• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Gəncənin “İç Qala” məhəlləsi

E-mail Çap PDF

 

XVI-XII əsrlərdə Səfəvilərlə Osmanlılar arasında uzun sürən müharibələr olmuşdur. Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən istifadə edən Osmanlılar qısa bir zamanda İranın tərkibində olan Azərbaycanın ərazisini zəbt etdilər. Özbək əyyanlarının İranın şərqinin bir hissəsi olan Xorasana basqınları Osmanlıların Qafqazı işğal etməsini asanlaşdırdı.

Məşhur dənizçi Xeyrəddin (Barbaros) tərəfindən tutulmuş kiçik yaşlı Venedikli qız saraya gətirildi. Nurbanu adı ilə saray cariyyələrinə qatıldı.

Sultan II Səlim xanın bu kölə qızla izdivacından şahzadə III Muradxan dünyaya gəldi.

21yanvar 1574-cü ildə Sultan II Səlim xan öldü.

Böyük oğlu III Murada bu xəbər çatanda o, Manisada idi. Murad xan ləngimədən təcili İstanbula gəldi və atasının yerinə taxta çıxıb, Şeyxülislamın fətvasına əsasən «Din və dövlətin ən yetkilik işilərinin əlində əsas olan bu yazılı buyruqlardan qüvvət alan vəzirlər II Səlimin beş şahzadəsini boğdurdular və padişah III Muradın önünə atdılar». (1. 521).

Ertəsi gün dinin, xalqın və ordunun halına acıdığını əsas gətirərək dəbdəbəli yığıncaqlar keçirən III Muradxan taxta outran kimi mərhum atasına yas tutaraq, öldürtdüyü qardaşlarının cənazəsi önündə ağladı.

Şahzadələrin dəfnindən sonra üçgün əsgərlərlə və dövlətin qabaqcıl məmurlarına 1 milyon 500 min duka qızılı imperatorluğa çatması münasibətilə ərmağan kimi payladı. Yalnız yeniçərilər 1 milyon duka qızılı mükafat (ülufə) şəklində aldılar. Sokolu Mehmet paşa Sədrəzəm (baş vəzir) kimi vəzifəsində qaldı.

Onun yaxın məsləkdaşı Budin bəylərbəyi Mustafa paşa əlli nəfərlik süvari mühafizə dəstəsi ilə bərabər Fərhad paşa tərəfindən öldürüldü.

Bu hadisədən Sokolu Mehmet paşa qayğılandı. Səhəri gün o, şikayətçiləri sarayda qəbul edirdi. Bu zaman bir nəfər dərviş qiyafəsində ona yaxınlaşdı və şikayət ərizəsini vermək istərkən bir an içində xəncəri onun köksünə soxdu. Sonra aydın oldu ki, bunun səbəbi torpaq üstə imiş. Səhəri gün dərviş qiyafəli canini 4 ata bağlayıb, 4 yana çəkərək parçaladılar.

Sədrəzəm Sokolu Mehmet paşa sultan II Səlim xanın bacısı Əsma sultanla evlənmişdi. Bu nigahdan onun övladı olmamışdı. Ancaq birinci arvadından iki oğlu var idi.

Osmanlı xanədanlığında belə düşünürdülər ki, dövləti-aliyyəni qorumaq, sərhədləri genişləndirmək üçün Sultanlara dövlət daxilində rəqib olmamalıdır. Rəqiblər isə onların doğma və ögey qardaşları ola bilərdi.

Sultan III Murad xanın ulu babası Sultan Səlim (Yavuz), babası Sultan Süleyman (qanuni), atası Sultan II Səlimxanda bu yolu tutmuşdular.

İran Səfəvilər dövlətində hakimiyyət uğrunda gedən mübarizə Türk Sultanlıq dövlətindən heçnə ilə fərqlənmirdi.

«557-ci il noyabrın 24-də şah II İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişib saraydan çıxdı… Gecə yarısı o, dincəlmək üçün Həsən bəyin evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyidi tapıldı». (2. 126).

Şah II İsmayılın ölümü sarayda vəziyyəti gərginləşdirdi. Çünki, şahın qəfil ölümündən sonra qızılbaş əyyanlarının kimin şah seçilməsi maraq dairəsində idi. Qəzvində şah sarayında müşavirə çağrılırdı. Yığıncaqda vəzir Mirzə Salman, Türkmən tayfasının ağsaqqalı Əmirxanı, Üstaclı tayfasının başçısı gənc PirMəhəmməd xanla barışdırdı. Onlar sarayda vəzifə uğrunda mübarizə aparırdılar.

«… Onlar ata və oğul müqaviləsi bağladılar. Digər əmirlərdə onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi məsələsini həll etməyə başladılar». (3. 207).

Müşavirəyə yığılanlar şah II İsmayılın qardaşı Məhəmməd Mirzənin namizədliyi üzərində dayandılar. Qardaşı öləndə o, Şirazda idi. Onun zəif görməsi, mülayim və bacarıqsızlığı qızılbaş tayfa başçılarının çoxunu tam qane edirdi. Onlar gələcəkdə şah sarayında hakim mövqe tutmaq haqqında düşünürdülər. Vaxtilə Ərdəbil seyidlərinin ətrafında birləşən, tarixin keçmə-keçlərinə sinəgərib I İsmayılı şahlıq taxtına çıxaran Təkəli, Türkman, Üstaclı, Şamlı, Hülafə, Zülqədərli, Rumlubəyləri dövlətdə yüksək vəzifəyə sahib idilər.

Məhəmməd Xudabəndinin ögey bacısı Çərkəz qızından olan Pərixan xanımda onun şah olmasını istəyirdi. O, yaxşı bilirdi ki, qardaşı zəif iradəli, bacarıqsız bir şəxsdir. Onun bu çatışmamazlığından istifadə edib dövlətə rəhbərliyi öz əlinə aldı.

Şah arvadı Xeyranisə-Məhdi Ülya sarayda baş verən hadisələrlə barışmaq istəmirdi. İskəndər bəy Münşi yazır: « Əlahəzrət Məhdi Ülya dövlət işlərinin təşkilatçısı və qurucusu oldu. Onun göstərişi olmadan heç bir mühüm məsələ həll olunmurdu». (4. 82-83).

Bu iki qadın arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Belə vəziyyətlə razılaşmayan Qızılbaşlar Məhdi-Ülyanı aradan götürməyin bir yolu olduğunu yəqin etdilər. Günlərin birində onlar şahın arvadını sarayda boğub öldürdülər. Bununla kifayətlənməyib onun qoca anasını, dayısını da öldürüb dövlətlərini oğurlayıb qaçdılar. Məhdi-Ülya öldürüldükdən sonra Qəzvində xalq narazılıqlara və iğtişaşlara başladı. Qızılbaş əyanlarının bir qismi söz verdilər ki, nə qədər Məhəmməd şah sağdır ona tabe olacaqlar, əgər şahlıq boş qalsa vəliəhd Həmzə Mirzə taxt-tac sahibi olacaqdır.

Bu hadisədən sonra qızılbaş əyyanları dövlətin yenidən sahibi oldular. Onların bəziləri anlayırdılar ki, dövlətin qüdrəti və aliliyini qorumaq üçün güclü şah lazımdır. Məhəmməd Xüdabəndə hakimiyyətdən uzaqlaşdırılmalıdır, yerinə ikinci oğlu Abbas Mirzə gəlməlidir. «Belə bir şəraitdə 1587-ci ildə qızılbaş soylarından ən zorlusu olan Şamlı və Ustaclı soylarının əmirləri Məhəmməd Xüdabəndənin ikinci oğlu 16 yaşlı Abbas Mirzə Qəzvində şah elan edildi». (5. 160).

1579-cu ilin ortalarında Krım tatar xanı Məhəmməd Girey Osmanlı sultanının tələbi ilə Şirvana 100 minlik qoşunla hücuma keçdi və Şamaxıda Səfəvi sərkərdəsi Məhəmməd Xəlifənin azsaylı əskərləri ilə döyüşdə qalib gəldi. 23 oktyabr 1579-cu ildə «…Məhəmməd Girey xan Ərəş yaxınlığında Kürü keçərək Gəncəni, Qarabağı, Muğanı tutdu». (6. 150).

Dağıstan və Şirvanda Türklərin güclənməsini istəməyən qüvvələr var idi. Hələ I Təhmasibin hakimiyyətinin sonlarında saraya gəlmiş fars Mirzə Sarman sonralar II İsmayılın dövründə onun vəziri olmuşdu. Mirzə Salman Məhdi Ülyanın razılığı ilə Xüdabəndənin etimadını qazandı və vəzir oldu.

O, bununla kifayətlənməyib yerini möhkəmləndirmək məqsədilə qızını vəliəhd Həmzə Mirzəyə ərə verdi və oğlu Mirzə Abdullanı vəliəhdin vəziri rütbəsinə çatdırdı.

Mirzə Salmanın sarayda bu qədər nüfus qazanması və hadisələrin onların xeyirinə olmaması Qızılbaş əyyanlarını razı salmırdı, ona görə də vəziri xəyanətdə və fitnəkarlıqda müqəssir bilib öldürməyi qərara aldılar. 1583-cü ildə onlar saraya gəlib vəliəhdə bildirdilər ki, Mİrzə Salman Qızılbaş tayfaları arasında düşmənçilik və Xorasan əmirləri arasında itaətsizlik yaradır. Xorasanda baş verən üsyanların səbəbkarıdır. Əgər vəliəhd Mirzə Salmanı təslim etməsə onlar Abbas Mirzə ilə birləşəcəklər. Bundan sonra vəliəhd vəziri Qızılbaşlara verdi. Onlarda vəzirin əmlakını qarət edib özünü də öldürdülər.

Həmzə Mirzənin anası öldürüləndə o, 13 yaşında idi. Artıq onun 18 yaşı vardı. O, yaxın dostu Əmirxana anasının qatillərinin tapılması və cəzalandırılmasında ona kömək etməsini xahiş etdi. «Əmirxan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əsaslandı ki, osmanlı sultanı kimi güclü düşmənlə qarşı-qarşıya dayanarkən nüfuzlu Qızılbaş sərkərdələrini öldürmək və bununla onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz». (7.165).

Bu sözdən sonra Əmirxanla şahzadə arasında bir soyuqluq yarandı və nəticədə onu 1585-ci ildə öldürtdü. Bundan narazı qalan Türkman və Təkəli əyyanları hökumətin əleyhinə qiyama qalxdılar. Bu zamanlar şahzadə Həmzə Mirzə atasını tamam sıxışdırmış və ölkəni tək idarə edirdi.

Qızılbaş əyanları şah sarayından üz döndərib Xorasan əmirlərinin tərəfinə keçdilər. Orada hakim olan Abbas Mirzəni şah kimi qəbul etdilər.

Həmzə Mirzə sağlığında Fərhad paşa ilə əlaqə saxlayıb Osmanlılarla sülh bağlamağa çalışırdı. Hətta kiçik oğlu Heydər Mirzəni İstanbula göndərməyə razı oldu. Onun əsas məqsədi İran torpaqlarının istilasının qabağını almaq və vaxt qazanıb dövlətin hərbi gücünü artırmaq idi.Lakin o, bu niyyətini həyata keçirə bilmədi.

«Həmzə Mirzə 10 dekabr 1586-ci ildə şəxsi bərbəri Xoylu erməni Xudaverdi tərəfindən Gəncəçayı kənarında Şeyx Nizaminin türbəsi yanında yatdığı zaman başını kəsdi». (8. 202).

Beləliklə 1586-1589-cu illərdə Osmanlı dövləti və onun başçısı Sultan III Murad Həmzə Mirzənin öldürülməsi və Qızılbaş əyanlarının bir-biri ilə çəkişmələrindən və Səfəvi dövlətinin daxili vəziyyətinin ağırlığından istifadə edib Azərbaycanın bütün torpaqlarını zəbt etdi. Onlar Məhəmməd xan Ziyadoğlunun tabeliyində olan Qarabağıda istila etdilər.

Osmanlı ordusunun komandanı Fərhad paşa 17 iyul 1588-ci ildə Gəncəni zəbt etdi. 1 sentyabr 1588-ci ildə Osmanlılar Gəncə şəhərinə gəlib «əsgərlər cəmi ətraflarını əhatə etdilər. Adəm oğullarından bir nəfər də tapmayıb boş şəhərdə dayandılar». (9. 35).

Sultanın Divani humayununda çalışan Selanikli Mustafa əfəndi 1588-ci ilin aprel-may aylarında Gəncəyə səfərə gəldilər və şəhər qalasının (İç Qalanın) tikilməsindəki xidmətlərinə görə aylıq məvacibi üç avca artırılır. O, Gəncə haqqında yazırdı:

«Gəncə kimi nazənin və gözəl yer görülməmişdir. Bağ-bostanları, ab-urəvanı və şəhər yanında iki münasib körpüləri nəzərə çarpan bütün dağları, ağac və meyvələri, gül və çiçəklərin həddindən artıq çoxluğu heç bir diyara bənzəməz. Elə bilin ki, Allah, sübhanahu ləzzətli meyvələrin növlərini başqa vilayətlərə buradan bəxş etmişdir. Buranın suyunun dadlı ləzzətini heç yerdə tapmazsan».(10.36).

1588-ci ildə Gəncə-Qarabağ bəylərbəyi Məhəmmədxan Ziyadoğlu Osmanlı ordusunun Gəncəyə yaxınlaşmasından bir neçə gün əvvəl tabeliyində olan 50 minə yaxın insanı və öz ailəsini Gəncədən çıxarıb Araz çayının kənarında yerləşdirsədə bura gələn Osmanlı ordusu onları tamamilə məhv etdi.

Sultan III Muradxanın göstərişi ilə Fərhad paşa burada möhkəmlənmək üçün 3 sentyabr 1588-ci ildə Gəncədən 6 km aralıda bir qala tikdirdi. Orada çoxlu döyüşçü qoyub geri qayıtdı. Qalanın tikintisində gil-palçıq, çaydaşı və Gəncə memarlığı üçün ənənəvi olan bişmiş qırmızı kərpicdən istifadə olunub. Qalanın ümumi uzunluğu 13,7 km, hündürlüyü 6 m, binanın qalınlığı 2,3m oldu. Burada nəzarətçi bürcü indiyə qədər qalıb. Qaladan şəhərə çıxmaq üçün yeraltı yol salındı. Bu yol qalanın quzeyində indi də durur. “İç Qalanın” şərq hissəsindəki qapısı «Qarabağ qapısı», qərbindəki qapı isə «Tiflis qapısı» adlanırdı. 2010-cu ildə «Sərdar» bağı yenidən qurulanda «İç Qala»nın yaxınlığında bir qəbir aşkar olundu. Çox güman ki, bu qəbir döyüşlərdə həlak olmuş bir əsgərə məxsus imiş.

Gəncə qalasının (İç Qala) inşaasındakı xidmətlərinə görə «Tarixi Selaniki 1563-1600» kitabının müəllifi Mustafa əfəndinin maaşı üç ağca artırıldı. «1589-cu ilin avqustunda İstanbula qayıdan Selaniki vəzifəsindən kənar edilmişdi. «…vəziri əzəm Səyavuş paşa Selaniki Gəncə səfərinə qatıb müxtəlif tapşırıqlar üçün gündə 45 akca maaş verməklə öz yanında saxlayıb».(11.4).

1587-ci ildə şahzadə Abbas Mirzə Xorasandan Qəzvinə gəlib atasını hakimiyyətdən kənarlaşdırıb, özünü şah elan etdi və 12000 islamı qəbul etmiş gürcü süvarilərini şah qvardiyasına qatdı. «Qardaşı Həmzə Mirzənin qətlini təşkil edənləri, atası Məhəmməd Xüdabəndiyə tabe olmayan Qızılbaşların bəzilərini öldürtdü. 1597-1598-ci illərdə paytaxtı Qəzvindən İsfahana köçürtdü». (12. 473).

Türkiyə Osmanlı sultanlığı ilə qardaşı Həmzə Mirzənin bağladığı sülh müqaviləsinin şərtlərinə əməl etmək məqsədilə Şah Abbasın yaxın qohumu Qara Həsənxan İstanbula gəlib ağır sülh şərtlərini qəbul etdi.

«Səfəvilər özlərinin qalan mülklərini saxlamaq üçün sultan sülh şərtlərini qəbul etməyə məcbur oldular. 1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə, Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri Osmanlı Türkiyəsinə verildi». (13. 179).

Şahın ağır sülh şərtlərinin bağlanmasına razı olmasında məqsədi vaxt qazanmaq, güc toplayıb itirilmiş ərazilərin yenidən almaq idi.

«… Qarabağın sabiq bəylərbəyi Məhəmməd xan Ziyadoğlu Qacar ətrafına 100 min nəfərlik süvari və piyada qoşun toplayıb, 1589-cu il martın 21-də hərəkət edərək Gəncə qalasını mühasirəyə aldı». (14.27).

Məhəmməd xan Ziyadoğlunun bu hərəkəti Şah Abbasın Osmanlılarla bağladığı sülh şərtlərini pozurdu. Ona görə də şah hücumu dayandırmaq haqqında xəbər göndərdi. Həmin fərmanda Məhəmməd xan Ziyadoğluya hərbi hücumu dayandırmaq və geri dönmək tapşırıldı. Qoşundakı döyüşçülərin əksəri Gəncəlilərdən təşkil olunmuşdu. Ona görə də Məhəmməd xan Ziyadoğlu Gəncədən geri dönmək istəmirdi.

Şah Abbas Qacar tayfası arasında böyük nüfuzu olan çolaq Şahverdi bəyi və tayfanın sayılan böyüklərilə Məhəmməd xan Ziyadoğluya II dəfə məktub göndərib ona hərbi əməliyyatdan əl çəkməyi bir daha tapşırdı. Məhəmməd xan Ziyadoğlu məcbur olub Gəncə qalasının mühasirəsini dayandırdı. Əsgərlər arasında parçalanma və ruh düşkünlüyü yarandı.

«Məhəmməd xan Ziyadoğlunun qoşun hissələri pərakəndə düşdükdən sonra gürcü çarı Aleksandrın təklifi ilə ona pənah apardı. Lakin Aleksandr xəyanət yolunu tutdu və onu Osmanlılara təhvil verdi. Məhəmməd xan Ziyadoğlu İstanbula aparılıb orada həbsxanaya salındı».(15. 28).

1590-ci ildə Osmanlılarla Səfəvi dövləti arasında bir daha sülh bağlandı. Sultan III Muradxan Məhəmməd xan Ziyadoğlunu həbsdən azad etdi və onu Bağdada, sonra isə Ərdəbilə göndərdi.

Şah Abbas isə hakimiyyəti ələ alan gündən dövlətin hərbi qüdrətini gücləndirməyə başladı. O, İranın cənubunda olan portəgiz hərbi birləşmələrini ərazisindən qovdurdu. Onun İngilislərlə bağladığı hərbi müqaviləyə rəğmən onlardan 500 ton 20 min fitilli tüfəng aldı. O, Fransaya, Rusiyaya nümayəndələr göndərib ticarət əlaqələri qurdu.

Şah Abbas dövlət daxilində olan çəkişmələrə son qoyduqdan sonra Osmanlıların zəbt etdiyi əraziləri geri almağa başladı. O, birinci növbədə Təbriz şəhərini aldı. Sonra Naxçıvan, Culfa, İrəvan və Şirvanı azad etdi. Sonra şah 1606-cı ildə Qarabağ, Gəncə və Tiflisi ələ keçirdi. «Ümumiyyətlə, Gəncə şəhəri 1588-ci il avqustun 14-dən 1606-cı il iyulun 3-nə kimi 18 ilə yaxın bir müddət Osmanlı dövlətinin işğal dairəsində olmuşdur». ( 16. 28).

1615-1616-cı illərdə şahın istibdadına və yerli xalqları başqa yerə köçürmə siyasətinə qarşı Şirvanda xalq üsyanı baş verdi. Şah Abbas şübhələndiyi tayfanı, nəsli vətənlərindən sürürdü. O, Gəncəyə də bir sıra tayfaları sürmüşdü. «Gəncə yaxınlığındakı Döngə vilayəti də üsyana qalxdı. Üsyançılar Qarabağ bəylərbəyi Məhəmməd xan Ziyadoğlunun əsgərlərini öldürüb, Şirvan üsyançıları ilə birləşdilər». (17. 165).

1666-cı ildə Fərhad paşanın inşa etdirdiyi qala, yeni salınan Gəncənin içərisində olduğu üçün bu qalaya «İç Qala» deyilib.

1616-cı ildə Gürcüstanda Osmanlılarla döyüşlərin birində Məhəmməd xan Ziyadoğlu Qacar öldürüldü. Xərabə vəziyyətində olan şəhəri yenidən abad etməkdənsə onu yeni bir yerdə tikmək haqqında I Şah Abbas memar Bahəddin Amili Qacara göstəriş verdi. 10 may 1616-cı ildə bu günkü Gəncənin əsası qoyuldu.

Baş plana uyğun olaraq şəhər Gəncə çayının sol sahilində salındı. Şəhərin baş meydanında məscid, karvansaray, dəyirman, hamam və s. inşa olundu. Şəhərin su təchizatı üçün «Qızılqaya»dan «Karxana» və «Şatır» arxları çəkildi.

«Şatır tayfa adı olub, türkdilli xalqlarda tayfanın adı «Şatır» və «Şatar» yazılarına rast gəlinir. Misallardan məlum olur ki, Azərbaycandakı qədim Qıpçaq tayfalarında «Şatır» sözü eramızın II-IV əsrlərindən bu günə kimi işlədilir». (18.19).

Şatırın Hun tayfasından olmasını tarixi mənbələr təsdiq edir. Hazırda Şatır tayfaları Türkiyədə və İran ərazisində yaşayır.

Gəncə şəhərinin baş meydanına yaxın bir yerdə yerləşən «İç Qala»nın ətrafında evlər tikildi, küçələr salındı. 1848-ci ildə Gəncənin general qubernatoru N.Nakaşidze Qafqaz canişininin şərəfinə 6 hektarlıq bir bağ saldırdı və bura «Sərdar bağı» adı verildi.

Şəhərin hərbi qubernatorunun inzibati binasının aynaları bu bağa baxır. Məhəlləyə indiki Ayna Sultanova adına küçə və Cavad xan küçəsinin VI dalanı aiddir.

XX əsrin əvvəllərində 1911-ci (1333 h/q) ildə Məhəmməd Hüseyn adlı şəxs bu məhəllədə qırmızı kərpicdən iki mərtəbəli ev tikdirdi. İndi bu bina şəhər Endekrinoloji xəstəxanasıdır.

Bu küçədə yerləşən 6 №-li ev 1908-ci ildə tikilib. Mülk qaçaq Qəmbərə məxsus imiş. Mərhum 1920-ci ildə Gəncə üsyanı zamanı həlak olub.

Türk Osmanlı zabiti Hüsaməttin Tuğac yazırdı: «Şəhərin nizam-intizamını saxlamaq üçün qurulan milis təşkilatına şöhrətli döyüşçü rəislərindən qaçaq Qəmbər və qaçaq İbrahim də dəstələri ilə birlikdə qatıldılar. Qaçaq Qəmbər bəzi rus idarə adamlarını öldürmüş, postda vurmuş və Sibiriyadan qaçıb dağa çıxmış cəsur, eyni zamanda milliyyətçi bir insandı. Hər biri mükəmməl nişançı olan, boşa silah atmayan insanlardan ibarət dəstəyə girdilər.Qəmbər və İbrahimin dəstələri birinci takımda idilər. Bunlar sözümdən çıxmazlardı». (19.148).

Cavad xan küçəsi VI dalandakı 10 №-li ev Gəncə də tanınmış mülkədar Hacı Tağıya məxsus olub.

Məhəllənin sonunda olan XIX əsrin sonlarında tikilmiş 18 №-li ev Qalalılar nəslinə məxsusdur.

XX əsrin əvvəllərində məhəllədə bir neçə tarixi bilinməyən fərdi evlər tikilib. Məhəllə sakinləri 1920-ci ilə kimi tacirlik, baqqallıq, papaqçılıqla məşğul olublar. Onlar içməli suyu əvvəllər Sərdar bağından keçən Cavad xan kəhrizindən, sonralar isə 1914-cü ildə çəkilmiş Hacı MirQasım ağa kəhrizindən götürürdülər.

ƏDƏBİYYAT

 1. A.Alhonsede Martini. «Osmanlı tarixi». İstanbul. 1991, səh.521.

2. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh.126.

3. İskəndər bəy Münşi. «Tarixi aləmarayi Abbas». səh.207.

4. İskəndər bəy Münşi. «Tarixi aləmarayi Abbas». səh.82-83.

5. Mahmud İsmayılov. «Azərbaycan tarixi». Bakı. 1992. Səh.160.

6. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh. 150.

7. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh. 165.

8. «Kniqe Orudjbok Bada». Baku. 1988, str. 202.

9. «Tarixi Selaniki 1563-1600». Bakı. 1992, səh.35.

10. Selanikli Mustafa əfəndi. «Tarixi Selaniki 1563-1600». Bakı. 1992, səh.36.

11. Selanikli Mustafa əfəndi. «Tarixi Selaniki 1563-1600». Bakı. 1993, səh.4.

12. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı. 1987, səh. 473.

13. Oqtay Əfəndiyev. «Azərbaycan Səfəvilər dövləti». Bakı. 1993, səh.179.

14. «Gəncə» tarixi oçerki. Bakı. 1994. Səh. 27.

15. «Gəncə» tarixi oçerki. Bakı. 1994, səh. 28.

16. Q.Əhmədov, S.Onullahi. «Gəncənin qədim və orta əsrlər tarixi». Bakı. 1994, səh. 28.

17. Mahmud İsmayılov. «Azərbaycan tarixi». Bakı. 1992, səh. 165.

18. Əsgər Məmmədov. «Şatırlı etnonimi haqqında». Elm və Həyat jurnalı. Bakı. 1987, səh.19.

Hamlet Əli oğlu Allahverdiyev

AMEA GREM-nin “Arxeologiya və Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

Hardasan Qədim Gəncə?

E-mail Çap PDF

Hardasan Qədim Gəncə?

Tarix kitablarında Gəncə şəhərinin salınması haqqında yekdil fikir yoxdur. Onun tarixini VII-VIII-IX əsrlərə aid edirlər. Tanınmış rus alimi Y.A.Paxomov yazır ki: - “Gəncə şəhərinin yerində hələ VIII əsrin əvvəllərində eyni adda salınmış bir yaşayış məntəqəsi var idi” [1.46].

Mərhum arxeoloq İ.M.Cəfərzadənin fikrincə isə: -

“Gəncə Sasani Kavad (Qubad) tərəfindən tikilmiş, VII əsrdə (hicri 39-cu ildə) ərəblər tərəfindən salınmış və IX əsrdə Abbasilər sülaləsindən olan Bağdad xəlifəsinin fərmanı ilə inşa edilməmişdir, əksinə bu tarixlərdən çox əvvəl mövcud olmuşdur” [2.102].

Azərbaycan torpağında yaşamış ən qədim soylardan biri Kuti soy birləşməsidir. Onların Azərbaycanda olmaları e.ə. III minilliyə, Albanların məskunlaşması isə II minilliyin sonu I minilliyin əvvəllərinə təsadüf edir. Çox təəssüf ki, onların hansı dildə danışmaları haqqında dəqiq fikir söyləmək çətindir.

Araz çayından şimalda mövcud olmuş Qafqaz Albaniyasının Şimali Qərb vilayətinin mərkəzi Gəncə şəhərinin təbii iqlim şəraiti insan cəmiyyətinin formalaşmasında ilkin məskənlərdən olmuşdur. Yazılı mənbə kimi biz ancaq eramızın əvvəllərində yaşamış səyyah və tarixçilərin əsərlərindən olsa-olsa bu günümüzdən 2400 il əvvəli öyrənə bilirik. Bizim söyləyəcəyimiz fikirlər isə arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, katakomba qəbirlər və oronimlərə əsaslanır.

Gəncənin cənubunda yonulmamış çay daşlarından çox qədimlərdə yaşayış yeri tikirlərmiş. “Göy-göl rayonu yaxınlığında bir neçə il aparılan arxeoloji tədqiqat nəticəsində çay daşlarından hörülmüş və 3 min illik tarixi olan qədim bir yaşayış yeri aşkara çıxarılmışdır. Üç hektara yaxın olan bu yaşayış yerinin ətrafına daşdan hasar çəkilmişdir. Buradakı evlər düzbucaqlı formadadır. Həm də evlərin divarları və döşəmələri ağ maddə ilə suvanmışdır” [3.48].

Cənubi Qafqazda metallurgiyanın yaranma tarixi haqqında alimlərin fikri üst-üstə düşmür. Tanınmış rus alimi R.Virxov və E.Şantur metallurgiyanın Qafqaza Mərkəzi Asiyadan, fransız alim Jak de Morqan isə Dunaydan Qafqaza gəldiyini bildirir.

A.A.İyessen elmi dəlillərlə sübut edir ki, Qafqaz metallurgiyanın ən qədim məskənidir. O, Cənubi Qafqazda 5 əsas metallurgiya mərkəzinin olduğunu yazır. 1.Qərbi Gürcüstan; 2.Mərkəzi və Şərqi Gürcüstan; 3.Mərkəzi Cənubi Qafqaz; 4.Ermənistan; 5.Azərbaycan (Kür-Araz ovalığı).

Arxeoloji tədqiqatlar sübut edir ki, Albaniyada “.....e.ə. V-IV minilliklərdə misdən əmək alətləri və silahlar hazırlanmağa başlanmışdır. Lakin misdən hazırlanan alət və silahlar praktiki cəhətdən əlverişli olmadığı üçün insanlar misi qalayla qarışdırıb tunc əldə etdilər” [4.29].

III minillikdə Albaniyada erkən tunc dövründə insanlar artıq torpağı mis xışla becərmirdilər. Gədəbəydə mis mədəninin olması Albaniyada dəqiq desək Gəncədə ilk tunc alətlərin meydana gəlməsinə şərait yaratdı. Tuncun əldə edilməsi üçün 90% mis, 10% qalay lazım idi. Burada isə mis var idi, qalay isə yox. Qalay əldə edənə kimi insanlar mərgümüşdən istifadə edirdilər. İnsanlar sonralar qalayı başqa yerdən gətirirdilər, kürədə 7000-9000-də əridib, onu istədikləri şəkildə düzəltdikləri qəlibə tökürdülər. Əldə edilmiş alətlə torpağı becərirdilər.

“Eradan əvvəl III minilliyə aid metal əridilən kürələr, daş və gildən hazırlanmış qəliblər, bir sıra tunc əşyalar, alətlər və silahlar zamanlarına görə metal işləmə sənətinin yüksək səviyyədə olduğunu göstərir” [5.45].

E.ə. II minilliyin sonu və I minilliyin əvvəllərində dəmir dövrü başladı. Bununla da II minillikdə yüksək tərəqqi və inkişaf baş verdi. Dəmir alətlərin istehsalı üçün Gəncədə gözəl şərait var idi. Onun yaxınlığında böyük dəmir yataqlarının olması bunu deməyə əsas verir ki, Qafqaz Albaniyasında dəmirin ilk istehsal yeri Gəncə şəhəri olmuşdur. Bu istehsal vasitələri zamanı dəmirin insan həyatında rolu böyükdür. Artıq dəmir alətlə yanaşı əlvan metallardan, qızıl və gümüşdən zinət əşyaları hazırlanırdı. “E.ə. III minilliyə aid olan Xaçbulaq kəndindən tapılan bir qızıl asma vədigər bəzək şeyləri bunu təsdiq edir” [6.404].

Elə bu vaxtdan insan cəmiyyətində “ana şahlıq”, “ata şahlıq”-la əvəz olundu. E.ə. III əsrdə dövriyyəyə mis pul buraxıldı. Bundan sonra məhsullar mübadilə ilə yanaşı pul dövriyyəsində işləməyə başladı.

Qədim insanların ilk məişət əşyaları gildən hazırlanırdı. Onlar gildən təsərrüfat küpləri, məişətdə işlədilən kasalar, çölməklər, badələr, çıraqlar və s. əşyalar düzəldir, sonra onu kürədə bişirirdilər. Dulusçuluğun geniş inkişafı üçün Gəncədə xammal bazası var idi. İndinin özündə də Gəncənin şimal-şərqində böyük gil yataqları mövcuddur.

Şəkil № 1

1

Yarım köçəri həyat tərzi keçirən insanlar heyvandarlıqla məşğul olurdular. Onlar qoyun, keçi, inək, camış, at və dəvə saxlayırdılar. Onun südündən yağ, pendir, şor, süzmə və ayran alırdılar. Yunundan heybə, corab, paltar, keçə, xalça toxuyurdular. Burada floranın zənginliyi onlara boyaq rəngləri alıb boyaqçılıqla məşğul olmağa, əczaçılığa da şərait yaradırdı. O zamanlardan bu günə kimi arıçılıq bu zonada ən gəlirli sahə idi. Ağacın nazik budaqlarından səbətlər toxunur, içi palçıqla suvanırdı. Bal arıları səbətin içində şan düzəldib bal yığırdılar. Bu üsulla bal istehsalı yaxın keçmişə kimi mövcud idi. Heyvanların dərisinin emalı (dabbaqlıq) kustar üsulla həyata keçirilirdi. Dəridən paltar, kəmər, ayaqqabı (çarıq), papaq hazırlayırdılar.

Albaniyada 2 növ at yetişdirilirdi. Biri qoşqu, digəri isə minik atları idi. Minik atları haqqında akademik Teymur Bünyadov yazır: “Zənnimcə Qafqazın ən qədim atlarından biri sayılan Qarabağ at cinsini hətta Midiya atlarının nəsli hesab etmək olar”.

Ulularımız ovçuluqla da məşğul olurdular. Ov heyvanlarının və quşlarının çoxluğu bu sənətə meyli daha da artırırdı. Onlar mis ucluqlu oxlarla və ov itlərilə ov edirdilər. “....təxminən 5500 il bundan öncə məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq maldarlıq meydana çıxır ki, bunun nəticəsində ovçuluq təsərrüfatı öz əsas rolunu itirir” [7.17].

Qədim babalarımız yeri şumlayandan sonra dəni əllə səpirdilər. Yetişmiş məhsulu əl ilə yolurdular, sonralar sümükdən, daşdan hazırlanmış orağa bənzər alətlə taxılı biçirdilər. Misin əldə edilməsi nəticəsində metal oraqlar meydana çıxdı, bununla da daş oraqları əvvəlcə mis, tunc sonra isə dəmir oraqlar əvəz etdi. Yığılmış sünbülləri (dərzləri) vəllərlə döyər, sonra onu sovurardılar. Sovrulmuş taxıl qurudulur və təsərrüfat günlərində saxlanardı. Tədqiqatçılar göstərir ki, təxminən 5000 il bundan öncə Azərbaycanda vələmir, buğda, arpa becərilirdi. Yığılmış dəni kirkirədə yarma halına salırdılar.

Şəkil № 2

2

Akademik N.İ.Vavilov bildirirdi ki, Cənubi Qafqaz üzüm, nar, gilas, əncir, alma, armud və s. meyvələrin mədəniləşməsi vətənidir.

Gəncəçayı hövzəsində indi də vəhşi üzüm, nar və çay tikanı kolları mövcuddur. Strabon yazırdı: “Sakasenada və başqa vilayətlərdə bir üzüm kolu 1 metrel şərab verir”. (XI.7.2) 1metrel=40 litr. Onlar əkin yerlərinin suvarmaq üçün Gəncə çayından arxlarla su gətirirdilər. Albaniyada Gəncə şəhərinin yaxınlığında Şəmkir çayı hövzəsində kəhrizlər sistemi qeydə alınıb. Artıq insanlar qonşu vilayətlərə və ölkələrə gedir, ticarətlə məşğul olurdular.

5000 il tarixi olan Dərbənd-Şirvan-Tiflis karvan yolu üstə olan Qədim Gəncə hər iki istiqamətdə hərəkət edən karvanların dayanacaq yeri idi.

Ulu babalarımız ölülərini katakomba qəbirlərdə; qazılmış içi daşlarla möhkəmləndirilmiş qəbirlərdə dəfn edərdilər. Tanınmış qəbilə başçısı və yaxud onların valideynləri ilə bərabər onlara məxsus miniklərini, silahlarını, qadınları isə ziynət əşyaları ilə dəfn edərdilər. Axirətə inandıqları üçün qəbrin içinə yeməli və içməli ərzaqlar da qoyulurdu. Strabon Coğrafiya əsərində Albanların ziynət əşyalarını, heyvanlarını ölüləri ilə birlikdə dəfn etməsi nəticəsində çox kasıb yaşadıqlarını göstərir. Bütün ölülər paltarlı dəfn olunurdu.

E.ə. I minilliyin ortalarından bizim eraya qədər olan zamanlarda Albanlar ölülərini paltarlı küp qəbirlərdə dəfn edirdilər.

Şəkil № 3

3

Strabon yazırdı ki, (şəkil № 3) Albanlar “Allahlardan əsas Hemos, Zevs və Selenanı daha müqəddəs bilirdilər” [8.4,7.].

Hemos – günəş Allahı, əsas ali olan allah Zevs və ay allahı Selena idi. Onlar ay allahı Selenaya qurbanlar kəsir və dualar oxuyardılar.

“Albanlar dağdağan, saqqız ağac, dəmir ağac, çinar, qara ağaca da sitayiş edirdilər” [9.154].

Het mifologiyasında “Arma” Ay ilahəsinin adıdır. Qədim yunanlar da Armaya sitayiş edirdilər. Onlar Armanı ölkələrində Selena kimi tanıyırdılar.

Qeyd etmək lazımdır ki, qədim məbədlər dəbdəbəli binalardan ibarət olurdu.

“Zərdüşt məbədləri ilk vaxtlar yalnız kiçik bir mehrabdan ibarət olmurdu”.

Albaniyada məbəd şəhərləri öz quruluşu etibarilə şəhərlərdən ciddi fərqlənirdi.

“Albaniyadakı şəhərlərin (sonralar ölkənin iqtisadi və siyasi mərkəzinə çevrilmiş Şiz-Vavilon və s. kimi məbəd şəhərləri müstəsna olmaqla) qala divarları kiçik olub, yalnız məbəd və bilavasitə məbədlə bağlı binalar ətrafında idi” [10.32].

Göstərdiklərimizə yekun olaraq onu deməyi lazım bilirik ki, “tunc dövrü üçün xarakterik olan kurqanlar, torpaq, küp və daş qəbirlərin öyrənilməsi göstərir ki, Gəncəçay və Qoşqarçay vadiləri əhalinin ən sıx yaşayış məskəni olmuşdur” [4.62].

Çar Rusiyası dövründə Azərbaycanda bir sıra ekspedisiyalar aparılmışdır. Peşəkar ekspedisiyalarla yanaşı, həvəskar arxeoloqların və təsadüfi insanlar da dəfinə axtarmaq arzusu ilə qazıntı işləri aparmışlar. Çox təəssüf ki, istər elmi, istərsə də qeyri-elmi axtarışlar bu günkü tələbi ödəmirdi. Tapılan qiymətli eksponatlar oğurlanıb xaricə aparılır və yaxud şəxsi kolleksiyalarda saxlanılırdı.

1828-ci ildə rus arxeoloqu A.Yanovski Azərbaycan ərazisində vaxtilə Pliniyin Albaniyada adını çəkdiyi toponimlərin yerini müəyyənləşdirdi və sonra topladığı məlumatları 1846-cı ildə Peterburqda “Qədim Qafqaz Albaniyası” məqaləsini dərc etdirdi.

1834-cü ildə fransalı səyyah Dübua de Monpera Göy-göl rayonunda qazıntı işləri aparmış və tapdığı mədəniyyət abidələri olan tunc əşyaları və boyalı gil qabları vətəni Fransaya göndərmişdi.

1883-cü ildə Gədəbəy mis mədənində mühəndis vəzifəsində çalışan alman Kox Şəmkir rayonu yaxınlığında qazıntı aparmış və xeyli çaxmaq daşından hazırlanmış daş alət tapmışdır.

1884-cü ildə Gədəbəy mis mədəninin işçisi Krome qazıntı işləri apararkən daş sənduqə qəbir aşkar etmişdir. Sənduqədən çıxan maddi-mədəniyyət abidələri qarət edilib Münhen muzeyinə verildi.

1896-cı ildə Gəncə əyalət məktəbinin inspektoru A.Y.İoakimov Göy-göl rayonu ərazisində qazıntı aparmış və qiymətli qəbir əşyaları tapmışdır.

1901-ci ildə Moskva Arxeologiya Cəmiyyətinin Qafqaz şöbəsi Gəncə ilə Göy-göl rayonu arasındakı sahədə 7 kurqab aşkar etmişdir.

“Qarabağın Şuşa şəhərində müəllim işləyən Emil Resler 1892-1903-cü illər arasında Qarabağ və Gəncədə qazıntılar apararaq qiymətli abidələr çıxarıb. O, həmin abidələri Moskvadakı Dövlət Arxiv Muzeyinə və Peterburqdakı Ermitaj Muzeyinə verib”. “.... E.ə. II minilliyin sonu I minilliyin əvvəlinə aid edilmiş qolbaqlar, təbərzin baltalar, bıçaq, xəncərlər, ox ucları, muncuqlar və s. əşyalar xoşbəxtlikdən burada qorunur” [11.26].

1908-20-ci illərdə Ter-Qukasov Gəncəçay ərazisində arxeolji qazıntı aparmış və tunc dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkar etmişdir.

Bütün bu göstərdiyimiz məlumatlar onu göstərir ki, yaşadığımız Gəncə və ətraf ərazi qədim insanların yaşayış yeri olub.

Təxminən 2004-cü ildə Gəncə şəhərinin cənubi-qərbində yerləşən Danayeri kəndindən 4 km qərbdə “Qaplan dağ” massivində bir daş sənduqə aşkar olundu. Hadisənin şahidlərindən bir nəfər söyləyirdi ki, sənduqənin qapağı sal daşı kənara itələdik, qutunun içində bir qadın sanki yatmışdı. Əynində paltarı, əllərini sinəsinə qoymuşdu, boğazında muncuq, biləyində bilərzik var idi. Təəcüb bizi götürmüşdü. Bir neçə dəqiqədən sonra qız toz şəklinə düşdü. Onun boynundakı daş muncuq, qolundakı tunc bilərzik hazırda bu məqalənin müəllifindədir.

Şəkil № 4

4

Təxminən 14-15 il bundan öncə Gəncə şəhərinin cənubunda olan “Üç təpə” ətrafında bir ədəd 72 sm uzunluğunda tunc qılınc aşkar edildi. Təxminən həmin illərdə oradan daş muncuqlar da tapılıb.

Şəkil № 5

5

5/IX-2011-ci ildə şəhərin Azadlıq meydanında monitor üçün çala qazıldı. Torpağın 4 metr dərinliyindən 3 ədəd küp qəbir, içində insan skeleti aşkar olundu.

1998-ci ildə şəhərin şimali-qərb hissəsində Dəmir Yolçular Xəstəxanasının cənubunda həyətyanı sahədə bina yeri qazılarkən küp qəbir aşkar olunub.

Əgər şəhərin mərkəzində bu gün küp qəbirlər aşkar edilirsə bəs şəhərin mərkəzi harada olub? Bu sualın cavabı bizi düşündürməlidir...

Bu gün Gəncədə olan “Mahsara bağı” yaşayış məntəqəsinin onomasiyası və “Üç təpə” yaşayış yeri öz tədqiqatçılarını gözləyir.

 

ƏDƏBİYYAT:

1.Й.А.Пахомов  “Монеты Азербайджана” ст.46.

2. İ.M.Cəfərzadə  “Gəncənin tarixi oçerki”. Qobustan., 1973.səh.102.

3.Teymur Bünyadov “Azərbaycanın uzaq keçmişinə səyahət”. Bakı,  1957., səh.48.

4.Yusif Səfərov “Qədim Azərbaycan: nə bilirik?”. Bakı, 1989., səh.29.

5.Teymur Bünyadov “Mərd qalalar, sərt qalalar”. Bakı, 1981., səh.45.

6.Р.М.Мунчайев “Кавказ на заре бронзового века”. Москва, 1975., стр.404.

7. Strabon “Coğrafiya” XI 4,7.

8.Кемал Алиев “Античная Кавказская Албания”. Баку 1992., стр.154.

9.З.И.Ямпольский “Древняя Албания III-I вв до н.э.” Баку 1962., стр.190.

10.Rəşid Göyüşov “Amarəs-Ağoğlan”. Bakı 1975., səh.32.

11.Nuridə Atəşi “Qafqaz Amazonları”., səh.26.

 

Allahverdiyev Hamlet Əli oğlu

AMEA GREM-in “Arxeologiya və

Etnoqrafiya” şöbəsinin elmi işçisi

 

Cavad Xan Dəftərxanası

E-mail Çap PDF

 Cavad Xan son dərəcə fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab, sərt, sözü ötən, çevik siyasəti, hər məqamda çətin vəziyyətdən çıxmağı bacaran bir şəxs idi.
N.Dubrovin XIX-əsr

Kateqoriya: Dəftərxana
Tipi: Memarlıq
Əhəmiyyəti: Ölkə əhəmiyyətli
Əsr: XVIII əsr
Yerləşdiyi ünvan: M.Abbaszadə küçəsi
Inventar nömrəsi: 185
Şəhər: Gəncə

Cavad Xan Dəftərxanası XVIII əsr binalarına aiddir. Gəncənin sonuncu xanı olan Ziyad Xan oğlu Cavad Xanın Dəftərxanası olmuşdur. Bir otaqdan ibarətdir, sahəsi 48,36 m2, hündürlüyü 4,1 m-dir. Bişmiş qırmızı kərpicdən tikilmişdir. Binada Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadiq "mirzəlik" etmiş və burada yaşamışdır.

Sonralar gürcü şairi Nikolaz Barataşvili bu binada yaşamışdır. Ömrünün əsas qismini məmurluqda keçirən şair əvvəllər Tiflisdə, sonralar isə Azərbaycan şəhərlərində dövləti xidmətdə olmuşdur. N.Barataşvili 1844-cü ilin noyabrından 1845-ci ilin martına qədər Naxçıvanda olmuş, həmin ilin iyun ayından oktyabr ayınadək Gəncədə qəza rəisinin müavini vəzifəsində işləyərkən bu binada yaşamış və işləmişdir. 
N.Barataşvili 1845-ci il oktyabrın 21-də Gəncə yaxınlığındakı Nurut kəndində vəfat etmiş və Gəncədə dəfn olunmuşdur. 1893-cü ildə N.Barataşvilinin məzarı Gəncədən Tiflisə köçürülmüşdür.

Təəssüflər olsun ki, bina bir müddət öncə yerlə-yeksan edilmişdir.

 

Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu Əmirov

E-mail Çap PDF

 

Tanınmış musiqi xadimi, bəstəkar, tarzən Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində yerləşən mədrəsədə almışdır. Gənc yaşında atası Kərbəlayi Əmiraslanı itirən Məşədi Cəmil ailəni dolandırmaq məcburiyyətində qalır. Anası Yaxşı xanıma kömək etmək üçün Şuşa şəhərinin mərkəzi meydanında bişmiş noxud satmağa başlayır. Sonradan anası Yaxşı xanımın köməyi ilə dərzilik sənətinə yiyələnən Məşədi Cəmil tezliklə Şuşa şəhərində dərzi dükanı açır.

Məşədi Cəmil kişik yaşlarından tara çox böyük maraq göstərirdi. Bəstəkar, tarzən Mir Möhsün Nəvvabın (1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış Məşədi Cəmil 1907-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçür.

Məşədi Cəmil Gəncə şəhər məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, Bülbülü və Seyid Şuşinskini tarda müşayiət edir.

1910-cu ildə Riqa şəhərində “Qramafon” firması tərəfindən Məşədi Cəmil Əmirov və digər Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri xalq mahnıları və muğamları vala köçürülmüşdür.

Məşədi Cəmil 1911-1912-ci illərdə Türkiyənin İstanbul şəhərində musiqi təhsili almış və orada “Heyratı” muğamını nota köçürərək nəşr etdirmişdir.

Gəncəyə döndükdən sonra Məşədi Cəmil 1915-ci ildə “Seyfəlmülk” operasının, 1923-cü ildə isə “Namuslu qız” və “Sərkərdənin qılıncı” musiqili dramını səhnəyə çıxartmışdır.

Məşədi Cəmil Gəncədə ilk muğam kursunu və dram truppasını yaratmışdır.

1923-cü ildə isə Məşədi Cəmil Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və birinci ildə 39 tələbə musiqi məktəbinə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseynli, Telman Hacıyev və başqa bir çox Gəncənin görkəmli şəxsləri məhz bu məktəbin yetirmələridirlər.

Məşədi Cəmil Kərbəlayi Əmiraslan oğlu Əmirov 1928-ci ildə Gəncədə vəfat edir və Gəncənin Səbiskar qəbristanlığında dəfn olunur.

 

Fikrət Məşədi Cəmil oğlu Əmirov

E-mail Çap PDF

 

SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist əməyi qəhrəmanı, professor, Azərbaycan EA-nın müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində tanınmış bəstəkar, tarzən Məşədi Cəmilin ailəsində anadan olmuşdur.

Fikrət Əmirov Gəncə Musiqi Texnikumunu bitirdikdən sonra 1938-1939-cu illərdə Bakı Musiqi məktəbində oxumuş, 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir.

Fikrət Əmirovun yaradıcılığı Azərbaycan musiqisində təkrarolunmaz rəngarəngliyi ilə seçilir. O, ilk lirik "Sevil" operasının, "Min bir gecə" baletinin, "Şur", "Kürd ovşarı", "Azərbaycan kapricciosu", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamlarının, "Nizami" fəlsəfi simfoniyasının müəllifidir. Onlarla mahnıları, romansları, xalq mahnılarına işləmələri dillər əzbəridir. Eyni zamanda dram əsərlərinə və filmlərə musiqi bəstələmişdir.

Fikrət Əmirovun musiqisi İngiltərənin, Almaniyanın, Rusiyanın, Amerikanın, Fransanın, İtalyanın və bir sıra başqa ölkələrin səhnələrində radio və televiziyada səsləndirilmişdir. Onun əsərləri XX əsrin görkəmli dirijorları Maestro Niyazinin, L. Stakovskinin (ABŞ), Abandorqun (Almaniya), Munsun (Fransa), K. Rojdestvenskinin (Rusiya) və başqalarının rəhbərliyi ilə səslənmişdir.

Fikrət Əmirov 1941-1945-ci il Sovet-Alman müharibəsinin (Varşava) iştirakçısıdır. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

1959-1984-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının İ-ci katibi, eyni zamanda 1974-1984-cü illərdə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasında uzun müddət dərs demişdir.

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir.

 

Həmid Məhəmməd-Tağı oğlu Araslı

E-mail Çap PDF

 

Görkəmli ədəbiyyatşünas-alim Həmid Araslı

Həmid Araslı dostları ilə birlikdə

Həmid Araslı və qızı Nüşabə xanım Araslı

Həmid Araslı ailə üzvləri ilə birlikdə

Sağdan sola: Həmid Araslı, İmam Mustafayev, Mir Cəlal Paşayev və Balaca xanım Araslı


Aidə xanım İmanquliyeva, B.Hüseynov və Həmid Araslı, Şərqşünaslıq İnstitutunda

Soldan sağa: Rəsul Rza və Həmid Araslı

Soldan sağa: Zəhra Quliyeva, Nəbi Xəzri və Həmid Araslı

Soldan sağa: Əziz Nesin və Həmid Araslı

Osman Sarıvəlli və Həmid Araslı

Həmid Araslı dostları arasında (ikinci cərgə soldan Fikrət Əmirov)

Həmid Araslı dostları arasında (üçüncü cərgə soldan ikinci İsmayıl Şıxlı)

Həmid Araslı həmkarları arasında, N.Nərimanovun gecəsi

Türk şairi Əziz Nesin və Həmid Araslı

Həmid Araslı və Fikrət Əmirov

Həmid Araslı həmkarları ilə birlikdə


 

Turxan Gəncəvi

E-mail Çap PDF

 

Türkoloq alim, filologiya elmləri doktoru, professor Turxan Zeynal oğlu Məhəmmədzadə Gəncəvi 1925-ci ilin mart ayının 21-də Şimali Azərbaycandan köçmüş emiqrantların ailəsində, Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. Əslən Gəncədən olan atası Zeynal kişi və Naxçıvandan olan anası London şəhərində tanış olaraq, ailə həyatı qurmuşlar.

Turxan Gəncəvi ilk təhsilini Təbrizdə, ali təhsilini isə İstanbul Universitetinin ədəbiyyat fakültəsində almışdır.

Turxan Gəncəvi əmək fəaliyyətinə Neapol Universitetinin şərqşünaslıq fakültəsində başlamışdır. Sonra Frankfurt na Mayne və Hamburq Universitetlərinin şərqşünaslıq universitetlərində də çalışmışdır.

Turxan Gəncəvi 1959-cu ildən London Universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" dastanı haqqında mühazirələr oxumuşdur. Daha sonra Turxan Gəncəvi Kembric Universitetinə dəvət alır və 1984-cü ildə onun üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır. Turxan Gəncəvi Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Rəşid Behbudov və başqa şəxsiyyətlər haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir.

Turxan Gəncəvi 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illiyində və 1987-ci ildə Mirzə Fətəli Axundzadənin 175 illiyi ilə bağlı Azərbaycanda, Bakıda olmuşdur.

Turxan Gəncəvi böyük Azərbaycanın şairi Şah İsmayıl Xətai haqqında monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.

Turxan Zeynal oğlu Məhəmmədzadə Gəncəvi 2005-ci ilin aprel ayında Londonda vəfat etmişdir.

 

Şeyxzamanlılar (Şıxzamanlılar)

E-mail Çap PDF

 

Şeyx İbrahim Şeyx Hәsәn bəy oğlu Şeyxzamanlı  (İbrahim Qüdsi Gəncəvi)

12

                              Məşədi Ruqiyyə xanım                                                                                                            Hacı Saleh bəy Şıx-Həsən bəy oğlu Şeyxzamanlı (Şıxzamanlı)

3

Məhəmməd-Bağır bəy Saleh bəy oğlu Şeyxzamanlı (Şıxzamanlı)

4  

Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı (Şıxzamanlı)

6

Nağı bəy Şeyxzamanlı ikinci xanımı Həmidə ilə, Türkiyə, İstanbul

5

Məhəmməd-Bağır bəy Saleh bəy oğlu Şeyxzamanlı

7

İsrafil bəy Saleh bəy oğlu Şeyxzamanlı

 

Topçubaşov Mirzə Cəfər bəy Əlimərdan bəy oğlu

E-mail Çap PDF

 

Şair, şərqşünas alim Mirzə Cəfər bəy Əlimərdan bəy oğlu Topçubaşov 1784-cü ildə Gəncədə anadan olmuşdur. İlk təhsilini mədrəsədə almışdır. Rus, ərəb, fars, türk və gürcü dillərinə dərindən mənimsəmişdir.

Mirzə Cəfər bəy Topçubaşov 1817-ci ildə İran elçiləri arasında Peterburqa gəlmişdir. Peterburqda Xarici İşlər nazirliyinin departamentində tərcüməçi vəzifəsində çalışmışdır. Mirzə Cəfər bəy Topçubaşov həm də Peterburq Baş Müəllimlər İnstitutunda ərəb, fars, və türk dillərindən dərs deyirdi. 1823-cü ildə o Peterburq Universitetinin professor adına layiq görülür.

1835-1849-cu illərdə Rusiya Xarici İşlər nazirinin Asiya departamentinin Şərq dilləri İnstitutunda fars dili və ədəbiyyatı kafedrasının müdiri təyin olunur. Mizə Cəfər bəy Topçubaşov Rusiya Arxeologiya və Numizmatika cəmiyyətinin yaradıcılarından biri olub.

1852-1857-ci illərdə Mirzə Cəfər bəy İnstitutda Şərq şöbəsinin müdiri işləmişdir. Şöbə onun rəhbərliyi ilə "İzvestiya" adlı aylıq jurnal nəşr edərək Şərq arxeologiyası, habelə Azərbaycan haqqında məqalələr dərc edirdi. Jurnaldakı məqalələrin əksəriyyətini Mirzə Cəfər bəy Topçubaşovun özü yazırdı.

Mirzə Cəfər bəy "Dədə Qorqud" və 50-dən artıq şairin əsərlərini rus dilinə tərcümə etmişdir. Onun rəhbərliyi ilə bəzi rus şərqşünasları və diplomatları hazırlanmışdır. A.S.Qriboyedov ondan fars, A.Mitskevic isə türk dilini öyrənmişdir.

Mirzə Cəfər bəy Topçubaşovun elmi fəaliyyətini V.Belinski, İ.Krackovski, O.Senkovski kimi rus elm və mədəniyyət xadimləri yüksək dəyər vermişlər. Rus İmperiyası qarşısındakı xidmətlərinə görə imperatorun qərarı ilə ən yaxşı şərqşünaslıq əsərlərinə 100 rubl verməklə "Topçubaşov mükafatı" təsis olunmuşdur.

Mirzə Cəfər bəy Əlimərdan bəy oğlu Topçubaşov dəfələrlə ordenlər ilə mükafatlandırılmışdır.

M.C.Topçubaşov 1869-cu ildə Peterburqda vəfat etmişdir.

 

Hacı Əli Kərbəlayi Qasım oğlu

E-mail Çap PDF

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamanında təmsil olunan şəxsiyyətlərin böyük əksəriyyəti dövrün tanınmış ziyalıları idi. Belə ziyalılardan biri də gəncəli xeyriyyəçi Hacı Əli Kərbəlayi Qasım oğlu olmuşdur.

Hacı Əli Kərbəlayi Qasım oğlu 1856-cı ildə Gəncə şəhərinin Zərrabi məhəlləsində anadan olmuşdur. İlk təhsilini Gəncə Mədrəsəsində (Məktəbül-Ruhaniyyədə) aldıqdan sonra, Peterburq şəhərində İnstitutu bitirmişdir. Hacı Əli Kərbəlayi Qasım oğlu və kiçik qardaşı Bala Məşədi 1905-ci ildə Gəncədə Ələkbər bəy Rəfibəylinin yaratdığı Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və "Qeyrət" firqəsinin ən fəal üzvlərindən biri olmuşlar. Eyni zamanda 1906-cı ilin fevral ayında Gəncədə yaradılan ilk milli-demokratik siyasi ruhlu partiya olan "Difai"nin fəaliyyətində yaxından iştirak etmişlər.

Hacı Əli və qardaşı Bala Məşədi Gəncədə sayılıb-seçilən xeyriyyəçilərdən biri olmuşlar. Hacı Əli Qasımovun böyük maddi imkanları olmuş və o, sərvətinin böyük hissəsini xalqın və millətin rifahı yolunda sərf etmişdir. Hətta deyilənə görə, Hacı Əli Qasımov vaxtilə Bakı şəhərinə Şollar suyunun çəkilişinə öz maddi yardımı ilə dəstək vermişdir. Həmçinin, 1918-ci ildə Azərbaycanda Demokratik Respublika qurularkən Hacı Əli və Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün ADR Hökumətinə hədiyyə etmişdir.

Hacı Əli Kərbəlayi Qasım oğlu 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuş, Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918-ci il noyabr ayının 19-u) əsasən, Gəncə qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Əhrar" fraksiyasında təmsil olunmuşdur.

Hacı Əli 1920-ci il yanvar ayının 5-də Parlaman üzvlüyündən istefa verərək doğma şəhəri Gəncəyə qayıtmışdır. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra qardaşı Bala Məşədi ilə birlikdə 1920-ci il Gəncə üsyanının fəal iştirakçılarından biri olmuşdur. Gəncə üsyanı bolşeviklər tərəfindən amansızcasına yatırıldıqdan sonra başlanan repressiyalara Hacı Əli Qasımov, Bala Məşədi və ailələri də məruz qalırlar. Onların var-dövlətləri hökumət və digər mürtəcə qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Dəfələrlə sürgünlük həyatı yaşamış qardaşlar sonuncu dəfə 1934-cü ildə ailələri ilə birgə Qazaxıstan çöllərinə sürgün olunurlar.

Sürgündən qayıtdıqdan sonra hər iki qardaş hökümət tərəfindən yenidən təqiblərə məruz qalır və bir müddət sonra həbs edilərək Bayıl təcridxanasına salınır. Bir neçə gün davam edən sorğu-suallardan sonra, 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.

(Hacı Əli Qasımovun Gəncədəki müsadirə olunmuş mülkü, bu evdə mərhum İsmət Qayıbov da yaşamışdır)

Vüqar Həsənbəyli

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort