• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Gəncədə Dulusçuluq sənəti

E-mail Çap PDF

 

Gəncə şəhəri yalnız Azərbaycanın deyil, bütövlükdə Şərqin ən qədim mədəniyyət, sivilizasiya mərkəzlərindən biridir. Eradan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərini əhatə etmiş son tunc və erkən dəmir dövründə Gəncədə ictimai, sosial həyatın bir çox sahələrində əhəmiyyətli dəyişikliklər, inkişaf meylləri meydana gəlmişdir. Xronoloji baxımdan eradan əvvəl XIV-VII əsrləri ehtiva etmiş bu tarixi mərhələdə qədim sənətkarlıq ənənələrinə malik Gəncədə dulusçuluq sənəti də keyfiyyətcə bir sıra yeni xüsusiyyətlərlə zənginləşmişdir.

Ümumiyyətlə, son tunc və erkən dəmir dövründə Azərbaycan ərazisində digər müxtəlif sənətkarlıq sahələrində olduğu kimi, dulusçuluq (keramika) sənətində də əhəmiyyətli dərəcədə müşahidə olunmuşdur. Bu tarixi mərhələdə dulusçuluq məmulatlarının çeşidi, növləri artmış bərni, cam, xeyrə, çölmək kimi çoxsaylı saxsı nümunələrinin hazırlanması məişət və təsərrüfatda geniş vüsət almışdır.

Son tunc və erkən dəmir dövründə Azərbaycanın ayrı-ayrı ərazilərində monoxram və polixram boyalı qablar, müxtəlif rəngə malik cilalı, səthi pardaqlanmış, naxışlarla (ornamentlərlə), həmçinin məişət, təsərrüfat həyatını yaxud dini-mifoloji görüşləri, təsəvvürləri əks etdirən süjetlərlə bəzədilmiş dulusçuluq nümunələrinin hazırlanması bəhs olunan inkişaf prosesinin əyani sübutudur. Bu səbəbdən də son tunc və erkən dəmir dövrünə aid dulusçuluq məmulatları arasında yaraşıqlı, müxtəlif çeşidli saxsı qablar üstünlük təşkil etmişdir. Təsadüfi deyildir ki, əksər dulusçuluq nümunələri heyvan və quş fiquru, uzunboğaz çəkmə, keçidli qoşa qablar formasında hazırlanmışdır.

Qədim tarixə və zəngin sənətkarlıq ənənələri ilə fərqlənən Gəncə dulusçuluq sənətinin nümayəndələri olmuş ustad sənətkarların son tunc və erkən dəmir dövründə hazırkadıqları ağ inkrustasiyalı (minalanmış) dulusçuluq məmulatları unikal nümunələr hesab olunur. Belə ki, Gəncə və Gəncəçay vadisinin tarixi abidələrindən aşkar edilmiş bu nəfis keramika nümunələrinin hazırlanması uzun müddət qonşu bölgələrin sənətkarları üçün sirr olaraq qalmışdır. Şübhəsiz ki, Gəncə sənətkarları bu dövrdə dulusçuluq məmulatlarının, xüsusilə də saxsı qabların səthini bəzəyən naxışları xüsusi tərkibli ağ maddə ilə inkrustasiya etmək texnologiyasının sirrini müəyyən tarixi müddət ərzində qoruyub saxlaya bilmişlər. Məhz bu səbəbdən Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid əsas səciyyəvi xüsusiyyəti ağ inkrustasiyalı yaxud cızma naxışları ağ boyaq maddəsi ilə doldurulmuş saxsı məmulatların hazırlanması hesab olunur. Qeyd olunan dulusçuluq nümunələri ictimai quruluşda baş vermiş mühüm dəyişikliklərin təsiri nəticəsində sənətkarlıq baxımından daha nəfis, keyfiyyətli və müxtəlif çeşidli olması ilə fərqlənmişdir.

Gəncə və Gəncə ətrafı ərazilərdə, xüsusilə də Gəncəçay hövzəsində müxtəlif dövrlərdə həyata keçirilmiş tarixi-arxeoloji tədqiqatlar, qazıntı işləri nəticəsində Gəncə dulusçuluq sənətinin bəhs olunan dövrə aid çoxsaylı nümunələri 2 əsas maddi mənbədən aşkar edilmişdir.

1. Yaşayış yerlərindən (məntəqələrindən);

2. Müxtəlif tipli qəbir abidələrindən;

Ümumiyyətlə, Gəncə dulusçuluq sənətinin bu tarixi mərhələyə aid olan nümunələrinin Azərbaycanın antik dövr tarixinin, xüsusilə də etnoqrafiyasının əsaslı surətdə tədqiq olunmasında çox mühüm əhəmiyyəti vardır. Əvvəla, Gəncənin qədim şəhər sivilzasiya mərkəzi kimi xronoloji cəhətdən yaşının ən azı 2700 il olmasına dair mühüm məlumatların təsbit edilməsində bu dulusçuluq məmulatlarının əhəmiyyəti maddi mənbə olaraq danılmazdır. Bundan əlavə, məlum olduğu kimi son tunc və erkən dəmir dövrü eradan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərini, yəni ibtidai icma quruluşunun tənəzzülə uğradığı və sinifli cəmiyyətin, ictimai və mülki bərabərsizliyin meydana gəldiyi tarixi mərhələni əhatə etmişdir. Bu dövrdə ictimai, sosial həyatda əhəmiyyətli dəyişikliklər baş vermiş, təsərrüfatın, müstəqil sahəyə çevrilmiş sənətkarlığın hərtərəfli inkişafına şərait yaranmışdır. Gəncə dulusçuluq sənətində qeyd edilən inkişaf prosesinin təsiri nəticəsində keyfiyyətcə təkmil, nəfis məmulatların hazırlanması və istifadəsi geniş miqyas almışdır.

Qeyd olunmalıdır ki, Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövründə meydana gələrək inkişaf etmiş sənətkarlıq xüsusiyyətlərinin genezisi məsələsinin müəyyənləşdirilməsində bu mərhələyə aid məmulatların təfsilatlı surətdə elmi tədqiqinin mühüm əhəmiyyəti vardır. Belə ki, Gəncə keramikasının bu qədim, antik dövr mərhələsini əks etdirən saxsı nümunələrinin elmi baxımdan təfərrüatı ilə öyrənilməsi və əvvəlki tarixi dövrlərə aid dulusçuluq məmulatları ilə komparativ elmi təhlilinin aparılması sayəsində qeyd olunan məsələdə bir çox tarixi məqamların üzə çıxarılması mümkündür. Xüsusilə də, bəhs olunan dulusçuluq sənəti xüsusiyyətlərinin kənardan gəlmə deyil, məhz yerli sənətkarlıq ənənələri əsasında formalaşmasının sübuta yetirilməsində bu elmi yanaşmanın əhəmiyyəti böyükdür.

Son tunc və erkən dəmir dövrü Gəncə dulusçuluq sənətinin ən mühüm səciyyəvi xüsusiyyətləri sırasında ağ inkustasiyalı keramika məmulatlarının ornament-naxış zənginliyi, dulusçuluq nümunələrinin bu naxışlarının sənətkarlıq baxımından daha dolğun, nəfis olması qeyd edilməlidir. Bu tarixi mərhələni əks etdirən saxsı məmulatlarının üzərində təsvir edilmiş ornamentlərinin çoxçeşidliliyi, naxış elementlərinin zənginliyini nəzərə alaraq onları təsnif etmək mümkündür. Bu baxımdan Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid nümunələrinin ornamentləri şərti olaraq 3 əsas tipdə ümumiləşdirilir:

1. Həndəsi formalı;

2. Zoomorf xarakterli (heyvan, quş təsvirləri formasında olan);

3. Antromorf xarakterli (insan təsvirləri formasında olan) ornamentlər;

Bu keramika nümunələrinin mühüm tarixi-etnoqrafik mənbə rolunu oynayan ornamentləri ilə oxşar xüsusiyyətlərə malik olan məmulatlara ön Asiyanın, Yaxın və Orta Şərqin müxtəlif bölgələrində təsadüf olunması əcdadlarımızın qədim etnos və xalqlarla qarşılıqlı ictimai, sosial-mədəni münasibətlərinin mövcud olduğunu göstərir. Kaxetiya (Gürcüstan), Anadolu (Türkiyə), İran yaylası (İran), Bəlucistan (Pakistan) kimi ərazilərin bir sıra tarixi abidələri (Giyan-təpə, Bampur, Şahı-Tump, Persopal, I Sus və s.) bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bundan əlavə, Gəncə və Gəncəbasarla yanaşı, ölkəmizin Naxçıvan, Qarabağ kimi bölgələrindən aşkar edilmiş, oxşar cəhətlərə malik olan məmulatlar çox qədim dövrlərdən bu ərazilərdə məhz əcdadlarımızın məskunlaşdığını təsbit etmiş olur. Belə ki, bəhs olunan dulusçuluq məmulatlarının müxtəlif xüsusiyyətləri-hazırlanma materialı və texnologiyası, saxsı nümunələri üzərindəki müxtəlif ornamentləri və digər cəhətlərinin qeyri-türk etnoslarına deyil, əcdadlarımıza məxsus dünyagörüşü, sənətkarlıq ənənələri ilə birbaşa bağlı olması şübhə doğurmur. Həmçinin, Gəncə dulusçuluğunun bu keyfiyyətli, nəfis nümunələrinin müfəssəl elmi tədqiqi yalnız qədim mədəniyyət mərkəzi olan Gəncənin sakinlərinin deyil, bütövlükdə xalqımızın minilliklərə istinad edən etnomental dəyərlərinin, mədəni səviyyəsinin, islamaqədərki dini dünyagörüşünün, əxlaqi dəyərlər sisteminin bir sıra mühüm cəhətlərinin üzə çıxarılmasına imkan verir.

Yaşayış abidələrindən aşkar edilmiş və daha çox əcdadlarımızın ailə və nigah münasibətləri, təsərrüfat həyatı, sənətkarlıq ənənələrinin müxtəlif cəhətlərini özündə ehtiva edən dulusçuluq nümunələri ilə yanaşı, qəbir abidələrindən də çoxlu sayda keramik məmulatlar tapılmışdır. Gəncə dulusçuluğunun bu nümunələrinin mühüm tarixi-etnoqrafik dəyəri əcdadlarımızın qədim dəfn adət və mərasimlərinin daha geniş surətdə öyrənilməsinə şərait yaratmasıdır.

Qədim və zəngin sənətkarlıq ənənələrinə malik Gəncə dulusçuluq sənətinin son tunc və erkən dəmir dövrünə aid nümunələrinin elmi baxımdan təfsilatı ilə tədqiq olunması sayəsində Azərbaycanın etnoqrafiya tarixinin bir çox sirli məqamlarının üzə çıxarılması mümkündür.

Aynur Həsənova

 

Gəncə abidələri (2000-ci il).

E-mail Çap PDF

Film Gəncənin tarixi abidələri haqqındadır.

Film üzərində işləyənlər:
Rejissor: Nazim Abbas
Ssenari müəllifi: Vüqar Tapdıqlı
Operator: Adil Abbasov
Operator assistenti: Qafur Sədiyev
Səs rejissoru: Firudin Bağıroğlu
Rejissor assistenti: Mikayıl Nəsirov
Montaj: Azər Abbasov
Redaktor: Aydın Qurbanoğlu

 

İbrahim Abdulla oğlu Eminbəyli

E-mail Çap PDF

 

Eminbəyli İbrahim Abdulla oğlu 1894-cü ildə Gəncə şəhərində anadan olmuşdur. "Hümmət" Təşkilatının Gəncə şöbəsində fəaliyyət göstərmişdir. İ.Eminbəyli 1920-ci ildə Gəncə şəhərində Quberniya Komissarı daha sonra Gəncə Qəza İcraiyyə Komitəsinin məsul katibi, sonra Bakıda nəşr olunan "Kommunist" qəzetinin redaktoru və bir müddət "Azərnəşr"in direktoru olmuşdur. İbrahim Eminbəyli həmçinin 1937-ci ildə Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin rəisi çalışmışdır. İ.Eminbəyli Azərbaycan K(b)P MK-nın üzvü olub.

Eminbəyli İbrahim Abdulla oğlu 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi trotski-zinoyevçi fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmiş və 13 oktyabr 1937-ci ildə Nargin adasında güllələnmişdir.

1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il oktyabrın 12-də Hərbi Kollegiyanın çıxardığı hökm ləğv edilmişdir.

İbrahim Eminbəylinin həyat yoldaşı Firuzə Məmməd-Tağı qızı 1905-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bakı şəhəri Zamkovaya küçəsi, ev 38 ünvanında yaşamışdır.

Eminbəyli Firuzə Məmməd-Tağı qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 9 dekabr 1937-ci il qərarına əsasən 14 oktyabr 1937-ci il tarixdən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Uşaqları qohumu Zəhra Hadi qızının himayəsinə verilmişdir.

Ailə tərkibi: oğlanları Nazim - 15 yaş, Yavuz - 9 yaş, qızı Nuriyyə - 13 yaş.

Firuzə Eminbəyli sürgündən 1946-cı ildə qayıtmışdır. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 19 oktyabr 1955-ci il qərarına əsasən Eminbəyli Firuzə Məmməd-Tağı qızına bəraət verilmişdir.

 

Nizami Gəncəvi dünyası

E-mail Çap PDF

1-ci hissə

2-ci hissə

3-cü hissə

4-cü hissə

5-ci hissə

 

Hacı Seyyid Ağa-Həsən Hacı Seyyid Əli oğlu Təbatəbai Gəncəvi

E-mail Çap PDF

 

Gəncədə dövrünün tanınmış din xadimi və böyük nüfuz sahibi olan Hacı Seyyid Ağa-Həsən Hacı Seyyid Əli oğlu Təbatəbai Gəncəvi.

Gəncənin Xəlfəli məhəlləsində anadan olmuşdur. Əslən Cənubi Azərbaycandan Gəncəyə pənah gətirmiş məhşur "Təbatəbai" seyyidlərinə mənsub olmuşdur. Hacı Seyyid Ağa-Həsən Təbatəbai Gəncəvi bir müddət Gəncədə fəaliyyət göstərən Məktəbül-Ruhaniyyədə çalışmışdır.

Hacı Seyyid Ağa-Həsən Təbatəbai Gəncəvi Gəncənin Xəlfəli məhəlləsində tikilən və məhəllənin adı ilə bağlı olan Məscidin tikintisində yaxından iştirak etmişdir.

1936-cı ildə ilk olaraq oğlu Seyyid Hüseyn Seyyid Ağa Həsən oğlu Təbatəbai Gəncəvi tutularaq repressiyaya məruz qalır.

Daha sonra 1937-ci ildə isə Hacı Seyyid Ağa-Həsən Təbatəbai Gəncəvi və yaxın qohumları repressiyaya məruz qalaraq Qazaxıstan çöllərində sürgünlük həyatı sürmüşdür.

 

Qədim Gəncə. 2003-cü il

E-mail Çap PDF

Film Gəncənin qədim tarixi və abidələri haqqındadır.

Filmin üzərində işləyənlər:
Ssenari müəllifi : Nazim Rza İsrafiloğlu
Rejissor : Nazim Rza İsrafiloğlu
Operator : Nəriman Şıxəliyev
Səs rejissoru : Rəşad Mustafayev
Musiqi Tərtibi : Rəşad Mustafayev
Montaj edən : Yafət Xeyirov
Operator assistenti : Elşən Bədəlov, Salamulla İsmayılov, Ziya Babayev
Redaktor : Aydın Qurbanoğlu
Mətni Oxuyan : Nazim Rza İsrafiloğlu
Filmin direktoru : Valeh Həsənov

 

Rəhim Məşədi Allahverdi oğlu Hüseynov

E-mail Çap PDF

 

Görkəmli ipəkçi alim və seleksiyaçı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1914-cü ildə qədim Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Atası Məşədi Allahverdi Kərbəlayi Hüseyn oğlunun (1855-1929) Gəncədə dabbaqxanası olmuş, İran, Gürcüstan və Türkiyədə dabbaqlıq ticarəti ilə məşğul olmuşdur.

Rəhim Hüseynov 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini bitirdikdən sonra Tbilisi şəhərində ipəkçilik üzrə dövrün ən sanballı elm ocağı olan Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuş, 1939-cu ildə “Tut ipəkqurdunda inbridinq çoxaldılması” mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış və Azərbaycan ipəkçilik stansiyasında elmi fəaliyyətə başlamışdır. Lakin Böyük Vətən müharibəsinin odlu-alovlu illəri hamı kimi bu gənc alimə də elmi yaradıcılığını davam etdirməyə mane olmuşdur. Rəhim Hüseynov müharibənin ilk günlərindən Sovet ordusu sıralarında Vətənin müdafiəsinə getmiş, 2-ci Ukrayna cəbhəsində döyüşmüş, əks-kəşfiyyatçı olmuşdur. SSRİ Kənd Təsərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi xidmətdən qayıtdıqdan sonra doğma kollektivə, indiki İpəkçilik İnstitutuna göndərmişdir. R.Hüseynovun yaratdığı yüksək məhsuldarlığı ilə seçilən “Azərbaycan” ipək qurdu cinsi 1950-ci ildə Stalin mükafatına layiq görülmüşdür.

Rəhim Hüseynov 1951-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik Stansiyasının direktoru, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik kafedrasının müdiri işləmişdir. 1969-cu ildə yenidən Elmi-Tədqiqat İpəkçilik İnstitutuna direktor göndərilmiş, daha sonra bir müddət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini işləmişdir.

Rəhim Hüseynov seleksiya elminin banilərindən biri, akademik H.İ.Vavilovun “Seleksiya insan iradəsilə nizamlanan təkamüldür” tezisini tut ipəkqurdu üzərində birinci olaraq sübuta yetirmişdir. Səmərəli elmi axtarışları və onlardan alınan nəticələr əsasında Rəhim Hüseynov 1962-ci ildən Azərbaycan ipəkçiliyində seleksiya və damazlıq işləri mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, respublikamızda ipəkçilik sahəsində ilk biologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş və Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Rəhim Hüseynov bütün elmi fəaliyyətini Azərbaycanda ipəkçiliyin seleksiyası və damazlıq işləri problemlərinin həllinə həsr etmiş və dünya miqyasında tanınmış alim olmuşdur. O, dəfələrlə Yaponiyaya, Çinə, Belçikaya, Fransaya, Hindistana və başqa ölkələrə dəvət olunmuş, bu ölkələrin seleksiyaçı alimləri ilə sıx əməkdaşlıq etmişdir.

Keçmiş Sovet respublikalarında əvvəllər damazlıq ipəkqurdlarının yetişdirilməsinə 4 il vaxt sərf edildiyi halda, professor Rəhim Hüseynovun işləyib hazırladığı təlimat bunu 2 ilədək qısaltmış və bu təlimat bütün SSRİ-də tətbiq edilmişdir. Bu isə ölkəyə milyon manatlarla qazanc əldə etməyə imkan yaratmışdır.

Respublikamızda ipəkçiliyin sürətli inkişafı Rəhim Hüseynovun apardığı böyük seleksiya işlərinin nəticələri ilə bağlıdır. Alim seleksiya və damazlıq işlərini daha da genişləndirərək yüksək ipəkliliyi ilə fərqlənən “Azərbaycan”, yüksək məhsuldarlığı ilə seçilən “Azad”, qurd dövründə cinsiyyətinə görə nişanlanmış “Zərif”, istiliyə dözümlü “Aran” və “Şirvan”, yüksək ipək çıxımına görə fərqlənən “Gəncə-1”, “Gəncə-2”, “Gəncə-3” və s. cinsləri yaratmışdır.

Rəhim Hüseynov ipəkçiliyin seleksiya və damazlıq işlərinə dair 60-dan artıq elmi əsərin müəllifidir. Alimin bir sıra əsəri Çin, Yaponiya və Hindistanda nəşr olunmuşdur.

Professor Rəhim Hüseynov 2 dəfə respublika Ali Sovetinə deputat seçilmiş, Azərbaycan KP XX və XXII qurultaylarının nümayəndəsi olmuş, şəhər partiya komitəsinin üzvü, şəhər sovetinin deputatı, “Bilik” cəmiyyəti indiki Gəncə şəhər idarə heyətinin sədri, Futbol Federasiyasının sədri, Respublika Sülhü Müdafiə Komitəsinin üzvü kimi ictimai işlərdə səmərəli fəaliyyət göstərmişdir.

Görkəmli alimin rəhbərliyi altında 9 nəfər elmlər namizədi yetişmişdir.

Professor Rəhim Hüseynovun 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki şücaəti, əməyi və elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, “Qızıl ulduz”, “Şərəf nişanı” ordenlərinə, bir sıra medallara və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanlarına, SSRİ XTNS-nın qızıl medalına, Miçurin və Paster medallarına layiq görülmüşdür.

Hazırda Elmi-Tədqiqat İpəkçilik İnstitutu Rəhim Hüseynovun adını daşıyır. Gəncə şəhərində onun doğulub yaşadığı evin qarşısında barelyefi asılmış və şəhərin küçələrindən birinə onun adı verilmişdir.

Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1971-ci ildə 57 yaşında vəfat etmişdir.

 

Ələddin Abbas oğlu Ənnağıyev

E-mail Çap PDF

 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun keçmiş laboratoriya müdiri, baytarlıq elmləri doktoru, professor Ələddin Abbas oğlu Ənnağıyev 1925-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) baytarlıq fakültəsinə daxil olmuşdur. Ə.Ənnağıyev 1947-ci ildə institutu bitirdikdən sonra, təyinatla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsində baytar həkimi vəzifəsinə göndərilmiş və həmin İdarədə 1949-cu ilə kimi çalışmışdır.

Ələddin Ənnağıyev 1949-cu ildə Moskva şəhərindəki Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş və orada 1952-ci ildə “Qarayara xəstəliyinin qeyri-sağlam məntəqələrdə ləğv edilməsi” mövzusunda dissertasiya işini müvəfəqiyyətlə müdafiə edərək baytarlıq elmləri namizədi alimlik dərəcəsi adı almışdır.

Ə.Ənnağıyev aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna göndərilmiş və ömrünün sonuna kimi burada laboratoriya müdiri vəzifəsində çalışmışdır.

Ələddin Ənnağıyev 29 dekabr 1964-cü ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərinin Zoobaytarlıq İnstitutunun Elmi Şurasında “Qoyunların listerioz xəstəliyinə dair materiallar” mövzusunda dissertasiya müdafiə edərək baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almışdır. Ə.Ənnağıyev 6 mart 1957-ci ildə SSRİ Ali Attestasiya komissiyası tərəfindən ona Epizootologiya ixtisası üzrə baş elmi işçi və 24 iyun 1967-ci ildə isə professor dərəcəsi attestatları verilmişdir.
Ələddin Ənnağıyev və akademik M.Qəniyev “Ev heyvanlarının listerioz xəstəliyinə qarşı vaksinin hazırlanması üsulu”na görə 15 iyun 1965-ci ildə 173891 nömrəli müəlliflik şəhadətnaməsi almışlar. Listeriozun “A” ştammından hazırlanmış vaksin Azərbaycan və Qazaxıstan Respublikalarının qoyunçuluq təsərrüfatlarında geniş tətbiq edilmişdir.

Ə.Ənnağıyev, N.Şirinov, N.Rəhimova, A.Abbasov və başqaları “Bakterial vaksin hazırlanması üçün adyuvant”a görə 8 yanvar 1979-cu ildə 660319 nömrəli müəlliflik şəhadətnaməsi almışlar.

Ə.Ənnağıyev, E.Əliyev, F.Qulubəyov “Kənd Təsərrüfatı heyvanlarının listerioz xəstəliyinin diaqnostikası üçün rəngli antigen hazırlanması üsulu”na görə 1980-ci ildə 754859 nömrəli müəlliflik şəhadətnaməsi almışlar.

Ə.Ənnağıyev, N.Şirinov, İ.Əzimov, A.Yusifov, C.Əsgərov və başqaları 9 avqust 1982-ci ildə “Dezinfeksiya maddəsi”nə görə 980305 nömrəli müəlliflik şəhadətnaməsi almışlar.

Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən 1984-cü ildə Ələddin Abbas oğlu Ənnağıyevin “Qarayara”, 1992-ci ildə isə Ə.A.Ənnağıyev və N.M.Şirinovun “Sanitariya Mikrobiologiyası” kitabları nəşr edilmişdir. Ələddin Ənnağıyev baytarlıq elminin aktual məsələlərinə dair monoqrafiya, kitab, kitabça və çoxlu sayda elmi məqalələrin müəllifi olmuşdur. Onun rəhbərliyi altında bir çox elmlər namizədləri hazırlanmışdı.

 

Gəncə 1977-ci il

E-mail Çap PDF

Filmdə qədim Gəncənin tarixindən, bu günündən, onun müxtəlif istehsal sahələrindən və mədəniyyət ocaqlarından söhbət açılır.

Film üzərində işləyənlər:
Rejissor : Nazim Abbasov
Ssenari müəllifi : Dilarə İsgəndərova
Operator : Gennadi Pastuşkov
Səs rejissoru : Ruhəngiz Qasımova

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2021. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort