• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Abbas bəy Rzayev

E-mail Çap PDF

 

Abbas bəy Rzaqulu bəy oğlu Rzayev Gəncə şəhərində anadan olmuşdur. Ələkbər bəy Rəfibəylinin sədri olduğu Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və 1917-ci ildə Gəncədə Nəsib bəy Yusifbəylinin yaratdığı Türk-Ədəmi Mərkəziyyət Partiyasının ən fəal üzvlərindən biri olmuşdur. Abbas bəy Rzayev 1920-ci ildə baş verən Gəncə üsyanının iştirakçısı olmuşdur.

Abbas bəy Rzayevin atası Rzaqulu bəy Nəsib bəy Yusifbəylinin atası Yusif bəyin bibisi oğludur. Eyni zamanda Abbas bəy Rzayev Eyyub bəy Xanbudaqovun yeznəsidir.

Abbas bəy Rzaqulu bəy oğlu Rzayev repressiyaya məruz qalmışdır.

 

Rəfibəyli Əyyub bəy Məşədi bəy oğlu

E-mail Çap PDF

 

Əyyub bəy Məşədi bəy oğlu Rəfibəyli 1890-cı ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Gəncədəki rus dilli məktəbdə almışdır. 1909-cu ilin sentyabr ayında Yelizavetpol (Gəncə) şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləmiş, sonradan isə həmin hissənin pristavı vəzifəsini də icra etmişdir. 1917-ci ilin sonlarına yaxın Yelizavetpol (Gəncə) şəhər polisinin pristavı, 1920-ci ilin aprelində isə Nuxa (Şəki) qəzasının rəisi vəzifəsində çalışmışdır.

1920-ci il Aprel işğalından sonra sovet-bolşevik rejiminə qarşı baş verən Gəncə üsyanının (1920-ci il) fəal iştirakçılarından biri olmuşdur. Üsyan amansızcasına yatırıldıqdan sonra təqib və təzyiqlərdən qurtularaq 1920-ci ilin iyun ayında bir qrup silahdaşı ilə birlikdə Türkiyənin Ankara şəhərinə mühacir etmişdir.

Bir müddət Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstərən Əyyub bəy Rəfibəyli, 1941-ci ildə isə Türkiyə Əks-Kəşfiyyat İdarəsinin Qars filialına rəis müavini təyin edilmişdir.

Əyyub bəy Rəfibəyli Türkiyədə olarkən Eyyub Sayqın adını daşımışdır.

Siyasi mühacir, hərbi xadim və polkovnik Əyyub bəy Rəfibəyli (Əyyub Sayqın) yanvar ayının 19-u 1979-cu ildə Türkiyənin Ankara şəhərində vəfat etmişdir.

Əyyub bəy və həyat yoldaşı Validə xanım, Türkiyə 1970-ci il.

 

Gəncə

E-mail Çap PDF

 

Gəncə orta əsrlərdə Yaxın və Orta Şərqdə çox mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi idi. Azərbaycan və dünya ədəbiyyatının dahi nümayəndəsi Nizami Gəncəvi bu şəhərdə doğulub, yaşayıb yaratmışdır. Gəncə Azərbaycanın dövlətçilik tarixində də böyük rol oynamış, yadelli təcavüzlərinə qarşı çox mühüm mübarizə mərkəzi idi. Nadir şah imperiyasının süqutundan sonra Gəncə eyni adlı Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1804-cü il yanvar ayının 3-də Cavad xanın baççılığı ilə Gəncədə işğalçı çar Rusiyası qoşunlarına qəhrəmancasına müqavimət göstərilmişdir. İşğalçılar şəhəri ələ keçirdikdən sonra Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianovun təklifi ilə Gəncə çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın adı ilə Yelizavetpol adlandırılmışdı. Rusiya işğalçıları onlara inadlı müqavimət göstərmiş Gəncənin adını xalqın yaddaşından silmək üçün "Gəncə" sözünün işlədilməsini belə yasaq etmişdilər.

Gəncənin işğalından sonra, 1804-cü il mart ayının 2-də aparılmış kameral təsvirə görə, burada 213 ev, hər iki cinsdən olan 7303 nəfər (3922 kişi, 3381 qadın) əhali qeydə alınmışdı. Birinci dünya müharibəsi (1914-1918-ci illər) ərəfəsində şəhər 120 kv.km ərazini əhatə edirdi. Yaşayış evləri və təsərrüfat tikililərinin sayı 13 minə çatırdı.

Qafqaz təqviminin (1917-ci il) məlumatına görə, şəhərdə 67731 nəfər əhali var idi. Onların 58592 nəfəri yerli sakinlər, 9139 nəfəri isə müvəqqəti yaşayanlar idi. Şəhər əhalisinin 28503 nəfərini kişilər, 29228 nəfərini isə qadınlar təşkil edirdi.

Yelizavetpol eyni adlı dairənin, sonra isə qəza və quberniyanın mərkəzi olmuşdur. Şəhərdə dairə məhkəməsi yaradılmış, məhkəmə islahatından sonra (1868-1869-cu illər) bu orqan yenidən təşkil olunmuşdu. Burada əsas idarə orqanı isə polis idarəsi idi.

XIX əsrin sonlarında Gəncədə şəhər duması fəaliyyətə başladı. Şəhərin iqtisadi həyatının əsasını  isə sənətkarlıq və ticarət təşkil edirdi. Bakı-Tiflis dəmir yol xəttinin çəkilməsi (1883-cü il), dəmir yol stansiyası və depo tikintisi şəhərin iqtisadi həyatında ciddi dəyişikliklər yaratdı. Poçt-teleqraf əlaqəsi inkişaf etməyə başladı. 1887-ci ildə Gəncədə ilk telefon xətti çəkildi, 1910-1911-ci illərdə isə Bakı və Tiflis şəhərləri ilə telefon əlaqəsi yaradıldı. Şəhərin sosial-siyasi və mədəni həyatında da dəyişikliklər baş verirdi.

1905-1907-ci illər inqilabı dövründə Gəncə sosial-siyasi zülmə və müstəmləkə əsarətinə qarşı mübarizə mərkəzlərindən birinə çevrilməyə başladı. Ermənilərin azərbaycan türklərinə qarşı soyqırımına kəskin müqavimət göstərildi, siyasi təşkilatlanma sahəsində mühüm addımlar atıldı. "Qeyrət" (1905-ci il), "Difai" (1906-cı il) kimi siyasi partiya və təşkilatlar fəaliyyətə başladı. Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və digər görkəmli siyasi xadimlər yetişdi. Şəhərdə sosial-demokrat qrupu və "Hümmət" təşkilatı da iş aparırdı. Fevral inqilabından (1917-ci il) sonra şəhərdə Yelizavetpol quberniyası icraiyyə komitəsi təşkil olunaraq Xəlil bəy Xasməmmədov sədr seçildi.

1917-ci ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə “Türk Ədəmi-Mərkəziyyət partiyası” yaradıldı. Bu partiya federativ şəkildə qurulacaq Rusiyada Azərbaycana Muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı. Şəhərdəki Şah Abbas məscidinin həyətində "Yaşasın Demokratik Respublika", "Yaşasın Azərbaycanın Muxtariyyəti" kimi şüarlarla mitinq keçirilmişdi. Apreldə Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında da muxtariyyət ideyası müdafiə olunmuşdu.

İcraiyyə Komitəsi ilə bərabər Gəncədə Fəhlə və Əsgər Deputatları Soveti də fəaliyyət göstərirdi. Bolşeviklər tədricən mövqelərini möhkəmləndirməyə çalışırdılar. Onların sırası ermənilər hesabına artırdı. Aprelin 10-da bolşeviklərlə menşeviklərin Rusiya Sosial-Demokrat Fəhlə Partiyası birləşmiş Yelizavetpol komitəsi yaradılmışdı. Oktyabr çevrilişindən (1917-ci il) sonra şəhərdə milli azadlıq ideyaları daha da gücləndi. Şəhər Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsində, onun erməni-daşnak və bolşevik qüvvələrindən azad edilməsində tarixi rol oynadı.

1918-ci il may ayının 25-də Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncəyə gəldi və qərargahını formalaşdırmağa başladı.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük ruh yüksəkliyi ilə qarşılandı, hökumətin Tiflisdən Gəncəyə köçürülməsi üçün tədbirlər görüldü. 18 günlük Tiflis fəaliyyətindən sonra Azərbaycan Milli Şurası və Hökuməti buraya köçürüldü. Gəncənin paytaxt olduğu dövrdə (1918-ci il iyun-sentyabr ayları) Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti əsas diqqəti Bakının azad edilməsi uğrunda mübarizənin təşkilinə yönəltdi. 

Hökumətin burada olduğu dövrdə bütövlükdə dövlət, o cümlədən şəhərin həyatına dair 120-dən çox müxtəlif qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 iyun tarixli qərarı ilə Yelizavetpol şəhərinin ictimai idarəsinin fəaliyyətinin bərpasına başlandı, onun işinə köməklik üçün 150 min manat ayrıldı. 27 iyun tarixli qərarla Yelizavetpol şəhər milisi yerli idarəçiliyin tabeliyinə verildi, 11 iyul qərarı ilə Yelizavetpol hərbi mükəlləfiyyət idarəsi yaradıldı. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpol adı ləğv olundu, Gəncənin tarixi adı özünə qaytarıldı.

1918-ci il sentyabr ayının 15-də Bakı azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti həmin ayın 17-də Bakıya köçdü. Paytaxtın Bakıya köçürülməsinə baxmayaraq Gəncə ölkənin həyatında mühüm rol oynamaqda davam edirdi.

Mudros barışığına (1918-ci il) əsasən, türk qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilis qoşunları ölkəyə daxil oldu. Gəncədə ingilis hərbi hissələri yerləşdirildi. İngilislərin tələbi ilə hərbi nazirlik də noyabrın 22-də Bakıdan Gəncəyə köçürüldü. Milli ordunun formalaşdırılması prosesi Gəncədə davam etdirildi, Qarabağda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına qarşı fəal mübarizə təşkil olundu.

1919-cu ilin əvvəllərində Gəncə və ətrafında 20 mindən çox qaçqın yerləşdirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1 oktyabr tarixli qərarı ilə Gəncə sənət məktəbi hərbi məktəbə çevrilmiş, bunun üçün müvafiq maddi vəsait ayrılmışdı. Şəhərdə xəstəliklərlə mübarizə və səhiyyənin təşkili də diqqət mərkəzində saxlanılırdı. Parlament 1919-cu il yanvarın 25-də səpmə yatalaqla mübarizə üçün Gəncə şəhər özünüidarəsinə 450 min manat verilməsi haqqında qanun qəbul etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirlərə baxmayaraq, antimilli qüvvələr, xüsusilə erməni-daşnaklar və bolşeviklər pozuculuq fəaliyyətlərini davam etdirirdilər.

1919-cu ilin yazında Gəncədə Fərhad Əliyev başda olmaqla, Rusiya Kommunist (bolşeviklər) Partiyası dairə komitəsi yaradıldı. İyulun 13-də isə Gəncədə fəhlə konfransı işə başladı. Qəzada Cümhuriyyət Hökumətinə qarşı kəndli çıxışlarının qızışdırılmasına cəhd göstərilirdi.

Bakıda Sovet hakimiyyətinin qurulması Gəncədə vəziyyətə ciddi təsir göstərdi.

1920-ci il aprelin 28-də Azərbaycan Kommunist Partiyası Gəncə dairə komitəsi F.Əliyevin, Eminbəylinin, Vəli Xuluflunun sədrliyilə Quberniya İnqilab Komitəsi yaratdıldı.

1920-ci il mayın 1-də II-ci Qırmızı Ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə mübarizəni davam etdirirdi. Mayın 25-dən 26-a keçən gecə Gəncədə sovet işğalına qarşı Cahangir bəy Kazımbəylinin, Cavad bəy Şıxlinskinin və digər vətənpərvər oğulların rəhbərliyi ilə güclü üsyan baş verdi.

Bolşevik rejimi Gəncə üsyanını yalnız mayın 31-də çətinliklə yatıra bildi. Azərbaycan Sovet Sosialist Respublikası Hökuməti Gəncədə sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün cəza tədbirləri ilə yanaşı, inzibati-siyasi dəyişikliklər də həyata keçirdi. İyul ayının 3-də Gəncədə Qəza İnqilab Komitəsi yaradıldı. 1935-ci ildə isə Gəncə şəhəri S.M.Kirovun adı ilə Kirovabad adlandırıldı.

Beləliklə, çar Rusiyası zamanında olduğu kimi, sovet dövründə də Gəncə özünün tarixi adından məhrum oldu.

Sovet İttifaqı dağıldıqdan və Azərbaycanın müstəqilliyi bərpa olunduqdan (1991-ci il) sonra şəhərin tarixi adı yenidən özünə qaytarıldı.

 

Cahangir bəy Kazımbəyli

E-mail Çap PDF

 

Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk öncə Gəncə gimnaziyasında təhsil almış sonradan Peterburqdakı hərbi məktəbi müvəffəqiyyətlə bitirmişdir. Çar Rusiyası ordusu sıralarında Birinci Dünya müharibəsində (1914-1918-ci illərdə) iştirak etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il) elan olunduqdan sonra milli orduda xidmətə başlayan Kazımbəyli Cahangir bəy 1920-ci ilin əvvəllərində 3-cü Şəki süvari alayının komandiri təyin olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi general-mayor Məhəmməd Mirzə Qacarın, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskinin, süvari diviziyanın komandiri general-mayor Teymur bəy Novruzovun 1920-ci il Gəncə üsyanının təşkilinə cəlb edilmələrində Cahangir bəy Kazımbəylinin böyük rolu olmuşdur.

Üsyanda iştirak edən hərbi qüvvələrin Qaçaq Qəmbərin, Sarı Ələkbərin, Qacaq Məmməd-Qasımın, Ramazanlıların və başqalarının dəstələri və partizanlarla əlaqələrinin yaradılmasında da Cahangir bəyin mühüm xidməti olmuşdur. Sonralar özü yazdığı xatirələrindən göründüyü kimi o, Gəncə üsyanının gedişində öz alayının şəxsi heyəti ilə bərabər partizanların fəaliyyətinə də rəhbərlik etmişdir.

Cahangir bəy Kazımbəylinin fikrincə, 1920-ci il mayın 28-də Azərbaycan xalqı öz azadlığı uğrunda qurban getməyə hazır olduğunu bir daha nümayiş etdirdi: "28 may yalnız Milli Istiqlalımızın elanı günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz gün kimi də tariximizə yazılmalıdır. ...28 may günündə düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qalibiyyətimizin simvolu olacaqdır".

1920-ci il iyunun 3-dən 4-nə keçən gecə Cahangir bəy yaxın qohumlarını, həyat yoldaşını və oğlunu Gəncədən çıxarmağa nail olsa da, özü Qıraq Kəsəməndə düşmən qüvvələri ilə üzbəüz gəlmiş, qanlı döyüşlərdən sonra Tiflisə gedə bilmiş, təxminən bir ildən sonra İstanbulda yaxın qohumlarını, oğlunu, həyat yoldaşını və qayınatası Hüseynqulu xan Xoyskini tapmışdır.

1922-ci ilin əvvəllərində Cahangir bəy Kazımbəyli marşal Pilsudskinin dəvətilə ailəliklə Polşaya köçmüşdür.

Cahangir bəy Kazımbəyli mühacirətdə olarkən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni daim davam etdirmiş, 1943-cü ildə azərbaycan türklərinin Berlində çağırılmış qurultayının iştirakçısı, Avropada yaranan "Milli Birlik" partiyasının əsas təşkilatçılarından biri olmuşdur.

Parisdə və Berlində nəşr olunan "Azərbaycan" məcmuələrində, "Milli Birlik" jurnalında müntəzəm olaraq məqalələrlə çıxış etmişdir.

İkinci Dünya müharibəsindən (1939-1945-ci illər) sonra Sovet əks-kəşfiyyatı tərəfindən izlənilən Cahangir bəy Kazımbəyli Misir kralı Fərruxun şəxsi köməyindən sonra Romada gizlənərək bir müddət rahatlıq tapa bilmişdi.

1954-cü ilin sonunda Münxendə "Azadlıq" radiosunun Azərbaycan şöbəsində fəaliyyətə başlayan Cahangir bəy Kazımbəylinin Dünya azərbaycanlılarını mübarizəyə səsləyən çağırışları diqqətdən yayınmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun alay komandiri olmuş, polkovnik, hərbi xadim, Gəncə üsyanının (1920-ci il) təşkilatçılarından biri Cahangir bəy Kazımbəyli 1955-ci ilin yazında Sovet əks-kəşfiyyatının əli ilə Berlində xaincəsinə qətlə yetirilmişdir.

 

Yusifbəylilər

E-mail Çap PDF
Yusifbəylilərin Hacıkənd qəsəbəsindəki iki mərtəbəli mülkü 1903-cü il.
Yusifbəyli Usub bəy Həşim bəy oğlu (1852-1922).
Türk-Ədəmi Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsi (1917-ci il). Sağdan sola: Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məhəmməd Axundzadə, Nəsib bəy Yusifbəyli, Kərbəlayi Vəli Mikayılov və Abbasqulu Kazımzadə.
Nəsib bəy Yusifbəyli
Nəsib bəy Yusifbəyli tələbə yoldaşları ilə birlikdə, Odessa 1902-ci il.
Nəsib bəy Yusifbəyli
Həmid bəy Usubbəyli
Nəsib bəy Yusifbəylinin oğlu Niyazi, Həmid bəy Yusifbəyli və qucağında oğlu Ənvər, Eyyub bəy Yusifbəyli və Zəhra xanım Yusifbəyli(Nəsib bəyin qızı), 1915-ci il.
Həmid bəy Usubbəyli
Əyyub bəy Yusifbəyli
Gəncədə Gimnaziyanın və ilk Uşaq bağçasının müdiri olmuş Şüküfə xanım Usub bəy qızı Yusifbəyli (Pişnamazzadə).
Xanım Usub bəy qızı Yusifbəyli (Cuvarlı).
Soldan sağa: Bilqeyis xanım, Cavad bəy Cuvarlı, Mələk xanım Nəsirbəyli(Cavad bəyin həyat yoldaşı), Eyyub bəy Yusifbəyli, Xanım Yusifbəyli(Mehdi bəyin həyat yoldaşı), Mehdi bəy Cuvarlı.
Soldan sağa: Usub bəy Xanbudaqovun gürcü əsilli həyat yoldaşı, Usub bəy Xanbudaqov, Cəmilə xanım Xanbudaqova(Yusifbəyli) qucağında Əyyub bəy Yusifbəyli, Şüküfə xanım Yusifbəyli (Pişnamazzadə).
 
Eyyub bəy Yusifbəyli və xalası oğlu Mir İsmayıl Sarıyal, 1915-ci il.
 Şəfiqə xanım Qaspralı (Nəsib bəyin həyat yoldaşı), övladları Zəhra və Niyazi Yusifbəylilər.
Şəfiqə xanım Yusifbəyli övladları Zəhra xanım Göygöl və Niyazi Kürdəmir, Türkiyə. İstanbul.
Şəfiqə xanım Qaspralı.1974-cü il.
Niyazi Yusifbəyli (Kürdəmir) və həyat yoldaşı Nəzakət xanım, Türkiyə, İstanbul.
 

Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski

E-mail Çap PDF

Azərbaycan Milli İstiqlal hərəkatının fəal iştirakçılarından biri

(Hüseynqulu xan Xoyski, həyat yoldaşı Şirinbəyim xanım Ziyadxanov və kürəkəni Cahangir bəy Kazımbəyli)

Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski 1869-cu il sentyabr ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin böyük qardaşıdır. Rusiya-Yaponiya müharibəsində hərbi mükafatlara layiq görülmüşdür. Gəncə dumasının və Şəhər İdarəsinin üzvü seçilmişdir. 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xəbərini Gəncə camaatına ilk çatdıran Hüseynqulu xan Xoyski olmuşdur. Şəhərdə əmin-amanlığın bərqərar olunmasında, Ələkbər bəy Rəfibəyli və onun oğlu Xudadat bəylə birlikdə, Hüseynqulu xan Xoyski də böyük zəhmət çəkmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Gəncə Şəhər qubernatorunun müavini işləmişdir.

1920-ci ildə baş vermiş Gəncə üsyanının fəal iştirakçısı olmuş Hüseynqulu xan Xoyski, üsyan yatırıldıqdan sonra tüğyan edən bolşevik təqibindən qurtulmaq üçün böyük məşəqqətlə ölkədən çıxa bilmişdi. Həyat yoldaşı Şirinbəyim xanımı (Əbülfət xan Ziyadxanovun qızı), oğlanları Zahid xan və İsgəndər xanı, qızları Valiyyəni, Samini və nəvəsi Abbası yalnız bir ildən sonra gözlənilməz təsadüf nəticəsində İstanbulda tapmışdı.

Polşanın rəhbəri marşal Yuzef Pilsudskinin dəvətilə bir müddət Polşada yaşasa da, yenidən İstanbula, ailəsinin yanına qayıtmış və 1925-ci ildən sonra Atatürkün göstərişi ilə oğlu İsgəndər xanla birlikdə hərbi məktəblərdə tərcüməçi kimi çalışmışdır.

Türkiyədəki azərbaycan mühacirləri arasında böyük nüfuz sahibi olan Hüseynqulu xanın evini onların hamısı "ata evi" adlandırırdı. O, İstanbulda, Xəlil bəy Xasməmmədov, Nağı bəy Şeyxzamanlı, Məmmədsadıq Aran, Valiyyə xanım Kazımbəyli (Gəncə üsyanının rəhbəri olmuş Cahangir bəy Kazımbəylinin həyat yoldaşı), Şirinbəyim xanım və digər 12 qərib azərbaycan türkünün uyuduğu "Fəri köy" qəbiristanlığında dəfn olunmuşdur.

Hərbçi, pod-polkovnik Hüseynqulu xan dekabrın 7-i 1955-ci ildə İstanbulda vəfat etmişdir.

 

“Difai” Təşkilatının “Müdafiə” (Qazax-Tiflis) Komitəsi

E-mail Çap PDF

 

("Müdafiə" Komitəsinin möhürü)

1907-ci ilin may ayında Tiflisdə “Difai” Təşkilatının “Müdafiə” Komitəsi yaradılmışdı. Partiyaya korpus topoqrafı, polkovnik İbrahim ağa Vəkilov rəhbərlik edirdi.

Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bəzi qəzalarını əhatə edirdi. Təşkilatın yaradılmasında Ağalar bəy Qiyasbəyli, Hacı Kərim Sanılı, A.Xəlilbəyov və N.Dilbazi fəal iştirak etmişdilər.

"Müdafiə" proqram sənədi kimi, "Difai" partiyasının proqramını qəbul etmişdi. Komitənin buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir".

Təşkilat öz tərəfdarlarını millətin azadlığı və ədaləti uğrunda mübarizəyə çağırırdı.

Təşkilatın əsas diqqəti daşnakların azərbaycan türklərinə qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi.

"Müdafiə" 1907-ci ilin sonlarına yaxın Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycan türklərinin başına gətirdiyi müsibətləri onlara xatırladırdı.

Lakin təşkilat üzvlərinin azlığı və polis tərəfindən təzyiqlərə məruz qalması üzündən "Müdafiə", müəyyən təbliğatçılıq fəaliyyəti istisna edilməklə, əməli fəaliyyət göstərə bilmədi və 1909-cu ildə fəaliyyətini dayandırdı.

 

Gəncə Qəzası

E-mail Çap PDF

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi

Rusiya İmperiyası Gəncə xanlığını işğal etdikdən (1804-cü ilin yanvar ayı) sonra xanlıq ləğv edilərək, Yelizavetpol dairəsi yaradıldı. Dairə Gürcüstan quberniyasının tərkibinə daxil edildi. 1840-cı il aprel ayının 10-da islahat nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmsəddil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu. 1846-cı il 14-ü dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldıqda, Yelizavetpol qəzası Tiflis quberniyasından alınaraq onun tərkibinə verildi, yeni Qazax qəzası təşkil edildi. Qafqaz təqviminin (1917-ci il) məlumatına görə, qəzanın ərazisi 8726,0 kv.verst idi.

Qəzada 214746 nəfər əhali yaşayırdı. Onların 191096 nəfəri yerli sakinlər, 23650 nəfəri isə müvəqqəti yaşayanlar idi. Əhalinin 111610 nəfəri kişi, 103136 nəfəri isə qadın idi. Azərbaycan türkləri (140 mindən çox) əhalinin 65,2%-ni təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada 12,3 min rus yaşayırdı. Qəza əhalisi kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olurdu.

Fevral inqilabından (1917-ci il) sonra Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə İcraiyyə komitəsi təşkil olundu. Oktyabr çevrilişindən (1917-ci il) sonra isə qəzada bolşeviklərin pozuculuq fəaliyyəti gücləndi. Cümhuriyyət Hökumətinin Yelizavetpola (Gəncəyə) köçməsi nəticəsində qəzanın da həyatında böyük rolu oldu. Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə Yelizavetpol Gəncə adlandırıldıqdan sonra, qəza da, müvafiq olaraq, eyni adı aldı. Gəncə qəzasında sabitliyin yaradılması və iqtisadi inkişafın təmin edilməsi üçün tədbirlər görüldü. Bolşeviklər qəza əhalisinin əksər hissəsinin kəndlilərdən ibarət olduğunu nəzərə alaraq, kəndli hərəkatının genişləndirilməsinə çalışırdılar. Dövlət isə qəzanın idarəçiliyini təkmilləşdirmək məqsədilə Gəncə qəzasını iki yerə bölməyi qərara aldı.

Parlament 1920-ci il aprelin 22-də Gəncə qəzasına daxil olan 34 kənd icması əsasında Şamxor (Şəmkir) qəzasının yaradılması haqqında qanun qəbul etdi. Lakin qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Gəncə qəzası da sovetləşdirildi.

1929-cu ildə isə Azərbaycan SSRİ-də həyata keçirilən rayonlaşdırma zamanı Gəncə qəzası ləğv olundu.

 

Azərbaycan Dövlət Bankının Gəncə şöbəsi

E-mail Çap PDF

Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə sisteminin mühüm tərkib hissəsi olan Azərbaycan Dövlət Bankının Gəncə şöbəsi 1919-cu ilin oktyabr ayının 25-də yaradılmışdır.

Gəncə həm geniş bir quberniyanın inzibati mərkəzi, həm də iri əkinçilik və sənaye şəhərinin mərkəzi idi. Quberniya ərazisində pambıqçılıq və onunla əlaqədar olaraq sənaye sahələri (pambıq təmizləmə, yağ emalı və s.) xeyli inkişaf etmişdi. Bağçılıq və üzümçülük məhsulları isə həm ticarət dövriyyəsini artırır, həm də iri sənayeni xammalla təmin edirdi. Bəzi yerlərdə mədən senayesi (mis və s.), habelə ipəkçilik inkişaf etmişdi. Əkinçilik və maldarlıq məhsulları da ticarət dövriyyəsini kifayət qədər canlandırırdı. Əhalinin əlində xeyli nəğd pul toplanmışdı ki, bu isə tədricən cari hesablara qoyulmaqla, bank əməliyyatlarına cəlb olunmalı idi. Bankın nəzdində və digər yerlərdə əmanət kassalarının açılması əhalinin vəsaitinin bank əməliyyatlarına cəlb olunmasını surətləndirməli idi. Bu şərtlər Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu ilin oktyabr ayının 25-də keçirilən 88-ci iclasında Dövlət Bankının Gəncə şöbəsinin açılması haqqında qərar qəbul etməsinə səbəb olmuşdur.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri olmuş Hidayət bəy Niyazov Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri, Mir-Mahmud Ağamirov nəzarətçi vəzifəsini icra edən, Qafar Ələkbərov böyük mühasib, Yəhya Nəbiyev isə kassir təyin olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin açılması ölkənin bu bölgəsində bank-maliyyə əməliyyatlarının canlanmasına müəyyən təsir göstərmişdir.

 

"Türk Ədəmi-Mərkəziyyət" Partiyası

E-mail Çap PDF

"Türk federalistər partiyası" - Fevral inqilabından (1917-ci il) sonra keçmiş “Difai” partiyasının üzvləri tərəfindən yaranmış Azərbaycan milli partiyası.

(Türk-Ədəmi Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsi (1917-ci il). Sağdan sola: Tağı Nağıyev, Məmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məhəmməd Axundzadə, Nəsib bəy Yusifbəyli, Kərbəlayi Vəli Mikayılov və Abbasqulu Kazımzadə.)

1917-ci ilin mart ayında (Novruz bayramı ərəfəsində) Nəsib bəy Yusifbəyli başda olmaqla və Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev, Əliqara bəy Məmmədovun iştirakı ilə Gəncədə yaradılmışdı. "Qeyrət" partiyası ənənələrini davam etdirən partiya Rusiya məkanında federativ respublika yaradılması ideyasını irəli sürmüşdü. Partiyanın əsas dayağını bəylər, ziyalılar və kəndlilər təşkil edirdilər. Partiyanın ideoloji təməli türkçüluk idi. Partiya 1917-c ilin aprelin 2-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etdi. Mitinqdə üzərində "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti" sözləri yazılmış qırmızı bayraqlar dalğalanırdı. "Kaspi" qəzetinin yazdığına görə, natiqlər gurultulu alqışlarla qarşılandılar. Qısa müddət ərzində partiyaya 500-dən çox üzv yazıldı. Partiya fonduna böyük məbləğdə ianə toplanmışdır.

Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, "Türk Ədəmi Mərkəziyyət firqəsi" demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyada islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır. Partiya dövlətin federativ əsaslarla yenidən qurulması üçün "Dövlət quruluşu" adlı birinci bölmədə 9 tələb irəli sürürdü. Bütün türk xalqlarına, o cümlədən Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstana ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.

"Ümummilli məsələ" adlı ikinci bölmədə isə Rusiya türklərinin mədəni, milli ittifaqının yaradılması, onun forma, tərkib və funksiyasının müəyyən edilməsi üçün qurultay çağırılması nəzərdə tutulurdu.

"Dini məsələlər" adlı üçüncü bölmədə Rusiyanın bütün müsəlmanlarının şeyxülislamın başçılığı altında birləşdirilməsi fikri irəli sürülürdü.

Dördüncü bölmə muxtar qurum vətəndaşlarının cinsi, milli mənsubiyyəti və dini etiqadından asılı olmayaraq, bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.

Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. "Aqrar məsələ" bölməsində partiya dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olan bütün torpaq sahələrinin, əvəzi ödənilmək şərtilə, müsadirə edilib torpaq fondu yaradılmasını nəzərdə tuturdu.

Yeddinci bölmə "Fəhlə məsələsi" adlanırdı. Burada fəhlə qanunvericiliyinin yayılması və qanunun icrası üzərində fəhlə nəzarətinin qoyulması, 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası və s. kimi maddalər öz əksini tapmışdı.

"Məhkəmə icrası" bölməsi məhkəmənin hər cür təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.

"Məktəb məsələsi" adlı doqquzuncu bölmədə xalq maarifinin demokratik əsasda təşkili və azad tədrisi planlaşdırılırdı. Təhsil ibtidaidən aliyə birbaşa əlaqəli surətdə qurulması idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaq şərtilə, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.

Qafqaz Müsəlmanlarının qurultayında (1917-ci il, 15-20 aprel tarixində) "Türk Ədəmi-Mərkəziyyət" və "Müsavat" partiyaları eyni mövqedən çıxış edirdilər. 1917-ci il iyunun 2-ci yarısında "Müsavat" partiyası ilə "Türk Ədəmi-Mərkəziyyət" partiyası birləşərək, "Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat" adı altında fəaliyyətə başladı.

Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı ki, bu isə Bakı və Gəncə bürolarını əhatə edirdi. Bakı bürosuna Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə bürosuna Nəsib bəy Yusifbəyli, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundzadə seçildilər. Bu iki partiyanın birləşməsi Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, milli istiqlal uğrunda mübarizənin güclənməsində və bir məqsədə yönəldilməsində mühüm rol oynadı, Azərbaycan muxtariyyəti və sonra istiqlaliyyəti ideyasının gerçəkləşməsinin təməlini qoydu.

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort