• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Gəncə Müsəlman Milli Komitəsi

E-mail Çap PDF

Fevral inqilabından (1917-ci il) sonra Azərbaycanın Bakı və digər şəhərləri ilə yanaşı Gəncədə də Müsəlman Milli Komitəsi yaradılmışdı. Ölkədə hakimiyyətsizlik və anarxiyanın hökm sürdüyü 1917-1918-ci illərdə (Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncəyə köçənə qədər) başqa yerlərdə olduğu kimi, Gəncədə də azərbaycan türklərinin vəziyyəti və onların müdafiəsi ilə əlaqədar bütün məsələlər bilavasitə bu komitə tərəfindən həll edilirdi. Gəncə Müsəlman Milli Komitəsinə “Difai” partiyasının fəal üzvü olan Nəsib bəy Yusifbəyli başçılıq edirdi. “Difai”çilərdən Ələkbər bəy Rəfibəyli, Xəlil bəy və Ələkbər bəy Xasməmmədov, Hacı Əli Hüseynzadə, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski, Məmmədbağır Şeyxzamanlı, Məhəmməd ağa Pişnamazzadə (Komitənin dini məsələlər üzrə müavini), Əhməd Cavad və başqaları Milli Komitənin üzvləri idilər. Komitənin Gənclər Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı, müavini isə Əliqara bəy Məhəmmədov idi. Komitənin silahlı mühafizə dəstələri də yaradılmışdı. Qaçaq Qəmbər, Sarı Ələkbər kimi nüfuzlu qaçaqlar Komitəni müdafiə edirdilər.

1918-ci ilin birinci yarısında erməni-daşnaklarının xalqımıza qarşı soyqırımlarının qarşısını almaq üçün Gəncədəki Müsəlman Milli Komitəsi xüsusi fəallıq göstərmişdi. Məhz, Gəncə Müsəlman Milli Komitəsinin səyləri nəticəsində şəhərdə və qəzada ermənilərin törətdikləri qırğınların qarşısı alınmışdı. Onlar hətta, Şamaxı əhalisinin də köməyinə getmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyun ayının 16-da Gəncəyə köçdükdən sonra, iyunun 27-də Gəncə Müsəlman Milli Komitəsinin sərəncamındakı bütün ərzaq ehtiyatının Ərzaq nazirliyinə təhvil verilməsi barədə qərar qəbul etdi.

Hökumətin 1918-ci il 7 iyul tarixli digər qərarı ilə Daxili İşlər, Maliyyə və Ərzaq nazirliklərinə Gəncə Müsəlman Milli Komitəsini ləğv etmək, onun əmlakını aşkarlamaq və qəbul etmək üçün xüsusi ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Hökumətin həmin gün qəbul etdiyi digər qərarında isə Daxili İşlər nazirliyinə tapşırılırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət hakimiyyət orqanları yaradıldıqca, həmin ərazilərdəki Milli Komitələri ləğv etsin.

 

Şamxor (Şəmkir) döyüşü

E-mail Çap PDF

Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilməsi.

Şamxor (Şəmkir) şəhidlərinin dəfn mərasimi. Gəncə 1918-ci ilin yanvar ayı.

Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahı təhvil vermək istəmir, tərxis olunmalanrına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, Şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan çoxsaylı erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnak millətçiləri rus hərbi eşelonlarından pul ilə də  xeyli silah alırdılar. Bununla yanaşı, cəbhədən qayıdan Rusiya əsgərləri erməni zabitlərinin təhriki ilə yol boyu kəndləri talayır, əhalinin var-yoxunu silah gücünə qarət edirdilər. Buna görə də Qafqazdan keçən hərbi eşelonların silahlarını təhvil verməsindən ötrü qəti tədbirlərin həyata keçirilməsi qərara alındı.

Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millətlərarası Şura tərəfindən də bəyənilmiş və onun həyata keçirilməsi üçün 100 nəfərlik dəstə, həmçinin zirehli qatar göndərilmişdir.

Tərk-silah və silahların toplanması əməliyyatında yaxından iştirak edən Yelizavetpol (Gəncə) Müsəlman Milli Komitəsinin fəalları bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahları könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu. Lakin dinc danışıqlar nəticə vermədiyi üçün silahlı qarşıdurma yarandı və hər iki tərəfdən itkilər oldu.

Tədbirə Ələkbər bəy Rəfibəyli, Axund Məhəmməd Pişnamazzadə, Nağı bəy Şeyxzamanlı, Əliqara bəy Məhəmmədli, Məşədi Səməd, Məşədi Usub və başqaları, Gəncə Müsəlman Milli Komitəsi və Komitənin Gənclər Təşkilatının fəallarından əlavə, Gəncədə yerləşən Tatar süvari alayının şəxsi heyəti də cəlb olunmuşdu. Hərbi eşelonlardan alınan topların birinə Aslan bəy Səfikürdski özü Yelizavetpola (Gəncə) qədər müşayət etmişdi. Hərbi eşelonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Şamxor (Şəmkir) hadisəsi zamanı hərbi eşelonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15000 tüfəng alınmışdı.

 

Nizami Gəncəvinin dünya şöhrəti

E-mail Çap PDF

Nizami Gəncəvinin dünya şöhrəti

Bütün insanlar dünyaya gəlib və gedirlər. Lakin dünyada hər adam şöhrət tapıb yaxşı yaşaya bilmir. Çox nadir şəxsiyyətlər var ki, dünya onlarla fəxr edir və belələri özlərindən sonra bir əbədilik mücəssəməsi qoyub getmiş olurlar.
Azərbaycan xalqının da taleyində belə şəxsiyyətlər az olmamışdır. Bunlardan ən öncülü Gəncəli şair, həkim, şeyx, filosof və mütəfəkkir Nizamidir. Həmin Nizami ki, xalqımızı ilk dəfə Birləşmiş Millətlər Təşkilatında, YUNESKO-da tanıdan misilsiz şəxsiyyətdir. Şairin 800 illiyi bütün dünyada qeyd edildi. Onu demək kifayətdir ki, dahi şairin "Xəmsə"sindəki beş əsəri ingilis, ispan, italyan, alman, fransız, çex, macar, bolqar, fin, isveç, polyak, latış,  litov, eston, ərəb, türk, hind, çin, yapon və s. dillərə tərcümə edilmiş, indi də sevilə-sevilə oxunmaqdadır. Bəs nə idi Nizami Gəncəvini bu qədər şöhrətləndirən?
Əvvəla ona görə ki, Nizami Gəncəvinin şairlik qabiliyyəti təbiətdən gəlmə idi. İkincisi o, təkcə şair deyildi, dövrümüzdəki bütün elmlərə vaqif bir insan kimi mövcud elmləri poeziyaya gətirmişdir. Üçüncüsü isə Nizami Gəncəvinin toxunduğu bütün mövzular öz həyatiliyi ilə səciyyəvidir. Dördüncüsü isə Nizami bəşəriyyətin illərcə arzuladığı insanlıq, azadlıq, dostluq, bərabərlik, sülh, doğruluq, zəhmətə hörmət, zülmə nifrət kimi ideyaların carçısıdır. Beşincisi odur ki, Nizami Gəncəvi "Xəmsə"sinin misralarında hikmət, nəsihət, öyüd mövcuddur. Buna görə də Nizami Gəncəvinin dünya ədəbiyyatında mövqeyi əvəzsizdir.
Dünya ədəbiyyatında Dante, Homer, Şiller, Servantes, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Hote, Puşkin kimi böyük şairlər yetişmişdir. Lakin bunların heç birini Nizami Gəncəvi ilə müqayisə etmək mümkün deyildir. Heç təsadüfi deyil ki, Şərq və Qərb ədəbiyyatında Nizami Gəncəvidən sonra 400-ə yaxın «Leyli və Məcnun» səpkili əsər yazılmışdır. Təbiidir ki, bunların hamısında Nizami Gəncəvi təsiri görünməkdədir.
Maraqlı burasındadır ki, Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə dünyanın ən yaxşı alimləri məşğul olmuş və onun dahiliyini bəşəriyyətə çatdırmağa çalışmışlar. Belə tanınmış alimlərdən Krımski, Bertels, Baxer, Y.Dəstgerdi, S.Nəfisi, H.Araslı, R.Əliyev, A.Rüstəmova və s. göstərmək olar.
Akademik Bertels, Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun əsərlərinin mahiyyəti barədə müfəssəl və daha doğru məlumat verən alimdir. Heç təsadüfi deyil ki, böyük rus şərqşünası Bertels, Nizami Gəncəvini ən yaxşı tədqiq edən alim kimi tarixə düşmüşdür.
Böyük iran alimi V.Dəstgerdi ömrünün 30 ilini Nizami Gəncəvi yaradıcılığına həsr etmiş və dünya Nizamişünaslığında xüsusi yer almışdır.
Azərbaycan alimlərindən Həmid Araslı, Rüstəm Əliyev və Azadə xanımın tədqiqatları diqqət çəkir. Ancaq, Nizami Gəncəvi elə bir dahidir ki, onu bütün dövrlərdə araşdırmaq lazımdır. Şairin farsca yazılmış "Xəmsə"si ən yaxşı Azərbaycan dilinə tərcümədir. Lakin, bu tərcümələri də tam dəqiq saymaq olmaz. Çünki, Nizami Gəncəvini hər oxuduqca yeni-yeni mətləblər meydana çıxır. Bir sözlə Nizami Gəncəvi Azərbaycan xalqının keçmiş iftixarı, gələcək ümid yeridir.
Maraqlıdır ki, Nizami Gəncəvinin özü də yaxşı bilirdi ki, o şeir sahəsində əvəzedilməzdir və elə də qalacaqdır. Gəlin dahi şairin öz dediyi misralara nəzər salaq:
Mənim xəzinəm var «Məxzənül-əsar»,
Mənasız deyilmiş sözlərin nə mənası var?
Şeirlə ucalmaq umma dünyada,
Nizamiylə gəldi, onunla getdi o da.
Nizami Gəncəvi "Xəmsə"sində cəmi beş poema vardır. Bəs niyə bu qədər cazibədardır? İlk əsəri «Sirlər xəzinəsi» ayrı-ayrı hekayələrdən ibarət olsa da, onların arasında ardıcıllıq və məntiq vardır. Nəticədə gözəl bir dastan meydana gəlmişdir. Şairin özünün dediyinə görə o, dünyanın sirlərini açmağa çalışmışdır. Nizami Gəncəvi bu əsəriylə keçmişə hörmət, gələcəyə nikbin nəzərlərlə baxmışdır. Nizami Gəncəvi dövrünün yüksək tutulan şəxsiyyətləri də öz növbələrində ona qiymət vermiş, böyük ehtiramla onun hörmətini saxlamışlar. Hətta, Nizami Gəncəvi saraya təşrif buyuranda şah bütün eyş-işrət məclisini ləğv edib, şeyxə öz ehtiramını bildirməyi borc saymışdır. «Sirlər xəzinəsi» dastanına görə Nizami Gəncəvi özünə «həkim» və «şeyx» titullarını qazanmışdır.
İkinci əsəri «Xosrov və Şirin» dünyada yazılan eşq, sevgi, mehr və məhəbbət əsərlərinin fövqündə dayanan bir dastandır. Şair özü deyir ki, bu poemanı yazarkən mən öz Afaqımı nəzərdə tutmuşdum. Demək, şair yazdığı əsərlə reallığı eyni şəkildə nəzərdə tutmuşdur. Bax, elə bu parametrlərə görə Nizami Gəncəvi millətindən, irqindən, ölkəsindən asılı olmayaraq dünyanın hər yerində şöhrətə layiq olmuşdur. Heç təsadüfi deyil ki, Nizami Gəncəvidən dörd əsr sonra yazıb-yaradan böyük dramaturq V.Şekspir də ondan faydalanmış və «Romeo Cüliyetta» əsərini yazmışdır.
Üçüncü poeması «Leyli və Məcnun» Şərq və Qərb ölkələrində dillər əzbəri olmuş və heç təsadüfi deyil ki, dünya şair və yazıçıları üçün əsas bir mənbə olaraq, 400-dən artıq irili-xırdalı bu səpkidə əsərlər yazılmışdır. Nizami Gəncəvi şöhrəti günbəgün artaraq, onu dünya xalqlarının ən sevimli şairi kimi qəbul etməyə sövq etmişdir.
Dördüncü əsəri «Yeddi gözəl» şairin özünün dediyi kimi dahi bir yerdə, eyni mühitdə qala bilməyib, artıq dünya arenasına çıxmağın vaxtının çatdığını bildirmişdir. Nəticədə, Nizami Gəncəvi bu əsərlə «filosof» rütbəsinə çatır. Şairin yeddi ölkədən onların məmləkəti, adət-ənənələrindən verilən məlumatlar dünya xalqlarının marağına səbəb olur, Nizami Gəncəvinin şöhrəti artır, onun ecazkar poeziyasının təsiri onu daha çox sevməyə gətirib çıxarır. Digər tərəfdən də elmi nöqteyi-nəzərdən «Yeddi gözəl» tam yetkin bir əsərdir.
Nəhayət, beşinci sonuncu əsəri «İskəndərnamə» Nizami Gəncəvini dahi, mütəfəkkir səviyyəsinə çıxarır. İskəndər böyük sərkərdə olduğu dünyanın hər yerində dillər əzbəri idi. Məhz, bu fakt Nizamiyə İskəndəri seçmək fürsəti verir. Dünya xalqları da İskəndəri tanıdıqları üçün bu əsəri sevə-sevə oxumağa başlayırlar. «İskəndərnamə» vasitəsiylə Nizaminin dünya şöhrəti daha da artır.
Heç təsadüfi deyil ki, Nizami Gəncəvi XII əsr Azərbaycan intibahının yetişdirməsidir. Lakin, mütəfəkkir şair bununla kifayətlənməyib, özü də intibaha daha da stimul vermiş sənətkardır.
Azərbaycanda intibah və Nizami Gəncəvi XII əsr Şərq intibahına bağlansa da, qərbdə bundan IV əsr sonraya təsadüf edir. Nizami Gəncəvi azadlıq, demokratiya, bərabərlik, qadın azadlığı, əmək, zəhmət, sülh məsələlərini öz əsərlərində tərənnüm edəndə, indiki Qərb hələ özünə gələ bilməmişdi.
Biz, Nizami Gəncəvini nə qədər açmağa çalışsaq da, hələ qarşıda çox mühüm işlər, araşdırmalar qalmaqdadır. Nizami Gəncəvinin əsərləri kimi özü də bir xəzinədir. O, Azərbaycan xalqı üçün nə lazımsa etmişdir. Onun bizə heç bir borcu yoxdur. Əksinə, bizim ona borcumuz çoxdur. Heç olmasa onu araşdırmalı, tədqiq etməliyik. Nizami Gəncəvi sözün əsl və hüquqi mənasında bitməz və tükənməz bir xəzinədir.
Nizami Gəncəvi irsi şairin yaşayıb-yaratdığı dövrdən başlayaraq şeir-sənət həvəskarlarının dilində əzbər olmuş, ölkələr gəzib dolaşmışdır. Bu gün dünyanın müxtəlif elm ocaqlarında - Moskva, Berlin, London, Nyu-York, Sankt-Peterburq, Oksford, Budapeşt, İstanbul, Paris, Roma, Daşkənd və s. şəhərlərin kitab fondunda Nizami Gəncəvi əsərlərinin neçə-neçə kitabları və əlyazmaları saxlanmaqdadır. Yaxın və Orta şərqin poeziyası Nizamidən bəhrələnmiş və bu ənənəni davam etdirmişlər. XII əsrdə böyük hind şairi Əmir Xosrov Dəhləvi, XV əsrdə tanınmış özbək şairi Əlişir Nəvai, onlardan sonra neçə-neçə şərq şairləri məhz Nizami Gəncəvidən bəhrələnmişlər.
XVIII əsrdən başlayaraq Nizamini Avropa şərqşünasları daha dərindən öyrənməyə çalışmışlar. Ayrı-ayrı vaxtlarda Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar Nizamini alman və ingilis dillərinə tərcümə etmişlər. Qərb mütəxəssislərindən Y.Ripkanın şairin irsi ətrafındakı işləri də daha əhəmiyyətlidir.
Şərq ölkələri içərisində son 100 ildə Nizam Gəncəvi irsinin tam müfəssəl öyrənilməsi sahəsində İran alimlərinin xüsusi rolu vardır. Belə alimlərdən V.Dəstgerdi, S.Rzazadə, Ə.Şəhabi, Ə.Zərrinkub, M.Sərvət, S.Həmidiyanı və s. göstərmək olar. Son 50 ildə İranda 500-dən artıq alim Nizami Gəncəvi irsinə toxunmuş, müxtəlif kitab və elmi məqalələr nəşr edilmişdir. Hazırda, İranda Nizami Gəncəvinin 900 illik yubileyinə qızğın işlər gedir. Nizami Gəncəvinin «Xəmsə»si çox nəfis şəkildə fars və ingilis dillərində çap edilərək dünyanın müxtəlif ölkələrinə göndərilir. Yeri gəlmişkən onu qeyd etmək yerinə düşər ki, İranda elə bir ədəbiyyat qurultay, tədbir, şeir məclisi, şairlərin ad günlərinin keçirilməsi məclislərində Nizaminin adı çəkilməmiş qalsın.
Bu sahədə Azərbaycan alimləri də bekar oturmamalıdır. Heç deyilsə dövlət səviyyəsində Nizami Gəncəvi "Xəmsə"si yenidən nəfis şəkildə tərcümə olunub çap etdirilməlidir. Doğrudur, ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev şairin 870 illik yubileyi ilə bağlı fərman vermişdir.
Nizami Gəncəvinin vətəni qədim Gəncə şəhərində şairin məqbərəsi yenidən qurulmuş, şəhərin giriş darvazaları bərpa edilmiş, «Xəmsə» kompleksi yenidən inşa edilmişdir. Nizami poeziya teatrı təmirdən çıxmış və artıq tamaşaçıları qəbul etməyə hazırdır. Ən əsası isə şairin vətəni Gəncədə, Nizami İnstitutu açılmışdır. Nizaminin adını daşıyan küçə öz simasını tamam dəyişmişdir. Bir sözlə qədim Gəncə, şairin ana yurdu başdan-başa yeni və müasir bir mərhələyə qədəm qoysa da, öz qədimlik adət-ənənələrini də qoruyub saxlamışdır.
Əlbəttə, bütün bu işlərin görülməsində Gəncə sakinlərinin rolu və əməyi vardır. Lakin, unutmaq olmaz ki, bu işlərin ərsəyə gəlməsində Gəncə şəhər icra başçısı Elmar Vəliyevin əmək, zəhmət, təşəbbüs, rolu, səyi və zövqünü xüsusi qeyd etmək yerinə düşərdi. Fürsətdən istifadə edərək biz də Elmar müəllimə bu gözəl və nəcib işində uğurlar arzulayaq, gördüyü bütün işlər üçün bütün Gəncəlilər adından öz dərin təşəkkürümüzü bildirək!
Qarşıda şairin 870 illik yubileyinin keçirilməsi durur. Bizə elə gəlir ki, bu yubiley şairin öz doğma vətəni Gəncədə xüsusi təmtəraqla keçirilməlidir.
Biz, Nizami Gəncəvinin dünya şöhrətini daha da artırmaq üçün onu daha yüksək səviyyədə keçirməliyik. Aydındır ki, elm, texnika və internetin tüğyan etdiyi müasir dövrümüzün imkanları daha çoxdur. Təbiidir ki, şəhərimizə yaxın və uzaq xarici dövlətlərdən alimlər, dövlət başçıları və müxtəlif nümayəndələr gələcəklər, biz elə etməliyik ki, Nizami Gəncəvi sözün əsl və hüquqi mənasında yenidən canlansın, hamının ürəyincə olsun.
Tərəfimdən Nizami Gəncəvinin azərbaycan, rus, fars və ingiliscə dörd dildə avtobioqrafik məlumat kitabı hazırlanmışdır. Bu kitab nəşr edilərsə, gələn qonaqlara verməklə ən yaxşı hədiyyə olar. Digər tərəfdən onun elektron versiyasını M.F.Axundov adına Respublika Kitabxanasına təqdim etsək, bütün dünyaya internet vasitəsilə yaymaq imkanı yaranacaq. Kitabxananın müdiri cənab Tahirovla bu barədə söhbət aparılmışdır. Nizami Gəncəvinin dünya şöhrətini başqalarına nisbətdə biz özümüz etməliyik. Ən azı bu, bizim vətəndaşlıq borcumuzdur. Sonda isə Nizami Gəncəviyə verilmiş yüksək qiymətlərdən bəzilərini nəzərə çatdırmağı məsləhət bildik. Bu, bir daha şairin böyük düha sahibi olduğuna dəlalət edir. Nəzərə alsaq ki, onun şöhrətini dünyanın görkəmli alimləri demişlər, onda əlavə şərhə ehtiyac qalmır, «Nizami Gəncəvi doğma Azərbaycan şairidir. Azərbaycan qanuni olaraq onunla fəxr edə bilər; …ancaq o, həm də dünya ədəbiyyatının iftixarı və bəzəyidir». A.Krımski.
«Nizami bəşəriyyətə nə lazımsa miras qoyub getmişdir. Biz, ondan daha nə istəyə bilərik?» Akademik Bertels.
«Əgər yer kürəsi tərəzi, göylər tərəzi daşı olsa belə, Nizami zəkasını çəkmək mümkün deyildir.» Ə.Nəvai.
«Şeir aləmində çox peyğəmbərlər olmuş, lakin allah təkdirsə, Nizami də təkdir.» Filosof-şair Hote.                                                                       «Dünyadakı şairlərin heç biri ilə Nizamini müqayisə etmək olmaz.» V.Dəstgerdi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1.    Ə.Abbasov. Nizami Gəncəvinin «İskəndərnamə» poeması. Bakı, 1966.
  2.    Ə.Ağayev. Nizami və Dünya ədəbiyyatı. Bakı, 1964.
  3.    H.Araslı. Şairin həyatı. Bakı, 1967.
  4.    Y.Bertels. Böyük Azərbaycan şairi Nizami. Bakı, 1940.
  5.    Y.Bertels. Nizami. Bakı, 1956.
  6.    Y.Bertels. Pyat poem. Moskva, 1968.
  7.    Z.Bünyatov. Atabəylər dövləti. Bakı, 1978.
  8.    V.Dəstgerdi. Həkim Nizami Gəncəvi. Tehran, 1338.
  9.    R.Əliyev. Nizamidə aforizmlər. Bakı, 1982.
10.    M.İbrahimov. Renoşans və Azərbaycan renoşansı. Bakı, 1979.
11.    M.Cəfər. Nizaminin fikir dünyası. Bakı, 1979.
12.    A.Krımski. Nizami və onun öyrənilməsi. Bakı, 1947.
13.    A.Rüstəmova. Nizami Gəncəvi. Bakı, 1980.
14.    S.Nəfisi. Nizaminin tərcümeyi-halı. Tehran, 1337.

Cahan Ağamirov

GDU-nun fars dili müəllimi, Nizamişünas

 

"Qeyrət" Təşkilatı

E-mail Çap PDF

"QEYRƏT" - Azərbaycanda ilk milli sosial-federalist təşkilatı.

1905-ci ildə Gəncədə yaradılmışdır. Təşkilata Ələkbər bəy Rəfibəyli, Gəncə (Yelizavetpol) Dairə Məhkəməsinin üzvü Ələkbər bəy Xasməmmədov, Gəncə (Yelizavetpol) şəhər polis idarəsinin pristav köməkçisi A.Quliyev, Axund Məhəmməd Pişnamazzadə və Yusif bəy Yusifbəyli başçılıq edirdilər. Q.Fəttahov, M.H. İsmayılzadə, H.M.Həmzəyev, M.Xəlilov, Hacı Əli Hüseynzadə də təşkilatın üzvləri idilər.

Təşkilat əvvəlcə özünü "Turk sosial-federativ inqilabi komitəsi" adlandırır, bu adla vərəqələr buraxırdı. Azərbaycan xalqına qarşı törədilən soyqırımlar ilə bağlı bu vərəqələrdə türk-müsəlman əhaliyə müraciət edilir və onlar bütün vərəqləri milli qırğınların əsas təşkilatcısı olan çar hökumətinə qarşı yönəltməyə çağırılırdı. Komitənin Qafqaz xalqlarına müraciətində onları birliyə, Rusiya hakimiyyətinə qarşı mübarizəyə dəvət edilir və göstərilirdi ki, Qafqaz xalqları çar hökumətindən özləri üçün bərabər hüquqlar alaraq, birləşib muxtariyyət yaratmalıdırlar.

Azərbaycanda federalizm ideyaları ilə ilk dəfə çıxış edən bu komitə 1905-ci ilin ortalarında "Qeyrət" təşkilatının əsasını qoydu. “Qeyrət” firqəsi gürcü sosial-federalist partiyası ilə də əlaqələr yaratmışdır. Təşkilat Bakıda və Şuşada da fəaliyyət göstərirdi. “Qeyrət” üzvləri əhali arasında federalizm ideyalarının təbliği ilə yanaşı, sosial-demokratlarla birlikdə mitinqlərdə iştirak edərək, millətlərarası toqquşmaları dayandırmağa çarpışırdı.

Balkan müharibələrinin (1911-1912) başlanması və Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan, eləcədə gürcü sosial-federalistlərin fəaliyyəti genişləndi. Rusiya tərkibində muxtariyyət ideyalarının təbliğatçıları çar hakimiyyəti üçün təhlükə törətdiyindən onlara qarşı repressiyalar başlandı. “Qeyrət”in bəzi üzvləri (H.M.Həmzəyev, M.Xəlilov və başqaları) həbs olundular, təşkilatın fəaliyyəti dayandırıldı. Azərbaycan sosial-federalistləri Fevral inqilabından (1917) sonra "Türk Ədəmi-Mərkəziyyət partiyası" adı ilə yenidən fəaliyyətə başladılar.

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibindəki Gəncəlilər

E-mail Çap PDF

 

(1918-1920)

  1. Həsən bəy Ağayev (Müsavat fraksiyası)
  2. Nəsib bəy Yusifbəyli (Müsavat fraksiyası)
  3. Xəlil bəy Xasməmmədov (Müsavat fraksiyası)
  4. Musa bəy Rəfizadə (Müsavat fraksiyası)
  5. Abuzər bəy Rzayev (Müsavat fraksiyası)
  6. Məmməd-Bağır bəy Şeyxzamanov (Müsavat fraksiyası)
  7. Hacı Molla Əhməd Nuruzadə (Əhrar fraksiyası)
  8. Hacı Əli Kərbəlayi Qasım oğlu (Əhrar fraksiyası)
  9. Məşədi Səməd Kərbəlayi Məhəmmədhəsən oğlu (Əhrar fraksiyası)
  10. Aslan bəy  Səfikürdski (Sosialistlər fraksiyası)
 

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti (GMXC)

E-mail Çap PDF

Cəmiyyət Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə təsis olunmuşdur. Həmçinin, Cəmiyyətə ilk sədrliyi də Ələkbər bəy Rəfibəyli etmişdir.

1905-ci il iyun ayının 30-da Yelizavetpol Quberniya İdarəsində qubernator müavini Baranovskinin, prokuror Antonovun, inspektor Qolubkovun, Quberniya İdarəsi üzvləri A.Adıgözəlov, A.Xasməmmədovun iştirakı ilə Gəncə şəhər sakinləri vəkil Ələsgər bəy Xasməmmədov, doktor Xudadat bəy Rəfibəyli və Böyük bəy Ağasıbəyli Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin (GMXC) iki nüsxədən ibarət olan Nizamnaməsini qubernator A.Kalaçeva təqdim etdilər. Elə həmin gün Gəncə qubernatorunun sərəncamı ilə cəmiyyətin 42 maddədən ibarət nizamnaməsi təsdiq olunaraq qeydiyyata alındı. Cəmiyyətin Məramnaməsində isə cəmiyyətin (GMXC) kasıb və imkansız müsəlman ailələrinə paltar, ərzaq, ev, tibbi xidmət yardımı verilməsi, lazım gəldikdə pul müavinəti ilə təminat, kasıb balalarının imperiyanın və xaricin orta, ali məktəblərində (Tiflis, Kiyev, Odessa və s.) təhsillərini davam etdirilməsi üçün təhsil haqqının ödənilməsi nəzərdə tutulmuşdu. Kasıblara köməklik məqsədilə buğda, un, qənd və s. anbarlar yaradılmışdı. Gəncə məhəllələrində yaşayan kasıb evlərinin və insanların siyahısı tutularaq, onlara Novruz, Ramazan və Qurban bayramlarında yardım göstərilirdi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və xeyriyyə konsertləri təşkil edirdi. Cəmiyyət Gəncədə əhalinin kasıb təbəqələri üçün xüsusi ərzaq mağazası da açmışdı.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən, 1918-ci ildə Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmiş, onlara yurd yerləri ilə təmin etmişdir. Cəmiyyətin əsas maliyyə vəsaitini könüllü ianələr, üzvlük haqları təşkil edirdi. GMXC Bakının, Tiflisin, Şuşanın və İrəvanın Müsəlman Xeyriyyə Cəmiyyətləri ilə sıx əlaqə saxlayırdı. 1914-cü ildən 1919-cu ilə kimi GMXC-nin idarə heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi:

Sədr: Məşədi Əli Rəfizadə

Sədr müavini: Hacı Ələkbər Hacızadə

İdarə Heyətinin üzvləri: Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu, Hacı Hilal İbrahimov və Ağa Tağıyev

İdarə Heyətinin üzvlüyünə namizədlər: İsmayıl Tağıyev, Məşədi Rza Tağıyev, Məmməd Mirabov

Katib: Mirzə Məhəmməd Axundzadə

Xəzinədar: Hidayət Niyazov

Nəzarət-Təftiş Komissiyası: Ələsgər bəy Xasməmmədov, Abuzər bəy Rzayev və Məmmədbağır bəy Şeyxzamanov

1916-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin 80-dən çox üzvü var idi. Beləliklə, Cəmiyyətin bəzi üzvlərinin ad və soyadlarını sizlərə təqdim edirik:

Cəmiyyətin ömürlük fəxri üzvləri ayda 200 manat üzvlük haqqı ödəyirdilər:

1. Hacı MəhəmmədHüseyn Rəfizadə

2. Hacı Əli Hüseynzadə

3. Hacı Ələkbər Hacızadə

4. Hacı İmamqulu Ağazadə

Cəmiyyətin fəxri üzvləri isə ayda 20 manat üzvlük haqqı ödəyirdilər:

5. Hacı Usub Rzayev

6. Məşədi Əli Abbasəliyev

7. Hacı Əli Kərbəlayi Qasım oğlu

8. Hacı Hilal İbrahimov

9. Mirzə bəy Qazıyev

10. Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu

11. Hidayət Niyazov

12. Məşədi Əli Rəfiyev

13. Ağa Tağıyev

14. İsfəndiyar bəy (Şəmkirli)

15. (Bala) Məşədi Kərbəlayi Qasım oğlu

Sadəcə üzvlər isə ayda 5 manat üzvlük haqqı ödəyirdilər:

16. Müseyib bəy Hacı Zeynal oğlu

17. Məşədi Səməd Kərbəlayi MəhəmmədHəsən oğlu

18. Pişnamazzadə Məhəmməd Axund Əli oğlu

19. Mirzə Abbas Abbaszadə

20. Abbasqulu Ağahüseynzadə

21. Həsən bəy Ağayev

22. Həsən bəy Adıgözəlov

23. Məmməd ağa Əliyev

24. Cahangir bəy Əliyev

25. Mirzə Cəfər Əsgərzadə

26. Mirzə Məhəmməd Axundzadə

27. Cavad bəy Cavanşirski

28. İsaq Muxtar oğlu Hüseynov

29. Müseyib Zazalıyev

30. Həmzə bəy Zeynalov

31. Məmmədəli Zeynalov

32. Adil xan Ziyadxanov

33. İsmayıl xan Ziyadxanov

34. Adil bəy Zülqədərov

35. Abuzər bəy Rzayev

36. Axund Molla Musa İsmayılzadə

37. Muxtar bəy Qazıyev

38. Kərbəlayi Dəmir Kərbəlayi Məhəmməd oğlu

39. Əbdülhəlim Kərimov

40. Mehdi Qurbanov

41. Məşədi Məmməd Məsimov

42. Əliş bəy Məmmədov

43. Məşədi Musa Kərbəlayi Allahyar oğlu

44. Miryusif Mirzəcəfərov

45. İlyas Mollazadə

46. Mehrəli Muradov

47. Yəhya Nəbiyev (F.Əhmədovun ana babası)

48. Məşədi Süleyman Nağıyev

49. Axund Hüseyn Pişnamazzadə

50. Mirzə Yusif Rəhimzadə

51. Ələkbər bəy Rəfibəyli

52. Bağır bəy Rəfibəyli

53. Məşədi Əsgər Rəfibəyli

54. Xudadat bəy Rəfibəyli

55. Abbas Rəfizadə

56. Mürsəl Rüstəmov

57. Ağalar bəy Səfikürdski

58. Aslan bəy Səfikürdski

59. Məşədi Abdulla bəy Sultanov

60. Sultan bəy Sultanov

61. Məşədi İsmayıl Tağıyev

62. İsmayıl Umudov

63. Abbas bəy Usubbəyov

64. Həsən bəy Fəttahov

65. Ələkbər bəy Xasməmmədov

66. Ələsgər bəy Xasməmmədov

67. Həmid bəy Xasməmmədov

68. Xəlil bəy Xasməmmədov

69. Hüseynqulu xan Xoyski

70. Mürsəl bəy Şahmalıyev

71. Məmmədbağır bəy Şeyxzamanov

72. Məşədi İsmayıl Rza oğlu

 

Seyidzadələr

E-mail Çap PDF

 

                                                      Hacı Seyid Hüseyn Məşədi İsmayıl oğlu Seyid-zadə, Gəncədəki Çökək hamamı işlətmiş . 1890-cı il. 

Nürəddin bəy Seyidzadə və Nadir bəy Axundov. 1926-cı il.

Nürəddin bəy Seyidzadə dostu ilə birlikdə. 1930-cu illər.

Nürəddin bəy Seyidzadə Klassik Gimnaziyada oxuyarkən dostu ilə birlikdə, 15 sentyabr 1913-cü il.

Nürəddin bəy Seyidzadə (sağda), ayaqüstə qardaşı Mir-İsmayıl bəy Seyidzadə və bibisioğlu Abdulla bəy. 1915-ci il. 

 

Məşədi Rza Kərbəlayi Əhməd oğlu

E-mail Çap PDF

Gəncə Üsyançıları silsiləsindən

Məşədi Rza Kərbəlayi Əhməd oğlu 1887-ci ildə Gəncənin "Dörd yol" adlanan məhəllədə ruhani ailəsində anadan olmuşdur. Məşədi Rza Gəncədə "Şərbavçılıqla" məşğul olmuşdur. 1920-ci ildə baş verən Gəncə Üsyanında fəal iştirak etmişdir. Məşədi Rza Kərbəlayi Əhməd oğlu 1943-cü ildə Gəncədə vəfat etmiş və Səbiskar qəbristanlığında dəfn olunmuşdur.

 

Gəncənin “Dörd Yol” məhəlləsi

E-mail Çap PDF

Gəncənin “Dörd yol” məhəlləsi XVII yüz illikdə güneydən Şah Abbas meydanı, quzeydən Bağlar, gün batandan Sofulu, gün çıxandan Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX yüz illiyin sonu XX yüz illiyin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə “Bıçaqçılar” basalağı yaranmış, “Dəmirçilər” məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və.s sənətlərlə məşğul olurdular. Artıq məhəllə gün çıxandan “Molla Cəlilli”, gün batandan “Sofulu”, güneydən “Əttarlar”, ”Şah Abbas” meydanı, quzeydən Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları, həmçinin ”Ləzgi” qəbristanlığı ilə əhatə olunmuşdur.

Gəncənin iqtisadi inkişafında əsaslı dönüş yaradan Bakı-Tiflis Dəmir yolu 1883-cü ildə çəkildi. Dəmir yolu vağzalına gedən yol ”Dörd yol” məhəlləsindən keçdiyi üçün məhəllə quzeyə doğru böyüməyə başladı. Məhəllədən keçib şəhərin mərkəzini Dəmir Yol vağzalı ilə birləşdirən, atla işləyən “Qonka” var idi. 1932-ci ildə “Qonka” ləğv olundu, yeni minik növü olan 4-5 vaqonlu “Kukuşqa” şəhərin nəqliyyata olan tələbatını bir müddət ödədi. Bundan sonra yeni nəqliyyat  növü “Tramvay” yolu çəkildi. Bu nəqliyyat növü 1950-ci ilə kimi məhəllədən keçib şəhərin müəyyən küçələrindən işləyirdi. 1950-ci ildə artıq məhəllə şəhərin əsas küçəsi hesab olunurdu. Oktyabr küçəsində olan tramvay yolu həmin il Əzizbəyov küçəsinə keçirildi.

Məhəllədən keçən “Satır” arxı və “Hacı Qədimli” kəhrizi məhəllə sakinlərinin suya olan təlabatını tam ödəyirdi. Axar suların məhəllələr arasında paylanmasına “cuvarlar” nəzarət edirdilər. İctimai mülkiyyət olan arxların suyuna nəzarət edən “cuvarlar”a rəhbərliyi isə “Mirab”lar edirdi. “Mirab”lar seçki yolu ilə seçilirdi.

Məhəllənin güneyində “Dörd yol” karvansarası Gəncəyə gələn tacirlərin düşərgəsi idi. Məhəllə sakinləri “Hacı Xeyransa” hamamından, ”Hacı Saitlilər” məscidinin xidmətindən yararlanırdılar. Məhəlləyə yaxın olan “Əttarlar”, ”İmamlı” qəbristanlığında ölülərini dəfn edirdilər. XIX yüzilliyin 70-ci illərində bu qəbristanlıqda boş yer olmadığı üçün sakinlər “Səbiskar” qəbristanlığından istifadə etməyə başladılar.

Məhəllədə olan “Hacı Saitlilər” hamamının suyu odunla qızdırılırdı. Bir gün kişilər, bir gün isə qadınlar istifadə edirdilər. Bu hamam indiki Universamının yerində idi. Məhəllə karvansarası Sovetlər dönəmində 21N-li məktəb, sonra isə ictimai təminat idarəsi kimi fəaliyyət göstərirdi.

Məhəllədə Seyidlər, Talıblılar, Hacı Qədimlilər nəslinin nümayəndələləri, ha belə tanınmış sakinlərindən Məşədi Məmməd Axundzadə, Cabbar bəy Şeyxzamanlı, Məşədi İsmayil, Məşədi Mehdilər, Nainsaf oğlu Məmməd Əli, Ağa Allahverdilərdən Kərbəlayi Əhmədin, Məşədi ağa, Məşədi Rza, Həsən Fəttah oğlu məhəllənin bütün şəhərdə tanınan nüfuzlu ağsaqqallarından olmuşlar.

I-ci Dünya müharibəsində Müsəlman süvari alayı döyüşçüləri içərisində ”Dörd yol” lu Yaqub Kərbəlayi Əhməd oğlu da var idi. Mərhum “Diki Diviziya” nın süvari alayının rəşadətli döyüşçüsü olmuşdur.

F.Əhmədov “Gəncənin tarix yaddaşı” kitabında yazır ki, ”Bu dövrə qədər mövcud olmuş tatardan əsgər olmaz” prinsipi burada pozulmuşdur. Könüllülük əsasında Gəncə quberniyasının bütün qəzalarında, o cümlədən Gəncə şəhərindən əsgərlər yığılır və onların əsasında “II Yelizavetpol süvari tatar alayı” yaradılır. Yüz nəfər atlıdan ibarət həmin hərbi hissə “Vəhşi Diviziya” adlandırılan birləşmənin tərkibinə daxil edilər. ”II Gəncə süvari müsəlman alayı” nın döyüş qabiliyyəti haqqında həmin alayın komandiri polkovnik Polotsovun Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi 11\VII-1915-ci il tarixli teleqramı şəhadət verir. Həmin sənədin məzmunu aşağıdaki kimi idi:

“Vəhşi diviziyanın alayları içərisində Gəncə süvari alayı birinci olaraq öz komandirinə müqəddəs Georgi xaçı ilə təltif olunmaq şərəfi nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək onu tatar süvarilərinin yüksək döyüş bacarığı və fədakar qəhrəmanlığın qiyməti kimi qəbul edirəm. Müsəlman döyüşçülərinin misilsiz şücaəti qarşısında mənim dərin heyrətimi qəbul etmənizi xahiş edirəm”.

Gəncə şəhərindən toplanmış döyüşçü süvarilərindən İsmayıl bəy Qəhrəmanov, Məmməd Məşədi Mirzə oğlu, Oruc Abbas oğlu, Məmməd İsrafil oğlu Quliyev, Oruc Məşədi İsgəndər oğlu, İsa Kərbalayi İsmayıl oğlu, Yaqub Kərbalayi Əhməd oğlu, Cahangir Əsgər oğlu, İsrafil Məmməd oğlu, Ələkbər Abbas oğlu, Məmmədəli Qasım oğlu, Göyüş Abbas oğlu, İsrafil Əsəd oğlu, Əliqara Niftəli oğlu, Seyid Rza Mürtəza oğlu, Seyid Həsən Mir Qasım oğlundan ibarət idi.

Mərhum Yaqub Kərbalayi Əhməd oğlu 1920-ci ildə bolşeviklərin hərəkətlərindən şübhələnərək, Ərəş qəzasının Suçimi kəndində gizlənir və 1923-cü ildə orada da vəfat edir. Onun Gəncədə Səmayə adlı qızı və Fərman adlı oğlu yaşayırdı. Nəvəsi Allahverdiyev Əli Fərman oğlu Gəncə şəhər Dövlət Dram teatrının əməkdar artisti idi.

Məhəllə sakinlərindən zərgər Məşədi Ağamirzə, kürəkəni Salman Əhmədov (ədib), fizika müəllimi Məcid Ağazadə nəinki məhəllədə, hətta Gəncədən kənarda da tanınmış ziyalılar idilər. Məhəllədə boya-başa çatmış şəxslərdən professor Əli Saləddin, “Azərbaycan qadını” jurnalının məsul katibi, professor Sabir Gəncəli, xalq artisti Mobil Əhmədov, bəstəkar Firuddin Mehtiyev, “Cücələrim” mahnısı ilə dünyada şöhrət qazanmış ünlü bəstəçi Qəmbər Hüseynli, SSRİ-də tanınmış pəhləvan Elbrus, texnika elmləri namizədi, əməkdar ixtiraçı Sadıq Bağırov, kənd təsərrüfatı elmləri namizədi, Böyük Vətən müharibəsi iştirakçısı mərhum Nürəddin Allahverdiyev, fizika-riyaziyyat elmləri namizədi mərhumə Zərinə Həsənova da hamının sevimlisi idilər.

 Hamlet Əli oğlu Allahverdiyev

AMEA GREM-nin “Arxeologiya və Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

Qazaxlar məscidi

E-mail Çap PDF

 

1

2

3

4

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort