindən çəkilmiş rəsmdə və V.Bartoldun 1912-ci ildə çap etdirdiyi ”Şair Nizaminin qəbri” məqaləsində Şeyx Nizaminin məzarının acınacaqlı vəziyyətindən ürəkağrısı ilə söz açılmaqla bərabər, məqbərənin qalıqlarının rəsmləri də çap edilir. XX əsrin əvvəllərində ”Tərəqqi”, “Yeni həqiqət”, “Yeni iqbal” qəzetlərində Nizami Gəncəvinin məzarının acınacaqlı vəziyyəti, məzarın ətrafında aparılan qazıntı işlərindən müntəzəm olaraq söhbət açılır.

Nəhayət, 1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyli və müəllim Mirkazım Mirsüleymanzadədən ibarət, “Nizami komissiyası” adlanan bir komissiya yaradılır. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq tapşırığı qoyulur. Lakin sonradan komissiya tamam başqa mövqe tutur və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarına gəlir.

Bu məqsədlə müsamirələr, tamaşalar təşkil etməklə, əhalidən ianələr toplamaqla xeyli vəsait də yığılır. Nizaminin sümüklərini dəfn etmək üçün Şah Abbas məscidinin qabağındakı “Avara bağ” deyilən alqı-satqı meydanının ortasında qırmızı kərpicdən bir qəbir də hazırlanır.

1923-cü ilin mart ayında məqbərənin içərisində qazıntı işlərinə başlanılır. Məqbərənin içinə tökülən daş, torpaq qalağını təmizlədikdən sonra qapının ağzında bir qəbir aşkar olunur. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğunu düşünərək onları taxta yeşiyə yığırlar. Lakin sümüklərin çox incə, ağ və kiçik olması komissiya üzvlərini şübhələndirir və onlar məqbərə səthini təzədən qazmağa başlayırlar. Birinci səthdən sonra, təxminən 71 sm dərinlikdə ikinci səthə çatanda, səthin ətrafında günbəzin bünövrə və qalıqları üzə çıxır. Məqbərənin dib tərəfində, divarın yanında hündürlüyü 45-50 sm olan, sadə bir daş aşkar olunur. Daşın yan tərəfində bir yerə ətrafın sarı torpağından fərqlənən göy qum töküldüyü diqqəti cəlb edir. Bu qum kütləsini qazıb çıxardıqdan sonra 1m 45 cm dərinlikdə daş hörgü aşkar olunur. Daşları sökdükdə yer altına açılan və üst qatları uçmuş bir lağım görünür. Uçub içəriyə tökülən daş və torpağı təmizlədikdən sonra aydın olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanan dörd ayaqlı bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin çox böyük ehtiram və hörmətlə dəfn edildiyindən xəbər verirdi. Tabutun taxta parçalarının üzərindən qoparılan tirmə parçaları hazırda Nizami adına Ədəbiyyat muzeyində saxlanılır.

Dahi şairimizin məzarının keçdiyi tarix yolu hər bir Azərbaycan vətəndaşının yaddaşında iz buraxmalıdır. Tariximizə, mədəniyyətimizə biganə münasibətimizin, düşünülməyən addımlarımızın hansı fəsadları törətdiyini dərindən düşünmək və anlamaq lazımdır.

Eylədilər bir biyabanda, uçuq qəbrimin altında əvət,

Yeddi yüz əlli il idi ki, yatırdım rahət.

El unutmuş məni, atmışdı kənara millət,

Bir əyadət, nə ziyarət, nə məhəbbət, hərəkət.

Dahi Nizaminin məzarının keçdiyi faciəvi tarix yolunu sonralar Əli Nəzmi bu cür təsvir edirdi. Elə bu deyimdən də göründüyü kimi Nizami məzarının keçdiyi tarix yolunun ən xırda detallarına nəzər salacağıq. Elə bu çərçivədə onu demək olar ki, Nizaminin məzarı ilə bağlı diqqət və maraq doğuran məsələlərdən, alimləri düşündürən amillərdən biri də şairin məzarının tipi və forması ilə bağlı olub.

MirAbbas MirBağırzadə “Şeyx Nizami” adlı məqaləsində böyük mütəfəkkirin məzarının quruluşunu bu cür təsvir edir: “Nizaminin cənazəsi qoyulan yer qazılıb adi, adəti-vəchilə qəbirlərdən olmayıb, türklər tərəfindən sapma qəbir deyilən əsgi üsulca, yeraltı bir daxmadan ibarət imiş.”

Bu təsvirdən Nizaminin qəbrinin, qədim türklərin hörmətli insanları dəfn etdikləri kurqan qəbirlərə daha çox bənzəməsi xüsusən maraq doğurur. “İmamzadə” ətrafındakı Gəncə qəbristanlığında belə sapma qəbirə bu gün də rast gəlinir. Bu barədə görkəmli alim Y.Qummel hələ 1931-ci ildə Bakıda çap etdirdiyi “Dəfn kurqanı” və “Qədim Gəncə” əsərində məlumat verir: “Şıx düzü”ndəki köhnə Gəncə qəbristanlığı bürünc dövrünə aid kurqan çölünə geniş yayılmışdır. Bu şəhərdə dəfn olunan başçıların, hərbi rəislərin kurqanlarının öyrənilməsi sübut edir ki, icma quruluşunun dağıldığı bu dövrdə cəmiyyət içərisindən döyüşçü dəstəsi ilə əhatələnən və qulları olan icma-tayfa başçıları meydana çıxır.” Bu kurqanlar üstü torpaq qatı ilə örtülən yeraltı bir tikili idi. Hələ o zamanlar Oğuz türkləri bu kurqanın üzərində orada dəfn olunan hörmətli şəxsə məxsus yaşayış yerinin-dairəvi çadırın modelini qururdular. Zaman keçdikcə onlar bunun davamsız olduğunu görüb, bu çadırları daş və kərpicdən tikilən türbələrlə əvəz edirlər. Şeyx Nizaminin qəbri də məhz bu üslubda qurulan kurqan-qəbirdən ibarət olub və onun üzərində XIII- XIV əsr memarlıq abidələri üslubunda qülləvari türbə ucaldılıb. 

Elə dahi şairin məzarının tipi və forması Nizamini fars şairi adlandıran bəzi tədqiqatçıların fikirlərini alt-üst edən ən ümdə göstəricidir desək, yanılmarıq. Dahi şairin məzarının ümumi quruluşu bir daha sübut edir ki, Nizami türk oğlu, Azərbaycan şairidir. Ümumiyyətlə, arxeologiyadan bixəbər, qeyri-peşəkar insanlar tərəfindən aparılan özbaşına qazıntı işlərinə sonralar Akademik Bartold “Özbaşına qazıntı və şərqşünaslıq” adlı məqaləsində öz ciddi etirazlarını bildirir. Azərbaycan Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü il tarixli iclasında nəhayət bununla bağlı qərar qəbul edir:

“Böyük Azərbaycan şairi Şeyx Nizaminin qəbrini özbaşına açıb onun sümüklərini şəhərdəki təzə qəbrdə basdırmaq məqsədilə götürən keçmiş Gəncə Arxeoloji Cəmiyyətinin üzvlərinə töhmət elan edilsin. Bütün işlərin yoxlanması üçün Azərbaycan Arxeologiya Komitəsinin üzvü Şeyxzadə Gəncəyə ezam olunsun.”

Şeyxzadədən sonra isə daha bir arxeoloq Yusifzadə Gəncəyə ezam olunur və 1923-cü il sentyabrın 19-da Arxeologiya Komitəsinin ümumi iclasında bu barədə məruzə edir. Komitə konkret qərar qəbul etməkdə çətinlik çəkir, hansı addımı atacağını bilmir. Komissiya sədrinin qəflətən vəfat etməsi və həmin dövrdə SSRİ-nin yaradılması ilə bağlı gedən proseslər işləri xeyli ləngidir. Nəhayət, Dadaş Bünyadzadənin işə qarışması ilə məsələ öz həllini tapır. Əli Razi Şəmçizadə “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli nömrəsində “Bədbəxt şair” başlıqlı məqaləsində bu barədə yazırdı: “…Tiflisdən, yoldaş Dadaş Bünyadzadədən teleqraf alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin, öz qəbrində qalsın. Məqbərəsinin planını çəkib göndəriniz bütün məsarif öhdəmədir.”


Bundan sonra Arxeologiya Komitəsi Mirabbas Mirbağırzadəni oktyabrın 3-də Gəncəyə ezam edir və o, oktyabrın 6-da verilən tapşırığı yerinə yetirərək Şeyx Nizaminin 6 aya qədər açıq havada, taxta qutunun içində saxlanılan sümüklərini yığıb yenidən köhnə qəbrində dəfn etdirir. Mirabbas Mirbağırzadə gördüklərini “Şeyx Nizami” adlı məqaləsində belə təsvir edirdi: “…sümüklər, uzun yeşik kimi yapılmış adi bir taxta qutunun içində idi. Üç yerdən mismarlanmış qapağını açdım: Şeyx Nizaminin sümüklərini həmin qızın ağ sümükləri ilə qarışmış gördüm. Qəbirdən çıxarılan sandıq taxtasının parçaları və mıxları da qalan başqa şeylərlə bərabər sümüklərlə qarışmış idi…Şeyx Nizaminin qafa tası bir-birindən ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər yeni çürüməyə başlamış və qəhvə rəngini almışdı…”

Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə “Şeyx Nizaminin qəbri” (“Kommunist”19 oktyabr 1923-cü il) və “Şeyx Nizami” (”Yeni fikir “,Tiflis 1923, 25 noyabr ; N:256) məqalələri ilə çıxış edən Mirabbas Mirbağırzadə bu barədə Arxeologiya komitəsinin 28 noyabr 1924-cü il tarixli ümumi iclasında kiçik məruzə ilə çıxış edir və Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə arxeoloq C.Aleksandroviç Nəsifi, epiqrafçı İ.Əzimbəyovla birlikdə Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, burada qəbrin açılmasında iştirak etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə bağlı bir çox maraqlı məlumatlar alır. C. Aleksandroviç Nəsifinin tədqiqatlarının nəticələri onun “Gəncə və Nizaminin qəbri” məqaləsində ətraflı işıqlandırılıb.

Ancaq yenə də nədənsə şairin qəbrinin abadlaşdırılması yaddan çıxır. 1929-cu ildə Nizaminin qəbrini görmək üçün Gəncəyə gələn akademik İ.İ. Meşşaninov deyirdi: “Mən Nizaminin qəbrini görəndə, öz gözlərimə inanmadım, Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı.”

1930-cu ildə Şeyx Nizaminin qəbri növbəti dəfə açılır və 1932-ci ildə nəhayət qəbrin üzərinə müvəqqəti abidə qoyulur. 1939-cu ildə Kiyev ziyalıları ilə görüşündə Stalinin “Xosrov və Şirin” poemasından bir parçanı əzbərdən söyləməsi, onun Nizami yaradıcılığına və şəxsiyyətinə münasibətini təsdiqləyirdi. Həmin görüşün iştirakçısı Mikola Bajan həmin hadisəni belə xatırlayırdı:

“Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanaraq , məhz bu şeri əzbərdən söylədi.”

İosif Stalinin Nizamiyə münasibəti aydınlaşdıqdan sonra hadisələrin inkişafı daha da sürətlənir və Nizaminin məzarı üzərində layiqli bir abidə ucaldılması məsələsi yenidən diqqət mərkəzində durur. Tikiləcək məqbərənin yerini son dəfə tədqiq etmək üçün 1940-cı ildə İ.P.Şeblıginin də iştirak etdiyi daha bir arxeoloji ekspedisiya Nizaminin qəbrində və onun ətrafında qazıntı işlərinə başlayır. Tarixi mənbələrdə rast gəlinən ən xırda detallardan tutmuş C.Aleksandroviç-Nəsifinin məqbərə ətrafındakı son tədqiqatlarına qədər məqbərə haqqındakı bütün materialları, arxeoloji ekspedisiyanın gəldiyi nəticələrlə uzlaşdıran İ.P.Şeblıgin böyük elmi dəyərə malik ”Nizami türbəsinin tarixinə dair” məqalə və “Nizami dövründəki Azərbaycan abidələri” adlı monoqrafiya ilə çıxış edir. Şeblıginin tədqiqatlarından aydın olur ki, Nizaminin XIII əsrdə tikildiyi təxmin edilən məqbərəsinin ümumi sahəsi 101,12 kv.m,özülünün qalınlığı isə 1m 72 sm olub. Bütün bunları nəzərə alan Şeblıgin Nizaminin məzarı üzərində XIII əsrdə tikilmiş məqbərənin çox nəhəng bir tikili olduğu qənaətinə gəlir. 1923-cü ildə aparılan son qazıntılara qədər məqbərənin sahəsi azalaraq 56,25 kv.m olur. O, məqbərənin forma və quruluşunu müəyyənləşdirərkən 1903-1905-ci illərdə İranın Tiflisdəki konsulu Hüseyn xan Rzazadənin sulu boya ilə çəkdiyi bir rəsm əsərini əsas kimi götürür. Şeblıginin Nizaminin məzarında apardığı qazıntı işləri sonralar 1970-80-ci illərdə yeni şaiələrin və söz-söhbətlərin yayılmasına səbəb olur. Mənbəyi məlum olmayan bu şaiələrdə iddia edilirdi ki, qazıntı zamanı Nizaminin kəllə sümüyü götürülərək surətinin yaradılması üçün məşhur alim Gerasimova göndərilib. Sonra isə guya naməlum səbəblər üzündən nə Nizaminin obrazı yaradılıb, nə də kəllə sümüyü geri qaytarılıb. Heç bir arxiv sənədində və akademik Gerasimovun gördüyü, yerinə yetirməyi planlaşdırdığı işlər siyahısında bu barədə heç bir məlumata rast gəlinmir. Görünür 1941-ci ildə Əmir Teymurun və oğlanlarının kəllə sümüyü əsasında onların obrazlarının yaradılması barədə məlumatlar belə bir əsassız şaiyənin yaranmasına səbəb olub. Çünki, 1939-cu il noyabr ayının 1-də Nizaminin 800 illik yubileyinə hazırlıq məqsədi ilə Azərbaycan SSRİ Xalq Komissarları Şurasının 4972 N-li qərarı ilə Nizami muzeyi yaradılır. Böyük şairin obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilir. Rəsm müsabiqəsinin qalibləri üçün I və II dərəcəli mükafatlar nəzərdə tutulur. 1941-ci ildə şairin 800 illik yubileyi ərəfəsində müsabiqəyə yekun vuran komissiya heç bir işi I mükafata layiq görmür. İkinci mükafat Qəzənfər Xaliqovun çəkdiyi portretə verilir. Sonralar bu portret əsasında məşhur heykəltəraş, SSRİ İncəsənət Akademiyasının həqiqi üzvü Fuad Əbdülrəhmanov şairin heykəlini hazırlayır.

Bu gün Bakıda, Gəncədə və Brüsseldə ucalan möhtəşəm heykəllərin müəllifi də Fuad Əbdülrəhmanovdur.

1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilir. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənən layihə müsabiqədə birinci yeri tutur və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verilir.

Lakin, naməlum səbəblər üzündən bu iş də təxirə salınır və 1940-cı ildə Vaxutin və Sarkisovun layihələri əsasında məqbərənin tikintisinə başlamaq barədə göstəriş verilir. Böyük Vətən Müharibəsinin başlaması ilə məqbərənin tikintisi dayandırılır və nəhayət 1947-ci ildə məqbərə tikilib başa çatdırılır. Yerli ağ daşdan tikilən məqbərənin hündürlüyü 15,2 m, bünövrəsinin sahəsi 49 kv.m olur. Memarlar Nizami dövrünün və ondan sonrakı Elxanilər dövrünün qülləvari türbə ənənəsinə uyğun bir abidə yaratmağa çalışırlar. Bununla da böyük şairin məzarı ətrafında cərəyan edən xoşagəlməz əhvalatlara son qoyulduğunu güman etmək olardı…Lakin belə deyildi…

Əvvəl Nizaminin məzar daşlarının, sonra isə sinə daşının estampajının müəmmalı şəkildə yoxa çıxması, hansısa gizli bir qüvvənin Nizaminin bu məmləkətlə bağlılığının ya ən azı şübhə altına alınmasına rəvac verməsindən, ya da tamam başqa mətləblərdən xəbər verirdi.

Nizami komissiyası “Kommunist” qəzetinin 13 noyabr 1924-cü il tarixli nömrəsində dərc etdirdiyi “Unudulmuş yoldaşa cavab” sərlövhəli məqaləsində yazırdı: “Yoldaş Mirabbas getdikdən sonra, Maarif şöbəsinin müdiri yoldaş Kazımovdan Mərkəzi muzeyə bəzi daşlar və həm də böyük bir məruzə göndərilib, təəssüflər ki, bu günə kimi əncamsız qalmışdır.”

Nizami muzeyi yaradıldığı gündən orada baş mühafiz işləyən Sücaətdin Tağızadə danışırardı ki, Nizaminin məzarından bir neçə yazılı daş gətirib muzeyin foyesinə qoyublar. Daşlardan əlavə bura qəbrdən başqa əşyalar da gətirilib. Muzeydəki tirmə parçası da həmin əşyalar arasında olub. Sonra bu daşlar tarix muzeyinə verilir və ordan yoxa çıxır. Ancaq bu daşlar görünür Nizaminin məqbərəsi sökülən zaman üzə çıxan daşların hamısı olmayıb. Daşlardan bir hissəsi qəbrin yanında qalıb və sonradan – 1947-ci ildə yəni məqbərə tikildikdən sonra həmin daşları məqbərənin içinə yığıblar. Nizami muzeyinin əməkdaşı Sadıq Hüseynovun yazdığına görə 1963-cü ildə Nizaminin məqbərəsində səliqə-səhman yaradılması ilə əlaqədar, o vaxtlar Kirovabad şəhər Sovetinin sədri işləyən Ələsgər Əlizadə Nizaminin sinə daşının və orada olan başqa daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyinə aparılması barədə göstəriş verir. Bu daşların Gəncə Tarix-Ölkəşünaslıq muzeyində isə həmin daşların harada olmasından heç kimin xəbəri yoxdur.

Bunlar azmış kimi Nizami muzeyinin fondundan Nizaminin sinədaşının estampajı da yoxa çıxır.

Estampajı muzeyə təqdim edən Əjdər Ələsgərzadə onun haqqında ilk dəfə 1945-ci ildə Elmlər Akademiyasında etdiyi məruzədə söz açıb və 1947-ci ildə rus dilində nəşr etdirdiyi “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında estampajın şəklini və tərcüməsini də verib.. 

Əjdər Ələsgərzadənin tərcüməsində kitabənin mətni bu cür səslənir: “Bu nurlu qəbir Şeyxlər şeyxi Əbu-Məhəmməd, ibn-İlyas, ibn-Yusif, ibn-Zəki, Nizaməddin Müəyyədindir. Orucluğun dördüncü günü, altı yüz beşinci il tarixində.”

Kitabənin bu cür oxunması, düzgün və sərrast tərcüməsi Y.E.Bertels, C.Alesandroviç Nəsifi, Şeblıgin və başqaları tərəfindən kəşf kimi qarşılanır. Görkəmli şərqşünas Dyakonov 1948-ci ildə kitaba yazdığı rəydə bunu belə qiymətləndirir: “Ə.Ələsgərzadə tərəfindən Nizami və Xaqani qəbrinin kitabələrinin oxunub Şərq epitafiyası sahəsində qəbul edilməsi xüsusilə qiymətlidir, demək olar ki, sensasiyadır.”

Lakin kitabədəki bir səhv bəzi alimləri şübhəyə salır və onun orijinallığını sual altında qoyur. Hətta bu kitabənin Ə.Ələsgərzadə tərəfindən uydurulduğunu iddia edənlər də tapılır. Təcrübəli nizamişünas Y.Bertelsin bu qüsuru məntiqi surətdə izah etməsi bütün şübhələrə son qoyur:

“Kitabədə səhv vardır. Şairin adı olan “İlyas” sözündən əvvəl “ibn” sözü durur. Şəxsən mənə elə gəlir ki, bu səhv kitabənin əsl olduğunu təsdiq edir, belə ki, saxta olsaydı əlbəttə ad düzgün yazılardı. Usta tələsidiyindən “ibn” sözünü çox asanlıqla yaza bilər.”

Gəncədə Alüminium zavodunun tikilməsi məqbərə üçün real təhlükəyə çevrilir. Alüminium tullantılarının yağışla bərabər türbənin üzərinə düşməsi nəticəsində məqbərənin aşağı hissələri yeyilməyə başlayır. 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. O vaxtlar Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işləyir. Onlar, artıq Gəncənin simvoluna çevrilən köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək, hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırlayırlar. Layihə bəyənilsə də Heydər Əliyevin Moskvaya getməsi ilə yeni məqbərənin tikintisi təxirə salınır. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alınır. Bu proses də itkisiz ötüşmür.

nizami9

Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdılır və minə qədər qədim qəbir məhv edilir. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparılır. Məqbərənin daş və qranitdən hazırlanmasına baxmayaraq, tikinti zamanı istifadə olunan sement və yapışdırıcı materiallardan normalar daxilində istifadə olunmadığından türbənin kənarında bəzi daşlar sürüşür, günbəzin hidroizolyasiya qatı zəif olduğundan məqbərənin içərisinə su sızır. Buna görə də Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanan layihə əsasında, məqbərə əsaslı təmirə hazırlanır.

Dahi şairin məzarının və qəbirüstü abidəsinin keçdiyi acınacaqlı tarix yoluna baxmayaraq bu gün Nizami məqbərəsi öz əzəmətli görkəmi ilə Gəncəyə gələn qonaqları qarşılayır.

Qazıntılar zamanı həmçinin, Nizami məzarının yanında bir qadın qəbrinin olduğu da üzə çıxır. "Bu kimin məzarı ola bilər" məsələsi başında da müxtəlif fikirlər söylənib. Vahid Dəstgerdi belə güman edib ki, bu, Nizaminin sevimli ömür-gün yoldaşı Afaqın məzarıdır. Bunu dahi şairin qızının qəbri hesab edənlər də tapılıb. Halbuki, Nizaminin qızı olması barədə etibarlı, dürüst məlumat yoxdur. Ümumiyyətlə, bu mülahizələrin heç birinin real əsası olmayıb. "Məhsəti və Əmir Əhməd" adlı əlyazmada isə Məhsətinin məzarının Nizami məqbərəsinin yanında olması barədə qeyd var.

Biz, 1923-cü ildə aşkarlanmış məzarın Afaqın, Məhsətinin və bir başqasının olması mübahisəsinin həllinə girişmək istəmirik. Həqiqət budur ki, Məhsətinin məzarı Nizami məqbərəsi ilə yanaşı olub və bizi indi düşündürən budur. Elə o yerlərdəcə Məhsətiyə bir məqbərə ucaltmaq şairəmizin xatirəsi qarşısındakı mənəvi borcumuzdur.

 

                                                                                                                                                                                                                                                                                    Ayaz Əbülfəzoğlu

 

Mövlanə (Allahın dostu) Hüseyn Pişnamazzadə Hacı Məhəmməd oğlu

E-mail Çap PDF

Qəlblərdə kədəri, sevinci yaşadan qürurlu Gəncə! Bəşəriyyətə bir çox şəxsiyyətləri bəxş edib. Bu şəxsiyyətlərdən biri də Mövlanə Hüseyn Hacı Məhəmməd oğludur. Mövlanə Hüseyn XIX əsrin alimlərinin ən bilicisi olub, Gəncə Şah Abbas Came məscidində onun Xeyriyyə mədrəsəsi fəaliyyət göstərmişdir. 1832-ci ildə Axund Əliəsgər məkkəyə ziyarətə getdiyi zaman Mirzə Fətəlini dini elmləri öyrənmək üçün Mövlanə Hüseyn Pişnamazzadənin yanına qoyur, məhz həmin mədrəsədə dərs alan şəxsiyyətlərdən biri Mirzə Fətəli Axundzadə olur.

                                                                                                                                                                                         Vəfatı : 23 dekabr 1862-ci il

 

                                                                                                                           Xəttat Şeyx Zamanın yazdığı kitabə

                                                             

Baş daşının haşiyəsində 14 məsuməyə Allahın salat və salamından sonra xəttat haqqında kiçik bir qeyd var: "həkkak, günahkar bəndə Zaman ibn Məhəmməd Əli" daha sonra Mövlanə Hüseyn haqqında verilən məlumatda deyilir:

  "1279-cu il rəcəb ayında=23.XII.1862 – 22. I.1863.Rəhmətlik Hacı Məhəmmədin oğlu əzəmətli, mərhəmətli və ləyaqətli alimlərin ən biliklisi, nəcib, ali şəriət qanunlarının əsasını yaradan, sadiq xalqları əsaslı təmin edən, məscid və minbərlərin yaraşığı, ən böyük və ən şöhrətlilərin fəxri, peyğəmbərin iki dünyaya aid təlimini yayan, mövlanə, pişnamaz, axund, molla Hüseyn puç dünyadan köçdü. Onun torpağı pak olsun, yeri cənnətdə yüksəlsin". 

Kitabəni tərçümə edən: tarix elmləri doktoru Məşədixanım Neymət Sədulla qızı

Mənbə: Azərbaycanda Pirlər kitabı

 

Elnur Pişnamazzadə

 

Gəncədə qədim peşə-sənət alətləri

E-mail Çap PDF

 

Gəncənin tarixini öyrənərkən yazılı mənbələr, arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət qalıqları, tarixi sənədlər, zəngin etnoqrafik, eləcə də dialektoloji materialların verdiyi faktlar da çox əhəmiyyətlidir. Gəncənin ərazisində aparılan arxeoloji qazıntılar zamanı qəbir abidələrindən, kurqanlardan, bir sıra sadə və praktik əmək alətləri tapılmışdır ki, bunlar da əcdadlarımızın sənətkarlıq qabiliyyəti ilə bizləri yaxından tanış edir. Toxuculuq, zərgərlik, dəmirçilik, dabbaqçılıq, bənnalıq və başqa sənətlər Gəncədə hələ qədimdən inkişaf etmişdir. Arxeoloji qazıntılar zamanı burada su kəmərləri, əmək alətləri və gözəl işlənmiş qablar tapılmışdır. Ticarət karvanlarının, həmçinin ətrafdakı kəndlərin ərazilərində müxtəlif əşyalara, istehsal alətlərinə olan tələbatı ödəmək üçün şəhərdə bir çox sahələr üzrə kustar yollarla peşələr yayılmışdır. Gəncənin sənət və məmulatı haqqında qiymətli mənbə kimi Nizami Gəncəvinin əsərlərində metal əridən kürələrdən, emaledici sənətkarlıqdan, zərgərlikdən, daş-qaş və cəvahir emalından bəhs edilir. Burada mis, tunc, ağ dəmir, civə, qızıl, qurğuşun, gümüş, polad və dəmirdən danışılır. O zamana görə bir sıra sənətlərin inkişaf etməsi müxtəlif sənət adamlarının meydana çıxmasına səbəb olmuşdur. Şəhər əhalisinin sənətkarlıqla məşğul olmasını şəhərin məhəllə bölgüsündə də aydın göstərilir. Maraqlıdır ki, bu və ya digər sənətkarlıq müəyyən nəsillərin daimi peşəsi olduğundan nəsillər həmin peşə-sənətin adı ilə adlanmışdır. Məsələn: bəzzadlar, papaqçılar nəsli, balıqçılar nəsli, zərgərlər nəsli, dabbaqlar, misgərlər və s. sübut edir ki, vaxtilə Gəncədə mahir zərgərlər, dabbaqlar, misgərlər və s. yaşamışlar.                                                                      

Gəncədə peşə-sənət alətlərini öyrənərkən başqa mənbələrlə yanaşı, Gəncə dialektinin verdiyi faktların da əhəmiyyəti böyükdür. Gəncə dialektinin lüğət tərkibinə daxil olan sözlərin bir hissəsi Gəncənin siyasi-ictimai hadisələrin həyatını, maddi-mədəniyyət nümunələrini əks etdirir. Bu baxımdan dialekt və şivələrin tədqiqinin yalnız dialektlik elmi üçün deyil, eyni zamanda tarix, etnoqrafiya və başqa elmlər üçün də faydası vardır. Bu isə bir faktdır ki, sənayemizin indiki mərhələsi üçün bir tarixi inkişaf yolu keçmişdir. Hələ qədimdən istehsal olunan peşə-sənət aələtləri və onlara aid terminlərin hamısı hazırki dövrümüzə gəlib çatmamışdır. Buna baxmayaraq peşə-sənət yaşadıqca, onlara aid terminlər də sənətkarların dilində nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış və öz leksik tərkibini daim zənginləşdirmişdir.                           

Hər bir sənət-peşə sahiblərinin özünəməxsus nisbətən məhdud, həm də sabit leksikası olur. Gəncə dialektinin lüğət tərkibində işlənən həmin leksikadan aşağıdakı sözləri göstərmək olar: 

1. Xalçaçılığa aid adlar - əriş, rağac, cin, gədirgə, dükcə, müjə, kilim və s. 

2. Bənnalığa aid adlar - dəgnə, dem, künüyə, nərmədə, tamasa, tığa, nimə, cərəkə, cəfləngə və s.      

3. Dülgərliyə aid adlar – dəstəndaz, küşdərə, surahi, kal və s.     

4. Misgərlik və qalacılığa aid adlar – andıza, boqalcin, hədrək, haviyə, aderak, cılqo, zindan və s.        

5. Məstciliyə aid adlar – vərəsa, qulavva, gözən, xul, cərmək, şüvərə, kosala və s.        

Gəncə dialektində geniş yayılmış peşə-sənət adları ilə ilk tanışlıq göstərir ki, Azərbaycan dilinin izahlı lüğətin dialektoloji və termonoloji lüğətlərinin zənginləşməsində sənət terminlərinin xüsusi rolu vardır. Həmin terminlər toplanıb müqayisəli şəkildə tədqiq edilməsi böyük elmi əhəmiyyətə malikdir.       

Məqalə 1987-ci ildə Elm Nəşriyyatı tərəfindən nəşr edilən Gəncənin maddi, mədəni və ictimai həyatına həsr edilmiş 11-ci elmi konfransının materialları əsasında hazırlanmışdır.

 

Nuranə Qurbanova

 

Gəncənin qədim mədəniyyəti

E-mail Çap PDF

 

Gəncə çayı vadisində mövcud olan əlverişli təbii-coğrafi şərait və zəngin maddi sərvətlər bu ərazidə hələ daş dövründə ibtidai insanların məskunlaşması üçün zəmin yaratmışdır. Qədim Gilikdağ emalatxanasından və düşərgəsindən əldə edilmiş dərə gözü və çaxmaqdaşı alətləri Cənubi Qafqazın şərq regionlarının neolit dövrü (e.ə.VI-VII minilliklər) tayfalarının mədəniyyətinə dair dəyərli mənbələrdir. Gəncəbasarda eniolit dövründə (e.ə.V minillik) oturaq əkinçi maldar tayfalar öz həyat tərzini davam etdirmişdir. Onlar etnik cəhətdən formalaşaraq yeni iqtisadi inkişaf üçün zəmin yaratmışdır. E.ə. III-IV minilliklərdə əhalinin sayının artması nəticəsində Gəncə və ətraf ərazilərdə, Kiçik Qafqazın dağətəyi düzənliklərində məskunlaşmanın miqyası nəsillərin iqtisadiyyatında əkinçiliklə yanaşı yarım köçəri yaylaq maldarlığı mühüm rol oynamışdır. Tuncun kəsbi metallurgiya və metalişləmə ətkarlığının yaranması ilə nəticələndi. Quruculuq sənəti sahəsində təkamül nəticəsində mühüm keyfiyyət dəyişikliyi olmuşdur. Eniolit mədəniyyəti əsasında yaranan ilk tunc (e.ə.III-IV minilliklər) Kür-Araz mədəniyyətinin əsas ocaqlarından biri məhz Gəncə olmuşdur. Tayfaların mənəvi mədəniyyətini əks etdirən qəbir abidələrində dairəvi quyularda adi dəfnetmə və kremasiya adətləri müşahidə olunmuşdur. Gəncə çayı və Qarabağ bölgələrini Kür-Araz mədəniyyəti bir-birini tamamlayır və eyni mənşəli tayfalara məxsusluğu aydın olur. E.ə. III minillikdə həmin bölgələrdə qədim türkdilli etnoslar geniş ərazilərdə məskunlaşmışlar. Bu fikri hər iki bölgənin Kür-Araz mədəniyyəti tayfalarının dəfn adətlərinin eynililiyi sübut edir. Gəncə çayı ərazisində yaşayan Kür-Araz mədəniyyəti tayfalarının mənəvi mədəniyyəti burada tədqiq edilən qəbir abidələrində izlənilmişdir. Qədim Gəncə tayfalarının dairəvi planı quyu tipli qəbir abidələrində adi dəfn adətləri ilə yanaşı kremasiya-ölülərin yandırılması, basdırılmasıda müşahidə olunmuşdur. Qəbirlərin ətrafı və üstü daşlarla hörülmüşdür. Belə dəfn adəti Cənubi Qafqazın bir çox bölgələrində eləcə də Qarabağda Xankəndi dəfn abidəsi üçün səciyyəvidir. Bəzi kurqanlarda həm ölü basdırma, həm də ölü yandırma adətləri müşahidə olunmuşdur. Dəfn adətlərindəki bu eynilik həmçinin regionlarda yaşamış tayfaların etnik kök etibarı ilə bir mənşədən olmasından xəbər verir. Gəncə metallurqları Daşkəsən və Gədəbəy filiz yataqlarından əldə edilən xammal əsasında metalişləmə sənətkarlığını yüksək səviyyədə inkişaf etdirmişdir. Gəncə ətrafında Zurnabad kurqanında təsadüf olunan monoxrom boyalı keramika çox dəyərli maddi mənbə kimi diqqəti cəlb edir. Məlumdur ki, III-II minilliklərdə Urmiya hövzəsində, Naxçıvan diyarında və Qarabağda yaranmış ilkin dövlət qurumları, iri tayfa ittifaqları vahid bir mərkəz ətrafında birləşmişlər. Qədim Azərbaycanda ilk şəhər mərkəzləri məhz bu dövrdə dayanmışdır. Həmin mədəniyyət mərkəzlərinin iqtisadiyyatında sənətkarlığın əsas sahələrindən biri olan dulusçuluq çox mühüm rol oynamışdır. Bayalı keramika istehsalı Qədim Şərq şəhər sənətkarlığı mədəniyyətinin əsas göstəricilərindən biridir. Gəncə abidələrindən bayalı qabların mövcudluğu Azərbaycanın bu qədim mədəniyyət ocağında e.ə. II minillikdə ilkin şəhər mərkəzlərinin meydana gəlməsindən xəbər verir. Gəncə regionu Cənubi Qafqazda çox mühüm strateji mövqeyə malik olduğundan e.ə. IV-I minilliklərdə Yaxın Şərqin və Ön Asiyanın ticarət mərkəzlərini əlaqələndirən əsas karvan yolu buradan keçmişdir. Qədim Gəncə şəhəri bu ticarət yolu üzərində inkişaf tapmış və minillər ərzində Azərbaycanın beynəlxalq miqyasda tanınmış mədəniyyət mərkəzlərindən biri olmuşdur.

Nuranə Qurbanova

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort