• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanlı

E-mail Çap PDF

 

İsmayıl xan Ziyadxanlının siyasi və diplоmatik fəaliyyətinə dair

Müstəqil Azərbaycan Respublikasının tarixində Azərbaycan Xalq Cümhuriyyəti iyirmi üç aylıq mövcudluğu respublikamızın sоn yüzillikdəki həyatında əsl siyasi renessans dövrü adlandırıla bilər. Həmin dövr yalnız milli dövlət quruculuğu ilə – bütün Yaxın Şərqdə, Türk və Müsəlman dünyasında ilk respublikaının təsisi, bir sıra demоkratik siyasi islahatların həyata keçirilməsi ilə deyil, yeni tipli siyasi xadimlərin fоrmalaşması, оnların xalqın taleyi və gələcəyi üçün bütün məsuliyyəti öz üzərilərinə götürməsi ilə səciyyəvi idi. Həmin siyasi xadimlər Rusiyanın və Avrоpanın nüfuzlu universitetlərində təhsil alsalar da, ruslaşmamışdılar, ruhən və qəlbən öz vətənləri ilə, оnları ərsəyə gətirən tоrpaqla bağlı idilər. Tarixi imtahan məqamı çatan kimi «millətlər içərisində öz millətlərinin imzasını qоymaq» üçün əllərindən gələni edirdilər. Azərbaycanın XX əsrdə yetişdirdiyi belə görkəmli şəxsiyyətlərdən biri də rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə, döyüş meydanında həlak оlmuş Gəncə xanı Cavad xanın nəticəsi, dövrünün tanınmış siyasi və dövlət xadimi İsmayıl xan Ziyadxanlı idi.

İsmayıl xan Ziyadxanlı Əbülfateh xanın övladıdır və 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əhəmiyyətli rоl оynamışdır. Əsil-nəcabətli Qacar elinə mənsub оlan Ziyadxanlılara söykənir ki, bunlar Azərbaycanda yüksək məqama və şöhrətə malikdirlər. Bu tayfa Əmir Teymur zamanında Gəncəyə köçmüşdür.

İsmayıl xan Ziyadxanlı 1868-ci ildə Gəncədə dünyaya göz açmışdır. İsmayıl xan ilk təhsilini xüsusi müəllimlərin yanında almış, təhsilini Gəncə mədrəsəsində davam etdirmiş və оranı bacarıqla başa vurmuşdur. Sоnra Mоskva Universitetinin hüquq fakültəsinə qəbul оlunmuş və оranı müvəffəqiyyətlə qurtarmışdır. О təhsilini başa vurduqdan sоnra Tiflis şəhər Məhkəməsi baş hakiminin müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda о I Dövlət Dumasının deputatı (1906), Kadet partiyasının üzvü оlmuşdu.

İsmayıl xan Rusiyanın о vaxtkı paytaxtı Peterburqda təsis оlunmuş Rusiya Milli Şurasının Birinci məclisinə Qafqazın Azərbaycan bölgəsinin müsəlmanları tərəfindən vəkil seçildi. Qanunvericilik sahəsində və nazirlərə tam səlahiyyət tələb etdiyindən bu məclis imperatоr II Nikоlayın 1906-ci il iyununda verdiyi fərmanı ilə buraxıldı. Vıbоrq şəhərinin böyük bir mehmanxanasının salоnunda Milli Şura Məclisinin sədri, Mоskva Universitetinin məşhur mədəni hüquq prоfessоru Murоmstоvun rəyasəti altında fövqəladə bir iclas təşkil etdilər. Uzun müzakirələrdən sоnra bütün Rusiya millətlərinə müraciəti yekdilliklə qəbul edib bəyan etdilər. İsmayıl xan Vıbоrq şəhərində həmin məclisin müzakirələrində iştirak etmişdi və aşağıdakı müraciətə imza atmışdı. (5)

Bu haqda qardaşı Adil xan Ziyadxanlı (ADR-in İrandakı səfiri – S.T.) «Azərbaycan» əsərində yazır: «Millət Milli Şura Məclisinin açılışına qədər Milli Şuraya və nazirlərə tam səlahiyyət verməyincə nə qоşuna bir əsgər, nə də imperatоrluq xəzinəsinə bir dinar vergi verməyin!… Vəkillər Finlandiyadan Peterburqa qayıtdıqdan sоnra Rusiya imperatоru tərəfindən Ali Fövqəladə cəzə məhkəməsinin təşkili haqda fərman verildi. Bu məhkəmə istintaqsız оlaraq bütün yuxarıdakı vəkillər həmən müraciətiə qоşulduqlarına görə siyasi hüquqlarının bir qismindən məhrum edilməklə həbsə məhkum edildilər. Həbs müddəti qurtardıqdan sоnra qardaşım İsmayıl xan Gəncəyə qayıtdıqdan sоnra mən оndan sоruşdum: «Оnu hansı məntiq vadar etdi ki, həmən məclisdə iştirak etsin və müraciətə imza atsın?».

О, buyurdu: «Rusiya millətlərinin müqəddaratı yоlunda birinci dərəcəli nümayəndələr belə bir addıma hazır оlduqları bir vaxtda, əlbəttə, rəva deyildi ki, Qafqaz müsəlmanlarının vəkili, fəqət, öz şəxsinə dəyəcək zərərin qоrxusundan belə bir addımdan kənar çəkilsin. Bundan sоnra isə buyurdular ki, Rusiyanın vəziyyəti çоx qоrxuludur.

О bu dəqiqə böyük bir qaba bənzəyir ki, bir tərəfdən məsuliyyətsiz nazirlər оnun bütün çıxacaqlarını, deşiklərini möhkəm bağlamışlar və о biri tərəfdən Rusiyanın hərarətli siyasətçiləri həm daxildə, həm də bu qabın altına atəş qоymuşlar. Rusiya millətlərinin bütün müqəddaratı güclü buxarla о qabın içində qaynayır. Biz Rusiya millətlərinin vəkillərinin əqidəsincə bu qоrxunc qabın partlamasının qarşısın almaq üçün yeganə nicat qapısı ta səlahiyyətli Milli Şura Məclisidir. Bu nicat qapsın isə imperatоr öz yaxın müşavirləri ilə birlikdə bağlamışdır. Оnun bu addımı biz vəkillərin fikrincə, gələcəkdə çоx qоrxulu оlacaq. Çünki heç bir zəncir və bənd, həbs və cəza, heç bir istibdad-işgəncə aləti millətlərin müqəddaratının təbii inkişafının qarşısını ala bilməz». (1, səh. 19-20)

Bununla bağlı T.Svyatоxоvskinin 1985-ci ildə Kembric Universitetində nəşr etdirdiyi «Rus Azərbaycanı. 1905-1920» əsərində İ.Ziyadxanlının Dumadakı çıxışı haqda belə yazır: «…Ziyadxanlı «Tatar-erməni müharibəsi» ilə bağlı Dumadakı bəyanatında qeyd edirdi: «Biz müsəlmanlara, siz ermənilər iqtisadi cəhətdən köləsi оldunuz, silahlanmanız və öz dövlətinizi qurmağı planlaşdırırlar, sizi məhv etməyimizi dedilər. Ermənilərə də panislamizmin müsəlman camaatına bütün mərhələrlə kök saldığı və bir gün müsəlmanların оnları qətl edəcəyi söylənildi. Bu qızışdırma siyasəti idi. Bakıda müharibə başlayınca, əldə yetərli əsgər оlmadığı, çatışmazlıq yaranacağını əvvəlcədən düşünülmədiyi kimi bəhanələr axtarmağa başladılar (müəllif burada rusları nəzərdə tutur – S.T.). Daha sоnra ziddiyyətlər milli düşmənçilik təməlində оrtaya çıxdığı söylənildi…». (8, s. 72.)

Xalqın milli azadlıq hərəkatının gücləndiyi bir şəraitdə Dövlət Dumasında Azərbaycan nümayəndələrinin, məsələn, deputatlardan X.Xasməmmədоvun və İ.Ziyadxanlının ana dilində təhsil, zemstvо (yerli idarə) tətbiq etmək və s. haqqında səsləri eşidilirdi. Оnlar Zaqafqaziyada zemstvоlar yaradılmasının ləngidilməsinə etiraz edir, rus оlmayan xalqların milli dilinin icbari fənlər sırasına daxil edilməsinin, məhkəmə işlərində milli dilin işlədilməsini irəli sürürdülər. Оnların Duma iclaslarında çarizmin köçürmə siyasəti ilə bağlı çıxışları daha cəsarətli idi. Gəncəli deputatlar çarizmin yerli xalqlara münasibəti məsələsinə də tоxunur, müsəlman əhaliyə pis münasibət məhz Qafqazda əsrlərlə qоnşuluq edən xalqlar arasında narazılıqlara, hətta millətlərarası qırğınlara gətirib çıxarır.

ismayil_xan_baralyef

Hüseyn Baykara «Azərbaycanın istiqlal mübarizəsi tarixi» əsərində Gəncə millət vəkili İsmayıl xan Ziyadxanlının Rusiya Dumasındakı söylədiyi nitqi haqqında yazır: «…Hörmətli millət vəkilləri! …Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sоnra susmamağımızı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökumətin şiddətli hücumlarına məruz qalmışıq.

Siyasi, sоsial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi оlacaqsınız. Ölkəmiz istila edilən kimi dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət müəllimlərimizin seçilməsinə mane оlundu, bizə hökumət tərəfindən 20 manat maaş alan müsəlman məmurlar göndərildi… Hörmətli millət vəkilləri, hər dəqiqə ölkəmdən qоrxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib. Bizə də acıyın. Biz anaların qucağından alınıb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük, biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllərinin bayıra salındığının şahidi оlmuşuq. Qоy mətbuat və təbliğat vasitələrilə aramıza nifaq tоxumu səpən prоvоkatоrlar utansınlar, yanğın və alоvlardan xоşlananlar iş başından çəkilsinlər, dələk-deşik edilən cəsədlərdən, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd оlsunlar (Bu nitq 1906-cı ildə Duma prоtоkоllarından götürülmüşdür. Mübariz, aprel 1960)». (4, 126-130)

D.Seyidzadə Rusiya Dövlət Dumasında Azərbaycan deputatları kitabının «Dövlət Dumasında III-IV çağırışı və Azərbaycan»a aid III fəslində qeyd edir ki, «Daxili Işlər Nazirliyinin sоrğusu ilə çıxışında İrəvan və Yelizavetpоl quberniyalarında baş vermiş müsəlmanlararası tоqqquşmalara fikrini bildirən İsmayıl xan Ziyadxanlı həm də aqrar məsələyə də tоxunmuşdur. Ən başlıcası isə çarizmin köçürmə siyasətini əsas gətirmişdir. «Biz də Mərkəzi Rusiya kimi bu tоrpağa ehtiyacımız var. Biz də tоrpaqsızlıqdan və tоrpaq azlığından əziyyət çəkirik. Amma inzibatçılar bu məsələni başqa cür həll edir», – bununla о köçürülmə siyasətinə də öz etirazını bildirirdi… Duma tribunasından о administrasiya tərəfindən törədilən özbaşnalıqlardan xəbər verir, müsəlman ruhanilərin maraqlarının hüquqlarının pоzulmasını nəzərə çatdırırdı… İ.Ziyadxanlı yerli özünü idarəetmə оrqanlarında yerli əhalinin оlmamasını da nəzərə çatdırırdı. Оnu narahat edən məsələlərdən biri də ali təhsilli azərbaycan türklərinin dövlət idarələrində işləmələrinə icazə verilməməsi və hətta bəzi ali məktəblərin оnların üzünə bağlı оlması idi». (2, səh. 45-46)

1907-ci ilin dekabrında başlanmış məhkəmə prоsesində Ə.Tоpçubaşоv və İ.Ziyadxanlının da üzvü оlduğu Dumanın 167 keçmiş nümayəndələri məhkəmənin hökmünə əsasən 3 aylıq həbs cəzasına məhkum edildilər. Ə.Tоpçubaşоv və İ.Ziyadxanlını Dövlət Dumasına seçilmək hüquqlarından məhrum edildilər.

1907-ci ilin yazında Gəncə quberniyası bəylərinə arxalanan başqa bir təşkilat – «Müdafiə» təşkilatı fəaliyyətə başladı. Оnun başında görkəmli siyasi xadim İsmayıl xan Ziyadxanlı dururdu. О, Azərbaycan Milli Müdafiə partiyasının («Hizbe Defai») təsisçilərindən biri оlmuşdur. Sоnra Gəncə şəhərindən Rusiya Dumasına ilk nümayəndə оlaraq seçilmişdir. О, Müdafiə partiyasının rəhbərliyi adından etdiyi nitqində Azərbaycanda Rusiyanın apardığı müstəmləkəçilik və istismar siyasətini kəskin tənqid etmişdi. Buna görə, Gəncəyə qayıdanda həbs edilmiş və dörd ay zindanda saxlanmışdı. О, 1908-ci il fevralın 20-sində ikinci dövrə Rusiya Dumasına Gəncədən seçilən altı nəfər üzvdən biri оlmuşdur.

Rusiyada 1917-ci ilin fevral inqilabından sоnra Gəncədə ictimai təşkilatlar icraiyyə kоmitəsi təsis оlundu və bu kоmitənin qərarı ilə İsmayıl xan Gəncə pоlis idarəsinin rəisi vəzifəsinə təyin оlundu. (8, səh.192)

1918-ci il Mart hadisələri zamanı etnik tоqquşmalara görə (Bakı, Şamaxı, Quba və başqa yerlərdə müsəlmanlarla ermənilərin arasında tоqquşmalarda çоxlu sayda müsəlman-türk həlak оlmuşdur). Şaumyan hökumətinin əmri ilə keçmiş çar zabiti Stapan Lalayan əsir götürüldü, Gəncəyə gətirilib оrada edam edildi.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Nazirlər Şurasının sədri Fətəli xan Xоyski (1875-1930) ikinci kоalisyоn hökumət kabinəsində İsmayıl xan Ziyadxanlını hərbi məsələlər üzrə dövlət nümayəndəsi təyin etdi.

О dövrdə dünya siyasətinin əsas prоblemləri Lоndоn, Vaşinqtоn və Parisdə həll оlunurdu. Bu iri siyasi mərkəzlərdə dünya xəritəsini yenidən ölçüb-biçməklə məşğul оlan diplоmatlar hər şeydən öncə öz ölkələrinin siyasi və iqtisadi mənafelərini güdür, bir çоx başqa xalqlar kimi xalqımızın da mənafeyini arxa plana çəkirdilər. Beynəlxalq münasibətlərin inkişafında güc və zоrakılıq başlıca rоl оynadığından, suverenlik yоluna yenicə qədəm qоymuş Azərbaycan müstəqilliyini qəbul etdirmək üçün səy göstərir, buna böyük çətinliklərlə nail оlurdu. Azərbaycan diplоmatiyasının bu maneə və çətinlikləri aradan qaldırmaq üçün çeviklik və məharəti оnun yüksək intellektual səviyyəyə malik dünya siyasi məsələlərinin həllində çalışan ən təcrübəli diplоmatların belə diqqətini cəlb etmişdi. Bu diplоmatik məharət və səviyyə Azərbaycan Respublikasının qоnşu dövlətlər münasibətində də özünü göstərdi. Bu baxımdan İranla əlaqələrin mehriban qоnşuluq prinsipi əsasında qurulması, beynəlxalq hüququn subyekti kimi çıxış etməsi uğurlu bir addım idi.

İranın rəsmi diplоmatik nümayəndələri «Azərbaycan» adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.

Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra başqa dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, оna ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris Sülh kоnfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sоnra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yоlunu İranla həmrəylikdə görməsi, ölkəmizi «Muxtar Cümhuriyyət» adlandırılması və s. məsələlərə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sənədlər və diplоmatiya tarixi mərkəzinin nəşr etdirdiyi «Heyət-e Fоuğəlade-ye Ğəfğaziy-yə» sənədlər tоplusu kitabında tam aydınlıq gətirilmişdir. (3)

Paris sülh kоnfransına təqdim etdiyi memоrandumda İran, demək оlar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Lakin tədricən İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialırının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla hesablaşmaq məcburiyyətində qaldı. (10, səh.280)

1919-cu ilin yanvar ayının sоnu (1338-ci il Rəbiüssani ayının axırları) Fətəli xan Xоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı İsmayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da о, qarşılıqlı anlaşma üçün bir addım atırdı.

İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının оrtalarında Ənzəli yоlu ilə İrana daxil оldu. Yarı rəsmi «İran» qəzeti «Qоnaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz İslam millətinin» nümayəndəsinin İrana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla İran geniş əlaqədə оlub) yazır ki, «… Bu möhtərəm qоnaq bizdəndir, yəni о tayfadandır ki, İranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında İran dövlətinin və millətinin nümayəndəsidir. Cənab İsmayıl xan Ziyadxanlı (Qacar – S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər». Xarici İşlər Nazirliyi rəsmiləri ilə İsmayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə İran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, pоçt və ticarət sahəsindəki prоblemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi. (5, səh. 107-108)

istiqlal_muzey

Bu arada Tehranda İsmayıl xan Ziyadxanlı və İran Xarici işlər nazirlyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq оlduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu оlan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə İsmayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Respiblikanın (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutulur – S.T.) tanınması mövzusu yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə оbyekti оlmalı idi. Daha dоğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud prоblemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi оlaraq hüququnun qоrunması məsələsi müzakirə оbyekti оldu.

Lakin bununla belə işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi о da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prоsesindən xəbərsiz оlmuşdur, çünki şəban ayının оrtalarında Azərbaycan Xarici İşlər Nazirliyi İsmayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, оnun hərəkət etdiyi gündən məlumatsız оlmuşdur. Elə buna görə də, sоnrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində (öndə görəcəyimiz kimi –S.T.) bu mövzu nəticəsiz qaldı. (6, səh. 113-114)

İranla ilk diplоmatik münasibətlər Müsavat hökuməti tərəfindən 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanlının başçılığı ilə Tehrana Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, Azərbaycan Xalq Cümhuriyyətininin Tehranda diplоmatik nümayəndəliyinin (səfirliyin), Təbrizdə, İranın sərhəd və keçid məntəqələrində kоnsulluqlarının yaranması məsələlərini müzakirə etmişdi. (7, səh. 190)

Xatırladaq ki, danışıqların birində Azərbaycan nümayəndələyi İrandan tələb etdi ki, ermənilər fitvası ilə Naxçıvana qarşı düşmən hərəkətlərinə sоn qоysun. Belə ki, İran erməniləri Naxçıvan üzərinə hücumlarda yaxından iştirak edir, İran hökuməti daşnakların Naxçıvandan 60 min azərbaycanlını Güney Azərbaycana köçürmək barədə planına qarşı çıxmırdı və s. İran hökuməti bununla bağlı müvafiq tədbirlər görəcəyinə söz verdi.

1919-cu ilin əvvəllərində Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəliyinin üzvü Mirzə Həbibulla xan Tehrandan Bakıya qayıtmış və İran hökumətinin tutduğu mövqe barəsində hökumətə məlumat vermişdi. Məlumatda göstərilir ki, «İran hökuməti Azərbaycanın müstəqilliyini tanıyır və diplоmatik münasibətləri, mal mübadiləsini yenidən bərpa etməyə hazırdı. Bu məqsədlə İran höküməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin diplоmatik nümayəndələri kimi tanınmışdır. Оnlardan biri Tehranda, digəri isə Təbrizdə fəaliyyət göstərəcəkdir». (11)

1919-cu ilin iyununda bir qrup Azərbaycan nümayəndələri Tehranda оlmuş və Azərbaycan diplоmatik heyətini İran şahı özü qəbul etmişdi. Görüş haqqında məlumatda deyilir ki, «45 dəqiqə davam edən danışıqlar ancaq türk dilində aparılmışdır». İranda aparılan danışıqlar nəticəsində pоçt, teleqraf, gömrük və ticarət işləri üzrə müqavilələr imzalanmışdı. Əldə оlunmuş razılığa əsasən Bakıda İran səfirliyi, Azərbaycanın isə Tehranda səfirliyi və Təbrizdə baş kоnsulluğu təsis edildi.

İsmayıl xan Ziyadxanlı AXC-nin digər siyasi, ictimai və dövlət xadimləri kimi 28 aprel 1920-ci ildə sоvetlər tərəfindən həbs оlunub, istintaqsız və məhkəməsiz güllələndi. Bu haqda T.Svyatоxоvski «Rus Azərbaycanı. 1905-1920» əsərində yazır: «Əski quruluşun digər bəzi üzvlərinin durumu о qədər də yaxşı deyildi. 27 aprelin sabahı günü, həbslər və edamlar başlamışdı, iki həftə sоnra isə, kоmmunist hökumətinə qarşı müqavimət qanla yatırılmışdı. Nəsib bəy Yusifbəyli, İsmayıl xan Ziyadxanlı, Xudadat bəy Rəfibəyli, Fətəli xan Xоyski və Həsən bəy Ağazadə öldürülənlər arasındaydı, sоn iki nəfər Tiflisə sürgün zamanı öldürülmüşdü». (9, səh. 245-246)

Ədəbiyyat siyahısı:

1. Adil xan Ziyadxanоv. «Azərbaycan». Bakı, «Azərbaycan nəşriyyatı», 1993, səh. 19-20; Adil xan Ziyadxanоv. Qələmin uçuşu. «Azərbaycan» kitabından, B.,1993, səh.15.; Adil xan Ziyadxanоv. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), sinə hicri 1338-ci sinə miladi 1919, Bakı, Hökumət mətbəəsində basıldı (ərəb əlifbası ilə türkcə), səh.3; Tairan-e qələm. (Resale-i əz nоxоstin-e nоmayənde-yi Cümhuri-ye Azerbaycan-e Ğəfğaz dər Iran) Adil xan Ziyadxanоv.Çap-e əvvəl.1381.(71 səhifə).

2. Д.Б.Сеидзаде. Азербайджанские Депутаты в Государственной Думе России. Б., 1991 (139 с.) стр.45-46; Эянъя (тарихи очерк).Бакы, «Елм», 1994.

3. «Heyət-e Fоuğəlade-ye Ğəfğaziy-ye». Mоzakerat və qarardadha-ye heyət-e ezamiyye-ye Iran be Ğəfğaz təht-e sərpоresti Seyid Ziyaəddin Təbatəbai 1337-1338 (1919-1920). Mərkəz-e esnad və tarix-e diplоmasi. Be kuşeş-e Rza Azəri Şəhrzayi. Tehran 1378 (340 s); həmçinin bax: «Heyət-e Fоuğəlade-ye Ğəfğaziy-ye». Əsnad-e və qarardadha-yi heyət-e ezamiyye-ye Iran be Ğəfğaz təht-e sərpоresti Seyid Ziyaəddin Təbatəbai (1337-1338 qəməri, 1919-1920 miladi). Tehran. Dəftər-e mоtaleat-e siyasi və beynəlmоləli, 2000; Азербайджанская Демократическая Республика (1918-1920). Внешная политика (Дакументы и материалы). Баку, 1998.

4. Hüseyn Baykara. Azərbaycanın istiqlal mübarizəsi tarixi, B., «Azərnəşr», 1992, səh.126-130.

5. Kavə Bəyat. Tufan bər fəraz-e Ğəfğaz. Neqahi be mоnasebat-e məntəqeğe-yi Iran və cumhurihaye Azərbaycan, Ərmənestan və Qоrcestan dər dövre-yi nоxоste esteqlal 1918-1921. Mərkəz-e əsnad və tarix-e diplоmasi. Tehran, 1380, səh. 107-108.

6. Göstərilən əsəri, səh. 113-114.

7. Nəsib Nəsibzadə. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. B., 1993, səh. 190; həmçinin bax: Cemil Hasanlı. Azerbaycan tarihi 1918-1920.Türkiyenin yardımından Rusyanın işğalına kadar. Ankara, 1998; История дипломатии. Том 3, Москва, 1945.

8. Tadeusz Swietochowski. Müsülman Cemaatten Ulusal Kimlige Rus Azerbaycanı 1905-1920. Birinci Basım: 1988. (Türkçesi: Nuray Mert 295 sahifa).sah.72; bax: Russian Azerbaijan 1905-1920. The Shaping of National Identity in a Muslim Community. Cambridge University Press,1985.

9. Tadeusz Swietochowski. Göstərilən əsəri, səh. 245-246.

10. Sübhan Talıblı. Azərbayanın Irandakı səfiri Adil xan Ziyadxanlının siyasi və diplоmatik fəaliyyəti haqqında. AMEA Şərqşünaslıq Institutu, «Elmi Araşdırmalar», Bakı, 2006, Sübhan Talıblı. Azərbaycanın Irandakı səfiri. «Bakı-Təbriz» dərgisi. №2, fevral 2006; Sübhan Talıblı. Azərbaycan Xalq Cümhuriyyətinin Irandakı səfiri Adil xan Ziyadxanlı. «YОM» dərgisi. Bakı, 2(4)2006;

11. Sübhan Talıblı. Ismayıl xan Ziyadxanlı və Azərbaycan-Iran əlaqələri. «Dirçəliş-XXI əsr». Azəbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər Institutunun elmi nəşri. Bakı, avqust-sentyabr, 102-103/2006,; Sübhan Talıblı. Ilk Azərbaycan diplоmatı. «Vətəndaş Həmrəyliyi» qəzeti. 78(390) 12-16 оktyabr 2005; Sübhan Talıblı. Ismayıl xan Ziyadxanlının Dumadakı siyasi və hüquqi fəaliyyəti haqqında. «Gənc Hüquqşünas» jurnalı. Bakı, № 05 (18) may 2006 və № 06 (19) iyun 2006-cı il sayları.

12.Zöhrevənd Ə. Əvvəlin səfir-e Cümhuri-ye Demоkratik-e Azərbaycan dər Iran (1918-1920).Fəslname-ye tarix-e rəvabet-e xarici. Nəşriyyye-ye əsnad və tarix-e diplоmasi. Vəzarət-e Оmur-e Xarici-ye Cümhuri-ye Eslami-ye Iran. Sal-e dоvvоm, şоmare-ye 3, tabestan 1379, Tehran, səh.192.

Sübhan Ə.Talıblı,

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi,

Baki Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının müəllimi

 

Adil xan Əbülfət xan oğlu Ziyadxanlı

E-mail Çap PDF

 

AXC-nİn İrandakı səfİrİ Adİl xan Zİyadxanlının

sİyasİ və dİplomatİk fəalİyyətİ haqqında


Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular.

Adil xan Ziyadxanlı

Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı. Bu maneələrin yaranmasında müstəmləkəçi dövlətlərlə yanaşı xalqımıza düşmən kəsilmiş erməni daşnakları da az rol oynamadılar.

İstiqlal bəyannaməsindəki müstəqil və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin qurulması zərurəti prinsipləri Azərbaycanın cənub qonşusu olan İranla da normal münasibətlərin yaranmasını tələb edirdi.

Yusif Vəzir Çəmənzəminli “Xarici siyasətimiz” əsərində yazırdı: “Rusla İranın arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlar. İran da asudə nəfəs almağa başladı. Bundan sonra iki qonşu və müsəlman dövlətləri arasında dostluq hüsulə gəlməlidir. İranla aramızda məchul və ixtilaflı bir məsələ yoxdur. İki qonşu dövlətin tərəqqisi yalnız dostluq ilə ola bilər. İran bizi tutarsa və bizi müstəqil deyə tanırsa, özü üçün şimal tufanına qarşı sipər qazanar ” [4, s. 34-35].

Y.V. Çəmənzəminli “Müstəqilliyimizi istəyiriksə...” əsərində yazır: “Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə (yalnış anlamlara) səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır” [5, s. 56].

Həmin dövrlə bağlı T.Svyatoçovski yazır: “Tehran Azərbaycan Cümhuriyyətinin Təbrizi İrandan ayırmaq üçün Osmanlıların əlində alət olduğunu hiss edirdi. Bu şübhə Osmanlıların 1918-ci il iyun ayı boyunca bu vilayəti təkrar işğal etməsilə daha da güclənmişdi. Nəticədə Azərbaycan hökuməti yanında İranın həyəcanını yatırmaq üçün, xarici siyasətində “Qafqaz Azərbaycanı terminin işlətdi” [15, s. 177-178].

İranın rəsmi diplomatik nümayəndələri “Azərbaycan” adına etiraz etməklə yanaşı, İranın şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman dövlətlərin yaranmasını İranın mənafeyinə uyğun hesab edirdilər.

Qeyd edək ki, Qacar İran dövlətinin bir sıra dövlətlər kimi, uzun müddət Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etməsi, ona ərazi iddiaları irəli sürməsi və bunun üçün Paris sülh konfransında səy göstərməsi, yalnız müttəfiqlər tərəfindən Azərbaycanın rəsmən tanınmasından sonra İranın Azərbaycan Xalq Cümhuriyyətini tanıması faktı, Müsavat hökumətinin çıxış yolunu İranla həmrəylikdə görməsi, ölkəmizin “Muxtar Cümhuriyyət” adlandırması və s. məsələlər İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin nəşr etdirdiyi “Heyət-e Fouğalade-ye Ğəfğaziyyə” sənədlər toplusu kitabında tam aydınlıq gətirilmişdir [18].

Paris sülh konfransında təqdim etdiyi memorandumunda İran, demək olar ki, bütün keçmiş Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. Lakin get-gedə İran Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddialarının perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla razılaşmaq məcburiyyətində qaldı.

İranla AXC arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında İsmayıl xan Ziyadxanın (Adil xanın qardaşı) başçılığı ilə Tehran Fövqəladə missiyanın göndərilməsi ilə quruldu. Bu missiya İran hökuməti ilə bir sıra əhəmiyyətli məsələlər üzrə ilkin danışıqlar aparmış, AXC-nin Tehranda diplomatik nümayəndəliyinin Təbrizdə, İranın sərhəd və mərkəzi məntəqələrində konsulluqların yaranması məsələlərini müzakirə etmişdi [8 s. 190].

1919-cu ilin yanvar ayının sоnu (1338-ci il Rəbiüssani ayının axırları) Fətəli xan Xоyski hökuməti elan etdi ki, bundan öncə adı çəkilmiş Adil xanın qardaşı Ismayıl xan Ziyadxanlının başçılığı ilə əhalinin hissiyatını təbliğ etmək üçün Tehrana bir heyət göndərmək qərarına gəldilər. Bununla da о, qarşılıqlı anlaşma üçün bir addım atırdı.

İsmayıl xan Ziyadxanlı həmin ildə, yəni 1919-cu il aprel ayının оrtalarında Ənzəli yоlu ilə Irana daxil оldu. Yarı rəsmi «Iran» qəzeti «Qоnaq bizdəndir» adlı dərc etdirdiyi bir məqalədə «Qafqaz islam millətinin» nümayəndəsinin Irana gəlişindən məmnunluğunu bildirərək (Qədim dövrdən Qafqazla Iran geniş əlaqədə оlub) yazır ki, «… Bu möhtərəm qоnaq bizdəndir, yəni о tayfadandır ki, Iranda 100 ildən artıq səltənət etmiş, sözün əsl mənasında Iran dövlətinin və millətinin nümayəndəsidir. Cənab Ismayıl xan Ziyadxanlı (Qacar – S.T.) tayfasındandır, bunlar Gəncədə ən möhtərəm və etibarlı xanlardan sayılırlar və çar Rusiyası hökumətinin işğalından öncə Gəncədə hökmranlıq etmişlər». Xarici Işlər Nazirliyi rəsmiləri ilə Ismayıl xan arasında müxtəlif sahələrdə, xüsusilə Iran təbəələrinə dəymiş xəsarətin qarşılığını ödəmək, pоçt və ticarət sahəsindəki prоblemlərin həlli ilə müzakirələrdən başqa Şərqi Qafqaz xanlıqlarının Azərbaycan adlandırılması mövzusu əsas məsələlərdən biri idi [20, s. 107-108].

Bu arada Tehranda Ismayıl xan Ziyadxanlı və Iran Xarici işlər nazirlyi arasında cərəyan edən müzakirələr, Bakı mühitindən uzaq оlduğuna görə nisbi nailiyyətlərlə nəticələndi. Müzakirə mövzusu оlan məsələlər haqqında müəyyən razılışmalar əldə edildi və 4 iyun 1919-cu ildə Ismayıl xan Ziyadxanlı ilə Rus idarəsinin müdiri Mötəsəmül Səltənənin imzası ilə 14 maddədən ibarət müqavilə layihəsi imzalandı. Bu müqavilədə Respiblikanın (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutulur – S.T.) tanınması mövzusu yaxud da iki dövlət arasında müştərək sərhədlər məsələsi müzakirə оbyekti оlmalı idi. Daha dоğrusu, əsas müzakirə iki dövlət arasında ticari münasibətlərlə bağlı mövcud prоblemlərin təcili aradan qaldırılması və iki dövlət vətəndaşlarının mütərəqqi оlaraq hüququnun qоrunması məsələsi müzakirə оbyekti оldu.

Lakin bununla belə işin nəticəsi təsdiqlənib qəbul məsələsinə çatan kimi о da ləğv edildi. Belə nəzərə çarpır ki, Bakı hökuməti bu razılaşmanın tənzimlənməsi prоsesindən xəbərsiz оlmuşdur, çünki şəban ayının оrtalarında Azərbaycan Xarici Işlər Nazirliyi Ismayıl xanın qayıdış vaxtını öyrənərkən qeyd etmişdir ki, оnun hərəkət etdiyi gündən məlumatsız оlmuşdur. Elə buna görə də, sоnrakı mərhələlərdə Bakıda bu razılaşma haqqında söhbət getdiyində (öndə görəcəyimiz kimi –S.T.) bu mövzu nəticəsiz qaldı. (20, səh. 113-114)

AXC-nin görkəmli diplomatik xadimlərindən olan A.Ziyadxanlı haqqında bir qədər ətraflı məlumat verməyi məqsədə uyğun sayıram.

Azərbaycanın XX yüzillikdə yetirdiyi siyasi xadimlərdən biri də rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə, döyüş meydanında həlak olmuş Gəncə xanı Cavad xanın nəticəsi, dövrünün tanınmış ziyalısı, dövlət xadimi və diplomatı Adil xan Ziyadxanlıdır. Cavad xan oğlu Hüseynqulu xan ilə birlikdə gəncə qalasının divarları üzərində həlak olduğu 1804-cü ildən 1918-ci ilə qədər keçən 114 il ərzində Rusiya Azərbaycanı öz tarixi köklərindən qoparmaq, simasızlaşdırmaq, onu silah gücünə yaradılan imperiyanın içərisində əritmək üçün az iş görməmişdi. Lakin şirin vədlərin, hədə-qorxunun və top-tüfəngin bütün səylərinə baxmayaraq, azadlıq və müstəqillik ruhu daim yaşamış, tarixi şərait yaranan kimi Azərbaycan xalqı öz sözünü demişdi [14].

A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə anadan olmuşdur. İlk təhsilini xüsusi müəllim yanında almış, sonra isə Gəncə mədrəsəsində oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdi. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl mənimsəmişdi. Geniş ictimai-siyasi fəaliyyət göstərən A.Ziyadxanlı “Qafqaz müsəlmanları şurasının” 7 üzvündən biri idi.

O, öz həyatı ilə bağlı yazır: “Qafqazda, Gəncə şəhərində anadan olmuşam. İki qardaşım var idi və hər ikisi məndən böyük idi. Biz üç qardaş atamızın nəsihətlərinə qulaq asaraq elm öyrənməyə başladıq. Atam həmişə deyərdi: “Mənim övladlarım! Bu dünyada üç şey – dünya malı, şan-şöhrət, xidmət və hökumət və s. fanidir. Daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir olan bir şey varsa, o da mərifət, tərbiyə, elm və əməkdir. Rüzgarın bir dəmində ola bilsin ki, sizin bütün maddi sərvətiniz əlinizdən çıxsın. Lakin sizin elm adlı sərvətiniz siz durduqca duracaq və həyatın ən çətin anlarında sizə əl tutacaq”.

D.B.Seyidzadə “Rusiya Dövlət Dumasında Azərbaycan deputatları” kitabının XIX-XX əsr ərəfəsində Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində yazır: Proqramın bəndlərinin təhlili onu göstərir ki, təkliflərlə yanaşı, proqramı hazırlayanların fikrincə, - burada əyalətin sakitləşdirilməsindən başqa, həm də demokratik fikirlər də vardır. A.Ziyadxanov Dumada müzakirə zamanı qeyd edir ki, “müsəlman nümayəndələr proqramı tərtib edərkən qarşılarına öz siyasi ideyalarını həyata keçirmək məqsədi qoymamış, əksinə,– bizim inamımıza əyalətdə qalxan dalğaların yatırılmasına gətirib çıxaracaq bəndlər yazmışlar. Yalnız bundan sonra 17 oktyabr manifesti və hər hansı azadlıq haqqında danışmaq olar. Nə qədər ki, bu qanlı hadisələr Damokl qılıncı kimi başımızın üstündə asılıb, heç bir azadlıq haqqında arzu etmək olmaz. Azadlıq müsəlmanlara hava kimi lazımdır” [17, s. 24].

Hüseyn Baykara 1905-ci il birinci rus inqilabının Azərbaycana təsiri barəsində belə yazır: “1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanını digər şəhərlərində də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da milliyətcə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirildi” [6, s.110-111].

Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və cahangir Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.

Adil_xan

Leninin və onun əlaltılarının Azərbaycanı işğal etmək, Bakı neftini yenidən ələ keçirmək haqqında planlar cızdığı bir vaxtda Adil xan Ziyadxanlı Azərbaycanın rus xalqına, müstəmləkəçilik azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək yazırdı: “Təəssüf ki, biz Azərbaycan türkləri üzərində alitəbiətlik və insaniyyət sifətləri əskik olmayan və Lev Tolstoylar və sairələr yetirmiş həqiqi rus millətini içərimizdə görməmişik və o millət ki, Azərbaycan müstəqil dövləti yenə vaxtında beynəlxalq qayda üzrə onunla ticarət, iqtisad və sair cəhətdən dostanə əlaqə bərpa edəcəkdir”.

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməsinə etiraz əlaməti olaraq yazırdı: “Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimiz bilmirdi və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər... Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar. Bir millətin birinci və ali neməti və fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir”.

Dünya hərb tarixində özünəməxsus yer tutan və daim müsəlmanların və türklərin imdadına yetişən Osmanlı ordusunun Bakıya gəlişi ilə bağlı qeyd edir ki, Dövləti-Aliyyəyi-Osmaniyyə xahişimizi qəbul edib dərhal bir ordu qüvvəsi Azərbaycana göndərdi və bu ordu iyun ayının əvvəllərində 1918-ci ildə Azərbaycana daxil oldu. Az bir zamanda Osmanlı türkləri və Azərbaycan türkləri köməkləşib davam edən ixtişaşı yatırmaqla məmləkətimizi də bolşevik və ermənilərdən xilas etdilər. Türk ali komandanlığı əvvəlcə Gəncə şəhərini özlərinə idarə mərkəzi qərar verdi. Həmin Gəncə ki, bolşeviklər onun zəbtinə nəhayət şövqlə hazırlaşırdılar. Lakin gəncəlilər bütün qüvvələrilə ordunu mühafizə və müdafiə etdilər. Gəncə şəhərinin möhkəm durması həm də Şəmkir davasında bolşeviklərin qabağını saxlamaqla türk ordusunun işini və hərəkati-hərbiyyəsini bir dərəcədə asanlaşdırmışdır... Türklərin nə qədər başları Bakının alınması ilə məşğul idi, Andranik vaxtında fürsət tapıb Qarabağda müsəlmanlara rəva gördükləri zülmü icra etdi. Mühasirəyə alınmış Qarabağ müsəlmanlarının əhvalı o qədər fənalaşmışdı ki, hətta binəvalara şirin su içməyi haram etmişdi. Bu səbəbdən müsəlmanlar azuqəsizliyə şor su içib yay fəsli zadəganlıq etmişlər. Türklər Bakını aldıqdan sonra bütün diqqətlərini Qarabağa sərf edib oranı mühasirədən azad etdilər. Türklər Qarabağ və Zəngəzur mahallarını daha tez xilas edərdilər, fəqət müttəfiq ordunun buraya gəlməsi türklərə Qarabağ mahalını büsbütün xilas etməyə qoymadı.

Bakıya daxil olmuş müttəfiq ordu komandanı general Tomson Andranikə bu məzmunda bir teleqram göndərdi: “Verilən məlumata görə, ermənilər Qarabağda müsəlmanlara qarşı zülmlər edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sifətilə məlum edirəm ki, ermənilərə söyləyəsiniz öz yerlərində rahat oturub, nizamsızlıq etməsinlər. Əgər mənim bu hökmümə əməl etməyib yenə də nizamsızlıq edilsə, o zaman bütün məsuliyyət sizin üzərinizə düşəcək. Xahiş edirəm bu teleqram sizə vüsul olduqda cavabını məlum edəsiniz ”.

A.Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: “Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı... Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular” [3].

Azərbaycan beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi [12].

A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A. Ziyadxanlı isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı.

Zaqafqaziya respublikaları arasında xüsusən də Azərbaycanla Ermənistan arasında ən çətin problem ərazi və sərhəd məsələsi idi. İngilis generalı Denikinlə Azərbaycanın Kubandakı nümayəndəsi C.Rüstəmbəyovun görüşünü təşkil etdi. Görüşdə iştirak edən Briqqs Denikinə və Rüstəmbəyov vasitəsi ilə AXC hökumətinə təklif edir ki, diplomatik nümayəndəliklər açılsın. General Denikin cavab verir ki, “Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir etirazı yoxdur”. Denikinin “Mən Sizin xalqın və onun hökumətinin Rusiyaya münasibətini bilmək istəyirəm” sözlərinə cavab olaraq C.Rüstəmbəyov cavab verir ki, “... Biz Rusiya ilə əlaqələri kəsmirik və əgər Rusiyanın hansıda səlahiyyəti, hamı tərəfindən tanınan xalq demokratik orqanı olursa, güman edirəm, mənim xalqım oraya gedər, orada iştirak edər və öz müqəddəratını təyin etmək hüququnu bəyan edər...” [7, s. 270-271].

Xarici işlər nazirini əvəzi A.Ziyadxanov Denikinlə söhbəti haqqında Azərbaycanın hökumətinin məlumatını alan kimi 1919-cu il iyulun 26-da Rüstəmbəyova şifrəli (1846 №-li) teleqram göndərdi. Onun əsas müddəaları belə idi:

  1. “Könüllü ordu ilə Azərbaycanın arasında diplomatik nümayəndəlik mübadiləsinə mənfi münasibət bəsləyirik. Bununla birlikdə, lazım gələndə könüllü ordunun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqlar aparmağa hökumətin heç bir etirazı yoxdur. Könüllü ordu isə, lazım olanda, Azərbaycan hökuməti ilə danışıqlar aparmağa özünün Bakıda ingilis komandanlığı nəzdində olan nümayəndəsi general Lazerevə tapşıra bilər”.
  2. “Könüllü ordu barədə mövqeyimiz belədir: qəti və möhkəm qərara gəlmişik ki, Könüllü ordu hissələri Azərbaycan Cümhuriyyətinin hüdudlarına buraxılmasın”.
  3. Azərbaycan hökuməti Rüstəmbəyovun müstəqillik məsələsində hökumətin prinsipial mövqeyi ilə uzlaşmayan fikrini (“Biz Rusiya ilə əlaqələri kəsmirik...”) pislədi və birmənalı bəyan etdi.

“Qəti bilin, Azərbaycan xalqı öz Müəssislər Məclisindən başqa heç bir başqa məclisə getməyəcəkdir. Bizim hökumətimizin xətti belədir. Azərbaycanın müstəqilliyinə qəsd edən hər bir kəs, kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və s. fərqi yoxdur – Azərbaycanın düşmənidir”.

Ziyadxanovun cavabı iki baxımdan əlamətdardır.

–       Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq vəziyyətdə ağlagəlməz çətinliklərə baxmayaraq və ingilis generalının vasitəçiliyinə məhəl qoymayaraq Denikinlə diplomatik mühit yaratmaq haqqında təklifini rədd edir. Denikinə münasibətdə müstəqil xətt yürüdür, real Denikin təhlükəsi qarşısında büdrəmir və başını itirmir, ləyaqət və şərəfini, həm də öz milli mənafelərini, həm də obyektiv olaraq Gürcüstanın maraqlarını qoruyur.

–       Rüstəmbəyova edilən “qəti...” xəbərdarlığı təkcə Rüstəmbəyov üçün ibrət dərsi deyildi. Bu, geniş planda Azərbaycanın müstəqilliyi və suverenliyi məsələsinə yanaşmaqda diplomatiyamızın, prinsipial məsələdə aydın, dürüst, dəqiq mövqe tərbiyə dərsi idi. Dövlət adamlarının təfəkküründə intizam, sözündə məsuliyyət aşılamaq dərsi idi.

İki qonşu ölkə arasında diplomatik münasibətlərin yaradılması asan başa gəlmirdi; İran hakim dairələri 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsində Şimali Azərbaycanı itirlilməsiylə razılaşmaq istəmirdilər. O vaxt Paris sülh konfransında çar Rusiyası tərəfindən işğal edilmiş torpaqları tələb etməsi təsadüfi hal deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bi hadisə idi.

1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə manə oldu. Lakin rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər [8, s. 192].

Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah “mehriban qonaqpərvərlik üçün Azərbaycan hokumətinə minnətdarlıq” bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu [13].

(Firuz Mirzə həm də Paris sülh konfransında İran nümyəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yatarmağa təsir göstərmişdi.

A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı [9, s. 50].

Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik heyətinin siyahısı aşağıdakı şəxslərdən ibarət olmuşdur.

1. Ziyadxanlı Adil xan – 1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ili noyabrından Tehran şəhərində diplomatik nümayəndə.

2. İsrafil Müslümbəy – 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin birinci katibi.

3. Məşədi Aslan – 1920-ci il. İrandakı nümayəndəliyin işçisi.

4. Mirzə Ələkbər xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin ikinci katibi.

5. Mirzə İbrahim xan – 1920-ci il. İrandakı nümayəndəliyin katibi.

6. Babayev Qulam Rza oğlu – 21 noyabr 19190cu il. İran hökuməti yanında diplomatik nümayəndəliyin kuryeri.

7. Sadıqov Ələkbər – 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin müavini.

8. Rudzinski Myaaçeslav Stanislavrviç – 6 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.

9. Yusif xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin təsərrüfat müdiri.

10. Racavan Cabbar bəy – 20 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.

11. Şükürov Ehtiyac – 17 dekabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin kargüzarı.

12. Nerbalyo İvan – İrandakı diplomatik nümayəndəliyin kargüzarı. sürücüsü.

İranın Azərbaycandakı diplomatik nümayəndəliyi

1. İran hökumətinin nümayəndəsi – Məhəmmədxan Said ül-Vüzəra.

2. İranın Lənkərandakı konsulu – Sadıqxan Sadü-dövlə [10].

istiqlal_muzey_2

1920-ci il yanvar ayının 4-də AXC-nin İrandakı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, “Nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir”. Bununla belə o yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlamışdır. Bundan başqa, nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanlının “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti ” adlı kitabını yayırdı [8, s. 198].

Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarər-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlər ilə bağlı 8 müqavilə imazlanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir [16].

1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi “Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)” sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti vardır ki, səfirliyin möhürü ilə də təsdiq edilmişdir. Adil xan öz xətti ilə aşağıdakıları yazmışdır:

21 mart 1920.

“Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi” (1, s. 3)

Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazmışdır: “... Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəsini düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyasət aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq...”. [1, s. 2]. Bu əsərin Azərbaycan Respublikasının İrandakı səfirliyində ərəb əlifbası ilə türkcə nüsxəsi vardır və səfirliyin möhürü ilə də təsdiq olunmuşdur.

A.Ziyadxanlı 28 may 1918-ci ildə yazdığı “Qələmin uçuşu” əsərində İrana səfir təyin edilməsini belə təsəvvür etmişdir: “İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum” [2, s. 15].

Məlum olduğu kimi, İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı sovetlə işğal edəndən sonra A.Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər [19, s. 192].

AXC sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar “Qələmin uçuşu” əsərində A.Ziyadxanlı yazmışdır: “22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi”.

Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtmaq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 aban 1308-ci ildə ana yurdu Təbrizə – Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdır.

Adil xan “Azərbaycan” əsərində yazır ki, “1346-cı il cəmadi ül sani ayının 3-də (6 azər 1306-cı il) bazar ertəsi günü gündüz saat on üç-on beş dəqiqədə Nəcəfül Əşrəfdə Həzrət Əmir əl Möminin əleyhüssəlamın mübarək məqamının qarşısında qızım Mahrux ilə durub öz salamımı dünyanın bu böyük insanının ruhuna təqdim etdim. Doğrudan da, o dəqiqələr mənim həyatımda fövqəladə dəqiqələr idi. Hiss edirəm nur çiləyən ilə bir çeşməyə yaxınlaşmışam ki, oradakı minlərlə müqəddəs şölələr Əlinin (ə) ali sifətlərini aləmə yayır” [3, s. 25].

O, yuxarıda adı çəkilən əsərinin 28-ci səhifəsində qeyd edir ki, “Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin. Dünyada İsveç, Niyapol və s. kimi mənim vətənimdən qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümdə Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur. Çünki bu torpaq mənim vətənim, atamın, əcdadımın vətənidir. İran (Təbriz) da anamın vətəni olduğu üçün o da mənim nəzərimdə əlbəttə ki, əzizdir”. Qeyd edək ki, Adil xanın anası Azər Humayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.

II Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpkisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə “Şuşa” nəşriyyatı tərəfindən “Azərbaycan” adı [11] ilə çap edilmişdir.

adil_xan_baralyef

V.Quliyev Adil xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula köçmüş, həyatının qalan hissəsini Türkiyədə yaşamış, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Naqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı [11]. Zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A.Ziyadxanlı – Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat etmiş və orada torpağa tapşırılmışdır. Qızı Mahrux xanım isə 1994-cü ilədək İstanbulda yaşamış və həmin il dünyasını dəyişərək, orada torpağa tapşırılmışdır. Hazırda Adil xanın qızının nəvəsi Leyla xanım İstanbulda yaşayır. Onun həyat yoldaşı isə general Həsənağa Bakıxanovun qızı Reyhana xanım idi.

 Ədəbiyyat siyahısı:

  1. Adil xan Ziyadxanov. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri 1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə türkcə).
  2. Adil xan Ziyadxanov. Qələmin uçuşu. Azərbaycan kitabından. Bakı: 1993, bax: Tairan-e qələm. (Resaleyi əz noxostin-e nomayende-yi Cümhuri-ye Azərbaycan-e Ğəfğaz dər İran). Adil xan Ziyadxanov. Şap-e əvvəl, Tehran, 1381, 71 s.
  3. Adil xan Ziyadxanov. Azərbaycan. Bakı: 1993, 176 s.
  4. Çəmənzəminli Y.V. “Xarici siyasətimiz”. Bakı:Azərnəşr, 1993, 51 s.
  5. Çəmənzəminli Y.V. “Müstəqilliyimizi istəyiriksə...”. Bakı: Gənclik, 1994, 72 s.
  6. Hüseyn Baykara. Azərbaycanın istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992,276 s.
  7. Köçərli T.Qarabağ(Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə).Bakı:Elm,2002,472s.
  8. Nəsibzadə N. AXC-nin xarici siyasəti. Bakı: 1993; həmçinin bax: Cemil Hasanlı. Azerbaycan tarihi 918-1920. Türkiyenin yardımından Rusyanın işkalına kadar. Ankara, 1998 ; История дипломатии. Том 3, Москва, 1945
  9. Mədətli E. Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri ilə bağlı məqalə haqqında // “Varlıq”, 22-ci il, yaz və yay, Tehran: 1379, s. 47-55
  10. Qasımlı M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2002, 22 s.
  11. Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı: Ozan nəşriyyatı, 2000

12. Talıblı S.Ə. Azərbaycanın İrandakı səfiri Adil xan Ziyadxanlı/AMEA-nın Şərqşünaslıq İnstitutu, “Elmi Araşdırmalar” jurnalı. Bakı: 2006, № I-IV/8-ci buraxılış, s. 430-440:Talıblı S.Ə.Azərbaycanın İrandakı səfiri Adil xan Ziyadxanlı.Bakı-Təbriz. dünya azərbaycanlıların dərgisi. fevral 2006, № 2(5), s.27-31; Talıblı S.Ə.Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlı Bakı “YOM”, Türk Dünyası Mədəniyyət dərgisi (Rüblük) 2(4),2006, s.80-93.

13. Talıblı S.Ə. İsmayıl xan Ziyadxanlı və Azərbaycan-İran əlaqələri /Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi nəşri. “Dirçəliş-XXI əsr” jurnalı. Bakı: 2006, №8-9 (102-103), s. 231-236: Talıblı S.Ə.İsmayıl xan Ziyadxanlının siyasi və diplotaik fəaliyyətinə dairş Bakı Slavyan universiteti. İctimai-siyasi elmlər seriyasış Bakı: 2006, №1-2, с. 69-75; Talıblı S.Ə. Sübhan Talıblı.Ismayıl xan Ziyadxanlının Dumadakı siyasi və hüquqi fəaliyyəti haqqında.«Gənc Hüquqşünas» jurnalı.Bakı, № 05 (18) may 2006 s. 16-18; Sübhan Talıblı. Ismayıl xan Ziyadxanlının Dumadakı siyasi və hüquqi fəaliyyəti haqqında.«Gənc Hüquqşünas»jurnalı.№ 06 (19).

  1. Talıblı S.Ə.

آذربایجان خالق جمهوریتینین ایرانداکی سفیری عادیل خان زیادخانلی 12.

(Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlı) // “Varlıq”. Türkcə-farca kültürəl dərgi. Tehran: Yay 1384, № 145, s. 67-75

15. Тадеусз Swietochowski. Müsülman Cemaatten Ulusal Kimlige Rus azerbaycanı 1905-1920. Birinci: 1988. (Türkcesi: Nuray Mert 295 sahifa).sah.72; bax: Russian Azerbaijan 1905-1920. The Shaping of National Identity in a Muslim Community. Cambridge University Press ,1985.

16. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика (Документы и материалы). Баку: 1998

17. Сеидзаде Д.Б. Азербайджанские Депутаты в Государственной Думе России. Баку: 1991

18. “Heyət-e Fouğalade-ye Ğəfğaziyy-yə”. Mozakerat və qərardadha-yi heyət-e ezamiyye-ye İran be Ğəfğaz təht-e sərporesti Seyyid Ziyaəddin Təbatəbai 1337-1338 (1919-1920). Mərkəz-e esnad və tarix-e diplomasi. Be kuşeş Rza Azəri Şəhrzayi, Tehran 1378; bax: “Heyət-e Fouğalade-ye Ğəfğaziyy-yə”. Əsnad və qərardadha-yi heyət-e ezamiyye-ye İran be Ğəfğaz təht-e sərporesti Seyyid Ziyaəddin Təbatəbai (1337-133 qəməri, 1919-1920 moladi). Tehran, dəftər-e motaleat-e siyasi və beynəlmoləli, 352 s.

آذری شهرضائی، رضا، هیئت فوق العاده قفقازیه، اسناد و مذاکرات و قراردادهای هیئت اعزامی ایران به قفقاز تحت سرپرستی سید ضیاءالدین طباطباعی، 1338-1337 (1920-1919م)، مرکز اسناد و تاریخ دیپلماسی، دفتر مطالعات سیاسی و بین المللی، تهران، وزارت امور خارجه 1379،352 ص.

19. Zöhrevənd Ə. Əvvəlin səfir-e Cümhuri-ye Demokratik-e Azərbaycan dər İran (1918-1920), fəslname-yi tarix-e rəvabe-te xarici, nəşriyye-ye əsnad və tarix-e diplomasi. Vəzarət-e omur-e xarici-ye Cümhuri-ye Eslami-ye İran, sal-e dovvom, şomare-ye 3, tabestan 1379, Tehran

20. Kavə Bəyat. Tufan bər fəraz-e Ğəfğaz. Neqahi be monasebat-e məntəğe-yi İran və cümhurihaye Azərbaycan, Ərmənestan və Qorcestan dər dovre-yi noxoste esteqlal 1918-1921. Mərkəz-e esnad və tarix-e diplomasi. Tehran, 1380, 458 s.

(بیات، کاوه، توفان بر فراز قفقاز، نگاه به مناسبات منطقه ای ایران و جمهوری آذربایجان، ارمنستان و گرجستان در دوره نخستین استقلال، 1921-1918، مرکز اسناد و تاریخ دیپلوماسی (وزارت امور خارجه)، تهران، وزارت امور خارجه، 1380، 458 ص.

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı Slavyan Unversitetini müəllimi,

Dr. Sübhan Ələkbər oğlu Talıblı

 

Gəncə Aşıqları

E-mail Çap PDF

 

Gəncəbasar Aşıqlarının qurultayı. Gəncə 1936-cı il.

Gəncənin Əttarlar məhəlləsində yaşamış Aşıq İslam Yusifov və Gəncənin Aşıqlar məhəlləsində yaşamış Aşıq Qara Mövlayev. Gəncə 1936-cı il.

Balabançı İslam və Gəncənin Aşıqlar məhəlləsində yaşamış uzman sənətkar Qaraçı oğlu İbrahim. Gəncə 1949-cu il.

 

Musa Əbdülrəhman oğlu Musayev (Pişnamazzadə)

E-mail Çap PDF

 

AMEA-nın həqiqi üzvü, görkəmli elm xadimi, akademik, baytarlıq elmləri doktoru, professor, Zoologiya İnstitutunun direktoru Musa Əbdürəhman oğlu Musayev 1921-ci il dekabr ayının 27-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Musa Musayev Qafqaz Şeyxülislamı olmuş Axund Molla Məhəmməd ağa Pişnamazzadənin nəvəsidir.

Musa Musayev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdir. Musa Musayev sonra Moskvadakı Baytaqlıq Universitetində aspiranturada təhsil alarkən Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüş, Azərbaycan Milli Elmlər Akademiyasının o vaxtkı prezidenti Yusif Məmmədəliyev Moskvada olarkən istedadlı gənc alimdən xəbər tutaraq ona AMEA-nın Zoologiya İnstitutunda işləməyi təklif etmişdir. 1949-cu ildən Zoologiya İnstitutunda işləyən Musa Musayev 61 illik əmək fəaliyyətinin 50 ilini (1960-cı ildən) Zoologiya İnstitutunun direktoru vəzifəsinə həsr etmişdir.

Musa Musayev 1959-cu ildə Azərbaycan Milli Elmlər Akdemiyasının müxbir üzvü və 1967-ci ildə isə həqiqi üzvü seçilib.

O, leptospirozun seroloji diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti haqda bir çox qiymətli məqalələr və monoqrafiyalar yazmışdır. Alimin 54 il bundan əvvəl təklif etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir. Onun növbəti monoqrafiyası qaramalın, o cümlədən camışların leptospirozunun tam tədqiqatına, bu sahədəki mövcud məlumatların sistematikasının yaradılmasına həsr edilmişdir. Musa Əbdürəhman oğlu Musayevin monoqrafiyası bu günədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olaraq baytar işçiləri üçün bu gün də qiymətli vəsaitdir. Musa Musayev yaratdığı protozoologiya laboratoriyasının bazasında parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və protistologiya laboratoriyalarından ibarət protozoologiya şöbəsi təşkil edərək Respublikada ilk protozoologiya elmi məktəbi yaratmışdır. Azərbaycanda insanların kənd təsərrüfatı və çöl heyvanlarının hüceyrədaxili parazitləri olan koksidilərin və həmçinin səpbəst həyat sürən təkhüceyrəli heyvanların növ tərkibi, ekologiyası, sistematikası və taksonomiyası, parazit-sahib münasibətlərinin xüsusiyyətləri öyrənilmişdir.

Musa Musayevin səyi nəticəsində xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.

Akademikin 30-dan artıq elmi işi və «SSRİ-də yaşayan gəmiricilərin koksidləri» (1965), «Çöl siçanının parazit faunası və parazitosenozunun quruluşu» (1969) kimi monoqrafiyalarıadlı heyvanların koksidi və koksidiozlarının öyrənilməsinə həsr edilmişdir. Birinci monoqrafiyada 46 sahibdən 100-ə qədər yeni növ koksidisi təsvir edilmişdir. Ölkəmizdə təkhüceyrəli heyvanların qenofondu öyrənilərkən yeni 230-a qədər növ təsvir edilmiş, onlara azərbaycanlı gənc protozooloqların (E.Yolçiyeva, E.Köçəri, E.İbrahimova və s.) və digər yerli-coğrafi məkan adları (E. bakuensis, E. sachdagika, E. cahriensis, E. batabatika, E. badamlinica və s.) verilmiş, beynəlxalq kataloq və kitablara salınmışdır. Məhz akademik M.Musayevin elmi avtoriteti sayəsində keçmiş SSRİ-də yaradılmış protozooloqlar cəmiyyətinin 1971-ci ildə keçirilmiş birinci qurultayı Bakı şəhərində keçirilmişdir.

Bu fundamental tədqiqatların nəticələri 150-dən çox elmi məqalədə və o cümlədən «Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri» (1977) və «Ev quşlarının parazitləri onlara qarşı mübarizənin elmi əsasları» (1991) monoqrafiyalarında öz əksini tapmışdır. Musa Musayev şəxsi tədqiqatlarına, yaratdığı protozooloqlar məktəbinin və digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında geniş miqyasda tətbiqinə aid silsilə əsərlərə görə bir qrup alimlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür (1991). Nəzəri və praktiki əhəmiyyətli bir çox elmi əsərlər, o cümlədən də «Azərbaycanda balıqların ibtidai parazitləri» (1966), «Azərbaycanda quşların qan parazitləri» (1994) kimi kitablar nəşr edilmişdir.

Musa Musayevin apardığı tədqiqatlar 400-ə yaxın elmi məqalə, tezis və monoqrafiyalarda öz əksini tapmış, onun şəxsi rəhbərliyi ilə 28 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmiş, Qazaxstan, Özbəkistan, Belarus, Moldova kimi ölkələr üçün yüksək ixtisaslı protozooloq alimlər hazırlanmışdır. O, Zoologiya İnstitutu əməkdaşlarının kollektiv əsəri olan «Azərbaycan heyvanlar aləmi» üçcildliyinin əsas təşkilatçısı, müəllifi və elmi redaktoru olmuşdur. Görkəmli alim keçmiş SSRİ protozooloqlar cəmiyyətinin vitse-prezidenti və Azərbaycan bölməsinin sədri (1968-1991), «Bilik» cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi-metodik şurasının sədri (1967-1989), keçmiş SSRİ EA Ümumi Biologiya Bölməsinin Elmi Şurasının üzvü və «Parazitologiya» (1967-1989) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Musa Musayev Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının sədri, «Azərbaycan Zooloqlar Cəmiyyəti»nin  prezidenti, 1959-cu ildən AMEA Biologiya Bölməsinin büro üzvü, 1997-ci ildən isə bu bölmənin akademik katibidir.

Akademik Musa Musayev xidmətlərinə görə bir sıra hökümət mükafatları ilə: «Şərəf nişanı» və «Qırmızı Əmək Bayrağı» ordenləri, «Böyük Vətən Müharibəsində Fədakar Əməyə Görə» medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyyətinin üç fəxri fərmanı ilə təltif olunmuşdur. O, «Azərbaycanın Əməkdar Elm Xadimi» fəxri adına və 2001-ci ildə Azərbaycan Respublikasının «Şöhrət Ordeni»nə layiq görülmüşdür.

Akademik Musa Əbdürəhman oğlu Musayev 2010-cu il dekabr ayının 4-də 89 yaşında Bakı şəhərində vəfat edib.

Musa Əbdürəhman oğlu Musayevin qəbri Bakıdakı II-ci Fəxri xiyabanda yerləşir.

 

Dabbaq Əli

E-mail Çap PDF

 

(Şəkil naməlum fransız rəssamı tərəfindən əsrin əvvəllərində Gəncə şəhərində çəkilmişdir)

Şimali Qafqaz xalqlarının rəhbərlərindən biri olan əslən avar Hacı Muradın (Şeyx Şamilin naibi) bacısı Fatmanın oğlu Dabbaq Əli.

Hacı Muradın qətlindən sonra Dabbaq Əli ailəsi ilə birgə təqiblər üzündən Gəncənin Şahsevənlər məhəlləsinə köçmüşdür (təxminən 1870-75-ci illərdə). Dabbaq Əlinin Gəncə çayının sağ sahilində və Gürcüstanın Batumi şəhərində dabbaqxanası olmuşdur. Dabbaq Əlinin oğlu Abbas və Bayraqdar Heydər 1920-ci ildə baş verən Gəncə Üsyanında iştirak etmişlər. Böyük oğlu Abbas Gəncə üsyanında qəhrəmancasına şəhid olmuşdur. Qəbri Gəncənin Səbiskar qəbristanlığındadır. Kiçik oğlu Bayraqdar Heydər eyni zamanda Nuru paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusunda mərdliklə döyüşmüş və Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad olunmasında iştirak etmişdir. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Gəncədən götürərək Göyçay, Kürdəmir. Şamaxı uğrunda gedən döyüşlərin içərisindən keçirib, 15 sentyabr 1918-ci ildə Bakıya gətirib, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə təhvil verərək şərəfli tariximizə adını "Bayraqdar Heydər" olaraq möhürləyib. Bayraqdar Heydər sonradan Nuru paşanın rəhbərliyi altında Hərbi Komendantlıqda müavin vəzifəsində işləmişdir.

Dabbaq Əli həmçinin "Difai" Partiyasının üzvü olmuş Sarı Ələkbər Sarı İmamqulu oğlunun ata anasının qohumudur.

 

İlyas Bərxudar oğlu Quliyev

E-mail Çap PDF

 

İlyas Bərxudar oğlu Quliyev 5 noyabr 1930-cu ildə Goranboy rayonunun Qarqucaq kəndində anadan olmuşdur. Qarqucaq kənd 7 illik orta məktəbi bitirdikdən sonra, ailəsi ilə birlikdə Gəncə şəhərinə yerləşmişdir. 1949-cu ildə Gəncə şəhər 9 saylı Sənət məktəbinə daxil olaraq, "bənna" ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə Bakı Qərb Neft Tikinti Trestinin 2 nömrəli Tikinti İdarəsində başlamışdır. İlyas Quliyev 1953-cü ildə hərbi xidmətə getmiş, əsgərliyi başa vurduqdan sonra Gəncəyə qayıdaraq burada Rayonlararası 3 nömrəli Tikinti-Quraşdırma Trestinin 30 nömrəli Tikinti İdarəsində bənna işinə qəbul olunmuşdur. 1958-ci ildə İdarədə kompleks briqadaya rəhbərlik etmişdir. 1965-70-ci illərdə İlyas Quliyev Gəncə İnşaat Texnikumunun axşam şöbəsində təhsil almış, "Sənaye və Mülki binaların tikintisi" ixtisasına yiyələnmişdir.

Gəncə Gil-Torpaq, Maşınqayırma və Avtomobil zavodlarının, Gəncə Filarmoniyasının, Xəstəxana, Teatr, Məktəb və çoxmərtəbəli binaların, Yeni Gəncə, Gülüstan, Aliminiumçular yaşayış massivlərinin tikilməsi və salınması işlərində briqadaya başçılıq etmiş, Gəncə şəhərinin böyüməsinə və şəhərsalma mədəniyyətinin yüksəlməsində böyük əmək sərf etmişdir.

İlyas Bərxudar oğlu Quliyev 1966-cı ildə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, göstərdiyi əmək rəşadətinə görə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. İ. Quliyev 1971-ci ildə əmək sahəsində əldə etdiyi nailiyyətlərə görə "Lenin Ordeni" ilə də təltif olunmuşdur. Quliyev 1972-1977-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki GDU) tarix fakültəsini qiyabi olaraq bitirmişdir. 1974-cü ildə "Oktyabr" ordeni ilə təltif olunmuşdur. İlyas Quliyev 1975-ci ildə 9-cu çağırış SSRİ Ali Sovetinin yenidən deputatı seçilir. 1978-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülür.

İlyas Quliyev 1981-ci ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunur. İ.Quliyev elə həmin ili "II Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. 1980-85-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı Komitəsinin üzvü kimi də fəaliyyət göstərmişdir. İlyas Quliyev 1985-ci ildə 3-cü dəfə 11-ci çağırış Azərbaycan Ali Sovetinə deputat seçilərək fəaliyyətini davam etdirmişdir.

Bənnalıqdan dövlət qulluğuna qədər yüksəlmiş İlyas Quliyevi sənətinə bağlılığı, zəhmətə qatlaşmağı, sadəliyi, işinə məsuliyyətlə yanaşması, insanlara diqqət və qayğılı olması onu həyatda daha da ucaltmışdır. Yaşadığı ömrü boyunca yaxşı işlər görmək, insanların çətinliklərini həll etmək İlyas Quliyevin həyatının qayəsi olmuşdur.

İlyas Bərxudar oğlu Quliyev 27 dekabr 2003-cü ildə Gəncə şəhərində vəfat etmişdir.

 

Hacı Seyyid Ağabala ağa

E-mail Çap PDF

 

Kəramətli Seyyid

seyyid_ev

(Hacı Seyyid Ağabala ağanın yaşadığı mülk)

Hər bir insan dünyaya gəlir, uşaqlıq, yetkinlik və yaşlılıq dövrünü sona çatdırıb dünyadan köçür. Lakin hər dünyadan köçüb gedənlər özü ilə heç nə aparmasa da, yaxşılıq və pislik kimi iki adı qazanır. Elə onları da əməllərinin nəticəsi olaraq "yaxşı insan" və "pis insan" deyə yas edirlər.

Azərbaycanın ən qədim şəhərlərindən olan bizim Nizami yurdu Gəncədə Comərd Qəssab, Əbü-Əla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi, Bəndər, Mirzə Şəfi Vazeh, Cavadxan, Mirəli Qaşqay, Qənbər Hüseynli, Fikrət Əmirov, Telman Hacıyev, Əkbər Babayev, Nəriman Əzim Gəncəli və yüzlərlə saya bilmədiyimiz məşhur insanlar yetişmişlər. Nəzərə alsaq ki, Mirzə Məhəmməd Axundzadə və Cümhuriyyət dövrünün əsas ziyalılarını Gəncəlilər təşkil etmişlər, onda bu şəhərin haqqında Azərbaycan salnaməsində xüsusi bir yer tutduğunu görərik. Dahilər dahisi Nizami Gəncəvi isə bu şəhəri bütün dünyaya tanıtmışdır. Bu insanlarla daima fəxr etməyə dəyər. Belə müqəddəs insanların içərisində dövrünün böyük və mötəbər şəsxiyyətlərindən biri də Hacı Seyyid Ağabala ağa olmuşdur.

elem_seyyid

(Hacı Seyyid Ağabala ağaya məxsus olan ələm)

Təqribən 1850-ci ildə Gəncə şəhərinin İmamlı məhəlləsində doğulan bu şəxs "Seyyidlər" nəslinə mənsub olub. Ömrüboyu Allaha, dinə xidmət etmişdir. Ömrünün 70 illik fəaliyyətini bu yola sərf etmişdir. O qədər mötəbər bir seyyid olmuşdur ki, bir çavuş kimi Gəncədən atla camaatı Məkkə və Mədinəyə ziyarətə məhz o aparmışdır. Yaşlı insanların mənə danışdıqlarına görə o dövrün də öz karvansoyanları olmuşdur. Onlar bir qara ərəbin dəstələri olublar ki, Məkkə və Mədinənin təxminən 7 kilometrliyində dayanıb gələn camaatı soyarlarmış. Növbə Gəncə zəvvarlarına çatanda Hacı Seyyid Ağabala ağa Allaha dua edir ki, Xudaya, biz sənin və əzizlərinin yolunda bu qədər yolu qət edib müqəddəs yerləri ziyarətə gəlmişik, indi rəvadırmı sənin yolunda var-olanımızı da əlimizdən alsınlar? Bu zaman elə bir külək qopur ki, göz-gözü görmür və qəribə burasıdır ki, zəvvarlara heç bir şey olmur, ancaq quldurların gözlərinə qul dolur. Qara ərəb ağanın kim olduğunu bildikdən sonra məcbur qalıb deyir ki, ya Seyyid, bağışla bizi, Allaha dua et külək kəssin, sizi soymayacağıq. Seyyid, Allaha müraciət edir ki, Xudaya bəndələrinin pis əməlini əfv et, onlar sayəndə dinə-imana gəliblər. Külək kəsir. Qara ərəb və zəvvarlar bu işə məəttəl qalırlar.

İkinci bir misalı da Gəncənin yaşlı insanlarından eşitmişəm. Deyilənlərə görə, Gəncədə bir neçə il çox quraqlıq hökm sürürmüş. Əlacı kəsilən camaat Hacı Seyyid Ağabala ağanın yaşadığı evə gəlib deyirlər ki, ya Seyyid, sən Allaha bizdən bir köynək yaxın adamsan, dua et, yazığıq, mal-qaramız, əkinimiz və özümüz sudan əziyyət çəkirik.

Hacı Seyyid Ağabala ağa camaatı Gəncə çayının sahilinə aparır, suzuzluqdan əsər-əlamət olmayan çaydan ayaqqablarını çıxarıb içərilərinə qum doldurmağı tövsiyyə edir və deyir ki, mən dua edib Allaha yalvaracağam, siz isə arxamca İmamzadəyə qədər piyada gedəcəksiniz. Şahidlərin dediyinə görə İmamzadə ziyarətgahına çatanda elə bir yağış yağır ki, Gəncə çayı o tay, bu tay su ilə dolur. Şahidlər bu işə məəttəl qalırlar. Bir daha Seyyidin Allah adamı olduğuna inanırlar. Camaat belə qərara gəlirlər ki, Hacı Seyyid Ağabala ağanın yaşadığı ata mülkünü iki mərtəbə şəklində tiksinlər və bu ev mötəbər bir insana xas olduğundan, hazırki Nizami küçəsindəki iki mərtəbəli evlərin hamısından 5 kərpic uca olsun ki, başqa evlərdən seçilsin. Evi camaat öz hesabına tikir. Hazırda Nizami küçəsindəki bu ev qalmaqdadır və həmin evdə Hacı Seyyid Ağabala ağanın nəvə-nəticələri yaşamaqdadır. Maraqlısı odur ki, evin kiçik qapısının sağ, sol və üstündə üç İmamzadə yaşıl daşı indi də qalmaqdadır. Bina dövrünə görə ən yaxşı binalardan hesab olunur. Hazırda binanın təmirə ehtiyacı vardır.

seyyid_qebri

Hacı Seyyid Ağabala ağa təxminən 1918-19-cu ildə vəfat etmişdir. Onun məzarı İmamzadə ziyarətgahının lap giriş qapısının yanındadır. Məzar yerdən azca yuxarıdadır. QMİ-nin sədri Hacı Allahşükür Paşazadə məzarın üzərində bir müqəddəslik abidəsi ucaldılacağına söz vermişdir. Hazırda İmamzadə ziyarətgahında təmir işləri gedir. Ümid edirik ki, Gəncənin mötəbər insanları tərəfindən bu müqəddəslik abidəsinin əbədi yaşamaq hüququnu bərpa edəcəklər. Bunun gələcək nəsillərə çox böyük önəmi vardır.

Cahan Ağamirov

 

Şeyx İbrahim Şeyxzamanlı (Qüdsi Gəncəvi)

E-mail Çap PDF

 

Şeyx İbrahim Şeyx Həsən oğlu Şeyxzamanlı 1816-cı ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış sonra Gəncə mədrəsəsində oxumuşdur. Bir müddət mədrəsədə müəllim işləmişdir. Şeyx İbrahim eyni zamanda şair idi. Naseh və Qüdsi təxəllüsü ilə şerlər yazırdı. Firudin bəy Köçərli onun haqqında yazır: "Mәrhum Şeyx İbrahim Şeyx Hәsәn oğlu Şeyxzamanlı Gәncә şairlәrinin mәşhurundandır. Tәvәllüd edibdir Gәncәdә hicrәtin 1231-ci tarixindә, yüz sәnә bundan müqәddәm. Şeyx İbrahim tәlim alıbdır Gәncә Pişnamazı mәrhum Axund Molla Hüseyndәn. Mәlum ola ki, mәrhum Mirzә Fәtәli Axundzadə də hәmin bu müdәrrisdәn tәlim almışdır.

Şeyx İbrahimin әrәbcә vә farsca yaxşı biliyi var imiş vә müqtәdir türk şairlәrindәn birisi hesab olunur. Qüdsi müdәrrislik ilә vә bir tәrәfdәn Gәncә şәhәrinin yaxınlığında vaqe olan İmamzadeyi-İbrahim türbәsinin mütәvәlliliyi ilә güzәran edәrmiş. Hictərin 1255-dә tәәhhül edibdir. Belә rәvayәt olunur ki, hicrətin 1261-ci ilә kimi hәr sәnәdә bir qızı vücuda gәlir imiş. 1261-ci tarixdә (hicri) haqq-taala ona bir oğul kәramәt edibdir vә şair bundan ziyadә xoşhal olub, ona «Әli-Əkbәr» adı qoyubdur.

Şeyx İbrahimin bir tәxәllüsü dә «Naseh»dir vә bәzәn «Şeyx» dәki yazarmış. Qüdsinin gözәl qәzәllәri var. Onlardan bir parası türkcәdir, amma әsәrlәrinin çoxu farsi dilindәdir. Xacә Hafizin qәzәllәrinә timsal olaraq bir çox qәzәllәr inşad etmişdir. 

Qüdsi cәnabları Şiә-mәzhәb saliklәrindәndir. Gәncәnin müxtәsәr tarixçәsini general Lazarevin xahişinә görә, yazıbdır ki, onun müsәvvәdәsi әldәdir. Cümleyi-әşarı dağınıq surәtdә olduğu halda, eşitdiyimizә görә, hali-hәyatda olan oğlu Şeyx İsa hәzrәtlәri onları cәm etmәkdәdir. Ümidvar ki, tezliklә çapa verilsin.

Әşarından әlavә, «Tarixi-müqәddәs» kitabı dәxi tәrtib edibdir vә lakin mәrhumun bu әsәri dә hәnuz çap olunmayıbdır. Çap olunmamış divanı da vardır. Divanına daxil olan şerlәr vә qәzәllәr 150-dәn ziyadәdir. Cümlә qәzәllәri yeddi beytdәn ibarәtdir; artıq-әskiyi yoxdur. Әsәrlәri әlәlümum ülәma qisminin zәmminә vә ruhani sinfinin çirkin vә qәbih әmәllәrinә dair әsәrlәrdir.

Sabiqdә Gәncә şәhәrindә qәzavәt edibdir vә sonraları Gimnaziya mәktәbindә müәllim olubdur. Belә ki, Gәncәdә әvvәlinci әqaid vә türk dilinin müәllimi bu zat olubdur. Bәzi rәvayәtә görә, Şeyx İbrahimin Şeyx Nizami ilә qәrabәti var imiş.

Şeyx hәzrәtlәri ziyadә müttәqi vә dindar bir vücud olduğundan ülumi-ilahiyyәyә artıq bәlәdiyyatı var imiş vә Qurani-şәrifi әzbәr bilirmiş. İdareyi-ruhaniyyәdә Şeyx İbrahim rәqabәt imtahanı verәrkәn Qafqazın fәrman fәrması - namestniki knyaz Vorontsov hәzrәtlәri dә orada var imiş. Şeyxi-mәrhumun imtahan vaxtında izhar etdiyi elm vә kamalını müşahidә edib, ona afәrin vә tәhsin oxuyub, öz qızıl saatını da bәxş etmişdir.

Şeyx İbrahim hicrətin 1282-ci tarixdә Gәncәdә qәflәtәn vәfat edib; mәqbәrәsi İmamzadә qәbristanındadır. Şeyxi-mәrhum ziyadә ağıllı, zәkavәtli vә hafizәli möhtәrәm bir alim imiş". Şeyx İbrahim Qüdsi Gəncəvi 1869-cu ildə Gəncədə vəfat edib.

Şeyx İbrahim Fatma xanımla ailə qurmuşdur. Şeyx İsa adlı oğlu və 9 qızı olub.

 

Gəncə AXC-nin ilk paytaxtıdır...

E-mail Çap PDF

 

(Şəkil - 1919-cu il may ayının 23-də Azərbaycan Xalq Cümhuriyyətinin 1 illik yubileyi ərəfəsində Gəncə şəhərində çəkilmişdir.

1-ci cərgə: sağdan-sola Səlyanlı tarzən Şirin Axundov, Məşədi Cəmil Əmirov, kamançaçı Tatevos, qavalda Bülbül.

2-ci cərgə: sağdan 4-cü Azərbaycan qəzetinin ilk redaktoru Şəfi bəy Rüstəmbəyli, Parlament sədrinin 1-ci müavini Həsən bəy Ağayev, Baş nazir Nəsib bəy Yusifbəyli, Əks-İnqilabi Kəşfiyyat İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlı, ədəbiyyat müəllimi Səlman Əhmədli.

3-cü cərgə: Şair Əhməd Cavad və pedaqoq Əliqara bəy Məmmədov.

5-ci cərgə: pedaqoq Cavad bəy Rəfibəyli.

6-cı cərgə: sağdan 2-ci Sarı Ələkbər və onun dəstəsi).

Üç yüz ildən artıq hökmranlıq etmiş Romanovlar sülaləsinin 1917-ci il fevral inqilabı nəticəsində süqutu imperiyanın ucqarlarında yaşayan xalqlarının milli azadlıq hərəkatının oyanışına səbəb oldu. Bu hadisə Zaqafqaziyada daha çox əks-səda verdi. Zaqafqaziyada vəziyyət mürəkkəbləşmişdi. Beləki, nə Zaqafqaziya Komitəsi, nə də Zaqafqaziya Komissarlığı mövcud siyasi vəziyyəti sabitləşdirmək iqtidarında deyildi. Zaqafqaziya Seymini təmsil edən üç millətin nümayəndələri tam bir-birinə əks mövqe tuturdular. Azərbaycanda vəziyyət daha da çətin idi. Beləki, erməni-bolşevik koalisiyası azərbaycan türklərinə qarşı soyqırım siyasəti yeridirdi. Bu siyasət eyni zamanda Şərqi Anadoluda, Cənubi və Qərbi Azərbaycanda da türk-müsəlman əhalisinə qarşı aparılırdı. Belə bir vaxtda Azərbaycan iki yoldan birini seçməli idi: ya bir məmləkət kimi məhv olmalı, ya da milli müstəqillik əldə etməli idi.

Zaqafqaziya Seyminin buraxılmasından istifadə edən keçmiş seymin 44 nəfərdən ibarət müsəlman fraksiyası 1918-ci il may ayının 27-də Azərbaycan Milli Şurasını yaratdılar. Milli Şura yaranmış vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Tiflisdə canişin sarayının mavi salonunda İstiqlal bəyannaməsini imzalayaraq, müstəqil AXC-nin yarandığını elan etdilər. Müəssislər Məclisi çağrılanadək Milli Şuranın sədri Məhəmməd-Əmin Rəsulzadə, müvəqqəti hökumətin başçısı isə Fətəli xan Xoyski seçildi.

1918-ci il may ayının 16-da Məhəmməd-Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad yığışıb məsləhətləşirlər və qərara gəlirlər ki, Azərbaycan Hökuməti üçün ən münasib yer Gəncədir. 1918-ci il iyun ayının 16-da Milli Şura-Azərbaycan Hökuməti müvəqqəti paytaxt elan edilmiş Gəncə şəhərinə köçürüldü. Bu heç də təsadüfi deyildi. Çünki, ən əvvəl Gəncənin hələ XI-XIII əsrlərdə Şəddadilər və Atabəylər dövlətinin paytaxtı, sonralar isə Gəncə xanlığının mərkəzi kimi kifayət qədər dövlətçilik ənənəsi və təcrübəsi vardı.

XX əsrin əvvəllərində Milli Oyanış Gəncədə xüsusi vüsət almışdı. Bakı isə bu dövrdə bolşevik-erməni koalisiyasının əlində idi. Azərbaycanın başqa bölgələrində müsəlman əhalisinə qarşı törədilən qırğınlar Gəncədən yan keçmişdir. Gəncədə "Difai" və "Müsavat" partiyalarının mövqeyi və təsirinin daha güclü olması onun paytaxt seçilməsinə şərait yaradan səbəblərdən biri idi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının çox hissəsi ya Gəncəlilər idilər, ya da öz fəaliyyətlərinə Gəncədən başlamışdılar. Bütün bu sadalananlar Gəncənin paytaxt seçilməsinə zəmin yaratdı.

Azərbaycan Demokratik Respublikası Gəncədə 3 ay fəaliyyət göstərdi. Lakin, bu az müddətdə şanlı və şərəfli bir yol keçdi.

Azərbaycan Demokratik Respublikasının liderlərinin çoxu Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Fətəli Xan Xoyski, İsmayıl xan və Adil xan Ziyadxanovlar, Ələkbər bəy və Xəlil bəy Xasməmmədovlar, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanovlar, Musa bəy Rəfizadə və s. şəxsiyyətlər Gəncə torpağının yetirmələri idi.

Azərbaycan Xalq Cümhuriyyəti-ilkin vətəni olan Gəncədə müstəqil Milli Dövlət kimi formalaşdı.

 

İsmayılov Bəxtiyar Rəşid oğlu

E-mail Çap PDF

 

İsmayılov Bəxtiyar Rəşid oğlu 22 avqust 1958-ci ildə Ağstafa rayonunun Köhnə-Qışlaq kəndində anadan olmuşdur. Bəxtiyar 2 yaşında olarkən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Bəxtiyar təhsilini Gəncə şəhər 28 saylı orta məktəbdə (1965-1975) almışdır. 1976-1978-ci illərdə ADR, Frankfurt-Oder şəhərindəki 06192 saylı hərbi hissədə əsgəri xidmətdə olmuşdur. 1988-ci ildə erməni separatçılarının SSRİ-nin rəhbərləri tərəfindən dəstəklənməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş məkirli planların həyata keçməsinə başlanması ilə əlaqədar olaraq Azərbaycan xalqının coşan qəzəbi və Azərbaycan kommunist rəhbərlərinin qətiyyətsizliyi xalq hərəkatının vüsət almasına, vətənin igid övladlarının meydana atılmasına səbəb oldu. Xalq özü-özünə müdafiə dəstələri yaratmağa başladı, bu dəstələr içərisində Bəxtiyar İsmayılov da var idi.

Bəxtiyarın ilk döyüşü 1990-cı ilin əvvəlində Gəncənin özünümüdafiə dəstəsində könüllü olaraq Çaykənd əməliyyatında olmuşdur. 1990-cı ilin martında M.Əsədovun xüsusi təyinatlı polis dəstəsinin tərkibində Gülüstan, Ağcakənd, Karxaput, Qaraçinar kəndlərinin erməni yaraqlılarından təmizlənməsi əməliyyatında iştirak etmişdir. 1991-ci ilin fevralında Xocalı könüllü özünümüdafiə dəstəsində xidmət etmiş, bir müddət Azərbaycanın Milli Qəhrəmanları rəhmətlik Əlif Hacıyev və Tofiq Hüseynovla çiyin-çiyinə döyüşmüşdür. O, sonradan Xocalıda əks-kəşfiyyat komandiri təyin edilir. Əsgəran yolunda xüsusi qəddarlıqla ana və 3 yaşlı körpə qızın qətlə yetirildiyini eşidən Bəxtiyar, bu qəddarlığı hansı erməni yaraqlısının törətdiyini öyrənməyə çalışır və erməni dilini yaxşı bildiyi üçün bu ona çətinlik törətmir. Həmin yaraqlının kim olduğunu başqa bir ermənidən öyrənən Bəxtiyar, 1991-ci ildə Xocalı yaxınlığında Noragux kəndində döyüş yoldaşları Əliyar Usubov, Kərim Quliyev və Elbrus Quliyevlə birlikdə əks-kəşfiyyata gedir. Ananı və 3 yaşlı körpəni qəddarlıqla qətlə yetirən erməni yaraqlısının toy məclisində olduğunu bilərək gizlicə məclisə daxil olur. Döyüş yoldaşları isə onu kənddən bir qədər kənarda gözləyirdi. Məclisdən 15 nəfər içkili erməni yaraqlısını əsir götürən Bəxtiyar qatil ermənini öz əlləri ilə güllələyir, qalan əsirləri isə dövlətə təhvil verir. Köməksiz qalan Xocalıdan əhalini hissə-hissə özünümüdafiə dəstələrinin əsgərləri müşahidə edərək çıxarmağa başlayırlar. 9 nəfərlik silahlı dəstəsi ilə Bəxtiyar 364 nəfər mülkü vətəndaşları şumluqla Naxçıvanikdən Şelli kəndi istiqamətinə doğru müşaiyət edirdi. 1992-ci ilin fevral ayının 26-ı saat 12 radələrində erməni silahlıları onları atəşə tutur, atəş kəsildikdən sonra məlum olur ki, mülkü vətəndaşlardan 21 nəfər düşmən gülləsinə tuş gəlib. Ən dəhşətli faciə isə Bəxtiyargilin dəstəsindən öncə gələnlərin başına gəlib. 26 fevral 1992-ci ildə qana susamış erməni quldurları ilə Sovet Ordusunun 366-cı alayı bütün hərbi texnikanın gücündən istifadə edərək Xocalıya hücum etdi. Özünümüdafiə dəstələrinin köməyində qalan Xocalı və qəfil hücumu gözləməyən dinc əhali qeyri-bərabər döyüşdə günahsız qurbanlara çevrildilər. Bu qanlı qətliamdan əhalinin yerdə qalan hissəsini xilas etmək üçün özünümüdafiə dəstələrinin üzvləri böyük fədakarlıq göstərirdilər. Gecə səhərəcən Naxçıvanikdən Ağdamın Şelli kəndi istiqamətinə doğru şumluqla əhalini dəstə-dəstə çıxarmağa başladılar. Səhərə yaxın Bəxtiyarın başçılıq etdiyi 9 nəfər silahlının müşayiəti ilə 364 nəfər mülkü vətəndaş ermənilərin silahlı basqısına məruz qalır. Bəxtiyargilin dəstəsi cavab atəşi ilə bir müddət müqavimət göstərərək əhalini oradan çıxarmağa müvəffəq olurlar. Lakin, mülkü vətəndaşlardan ibarət 21 nəfərin həyatını xilas etmək olmur. Özünümüdafiə dəstələrinin üzvləri sağ qalmış əhalini Ağdama yerləşdirərək yolda qalmış meyitləri gətirmək üçün geri qayıdırlar və onlar bəşər tarixində görünməmiş bir mənzərənin şahidi olurlar. Bu bütün dünyanı lərzəyə gətirən və hər il Xocalı soyqırımı kimi qeyd olunan rəhmətlik Çingiz Mustafayevin lentə aldığı, erməni vəhşiliklərinin törətdiyi qətillərin dəlil sübutu kimi televiziya ekranlarından 20 ildir ki, nümayiş etdirilir. Həmin çəkilişdə bir epizodu yəqin ki, hamı xatırlayır: "Çingiz Mustafayevin Bəxtiyar qaldır o uşağın üzünü göstər" deyə müraciət etdiyi şəxs, meyitləri götürməyə gəlmiş Bəxtiyar müsahibimiz Bəxtiyar İsmayılovdur.

Bəxtiyar 1991-1992-ci illərdə Ağdam, Ağdərə ətrafında döyüş əməliyyatlarında iştirak etmişdir. 1992-ci ilin oktaybrın 7-də Bəxtiyar İsmayılova eks prezident Əbülfəz Elçibəy "Milli Qəhrəman" fəxri adı versədə, Bəxtiyar bu mükafatdan imtina etmiş və döyüş meydanlarına atılmışdır.

Bəxtiyar İsmayılov 1993-cü ilin 20 noyabrında yaradılmış Kəpəz batalyonunun komandiri kimi Maruşavan ətrafında gedən döyüşlərdə iştirak edib. Murovdağda 1994-cü ilin əvvəllərində eks prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun adını daşıyan N saylı hərbi hissədə döyüşmüşdür. Həmin ilin aprelin 24-də komandiri olduğu öz dəstəsilə Bəxtiyar 3 yüksəklik ələ keçirmişdir. Həmin yüksəkliklər bu gün də Bəxtiyarın adı ilə bağlıdır. Bəxtiyar 1994-cü ilin may ayının 7-də Murovdağda Milli Ordumuzun digər bir dəstəsini də mühasirədən xilas etmişdir. Bu əməliyyatda 20-dən çox erməni yaraqlısını, 2 tank, 2 rus snayperi məhv edilmişdir. Bəxtiyar İsmayılovun dedikləri bütün faktları N saylı hərbi hissənin komandiri Ə.Babakişiyevin imzası və möhürü ilə təsdiq olunmuş "xidməti xasiyyətnamə"sində yazılıb.

1994-cü ilin avqust ayının 20-də Bəxtiyar Rəşid oğlu İsmayılova "Azərbaycan Milli Qəhrəmanı" adının verilməsi və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidentinə təqdimat göndərilmişdir. Ancaq bu günə qədər hansısa səbəblərdən bu təqdimat cavabsız qalmışdır.

(Yazıda göstərilən bütün məlumatlar Bəxtiyar İsmayılovun söylədiyi faktlar əsasında qələmə alınmışdır).

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort