• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Əkbər Ağarza oğlu Babayev

E-mail Çap PDF

 

Görkəmli ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi, türkoloq-alim Əkbər Ağarza oğlu Babayev 1924-cü ilin iyul ayının 10-da Gəncənin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur.

Əkbər Babayev repressiyaya məruz qalan bir ailənin övladı olub. Atası Ağarza Molla Ələkbər oğlu 1947-ci ildə Stalin hökumətinin qəzəbinə tuş gəlib “pantürkizm” damğası ilə 25 il müddətinə azadlıqdan məhrum edilib. "Cəzasını Bakıda “6-cı kalon” deyilən məhbəsdə çəkib. Ağarza Babayev yalnız 1953-cü ildə, ”millətlər atası”nın vəfatından sonra bəraət ala bilib.

Orta məktəbdə müəllim işləyən Ağarza Babayevin evində 4 uşaq böyüyürdü. Ailənin 2-ci övladı olan Əkbər hələ uşaqlıqdan o biri qardaşlarından seçilirdi.

5 yaşında ikən artıq oxuyub - yazmağı bacaran Əkbərin inkişafında atası ilə dostluq edən və ailəsində tez-tez qonaq olan Əhməd Cavad, Səməd Vurğun və bu kimi görkəmli şairlərin böyük rolu olub. Qardaşı Ziya Babayev həmin günləri xatırlayaraq danışırdı ki,” atamla işə gedən 5 yaşlı Əkbər tramvayda camaatın xahişi ilə onlar üçün qəzet oxuyardı...”. 

Əkbər Babayev 15 yaşında orta məktəbi bitirir. Həmin dövrün qanunlarına görə yaşı az olduğu üçün instituda sənəd verə bilmir. Bu səbəbdən də atası onun yaşını sənədlərdə bir il artıq yazdırır. Əvvəlcə hüquq fakultəsinə daxil olur. Lakin, çox keçmir ki, ”bu peşə mənlik deyil” – deyib ordan uzaqlaşır. Ədəbiyyat və incəsənətə dərin marağının olması onu ADU-nun filologiya fakultəsinə gətirir.

Ziyalımız 1941-ci ildə rus-alman müharibəsi başlandıqda, hərbi-tərcüməçilik məktəbini bitirib cəbhəyə göndərilir. 1942-ci ilin əvvəllərində Xarkov ətrafında döyüşlərdə yaralanır. Sağaldıqdan sonra Bakıya qayıdır və təhsilini davam etdirir. Eyni zamanda Azərbaycan Radio Verilişləri Komitəsində çalışır, dərin məzmunlu publisistik yazıları ilə dinləyicilərin rəğbətini qazanır. 1945-46-cı ildə Əkbər Babayev Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun türk şöbəsi nəznindəki aspiranturaya daxil olur. Eyni zamanda Moskva Radio Verilişləri Komitəsində çalışır və bir çox türk yazıçılarının əsərlərini Rus dilinə tərcümə edir. Atasının həbs olunması Əkbərin təhsilinə də öz təsirini göstərməyə bilməzdi. Onun aspiranturada təhsil almasına maneələr yaranır. Ziya Babayev həmin vaxtlar bərk qorxu və həyəcan içində olduqlarını, hər dəqiqə gəlib onları və analarını da aparacaqlarını gözlədiklərini danışır: “Hər qapı döyüləndə anamın ürəyi qopurdu. Deyirdi indi gəlib məni də aparacaqlar, uşaqlar yetim qalacaq...”.

Görkəmli şair Nazim Hikmətlə tanışlıqdan sonra həyat sanki Əkbər Babayevin üzünə gülür. Tanınmış türk şairinin Moskvaya gəlişi onun aspiranturaya bərpa olunmasına böyük köməklik edir.

Məhz böyük türk şairinə olan hədsiz sevgisi sonralar, 1951-ci ildə Əkbər Babayevi Nazim Hikmətin yaradıcılığı mövzusunda "Nazim hikmət - sülh uğrunda mübarizdir" namizədlik dissertasiyasını müdafiə etməyə sövq edir və görkəmli alimlərin təklifi ilə bu sahədə tədqiqatlarını davam etdirir. Əkbər Babayev Moskvada yaşamasına baxmayaraq öz doğma şəhərini heç vaxt unutmazdı. Ustadı Nazim Hikmətlə Gəncəyə gəlişi buna əyani sübutdur.

Ömrünün son illərində Moskvanın müxtəlif nəşriyyatlarında Əkbər Babayevin 8 kitabı çap olunub. Bunların sırasında Nazim Hikmətin yaradıcılıq yolunu işıqlandıran sanballı monoqrafiya xüsusi diqqətə layiqdir. Həmin əsər həmçinin Türkiyədə, Polşada, Rumıniyada, Yuqoslaviyada, İraqda da nəşr olunub və Nazim Hikmət haqqında ən dəyərli, etibarlı bir tədqiqat əsəri kimi yüksək qiymətləndirilir.

Əkbər Babayev Nazim Hikmətin 8 cildlik əsərləri külliyatının Bolqarıstan nəşrinə bilavasitə rəhbərlik edib. Səmərəli elmi-tədqiqat və ədəbi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Türkiyə ilə ədəbi və mədəni əlaqələrin genişlənməsində də faydalı xidmət göstərib. Şərqşünaslıq institutunda apardığı elmi işlə yanaşı Əkbər Babayev istedadlı tərcüməçi kimi də fəaliyyət göstərirdi. Nazim Hikmətin, Əziz Nesinin və başqa türk yazıçılarının ən gözəl əsərlərini rus dilinə tərcümə edir, başqa tərcüməçilərə dəyərli məsləhətlər verir və bir sıra tərcümə əsərlərini redaktə edirdi. O, Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə tərcüməsi, Moskva nəşriyyatlarında çap edilib geniş yayılması sahəsində də xeyli əmək sərf edib. Ziyalımız "Azərbaycan poeziyası antologiyası" adlı kitabını Moskvada rus dilində xalq şairi Bəxtiyar Vahabzadə ilə birgə çap etdirib.

Türkoloq ömrünün sonunadək keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda çalışır.
Əkbər Ağarza oğlu Babayev ağır xəstəlikdən sonra 1979-cü il sentyabrın 12-də Moskvada vəfat etmişdir.

Bu gün ziyalımızın adını daşıyan Gəncədə yaşadığı küçədəki evinin üstünə asılan xatirə lövhəsində Əkbər Babayevin kimliyi haqqında qısa məlumat verilsə də, çoxları “Əkbər Babayev kimdir” sualına cavab verməyə hələ də çətinlik çəkir.

 

Əliqara bəy Hacı Yəhya oğlu Məmmədov

E-mail Çap PDF

 

Əliqara bəy Hacı Yəhya oğlu Məmmədov Gəncə Məktəbül-Xeyriyyədə türk lisani müəllimi işləyərkən

Soldan: Mir Cəlal Paşayev, Cahanbaxş, Salman Əhmədli, Əliqara bəy Məmmədov, Həmid Araslı, Allahverdi Verdiyev. Gəncə 1926-cı il.

IV-cü Ümumittifaq Təhsil işçilərinin konfransı Bakı 24 noyabr 1928-ci il. Soldan: ikinci-Ümumittifaq Kommunist Partiyasının Rəyasət Heyətinin üzvü Mariya İliç Ulyanova, üçüncü-Əliqara bəy Məmmədov, dördüncü-Əhməd Rəcəbli və beşinci-Əliheydər Qarayev.

Əliqara bəy Məmmədov Gədəbəy rayon Maarif şöbəsinin müdiri vəzifəsində işləyərkən, Gədəbəy 1936-cı il.

 

Məcid ağa Şəkibəyov

E-mail Çap PDF

 

(Bu yazımızda XX əsrin əvvəllərində Gəncəbasarda, Gədəbəyin əsilzadə ağası, erməni qənimi, antisovet qaçağı Məcid ağadan bəhs edəcəyik. Hansı ki, həmin ağa 1905, 1918-1920-ci illərdə erməni-türk davasının qəhrəmanı olub, Şəmkir döyüşündə mərdlik göstərib, 1920-ci ildə baş verən Gəncə üsyanında öz dəstəsilə birlikdə iştirak edib və ən əsası 1929-1930-cu illərdə Şura Hökuməti əleyhinə yerli əhalinin silahlı çıxışına başçılıq etmişdir).

XVIII-ci əsrin sonu XIX-cu əsrin əvvəllərində Zaqafqaziyada Rusiyanın hərbi-siyasi fəaliyyəti nəticəsində çoxsaylı dəyişikliklər meydana çıxmağa başladı. Azərbaycanın xanlıqlardan ibarət olması vahid bir qüvvə kimi rus işğalına qarşı uğurlu mübarizəni faktiki olaraq mümkünsüz etdi, həm də ermənilərin xəyanətkarlığı və gürcülərlə bağlanan “Georgiyevsk traktatı”ümumilikdə regionda hərbi balansı rusların və xristian qüvvələrinin xeyrinə dəyişdi. Buna görə də elə XIX-cu əsrin ilk illərindən gürcü çarı II İrakli vəziyyətdən istifadə edərək Qazax-Borçalı ellərinə qarşı amansız hücumlar təşkil etməyə başladı. Bu hadisədən sonra həmin torpaqlarda qərarlaşan aborigen türk tayfaları Azərbaycanın müxtəlif hissələrində məskunlaşmaq məcburiyyətində qaldılar, köç edən tayfaların sırasında kəsəmənlilər və s. tayfaların adı da var idi. Tarixi mənbələrdən məlum olur ki, Qazax mahalından köç edən tayfalardan birinə mənsub olan Yaqub ağa o zamanlar Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında yerləşən və bir yanı isə Göyçə mahalına söykənən el arasında “Şah Talası” kimi tanınan ərazidə məskən salır, günümüzdə bu ərazi Gədəbəy rayonunun ərazisinə aiddir və Kiçik Qafqaz dağları ilə tamamlanır. XIX-cu əsrdən etibarən Yaqub ağanın nəsil-şəcərəsi Yaqublular kimi tanınmağa başlayır, Yaqublular o Yaqublular idi ki, sonralar Azərbaycanın bu bir parçasında qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazacaqlardı, bu nəsil, o nəsil idi ki, Əsgər ağa, Qara Musa, Məcid ağa, Qurd İsmayıl kimi tarixi şəxsiyyətləri yaradacaqdı və erməni-türk, eləcə də bolşevik rejiminə qarşı mübarizənin avanqardına çevriləcəkdilər.

Beləcə, XIX-cu əsrdən etibarən burada məskunlaşan Yaqublular erməni-türk sərhəddini qoruyan ictimai-hərbi qüvvəyə çevrilə bilirlər, Yaqub ağanında sonra nəslinin davamçısı kimi Məmməd ağa Şəkibəyov əsrin sonlarına qədər həyatda yaşayır və ömrünün xəzan zamanında taleyinin hökmü ilə Sibir sürgünlərində iyirmi beş ilini çürütməli olur, qəribə idi ki, Çar hökümətinə boyun əyməyən və yeri gəldikdə onların əl tulası olan ermənilərin cavabını verən Məmməd ağanı öz silahıyla vura bilirlər. Əsrin sonlarında Qazaxdan baş qaldıran Qaçaq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Kərəmlə əlaqədə suçlandırılan Məmməd ağa gecənin birində həbs edilir. Əlbəttə ki, Məmməd ağa özü də Qaçaq Kərəmi açıq-aşkar müdafiə etdiyini gizlətməmiş və bu isə ona baha-başa gəlmişdir, sonralar bu ərazidə çoxluq təşkil edən və zümrəcə yuxarı silkə mənsub olan Yaqubluların xalq arasında nüfuzlarının olmasından yararlanan Çar hakimiyyəti onlara yerli idarəçiliyi güzəştə getmək məcburiyyətində qalır, nəhayət, XX-ci əsrin ilk illərindən etibarən yerli idarə orqanları və həm də bu ərazidəki torpaqların sahiblik hüququ tamamən bu nəslin ixtiyarına verilir. Artıq uzun müddətə sürgünə göndərilmiş Məmməd ağanın yurdunda isə onun oğlu əməlləri ilə indi də xalqın canlı yaddaşında yaşayan Məcid ağa Şəkibəyov öz fəaliyyətini davam etdirməyə başlayır.

XX-ci əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda və dünyada siyasi hadisələr gərginləşməyə başlamışdı. Çar Rusiyasına tabe olan btüün müstəmləkələrdə eləcə də Azərbaycanın Gədəbəy rayonunda milli-münaqişənin təzahürü geniş vüsət tapmışdı. Əvvəlcə onu qeyd edim ki, bu regionun qədim Azərbaycan torpağı olan, indi isə ermənilərlə məskunlaşdırılan Göyçə mahalı ilə qonşu olması hadisələrə ciddi müdaxiləni zəruri edirdi...

1905-1907-ci illərdə baş qaldıran erməni-türk savaşının məkanlarından biri də Gədəbəy idi ki, bu mübarizənin məhz avanqardı Məcid ağa, Mustafa ağa, Məlik ağa, Xınna dərəsindən Mika, Həmzə və digər ətraf ərazilərin bəyləri, ağaları idi.

1905-ci ildə silahlanmış erməni quldurları Zəngəzurda, Göyçədə silahsız əhaliyə divan tutaraq, minlərlə soydaşlarımızı soyqırıma məruz etmiş, olmazın cinayətlər torətmişdilər. Gədəbəylə diz-dizə olan Göyçədə Andronikin vəhşiləşmiş əsgərlərinin cinayətlərinə tarix dözə bilmirdi. Belə bir vaxtda Şah Talasında toplaşan yerli müqavimət dəstəsi Məcid ağa və onun əmisi oğlu Mustafa ağanın və Məlik ağanın başçılığı ilə hərəkətə başlayır. 1905-ci ilin payız aylarında Şah Talasından sakit və düşməni şübhələndirmədən əməliyyata başlayan Yaqubluların dəstəsi Cil və Pənbək (indiki Krasnoselo rayonu) kəndləri arasında gecə ikən mövqe tutaraq sabahın açılmasını gözləyirlər. Sabah açılanda isə gördükləri mənzərədən dəhşətə gəlirlər, kəndlərin azərbaycanlılar yaşayan hissəsi dağıdılıb, hələ də tüstülənən evlərdən qucaq-qucaq xalça-gəbə çıxarılır, tövlələrdən isə mal-qara qənimət kimi aparılırdı. Yüzlərlə meyit kəndarası yolda tapdaq altında təhqir edilirdi. Gördükləri mənzərədən dəhşətə gələn bəylər, ağalar ermənilərə yaxşı bir qulaqburması vermək qərarına gəlirlər. Cil əməliyyatı nəticəsində Andronikin buradakı dəstəsindən bircə nəfər belə xilas ola bilmir, işin maraqlı tərəfi o idi ki, bu döyüşdə igidlərimiz cəmisi bircə pulemyot gülləsi sərf etmişdilər, gecəikən iki təpənin arasında mövqe tutan bəylər, ağalar nəzərə almışdılar ki, hər iki təpədə erməni postu yerləşir. Qaranlıqdan yararlanan Mustafa ağa postun birinə güllə atır və dəstə dərəni tərk edir. Gülləyə məruz qalan post elə güman edir ki, qarşı tərəf artıq ələ keçirilib, cavab atəşinə başlayan üzbəüz postlar bir-birini məhv edirlər. Demək olar ki, bu hadisədən sonra həm orada yaşayan ermənilərin səsi kəsilir, həm də uzun müddət burada onları görmək olmur. Lakin düşmənin xəbisliyi zaman keçdikcə yenə də özünü göstərməkdə idi. Tarixdən bilirik ki, məlum 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycanda erməni ailələri yerləşdirilmişdi. Belə yerlərdən biri də məhşur Çənlibel kəndi (Şəmkir rayonunun ərazisidə olan Çardaqlı kəndi) idi. Qeyd edim ki, həmin ərəfədə burada bircə nəfərdə olsa yerli əhalidən nümayəndə yox idi və daimi hakimiyyətdən dəstək alan silahlı əhali ətrafındakı aborigen əhalini qorxu altında saxlayırdı. Və elə müharibənin gedişində də bu böyük erməni kəndi az rol oynamamışdı. Yaqublu ağaları müharibənin gedişində bu kəndin təchizatını və əlaqələrini kəsmək üçün ciddi fəaliyyətə başlayırlar. 1907-ci ilin isti avqust günlərinin birində Ermənistandan Çənlibel kəndinə kömək üçün gələn iki mindən çox erməni yaraqlısı Gədəbəyin civarında peyda olur. Günortadan sonra Başkənddə (Artsvaşen) dincələn dəstə üzvü Gədəbəyə doğru ağır-ağır hərəkətə başlayır. Ermənilərin hərəkətini izləyən Məcid ağanın dəstə üzvləri Qızıl torpaqda Xınna dərəsinin boğazında və dərənin girişində mövqe tutaraq bu azğın kütləni gözləməyə başlayır. Bu dəstə əslində Şəmkir və Mədən (Gədəbəy) əhlinə divan tutmağa gəlirdisə də, bir azdan özünün hansı divana məruz qalacağını bilmirdi. Xınna dərəsində cəmi otuz adamla iki min yaraqlıya qalib gələn Yaqubluların bu zəfərini hələ də yaddaşlardan anladanlar yaşamaqdadı.

Beləliklə, birinci müharibədə göstərdikləri igidliklə yadda qalan Yaqublular sonralar xidmətdə daha da fərqlənərək hökümət qarşısında xüsusi hörmətə layiq oldular və əhali arasında xilaskar kimi qarşılandılar. Təbii ki, 1918-ci ilin məlum hadisələrinə qədər erməni quldurlarının Gədəbəy və Göyçədə faktiki fəaliyyəti qeydə alınmır. Çar Rusiyasını titrədən məhşur inqilab bir çox xalqlarla yanaşı Azərbaycana da azadlıq bəxş edir və əlbəttə ki, bu da öz növbəsində Qafqazda da siyasi-hərbi fəaliyyətə zəmin yaratmış olur. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması böyük hadisə olmaqla yanaşı, yerli əhali tərəfindən də geniş dəstək əldə etmiş olmuşdur. Çar İmperiyası zamanından idarəçiliyi həyata keçirən yerli kadrlara da geniş imkan verilirdi. Əlbəttə ki, bu cür milli aksiya Məcid ağa başda olmaqla dəstəklə qarşılanırdı. Hələ Tiflisdən yenicə Gəncəyə köçərək fəaliyyətə başlayan Milli Şuranın rəhbəri M.Ə.Rəsulzadə ilə görüşdən sonra Yaqublulara da belə bir məzmunda tapşırıq verilir ki, yerli təhlükəsizlik təmin edilməklə yanaşı, ermənilərin potensial təhlükəsini də önləməyə çalışsınlar. Bu isə təsadüfi deyildir ki, əvvəli müharibədən fərqli olaraq düşmən indi burada geniş meydan açmağa qorxurdu, milli höküməti əvəz edən sovet höküməti müstəqilliyimizə son qoymaqla yanaşı, eləcə də torpaqlarımızı bölüşdürməyə başlamış, insanlarımızı məhv edirdi. İlk günlərdən bəylərin, ağaların fiziki məhvini öngörən bolşeviklər tezliklə qərb bölgəsinə ayaq basaraq milli qırğına start verməyə başladılar. Bolşeviklərin siyasətini qəbul edə bilməyən Yaqublular ciddi-silahlı savaşa hazırlaşmağa başladılar. Tezliklə bütün narazılar bir dəstə halında birləşərək sovet qoşunlarının Şah Talasında həmləsini gözləməyə başladılar. Amma buna qədər ilk zərbə artıq endirilmişdir. Mustafa ağanın namərdcəsinə həbsi hamımın hiddətinə səbəb olmuşdur. Şəkərbəy kəndinin idarəçisini danışıq aparmaq adı ilə təkbətək görüşə dəvət edən ÇEKA onun təkliyindən yararlanaraq tutmuş və müvəqqəti olaraq Şəmkir həbsxanasına yollamışdır. Yolda isə qəribə bir hadisə baş vermişdir. Ermənilərin kompakt yaşadıqları Çardaqlı kəndindən qolubağlı keçmək istəyən Mustafa ağa bu hərəkətə qəti etiraz edir və mübahisə də onun istədiyi kimi həll olunur. Vuqarlı olaraq əlindəki silahla ermənilərin içindən keçərək gedir. Orada isə ürəyi partalayan Mustafa ağanı edam etmək düşmənə nəsib olmur. Digər tərəfdən isə baş verənlərdən nəticə çıxaran Məcid ağa imkanı olsa da İrana getməkdən vaz keçir və Kiçik Qafqaz dağlarını özünə səngər edərək müharibəyə hazırlaşır. 1929-cu ilin payızına qədər mübarizə aparan bir çox qaçaq dəstələri məhv edilsə də, Qara Qayada Məcid ağanın öhdəsindən gəlmək mümkün olmur. Bunu görən mübarizə dəstəsi müraciət edərək rəhbərlərindən yeni qüvvə tələb etməli olur və 1930-cu ilin soyuq qış ayı həlledici il kimi tarixə həkk olunur. Buna qədər isə Gəncə üsyanında fəal iştirak edən Məcid ağa, Mustafa ağa, Məlik ağa, Xınna dərəsindən Mika və Həmzə sovetlər hökümətinin qənimi kimi qəbul edilirdi.

Nəhayət ki, bütün Azərbaycan ərazisində milli-müqaviməti qıran yadelli işğalçılara və yerli əlaltılara yalnız ucqarlarda kiçik dəstələr şəklində fəaliyyət göstərən üsyançılara qarşı son və həlledici hücuma başladılar. Qəribə idi ki, hələ də müqavimət göstərən azsaylı qaçaqlardan biri məhz Məcid ağa və onun dəstəsi sona qədər bu hücuma sinə gərmək əzmində və fikrində idilər. 1929-cu ilin qışından batalyon komandiri Arbuzovun rəhbərliyi altında əməliyyata başlamaq əmri verilir. Əsil hərbçi və taktikaçı olan Arbuzov hücuma başlamamışdan əvvəl yerli camaatın köməyindən yararlanmağı qərara alaraq elan verdirir ki, kim Məcid ağanın yerini söyləsə ona öküz və xəs veriləcəkdir. Bundan başqa Məcid ağa ilə arası olmayan bir sıra nadürst sapı özümüzdən olan baltaların da iştirakı ilə mümkün variantlar hazırlanır və onun harada qərarlaşacağını təxmin edirlər. Dekabrın soyuğunda Şah talasına hücuma keçən sovet əsgərləri buraya daxil olduqda Məcid ağanın sarayında yalnız arvad-uşağın qaldığını aşkar edir. Məcid ağa ailəsini hökümətin əlində qoymaqla onlara toxunulmayacaqlarını yaxşı bilirdi, o dövrün kişilik ənənələrində qadına, ailəyə toxunulmazdı, hətta düşmən olsa belə və Arbuzov başa düşürdü ki, kişiyanə bir hərəkətlə elə də uzaqda olmayan, dağları özünə səngər edən insanla döyüş aparmalı olacaqdır. Arbuzovun əmri ilə evi tərk edən ailənin üzvlərini həbs edirlər və topların istiqamətini onun ikimərtəbəli evinə yönəldirlər. Uzunmüddətli davam edən yaylım atəşindən sonra evin divarları sadəcə cuzi bir formada zədələnir və öz varlığını ta sovetlərin dağıldığı günə qədər qoruyub saxlayır. Yalnız son illərdə qızıl tapmaq arzusu ilə yerli camaatın bəzi üzüqara nümayəndələri hörgü daşlarını dağıdırlar amma o evin yeri və daşları hələ də qalmaqdadır. Arbuzov əməliyyata başlamamışdan əvvəl yerli dağlıq şəraiti öyrənmək məqsədilə bir qrup rus əsgərini kəşfiyyata yollayır, bütün bunları isə qənşərdən “binokulla” izləyən Məcid ağa çovğunun çaşdırdığı əsgərləri əsir alaraq, yaxın adamlarının onları öldürmək təklifinə rəğmən o, bu əsgərlərə dəymir, yalnız Qara Musanın ciddi-cəhdindən sonra bu 8 xristian rus əsgərlərini müsəlman qaydasında sünnnət etdirir. Hər biri 18-20 yaşlarında olan bu əsgərlər bir qaşıq qanla canlarını qurtara bilirlər. Bunlardan vəcdə gələn Arbuzov Məcid ağanın kişiliyinə heyran qalaraq onu öz gözlərinə ucaldır və öz işinə daha ciddi yanaşmağa başlayır. Tarixi məlumatlara görə həmin ilin amansız qışında qarın çox yağması və dözülməz şaxtalar vəziyyətin dramatik həddə gəlib çıxmasına səbəb olur. Rus ordusu Keçi dərəsinin dolaylarında qərarlaşan qaçaqlara tərəf dəfələrlə hücuma keçsələr də hər dəfə də ciddi itkilər verərək geri çəkilirlər. Bu cəhdlərin birində isə Arbuzov dizindən ağır yaralanaraq mübarizə meydanını müvəqqəti tərk etməli olur. Və beləliklə də davam edən bu savaşın ömrü qarı şaxtasıyla 1930-cu ilə qədəm qoyur.

Uzun zamandan bəridir ki, o yerlərin qocaları hələ də Məcid ağa əfsanəsi haqqında öygü ilə danışır və fəxrlə yad edirlər o insanı...Bəli 1930-cu ilin dəhşətli qışı Sovet höküməti ilə mübarizə aparan qaçaqların sonu olur. Son qüvvələrini toparlayan qaçaqlar uzun müddətli və son bir müharibəyə hazırlaşırlar. Keçi dərəsində dağların döşündə və Qara qaya yaylağında qurulan üst-üstə üç səngər dağın qartallarının müdafiəsini təşkil etməkdə davam edirdi. Bu cür açıq hücumlarla onları məğlub olacağından ümidini itirən hökümət yeni-yeni yollara əl atmağa başlayırdı . Gecə hücuma keçən ordu külli miqdarda canlı itki verərək geri dönməli olur.

Qırmızı bayraqlı ordu komandanlığı ciddi-cəhdlə ilin sonunadək antiinqilabı ünsürləri və onların dəstələrinin ləğv etməyi bir vəzifə kimi qarşıya qoyurdu.

Bu müddət ərzində qaçaqlar da öz növbəsində silah və ərzaq ehtiyatını qoruyaraq yazadək-qar əriyib dağ yolları açılanadək vuruşmağı qərara alırlar. Deyilənə görə, həmin ilin qışı olduqca sərt keçir və qaçaqlara olmazın əzablar gətirsə də, onlar mətanətlə sinə gərməkdə davam edirlərdi. Ta o vaxtadək ki, onları bu səngərlərdən çıxara biləcəklərdi. Qoşun rəhbərliyi hər gün ciddi yerli adamlar hesabına casusluq fəaliyyətini genişləndirir və ələ düşən ilk imkandan faydalanmağa çalışırdı. Elə buna görə də il kiçik çillə üstünə dönəndə Sibir kimi soyuq şaxtalı fevral gecəsində dərəyuxarı hücum əmri verilir. Bu gecə həqiqətən də dözülməz soyuq olduğundan yuxarı postda növbə çəkən qaçaq orta postda keşik çəkən həmkarının yanına enir ki, olduğu müddətdə burada həm vaxtını keçirsin, həm də işinə bilsin. Amma onun ağlına gəlmirdi ki, buraxdığı bu səhv tək onun özünün deyil, bütün qaçaqların canı bahasına olacaqdır.

Qoşun nəhayət dərəbaşındakı səngərə çatır və buranı zəbt edir. Komandirin əmrinə görə onlar səngərə doluşaraq qaçaqların nə vaxt gələcəyini gözləyirlər.

Iki saatdan sonra xəbərsiz-ətərsiz fit çala-çala səngərə daxil olan qaçaq namərd gülləsinə can verir. Alt səngərdə keşik çəkən digər qaçaq naməlum bir tüfəngdən açılan güllə səsini duyunca nəsə pis bir şeyin baş verdiyini anlasa da, səngərini tərk etməyərək gözləməyi qərara alır. Bir neçə saat gözləyən qoşun heç kəsin gəlməyəcəyinə əmin olduqdan sonra ikinci postu tutmaq üçün aşağıya doğru hərəkət edir.

Bayaqdan səngərdə nigarançılıqla gözləyən Niftalı ağa yaxınlaşan qoşunu görən kimi ilk gülləsini xəbər məqsədilə dərəboşluğuna boşaldır.

Gecənin şirin yuxusunda olan Məcid ağa Niftalı ağanın qoşa lülləsindən atılan güllə səsini eşidincə hamını ayağa qaldırır.

Uşaqlar, bu Niftalı ağanın xəbərdarlığıdır özü də xeyirli məqsədlə deyil. Tez silahlanın və ehtiyatla bayıra çıxın. Yuxarıda isə Niftalı ağa qeyri-bərabər döyüşdə həlak olur.

Qısa müddətdə yuxarıda nə baş verdiyini anlayan Məcid ağa təcili son hərbi yığıncağını çağırır və qısa zamanda qərar qəbul etməli olduğunu bildirir. Uzunmüddətli bir mübarizənin bu cür bitəcəyindən sarsılan əksər qaçaqlar onun daha davam etdirilməsinin mənasız olduğunu bildirirlər. Nəhayət Məcid ağa qəti qərara gəlir, hər kəs azaddır, mənimlə gəlmək istəyən gələ bilər.

Məcid ağa ilə yalnız onun böyük oğlu Cəmşid ağa və qohumu Mahmud ağa getməyi qərara alırlar. Məcid ağanın bu üç nəfərlik dəstəsi dağ yolu ilə Çətindərə adlı qədim yaşayış məskəninə hərəkət etməyə başlayır. Dəstədən ayrılan qaçaqlar Allah ümidi ilə Avasalı kəndinə gələrək gecəykən Məcid ağanın tanışlarından olan Məmməd kişinin qonağı olur və hallarından xəbərdar olan Məmməd kişi qonaqları evində yox, həyətində yığılan qarğıdalı tayasının içində gizlədir.. Uzun zamandan bəri sonuncu səngərdən səs gəlmədiyini anlayan qoşun ora daxil olduqda heç kəsi tapmır, güclü küləyin isə qarı sovuraraq izi itirdiyini görürlər. Yerli casusların ağıllarına ilk gələn o olur ki, kəndə tərəf yollansınlar və qaçaqları orada axtarsınlar.

Məmməd kişi qaçaqları axtaran qoşunun gəldiyini eşidən kimi kiçik oğlu ilə bərabər onlara xəbər göndərir. Qara Musa başda olmaqla bütün qaçaqlar həbs edilirlər. Yeni təyin olunmuş komandiri əvəz edən Arbuzov isə sağalaraq öz vəzifəsinə qayıdır və tutulan qaçaqların arasında Məcid ağanın olmadığını görüncə fəxr hissi ilə köksünü ötürür.

Bu qaçaqları mühakimə edən Şura hökuməti isə onlara güllələnmə hökmü kəsərək icranı yerinə yetirir. Amma hələ də Məcid ağanı ələ keçirmək mümkün olmurdu. Silahdaşlarının həbsindən və güllələnməsindən xəbərsiz olan Məcid ağa gecə ilə öz ətrafındakılarla birgə Çətindərə istiqamətinə yol alırlar. Çətindərə indiki Gədəbəy rayonu ilə Daşkəsən rayonunun aralığında qədim yaşayış məskənidir və yerli əhali uzun müdddət bundan öncə bu dağlar qalasında məskunlaşmışdır. Ağalığının gəlhagəl vaxtında Məcid ağa buraya tez-tez ova gələr və günlərlə burada dostlaşdığı İsgəndər kişinin qonağı olardı. Elə indi də bura yan alması bu səbəbdən idi ki, İsgəndər kişinin köməyi ilə burada bir neçə gün daldalanaraq bir tərəfə çıxsınlar. Dəstə qaranlığın düşməsindən istifadə edərək qara damlardan birinə yanaşdılar və qapını taqqıldatdılar. Qapı astaca aralandı, İsgəndər kişi Məcid ağanın gəldiyini görən kimi cəld onları içəri dəvət edir və gecəni burada qonaq saxlayır. Söhbət əsnasında olanlardan xəbər tutan İsgəndər kişi onları daha etibarlı bir sığınacaqda gizlətmək üçün fikirləşir və qərara gəlir ki, növbəti gecə ağaları qarşıda yerləşən qayanın içində otağabənzər kahada yerləşdirsin. Yenə də səhərə yaxın bir qədər ərzaqla Məcid ağanı qayada yerləşdirən İsgəndər kişi arxalarınca da qoyun sürüsünü keçirərək izi silir. Amma nə qədər ehtiyatlı olsada qonşusu Ələsgər Məcid ağanı görə bilir və tanıyaraq onları izləyir.

Qara Musanın ələ keçməsindən və Məcid ağanın tutulmamasından sonra mübarizə hələ də davam etdirilirdi. Yerli casusların ehtimalına arxalanan Arbuzov dəstənin hara gedə biləcəyi ehtimalı üzərində baş sındırır və onun ətraf ərazilərdəki dostları haqqında raport tələb edir. Çətindərədə İsgəndər kişi ilə əlaqəsi olduğuna dair xəbərdən sonra Arbuzov ora göndərilən casusun hansı xəbərlə qayıtmasını səbirsizliklə gözləyir. Casus İsgəndər kişidən bu haqda nəsə öyrənə bilməsə də qonşunun satqınlığı nəticəsində məlumatla geri dönür və nəticədə qoşun silahlanaraq qarlı dağ yolları ilə Çətindərə yaylağına son döyüşə yola düşür.

Bu dünyaya vəfasız deyənlər həqiqətən də çox vaxt yanlmış olmazlar desək, daha düzgün olardı. Zəmanənin qırdı-qaşdılığını görəndən sonra, bir stol arxasında çörək kəsdiyin dostunun vəfasızlıq elədiyi bir dövranda, ağsaqqallar incə-incə köks ötürərək köhnə zəmanədəki, köhnə kişiləri tez-tez xatırlamağa başlayırlar. O dövrün vurub-tutan insanlarının simasında Məcid ağanı hamı xatırlayır, o insanların özləri qanun-qayda idilər, dağdan ağır kişilər, hələ də ürəklərdə özlərinə qurduqları abidə ilə yaşayanlar, uzaqgörənlikləri igidlik və cəsurluqları ilə ağıllarda qalırlar. Məcid ağa gözdən-könüldən uzaq, hamının unutduğu bir bölgədə misilsiz tarix yazmağı bacardı. Ermənilərin Gədəbəy bölgəsinə hücumunun qarşısını aldı və Azərbaycanın sovetlər tərəfindən işğalından sonra milli-azadlıq mübarizəsinə başladı. Biz çox qəribə millətik, tariximizi öyrənməklə heç olmasa harada səhvə yol verdiyimizi başa düşərik, elə bu ağaların məğlubiyyətinin səbəblərinə baxanda məlum olur ki, öz içimizdən olan xainlərin ucbatından baş verdiyi önə çıxır. Bu günün özündə də, o insanların həyatda olanları tarixin məzəmməti qarşısında əzabla yaşamaqdadırlar. Bəli, Məcid ağa Azərbaycan tarixinin öyrənilməmiş. Gizli qalan bir tarixidir şərəflə və şanla yazılıb...

Çətin dərədə qalın qar keçilməz bir bəndi-bərə əmələ gətirmişdi. Yollar, çaylar, bu qalın ağ yorğanın altında yuxuya dalmışdı. Dağlar vüqarla qış günəşinin altında parıldayırdı, bir yandan dərələrdən qalxan qalın duman zirvəyə doğru yorulmadan sürünə-sürünə qalxırdı. Bir azdan dağların sis dumandan görünməz olacağına heç bir şübhə yox idi. Hər yan səngər idi. Hər yan qaçaqlara alınmaz qala idi. Təbiət özü sinəsinin sipər edərək oğullarını yaxınlaşan qırmızı ölümdən qorumağa çalışırdı.

Qırmızı ordu son döyüşə hazırlaşırdı. Bu döyüş hər şeyin sonu olacaqdı. Gədəbəyin sovetləşməsi nəhayət, başa çatacaqdı. Bu faktiki işğal idi, amma nə yazıqlar ki, bir çox kəndlilər və satqınlar bunu anlamaqda aciz idilər, ərazini yad ordu işğal edir, sənsə ona könüllü yardım edəsən ki, rahatlıqla məhkum olunasan.. Sovet ordusu dolama yollarla minlərlə əsgərini Çətin dərəyə gətirib-çıxara bildi. İsgəndər kişi sorğu-suala çəkildi, Məcid ağa haradadı? Heç bir cavab almayan qoşun ətrafı aramağa başladı, qarlı dağlarda, adamvuran şaxtada bu mümkün deyildi, bunu bildiyindən İsgəndər kişi rahat idi. Hökumət Məcid ağanı tapa bilməyəcəyini anladığı üçün yerli əhalini ələ almağa çalışırdı. Kim Məcid ağnın yerini xəbər versə ona bir cüt öküz xışı veriləcəkdi. Hamı dağda-daşda Məcid ağa axtarırdi... Qələmli kəndində Qaranın oğlu Keçəl də satqınların arasında idi. Ümid edirdi ki, o, Məcid ağanı tapacaq və bu mükafatı qazanacaqdır. Bunu bilən Qara kişi oğlunun bu yoldan çəkindirməyə çalışmışdı, cavabında onların dövranı getdi dədə, deyə etiraz etmişdi. Qara kişi zamanında Məcid ağanın qapısında işlədiyini, çörəyini yediyini unutmamışdı. Ona görə də, oğluna bunu xatırlatsada bir faydası olmadı və əvəzində ata qarğışı qazandı, get, ona Məcid ağa demərəm gülləni ağzına atmasa, qoşunun önündə idi Keçəl, İsgəndər kişinin qonşusu Məcid ağanın yerini xəbər vermişdi. Kişini qonşusunun namərdliyi yaman sarsıtmışdı. Amma sonadək heç kəsə heç nə demədi. Keçəl və qonşusu başda olmaqla qoşun ağaların gizləndiyi qayanı əhatə etmişdi. Amma buranı necə alacaqlarını bilmirdilər. Qara kahaya yol yalnız onun dibində bitən palıd ağacına çıxmaqla mümkün idi. Amma bu işi kim edəcəkdi, Məcid ağa bir səhər qoşunun onları əhatə etdiyini görəndə ani və qəti bir qərarla son döyüşə hazırlaşmaq haqqında qərar verdi. Lakin bundan öncə yanında olan sevimli oğlu Cəmşid ağanı yola salmalı oldu, Cəmşid ağa getmək istəməsə də Məcid ağa, get, tezliklə arxanca gələcəyəm, deyə bildirdi.

Nəhayət, tək qalan Məcid ağa oturub öz gizləndiyi evində düşmənini qarşılayan yaralı aslan kimi düşmənini gözləməyə başladı. Plan tökən komandir isə qərara aldı ki, birinci olaraq Məcid ağaya xəbərdarlıq etsinlər, bunun üçün Keçəli qayaya göndərdi, ayağı dolaşa-dolaşa palıd ağacına dırmaşan Keçəl ağaya necə yaltaqlıq edəcəyini düşünürdu. Ağa dürbini gözündə müşahidə apararkən lap gözünün qabağında bir motal papağın qaraldığını görür, dürbini yerinə qoyur, ehmalca onatlanı götürür və ucuyla papağı itələyib salır qabağında işıldayan Keçəl başı gördükdə az qaldı ki, çaxmağı çəksin. Amma qərara aldı ki, görsün bu kimdi, sualında keçəl, Məcid ağa mən filankəsin oğluyam deyib, ağanı qılıqladı. Məqsədin nədi bala, ağa, qoşun sizi əhatəyə alıb təslim olmağınızı tələb edirlər, ağa nolar ki, bala, əvvəl düş mənə bir səhəng su gətir, ağadan səhəngi alıb yerə düşdükdən sonra keçəl: Məcid ağa, daha sizin zamanınız keçdi, mən sovet hökümətinin düşməninə həyat verə bilmərəm, deyə ağzını açıb bağıranda səsi yarıda kəsildi, dibindən üzülmüş ağac kimi yerə gəldi, ağzının içinə atılan güllə keçələ lazım olan qismətini bəxş etmişdi...

Məcid ağanın ipə-sapa yatmayacağını anlayan komandir, bu dəfə İsgəndər kişini Məcid ağanın yanına göndərməyi qərara aldı. Məcid ağa İsgəndər kişini əsəbi qarşılayaraq, İsgəndər kişi: ağa, təslim olma onlar bunun üçün məni yolladılar və ağa əllərinə qurban olum ki, o əclafın payını verdiyin üçün İsgəndər kişi, deyə ağa səsləndi, mənə su gətir.. Ağacı yarıya qədər düşən İsgəndər kişini qəfil açılan atəş səsi dayandırdı, ürəyi üşürgələndi, bir saniyə belə itirmədən qabı yerə ataraq, yuxarı dırmandı, kahanın ağzından içəri girdikdə al-qan içində inləyən Məcid ağanı görərək özünü itirdi, içəri girmək istədi, ağanın hayqıran səsi onu saxladı, gəlmə, səni öldürərəm, inan ki, öldürərəm. İsgəndər kişi geri çəkilməli oldu, ikinci atəşlə sanki kişinin bütün dünyası yıxıldı, təkrar içəri girdikdə Məcid ağanı arxasıüstə uzandığını gördü, özünü irəli atdı, artıq gec idi, ağanın başını sinəsinə sıxaraq Məcid ağa, nə etdin, deyə bağırdı, Məcid ağa ikinci gülləni ürəyinə vurmuşdu. Bir müddət sonra ağanın nəşini qayadan endirdilər, Arbuzov bu neçə müddətdə onu bu dağlarda səfil edən insana baxırdı. Bu kişinin mərdliyinə vurulmuşdu, bir də əlində tutduğu onatılan onu hər şeydən çox təəccübləndirdi, Məcid ağa canına qıymazdan qabaq “Məcidi Məcid vurdu” yazmışdı silahının üstündə, Məcid ağanın ölümü böyük bir nəslin tarixinin sona çatması idi.

Cəmşid ağa isə atasından ayrıldıqdan sonra qısa müddətdə tutulmuş və ÇEKA onu xalq düşməni kimi mühakimə edərək güllələnmə hökmünə qərar vermişdi. Son nitqində bir çox qaçağın onun üzünə durmasını qeyd etmişdi. Sonradan məlum olur ki, tutulan qaçaqların hamısı öz canlarını qurtarmaq üçün Cəmşid ağanın üzünə durmuşdularsa da, xilas ola bilməmişdilər. Məcid ağanın sol əlinin barmağında heç bir zaman çıxarmadığı üzüyü vardi. İvanovkada Məcid ağanın nəşinə baxmağa gələnlərin sayı yox imiş, Əliqulu adlı birisi də varmış ki, ağanın barmağında bu üzüyü gördükdə saymazyana ağanın meyidinə yanaşar və barmağını bıçaqla kəsərək üzüyü götürərkən, bunu görən Arbuzov dəhşətə gələr, əclaf, sən nə edirsən, əgər Məcid ağa sağ olsaydı bunu etməyə cürətin çatardımı? deyərək tapançasını çıxarır və Əliqulunu yerindəcə güllələyir..

Hadisədən bir neçə gün keçdikdən sonra, gecə Məcid ağaya daim sadiq olan şəxslər qaranlığın düşməsindən istifadə edərək, Məcid ağanın nəşini sakitcə oğurlayaraq, onun təhqir olunmasına yol verməyərək gizlincə dəfn edirlər.

 

Əziz Əlibəyli

 

Babayevlər

E-mail Çap PDF

 

Gəncənin Tuyuqçu məscidinin Axundu Molla Ələkbər Baba oğlu

Ağarza Molla Ələkbər oğlu ailəsi ilə birgə

Pantürkist damğası ilə repressiyaya məruz qalmış Ağarza Axund Molla Ələkbər oğlu

Əkbər Babayev gənclik illərində

Türkoloq Əkbər Ağarza oğlu Babayev

Nazim Hikmət və Əkbər Babayev

Türkiyə Cümhuriyyətinin keçmiş Baş naziri Bülent Ecevid və Əkbər Babayev

Gəncənin ilk türkoloqu Əkbər Ağaraza oğlu Babayev

 

Nəcəf Süleyman oğlu Tağıyev

E-mail Çap PDF

 

Nəcəf Süleyman oğlu Tağıyev 14 yanvar 1927-ci ildə Gəncənin Toyuqçular (Tuyuqçular) məhəlləsində anadan olmuşdur. Atası Məşədi Süleyman Tağı oğlu məhəllədə şirniçi olmuşdur. Nəcəf Tağıyev 1946-cı ildə Gəncə şəhər 16 saylı orta məktəbi bitirərək, həmin ili Moskva Texnologiya İnstitutunun "Yeyinti sənayesi" fakültəsinə daxil olmuşdur. Nəcəf Tağıyev 1951-ci ildə İnstitutu bitirərək, "Yeyinti sənayesi mühəndisliyi" ixtisasına yiyələnmişdir. Həmçinin, Nəcəf Tağıyev institutun son kursunda oxuyarkən Çexoslovakiyanın Pilzen şəhərində "Pivəbişirmə" sahəsi üzrə ixtisas kursu keçmişdir.

Nəcəf Tağıyev 1951-1954-cü illərdə Gəncə şəhər 1saylı Çörək Zavodunda baş mühəndis vəzifəsində işə başlamış, daha sonra direktor vəzifəsində çalışmışdır.

1954-cü ildə Nəcəf Tağıyev Kirovabad (Gəncə) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə irəli çəkilmiş, 1955-ci ildən 1956-cı ilə qədər isə Gəncə şəhər Xalq Deputatları Sovetinin sədri işləmişdir. Nəcəf Tağıyev 1956-cı ildə Göygöldən məşhur "Ağsu" suyunun şəhərə çəkilişini həyata keçirmişdir.

Nəcəf Tağıyev 1957-ci ildən 1974-cü ilədək Gəncə şəhər Çörək-Bulka Kombinatında direktor vəzifəsində çalışmışdır. O zaman SSRİ Yeyinti-Sənayesi naziri Georgi Stroqonovla olan dostluq münasibətindən səmərəli şəkildə istifadə edərək Vladiqafqaz bölgəsinin Nalçik şəhərində tikilməsi nəzərdə tutulan Qənnadı Fabrikinin Gəncə şəhərində tikilməsinə razılıq almışdır.

Nəcəf Tağıyev 1974-cü ildən 1979-cu ilədək Gəncə şəhər Qənnadı Fabrikinin direktoru olmuşdur. Fabrik sutkada 110 ton məhsul istehsal edirdi. Rəhbərlik etdiyi müəssisə hər il Ümumittifaq Sosializm yarışının qalibi olmuşdur. Nəcəf müəllim bu müddətdə də Qızılqayadan ikinci su kəmərinin Gəncə şəhərinə çəkilməsinə rəhbərlik etmişdir.

Nəcəf Tağıyev 1979-cu ildən 1989-cu ilədək Gəncə şəhər Pivəbişirmə Zavodunda plan şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Nəcəf Süleyman oğlu Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif olunmuşdur. Qənnadı sənayesi sahəsində "Xaşxaşlı Gəncə çörəyi", "Çinar" konfeti, "Fındıqlı halva", "Şəkərbura" və s. məlumatlar birbaşa Nəcəf müəllimin təşəbbüsü ilə istehsal olunmuşdur. Bu məmulatlar SSRİ ərazisində məşhur olan və ən çox istifadə edilən məmulatlardan idi. Nəcəf Tağıyev yeyinti sənayesi üzrə 100-dən artıq ali təhsilli mütəxəssislərin hazırlanmasına rəhbərlik etmişdir.

Nəcəf Süleyman oğlu Tağıyev 1993-cü ildə Gəncə şəhərində vəfat etmiş və Gəncənin Fəxri Xiyabanında dəfn edilmişdir.

 

Zərgər Məşədi Ağamirzə Məşədi Həşim oğlu

E-mail Çap PDF

 

Zərgər Məşədi Ağamirzənin bu foto şəkili 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə Sankt-Peterburqda təsis edilmiş "Rus İmperiyasının əsilzadələri" adlı poçt markasında əks olunmuşdur.

Sağdan - Gəncəli Zərgər Məşədi Ağamirzə, ortada - Bakı milyonçusu, xeyriyyəçi Şəmsi Əsədullayev (qrupun rəhbəri), yanında - Bakılı zərgər Hüseynəli Axundov, arxada - Şəkili zərgər Əli Nəbiyev və Bakılı zərgər Mirdadaş Mirəhmədov. Paris 1903-cü il.

Zərgər Məşədi Ağamirzə, xanımı Sitarə, qızı Xuraman Əhmədova, oğlu Fərrux, nəvələri Təyyarə və Mobil Əhmədov. Kislavodsk 1935-ci il.

Tibb elmləri doktoru, Professor Yaqub Qazıyev, Zərgər Ağamirzə və Sovet kinosunun ulduzu Lyubov Orlova. Moskva 1948-ci il.

Zərgər Məşədi Ağamirzə Məşədi Həşim oğlu. Kislavodsk 1947-ci il.

Zərgər Məşədi Ağamirzənin əl işi. Gümüş qadın kəməri.

Zərgər Məşədi Ağamirzənin əl işi. Qızıl suyu ilə hazırlanmış gümüş gəlin kəməri.

 

Zərgər Məşədi Ağamirzənin əl işi. Qızıl boğazaltı.

 

Qəmbər Məşədi Muxtar oğlu Hüseynli

E-mail Çap PDF

 

 

alt  alt  alt  alt    alt  alt  alt alt
 

Əli Musa oğlu Quliyev

E-mail Çap PDF

 

SSRİ EA-nın akademiki, üzvi kimya, neft kimya və neft emalı sahəsində görkəmli alimlərdən biri, Azərbaycan respublikanın əməkdar elm xadimi, iki dəfə SSRİ Dövlət və Azərbaycan SSRİ Dövlət mükafatı laureatları, kimya elmləri doktoru, professor, Azərbaycan SSRİ Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru Əli Musa oğlu Quliyev 1912-ci il may ayının 31-də Gəncə şəhərinin Bağbanlar qəsəbəsində anadan olub. Atası Məşədi Musa o dövrdə Bağbanlarda yaxşı tanınırdı. Məlumdur ki, Bağbanlarda keçmişdə əsas peşə bağçılıq hesab edilirdi. Bu bağlara suyun tənzimlənərək verilməsi işinə isə Məşədi Musa özü nəzarət edirdi. Deyilənə görə su paylama məsələsində ondan heç kəs narazı qalmazdı. Amma taleyin işinə bax ki, akademik Əli Quliyevin atası özü öz işinin qurbanına çevrilib. İki qonşu arasında düşən mübahisəni sakitləşdirmək üçün araya girərkən qəfildən başına dəyən bel ilə dünyasını dəyişmişdir. Atalarını vaxtsız itirən Quliyevlər ailəsinin ağrılı–acılı günləri başlayır. Lakin, anaları Zəhra xanımın halal zəhməti hesabına 7 uşaqlı ailə başqalarına bir qarın çörəyə möhtac olmur.

Gənc Əli 1927-ci ildə Gəncə şəhər Rus-Tatar məktəbində ibtidai təhsilini bitirib, Bakı Pedoqoji Texnikumuna daxil olur. Texnikumda təhsilini başa vurduqdan sonra, 1931-1934-cü illərdə Goranboy rayonunun Borsunlu və Goran kəndlərinin ibtidai məktəblərində müəllimlik edir.

Beləliklə, 1934-cü ildə ziyalımızın Bakı həyatı başlıyır, daha dəqiq desək elmi ixtiralarının bünövrəsi qoyulur. 1934-cü ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Əli Quliyev S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olur. 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib Dövlət imtahan komissiyasının qərarı ilə üzvi kimya kafedrasında assistent vəzifəsində saxlanılır. O, hələ tələbə ikən, 1937-ci ildə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda elmi fəaliyyətə başlayır. Əli Quliyev 1940-cı ildə Sov İKP sıralarına qəbul edilir. O, 1941-1942-ci illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda qurğu rəisi, daha sonra isə mühəndis vəzifəsində çalışır.

Böyük vətən müharibəsi illərində V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda ölkənin müdafiəsi üçün elmi-tədqiqat işləri aparan sektorlar və briqadalar yaradılır. Əli Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə o dövrdə çox mühüm əhəmiyyəti olan tank əleyhinə yandırıcı butulka ampulalarının resepti hazırlanır və müvəffəqiyyətlə sınaqdan keçirilir.

Məhz, Böyük vətən müharibəsi illərində Əli Quliyev faciəvi, lakin çoxlarına örnək ola biləcək bir hadisə ilə üzləşir. Burada da erməni məfkurəsi özünü göstərir. Akademik bir maddə kəşf edir və göstəriş verir ki, heç kəs bu maddəyə yaxınlaşmasın. Anacq bir erməni laborant hər vəchlə akademikin bu nailiyyətinin üstündən xətt çəkməyə çalışır. Məhz, erməni laborantın xəlvəti olaraq akademikin elmi kəşfinə müdaxilə etməsi Əli Quliyevi böyük bir itkiylə üz-üzə qoyur. O bir qolunu itirir. Hər şeyə rəğmən akademik istəyinə nail olur. 2-ci dünya müharibəsində Əli Quliyev qələbəyə töhvəsini kəşfinin alınacağına inamını itirmədən və ən əsası qolunun biri olmadan verir.

Alim həmçinin yanğın tərəfdən döyüş sursatlarının reseptini hazırlayaraq, onların istehsalını təşkil edir. Geniş miqyasda mühüm dərman maddələri və yuyucu vasitələr yeni katalitik proseslər işləyib hazırlayır. Əli Quliyevin bilavasitə iştirakı ilə aviasiya benzininin yüksək oktan ədədli kompanenti olan alkilbenzol işlənib hazırlanıb, sənayedə istehsal edilir. Doğma vətənimizə hədsiz məhəbbəti akademiki xüsusi tapşırıqları fədakarlıqla yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf etməyə vadar edir.

Hökumət tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə o,”Şərəf nişanı” ordeni, ”Qafqazın müdafiəsi” uğrunda , “1941-1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə” və.s medallarla təltif edilir.

1943-cü il Əli Quliyev Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Təbii qazda heksametilentetraminin alınması” mövzusunda dissertasiya müdafiə edib alimlik dərəcəsi alır.

Əli Quliyev 1944-cü ildə “Təbii qazda heksametilentetraminin alınması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib Ali Attestasiya Komissiyasının qərarı ilə kimya elmləri namizdi dərəcəsinə və baş elmi işçi adına layiq görülür.

Əli Quliyev Sovet ittifaqında sürtkü yağları və yanacaqları istehsal edən mərkəzlərdən biri olan Azərbaycan SSR Aşqarların yaradılması probleminin həll edilməsi işində heç də kənarda qala bilməzdi. Təsadüfi deyildir ki, sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk sovet aşqarı məhz Azərbaycanda V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda Əli Quliyevin rəhbərlik etdiyi laboratoriyanın apardığı məhsuldar əməyin sayəsində yaradılaraq, sənaye miqyasında tətbiq edilib. Aşqarların böyük əhəmiyyətini nəzərə alaraq, müharibədən sonra 1945-ci ildə xüsusi laboratoriya yaradılıb və ona Əli Quliyev rəhbərlik edib.

1948-ci il SSRİ Nazirlər Sovetinin qərarı ilə neft yağlarının keyfiyyətinin yüksəldilməsi üsulunu işləyib hazırladığına görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür. 1951-1960-cı illər S.M.Kirov adına ADU-də üzvi kimya kafedrasının müdiri olur. 1952-ci il SSRİ Ali Təhsil Nazirliyi yanında AAK-ın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsinə və “Neft kimyası” kafedrası üzrə professor elmi adına təstiq edilir. Alim 1952-56-cı illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunun 4 nömrəli şöbəsinin rəisi təyin olunur. 1953-cü il 2-ci dəfə keçmiş Bakı şəhər Şaumyan rayon Zəhmətkeş Deputatları Sovetindən deputat seçilir. 1956-1959-cu illərdə V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı Sənaye İnstitutunda yağ aşqarları laboratoriyasının müdiri təyin edilir. O, 1958-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1 il sonra isə akademiyanın həqiqi üzvü seçilir.

Görkəmli alim 50 illik elmi fəaliyyəti ilə aşqarlar kimyası sahəsində elmi məktəb yaratmışdır. Onun məktəbinin yetirmələri sırasında 19 elmlər doktoru, 60-dan çox elmlər namizədi var.

Ə.M.Quliyev neft kimyası, aşqarlar kimyası və üzvi kimyanın mühüm problemlərindən bəhs edən 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. 1972-ci ildə çapdan çıxan "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası" monoqrafiyası keçmiş Çexoslavakiyada slavak və Macarıstanda macar dillərinə tərcümə olunmuşdur.

Alimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə "Qırmızı Əmək Bayrağı", üç dəfə "Şərəf Nişanı" ordeni, beş dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və bir neçə medalla təltif edilmişdir. Yüksək təsirli aşqarların sintezi və onların istehsalı texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür.

Böyük alim Əli Quliyev məhz ölkəmiz müstəqillik qazandıqdan sonra haqqın dərgahına qovuşdu. 2-ci dünya müharibəsi illərində vətəni üçün sağlamlığını fəda edən gənc Əli, ahıl yaşında torpaqlarımızın erməni qəsbkarları tərəfindən alınması ilə barışa bilmir. Alim 1992-ci ildə Bakı şəhərində dünyasını dəyişir.

Akademik Əli Məşədi Musa oğlu Quliyevin xatirəsi əbədiləşdirilmiş, 1992-ci ildə 80 illik yubileyi ərəfəsində yaradıcısı olduğu Aşqarlar Kimyası İnstitutuna onun adı verilmişdir.

 

Oruc Hüseyn oğlu Qoşqarlı

E-mail Çap PDF

 

Oruc Hüseyn oğlu Qoşqarlı 1909-cu il avqust ayının 4-də Gəncə şəhərində Bağbanlar məhəlləsində anadan olmuşdur. İlk təhsilini Gəncədəki 7 saylı orta məktəbdə aldıqdan sonra, Gəncə Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. Oruc Qoşqarlı daha sonra 1930-1931-ci illərdə Tiflis Zaqafqaziya Piyada Hərbi məktəbində oxumuşdur. 1933-1936-cı illərdə isə Oruc Qoşqarlı Frunze adına Hərbi Akademiyada təhsilini artırmışdır. 1939-cu ildə Oruc Qoşqarlı hərbi xidmətə çağırılmış və bir il dəstə komandiri işləmişdir.

İkinci Dünya Müharibəsinin ilk günlərindən ön cəbhədə, Krım və 4-cü Ukrayna cəbhəsində alay ştab rəisi, alay komandiri vəzifəsində olmuşdur (1941-1944). Oruc Qoşqarlı ağır döyüşlərdə iki ağır yara, bir zədə almış və müalicə olunaraq İranda hərbi xidmətini davam etdirmişdir (1944-1945). Daha sonra Ukraynanın Xarkov və Bakı şəhərlərində hərbi təlimatçı, müəllim kimi vəzifələrdə çalışmışdır (1945-ci ildən). Bir müddət sonra xəstəliyi ilə əlaqədar olaraq ordudan tərxis olunmuş və Gəncəyə qayıtmışdır.

Oruc Qoşqarlı ədəbi yaradıcılığa 1931-ci ildən şerlə başlamışdır. 1940-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1945-ci ildən sonra «Kerçə yol» povestini, «Qaynar bulaq» kino ssenarisini, «General Karbışev» poemasını və sair oçerkləri qələmə almışdır. 1946-cı ildə Azərbaycan Yazıçılar İttifaqının Gəncə bölməsinin məsul katibi vəzifəsində işləmişdir. Qoşqarlı dövri mətbuatda da vaxtaşırı çıxış edirdi. Üç döyüş ordeni, 13 medalla təltif olunmuşdur.

Oruc Hüseyn oğlu Qoşqarlı 1989-cu ilin noyabr ayının 25-də Bakı şəhərində vəfat etmişdir.

 

İshaq Məmmədrza oğlu Cəfərzadə

E-mail Çap PDF

Gəncənin ilk arxeoloqu

Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, tarix elmləri namizədi, əməkdar elm xadimi İshaq Məmmədrza oğlu Cəfərzadə 1895-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Məmmədrza Cəfər oğlu sərraclıqla məşğul olmuşdur. İshaq 6 yaşında olarkən Gəncə mədrəsəsində oxumağa başlamış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. Sonradan İshaq Gəncə altıillik şəhər məktəbində rus dilinə yiyələnmişdir.

1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirən İshaq Cəfərzadə sonralar ADU-nun şərqşünaslıq fakültəsində oxumuşdur. Ali təhsil aldığı illərdə ictimai fəallığı ilə seçilən İshaq Cəfərzadə Azərbaycanın Qədim Abidələrinin Mühafizəsi Komitəsinin üzvü kimi də çalışmışdır.

1933-cü ildən İshaq Cəfərzadə həyatını elmə bağlamışdır. Azərbaycan SSR EA-nın Tarix İnstitutunda fəaliyyət göstərmiş, arxeologiya şöbəsinə rəhbərlik etmişdir.

İshaq Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə başlamışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə İshaq başçılıq etmişdir.

İshaq Cəfərzadənin elmi fəaliyyəti nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır.

İshaq Cəfərzadə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məzarını açmağı, böyük sənətkarın nəşini gün işığına çıxarmaq şərəfinə nəsib olmuşdu. Şairin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə qoymuş İshaq Cəfərzadə bu elmi araşdırmaların nəticələrini ümumiləşdirən "Qədim Gəncənin tarixi-arxeoloji oçerki" əsərini namizədlik dissertasiyası kimi 1944-cü ildə müdafiə etmişdir.

Bu gün İshaq Cəfərzadənin adı çəkiləndə Qobustan, Qobustandakı qayaüstü rəsmlər yada düşür. Həmin rəsmlər ötən əsrin 39-40-cı illərində aşkar edilmişdi.

Keçmiş SSRİ-də qayaüstü təsvirlərin görkəmli mütəxəssislərindən olan İshaq Cəfərzadə Qobustan qayaüstü təsvirlərini məzmunu və işləmə texnikasına görə təhlil edərək onları dövrlər üzrə qruplara bölmüşdür.

Mərhum İshaq Cəfərzadəyə görə, Qobustan qayaüstü rəsmlərinin ən qədim nümunələri çiyinlərindən kalman aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir.

İshaq Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi. Həmin tarixi-mədəni yadigarların hamısı qeydə alınmaqla yanaşı, alimin ömür-gün yoldaşı, yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan mərhum Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü.

Ümumiyyətlə, İshaq Cəfərzadə 100-dən çox maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır. 1938-40-cı illərdə Gəncə, Abşeron, Səbayıl, Qobustan, Xocalı, Yaloylutəpə, Orənqala, Çovdar (1939-1950) və s. arxeoloji ekspedisiyalarının təşkilatçısı və rəhbəri məhz Cəfərzadə olmuşdur.

Ona qədim Gəncənin xarabalıqlarını tapmaq, dahi Nizaminin müqəddəs türbəsini açmaq, səfalı Xaçbulaq yaylağının əfsanəvi qalalarını öyrənmək və Qobustanın min bir səhifəli daş kitabını oxumaq kimi şərəfli və qibtə ediləsi işlər nəsib olmuşdur. Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya bu görkəmli alimin ayağı dəyməmiş olsun. Alim xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülüb.

Azərbaycan arxeologiyasının yaradıcılarından biri İshaq Məmmədrza oğlu Cəfərzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort