• Şriftin razmerini yekəlt
  • Nomral şrift
  • Şriftin razmerini azalt
Ana səhifə

Mühacirətdə istiqlalçı bir şair: Həmid Dönməz

E-mail Çap PDF

 

hemid donmez

 

1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra çoxlu sayda işğalla barışmayan, sovet repressiyaları ilə üz-üzə olan şəxslər ölkəni tərk etmək məcburiyyətində qaldı. Onlardan biridə Həmidov Həmid Həbib oğlu idi. O Azərbaycan ədəbiyyatı və siyasi mühacirət tarixində Həmid Dönməz adı ilə tanınır. Həmid Dönməz 1900-cu ildə Gəncə şəhəri İmamlı məhəlləsində dünyaya göz açıb. Onun babaları əslən Güney Azərbaycanın Marağa şəhərindəndir. Qacarlar dövründə Bakıya gəlmiş onun babası Həmdullahın 4 oğlu (Əhəd, Səməd, Həbib, Abdullah ) və 1 qızı ( Rəxşandə ) olmuşdu.

Həmid Dönməz ilk təhsilini Gəncədə Şah Abbas məscidində fəaliyyət göstərən “Məktəbi-Ruhani”-də almışdı. Bu məktəb dini məktəb adı altında fəaliyyət göstərsədə orada gizlicə dünyəvi elmlərdəndə dərs verilirdi.

1894-cü ildə Gəncə şəhərinin varlılarından tanınmış Hacı Məhəmmədhüseyin Rəfioğlu ilə həyatını vətən yolunda fəda edən istiqlal aşiqi Cavad xanın soyundan Ziyadxanoğlu Əli ağa Gəncədə bir məktəb açmağa qərar vermişdilər. Fəqət bunlar Çar idarəsi və Rus despotizminin milli şurun inkişafına xidmət edəcək müxtəlif müəssisələrin yaradılmasına maniə olacağına bildikləri üçün bu yeni irfan yuvasına “Məktəbi Ruhani” adını verməyi münasib görmüşlər (1).

Həmid Dönməz Türkiyədən gizlicə gələn kitablarla oxuyaraq təhsilini davam etdirirdi. O zaman tamamilə ana dilində oxumaq azadlığı müsəlman türklərə məhdudlaşdırılmışdı.

1918-ci ildə milli Azərbaycan Höküməti qurulduqdan sonra idarələr və məktəblər türkləşincə müəllim olan Həmid Dönməz 1924-cu ilə qədər Gəncədə bir Türk xanımı olan Xuraman xanımın müdiriyyəti altında 19-cu qız məktəbində müəllimlik etdi. 1924-25-ci dərs ilində təhsil və məsləkini artırmaq üçün Bakı Ali Pedoqoji İnstutuna verilən türkçə tərbiyə haqqında imtahanı nazmən gözəl yazdığına görə üstün dərəcə ilə məktəbə qəbul edilib.

1925-26-cı kurs imtahanlarını bitirdikdən sonra məktəbdə olarkən diyar qəzeti olan “Örnək”qəzetinə vermiş olduğu “boynun bükük, bənövşəm, mənəkşəm” ünvanlı yazıdan dolayı dəfələrcə sorğuya çəkilmiş, Kominist tələbə ittifaqı sədri Əbdualı Sərdarlı adındakı agent vasitəsi ilə hər növ azadlığını məhdudlaşdıraraq addım-addım izləndirilib.

Həmid Dönməzi 6 iyul 1926-cı ildə Gəncədəki İmamlı məhəlləsindəki evlərində gecə saat ikidə basqın edərək həbs etdilər. Bu əməliyyatda 10 mindən artıq kasıb, işçi, kəndli olduğu kimi yüksək təhsilli, həkim, müəllim, mühəndis, iqtisadçıda var idi. O cümlədən Həmid Dönməzin dostları, qohumları və yaxınlarındanda həbs olunanlar var idi.

Həmid Dönməz 1927-ci ildə ÇEKA-nın işgəncə və basqıları altında yaşamış. Sonra İrana keçə bilmiş və Türkiyənin İrandakı hərbi ataşesi Hüsaməddin Tuğaçın köməkliyi ilə Türkiyə gedə bilmişdi.

Bununla Həmid Dönməzin Türkiyədə siyasi mühacirlik həyatı başlayır. Həmid Dönməz Türkiyədə böyük ədəbi irs yaradıb. Onun istiqlalçı və vətən sevgisi ilə silahlanmış şeirləri Azərbaycanlı mühacirlərin qəlbini dağlamışdı. Həmid Dönməzin 50 mindən artıq beyiti mövcuddur (2).

Həmid Dönməz Türkiyədə Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində yaxından iştirak edib, Azərbaycan Türk Kültür Dərgisində özünün maraqlı şeirləri ilə çıxış edib. Dərgidə Almas İldırım, Kərim Yaycılı, Mustafa Teymur Atəşli, İldəniz Qurtulan və s dəyərli şairlər kimi H.Dönməzində şeirləri oxucularda dərin iz buraxıb.

Onun müxtəlif mövzularda yazdığı şeirləri rəngarəngliyi ilə, mövzu genişliyi ilə diqqəti cəlb edir. İstiqlal, Vətən sevgisi, vətən həsrəti, milli oyanış və milli dirəniş şeirlərin əsas mövzusunu təşkil edir.

Onun şeirləri arasında 28 may mövzusu xüsusi yer tutur. “28 may üçün” adlı şeirində 28 may həsrəti, yanğısı şairi kədərləndirir, dərd qəmini bu sözlərlə ifadə edir şair :

Yolunu gözləyir qan dolmuş gözüm

Həsrətindən yandım...var gizli sözüm

Kimsə bu hicrana dözməz... mən dözüm ?

Dərdimə O, özü dərman eləsin....

16 may 1956-cı ildə İğdırda yazmış olduğu “Məni yaşadan əməl onun qoxusu” şeiri 28 maya aid yazılmış şeirlər arasında xüsusi yer tutur. Şeirdən parçaları oxuduqca insanın qəlbini dağlayır :

 

 

Min doqquyuz on səkkiz mayda doğulmuşdu O,

Iməkləyən o bala bir tesanut balası...

Anası azad bir diyardı, qəhraman doğmuşdu O,

Milli iradə deyilən qüdrətdən aldı bəzəyi !...

 

Tıpış Tıpış gedərdi hələ nə xoş əməyi !..

Mavi gözlü, al yanax, yaşıldandı köynəyi

Ay ulduzlu rozeti adəti idi sevməyi...

Duruşu çox gözəldi, nə xoş idi boy buxunu

 

Gözü gülərdi! Baldan şirin idi sözləri

Can evimdən vurmuşdu cazibəli gözləri,

Məni məhv edən odur inandırım sizləri!...

Məndə ondan doğmuşdu şairlik duyğusu.

 

Zərif gülüşlü idi, yaxşı kəşfli idi

Kaplan kimi kükrəyən, aslan duruşlu idi

Qəlbi daima mərhəmət hissli, vuruşlu idi

İki il yaşadı, xoşbəxt idi ölkəsi...

 

Nə yazıq ki, fələk ayırdı bizi o gözdən

Məni onun həsrəti qocaltmışdı bu tezdən

Onu tapana kimi gedəcəyəm bu yoldan !...

Məni yaşadan əməl odur, onun qoxusu!...

Həmid Dönməz şeirlərində həmdə Hikmət Dəmir Qarslı imzası ilə çıxış edirdi. Şeirlərində doğulduğu Gəncə və sonrakı həyatında önəmli rol oynayan Qarsla bağlı şeirlər xüsusi yer tutur. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovetlər tərəfindən işğal edildikdə Gəncədə may ayında işğala qarşı üsyan baş vermişdi. Həmin zaman Həmid Dönməzin 20 yaşı var idi, o özüdə üsyan iştirakcısı və şahidlərindən idi. Bu onda dərin iz buraxmış, Gəncənin halına yanan Həmid Dönməz şeirlərində bunu yanğı ilə qey etmişdi. Hikmət Dəmir Qarslı imzası ilə Gəncə üsyanı ilə bağlı yazdığı “Yenə qan, göz yaşı sel təki axırmı Gəncə ?” şeiri bu mövzuda önəmli yer tutur.

Yenə üstündə buludlar gəzirmi ? qan ilə

Yenə ütündə mərmi parçası bərabər olub vulkan ilə

Yenə sellər qarışıb axmadımı ? al qan ilə

Şübedalar yatağı, qanlı kasavet o gecə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Yenə sağnak yağış ilə sovrulmuş misket

Partlayırmı ? başın üstə O qudurmuş misket

İnsanı parçalayıb yerlərə vurmuş misket

Çəkmədi kabusu üstündən hələ O məncə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Yenə məscidləri tutmuşmu ? zülam atəşinə

Yenə zalım sürüsü, ovçu düşürmü arxanca ?

Yenə vəhşilikdən o xalq çıxdımı dağlar döşünə ?

Yenə qəlbini oyurmu gizli əl hiyləgərcəsinə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Quşqara daşdımı ! süpürə götürə qız gəlini

Doydumu quru qobu uddu minlərcə ölünü ?

Yenə gizlədimi qəhbə agent o qan gölünü

Yenə içdən yandırırmı səni o xaincə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ?

Altı gün şimşək olub sağnaq ilə müttəfiqi

Sarsıtdı yer, göyləri, titrətdi buludları, üfüqləri

Üstünə yağdırıb vəhşi sürüsü qan eynilə

Atdı həllac kimi O, sanki edib əyləncə

Yenə qan, göz yaşı sel tək axırmı Gəncə ? (3)

Şeirləri arasında Gəncə ilə bağlı “Gəncə” şeiri daha çox sevilənlər arasındadır.

Qoçaqlarla dolmuş idin sən, yer-yer,

Cavad xan tək yetişdirdin neçə ər,

Sənsən mənim dilimdəki tək əzbər:

Gül açardı o gözlərin gülüncə,

Həsrətindən yandım, yandım ah Gəncə !

Qarsa aid şeirləri arasında “Qarsın qalası” adlı şeiri xüsusi yer tutur.

Qoçaqlarla dolu sənin hər yanın

Tarixdə daşmışdır şöhrətin şanın

Sənlə öyünür dostun, düşmənin

Elimin samanı qarsın qalası

Yurdumun xaqanı qarsın qalası !

Ömrü boyu Azərbaycana qovuşmaq dərdi ilə yaşadı Həmid Dönməz. O Azərbaycanın düşdüyü bu çətin durumu heç bir zaman həzm edə bilmədi. Həmişə arayış və ümid içində oldu. Azərbaycan onun üçün eşq, sevgidir, sevgilidir. Ona qovuşmaq üçün hər yola baş vurmuşdur. Baxın tək sevgilisi Azərbaycan üçün bülbüllə necə dərtləşməkdədir.

Əsirlərdir bir yaram var sağalmaz,

Bülbül sən... dərtlisən, yoxsa mənmi ?

Dərdimin çarəsi, loğmanda tapılmaz,

Bülbül sən dərtlisən, yoxsa mənmi ?

 

Aldılar zülm ilə əlimdən yarı

Qaçırdı bir alçaq ol vefakarı

Cəhənnəmə döndü yarın diyarı

Bülbül sən dərtlisən, yoxsa mənmi ?

 

İndi o günlər həmişə xatirə qaldı,

Qəddar fələk bizi dərbədər saldı.

Qanımla yetişən güllərim soldu

Bülbül sən dərtlisən, yoxsa mənmi ? (4)

 

27 Aprel 1920-ci il şairə ən çox təsir edən günlərdən biridir. Azərbaycan Cümhuriyyətinin işğala məruz qalması şairi düşmənə nifrətlə alovlandırır.

O cənnət istilaya məruz qaldığı qanlı gün

Matəmə çevrildi şənlik, şadlıq və toy

Bir heçdən qanla söndü çıraları hər evin

Yarım əsr keçdi sağalmır bu yara

Olduq kölə və əsir bar-bar Ruslara.

 

Həmid Dönməzin ədəbi yaradıcılığı və Azərbaycan istiqlalı uğrunda apardığı mücadilə siyasi mühacirət tarixində dərin iz buraxıb. Azərbaycan Türk Kültür Dərgisinin müxtəlif saylarını gözdən keçirərkən orada Həmid Dönməzin təsirli və milli ruhlu şeirlərini gördükdə oxumadan keçmək olmur. Çünki onun şeirlərinin çoxsu Azərbaycan tarixinin bir çox səhvələrini gözlər önündə canlandırır.

Həmid Dönməz 1996-cı il 11 mart tarixində həyata gözlərini yummuş, 13 mart tarixində Ankara Hacı Bayram Məscidində qılnan namazdan sonra Qarşıqaya məzarlığında dəfn edilmişdi (5)

Yazının hazırlanmasında Həmid Dönməzin və şəxsi arxivindən köməklik göstərdiyinə görə Həmid Dönməzin nəvəsi Mələk xanıma öz təşəkkürümü bildirirəm. Xatırladım ki, bir çox şeirləri Mələk xanımın köməkliyi ilə əldə etmişəm.

 

  1. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1958, say: 70, səh: 5
  2. Aygün Attar, Səbahəddin Şimşir- Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan Türkləri, Ankara, 2013, Səh: 235
  3. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1982, say : 240, səh : 23
  4. Azərbaycan Türk Kültür Dərgisi, Ankara, 1982, say : 229, səh : 31
  5. Aygün Attar, Səbahəddin Şimşir- Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan Türkləri, Ankara, 2013, Səh: 235

 

 

 

Politoloq,tədqiqatçı:CEYHUN NƏBİ


 

 

Tarixi Şəxsiyyətlər.Orxan Məmmədli

E-mail Çap PDF

 

On4 Tv Can Azərbaycan  

 

DİFAİ-NİN LİDERLƏRİNDƏN HƏMİD BƏY YUSİFBƏYLİ

E-mail Çap PDF

 

hemid_bey_yusifbeyli

Azərbaycan xalqı 19-cu əsrin sonları  20-ci əsrin əvvəllərində  milli oyanışın, milli özünüdərkin əsas mərhələsinə qədəm qoymuşdu. Çar Rusiyası ərazisində yaşayan digər müsəlman türklər kimi Azərbaycan Türkləridə başlayan yeniləşmə və oyanış hərəkatında aktivlik edirdilər. Bu hərəkatda əsas Kırım Türkləri, Kazan Türkləri və Azərbaycan Türkləri başlayan bu önəmli prosesin önündə gedirdilər. Bu proses Türk millətinin, Rusiya ərazisində yaşayan digər müsəlman xalqların ümmətçilikdən millətçiliyə keçid mərhələsi kimi qiymətləndirilir. Bizləri bütünlükdə müsəlman kimi adlandırırdılar, bizi dini adımızla çağırırdılar. Dini inancı milli mənsubiyyət halına çevirmişdilər. Rusiyada Müsəlman Türklər həmin mərhələdən başlayaraq dini mənsubiyyətlə milli mənsubluğu fərqləndirməyə başladılar. Bu 5-10 günə baş tutacaq bir məsələ deyildi. Bunun üçün Türk Müsəlman fikir və əməl sahiblərinə uzun bir zaman lazım olmuşdu. Rusiya müsəlmanları arasında bu prosesin başlanğıcını Kırım Türklərindən İsmayıl bəy Qaspıralı başlatmışdı. İsmayıl bəy Qaspıralı çox çətinliklə Müsəlman Türklər arasında bağlar quraraq onları vəhdətə gətirmiş və bir amal uğrunda mübarizəyə səsləmişdi. Azərbaycandan Əlimərdan bəy Topçubaşi, Əli bəy Hüseyinzadə, Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabidin Tağıyev, din xadimlərindən Axund Molla Məhəmməd Pişnamazzadə həzrətləri və s, Kazan Türklərindən Yusif Akçura, Fatih Kərimi, Sədri Məqsudi Arsal, Zakir Ramiyev, din xadimlərindən Fəxrəddin Rizaəddin, Əbdürrəşid İbrahimi, Musa Carullah Bigiyev kimi böyük şəxsiyyətlər bu prosesə yön verən, onun idealoji əsaslarını formalaşdıran əsas simalar idi.
Azərbaycan ümumtürk milli oyanış mərhələsində bu prosesin ən ağır yükünü üzərinə götürmüş məmləkət sayılırdı. Bildiyimiz kimi Azərbaycan Ədəbiyyatda, mətbuatda, musiqidə, yeni dövlət idarəçilik modelinin tətbiqində bütün türk məmləkətlərini üstələyirdi. Bu möhtəşəm zəkadan, üstün ağıldan xəbər verirdi. Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin simasında biz bu ilklərə imza atmışıq. Bu Azərbaycan Türkləri adına böyük xoşbəxtlik, bizlərə sevinc hisləri bəxş edən hadisələrdir.
Çar Rusiyasının bütün diqqəti üstün zəka və ağıl sahibləri olan Azərbaycan Türklərinin üzərində idi. Basqı, təyziq, soyqırım, talançılıq siyasəti ilə Azərbaycan Türkləri sıxışdırılır, öz haqqlarından məhrum edilirdi. Məqsədli şəkildə Çar Rusiyası Qafqazda hakim qüvvə olan Azərbaycan Türklərini digər millətlərlə ədavətə sövq etməklə, onlar arasında qanlı düşmənçilik toxumları səpərək Azərbaycan Türklərinin oyanış gücünü sarsıtmaq, yerindəcə boğmaq məqsədi güdürdülər.
Çar Rusiyasının yerli məmurları digər millətləri maliyyələşdirir, silahla təmin edir, onlara öz mənəvi dəstəyini verməklə Azərbaycan Türklərinin üzərinə göndərirdi. Azərbaycan Türkləri yenicə birlik uğrunda təməl daşları atdığı bir məqamda dağıdıcı, nifaq salan ünsürlərin ( Əsasən Ermənilər )  aktivləşməsi milli birlik işi uğrunda mübarizə aparan şəxslərin işini çətinləşdirirdi. Azərbaycanın öndə gələn ziyalıları, din xadimləri, nüfüz sahibləri başqa formatda işlər görməklə bağlı düşünürlər.
Həmin mərhələdə milli qüvvələrin tək güvənc yeri sağlam və güvənilən bilən insanların çoxluq təşkil etdiyi Gəncə idi. Əlbəttə ki, həmin çirkin oyunların getdiyi məqamda Azərbaycan ziyalıları əl-ələ vermişdilər amma onların mübarizə qalası Gəncə idi. Gəncədə sağlam qüvvələrin vəziyyəti nəzarətdə saxlaması oranı sonuna qədər ən güvənilir məkan kimi saxlayırdı. Gəncədə bu işdə ən önəmli şəxslər Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Hacı Məhəmmədhüseyin Rəfiyev, Yusif bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə, Həmid bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədli, İsmayil xan Ziyadxanli, Sarı Ələkbər İmamquluoğlu, Qaçaq Dəli Alı və s sayılırdı. Sonrakı mərhələdə  Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədli, Nağı Şeyxzamanlı, Məmmədbağır bəy Şeyxzamanlı, Həsən Fəttah Başoğuz, Musa Rəfiyev, Məşədi Əli Rəfiyev, Abuzər bəy Rzayev, Xudadat bəy Rəfibəyli, Adil xan Ziyadxanli, Huseyinqulu xan Xoylu və s şəxslərlə birlikdə Gəncə milli qüvvələrin alınmaz qalasına çevrilmişdi.
Bu yazıda Azərbaycan Türkləri qarşısında ictimai-siyasi, mədəni və pedoqoji sahədə böyük xidmətlərdə bulunmuş milli böyüklərimizdən Həmid bəy Yusifbəyli haqqında danışacağıq. Yuxarıda sadaladığımız böyük prosesin bu və ya digər formada əsas simalarından biri heç şübhəsiz Həmid bəy Yusifbəylidir.
Həmid bəy Yusifbəyli Azərbaycan Cümhuriyyəti ikinci Rəisi-Vükaləsi ( Baş naziri ) olmuş Nəsib bəy Yusifbəylinin böyük qardaşı idi. Yüksək əxlaqı, böyük istedadı, yüksək intelekti, dünya tarixində dövlət idarəçiliyinin ən mədəni formada, liberal dəyərlər üzərində həyata keçirilməsinin ən böyük nümunəsini yaratmış Nəsib bəy Yusifbəylinin formalaşmasında onun böyük qardaşı Həmid bəy Yusifbəylinin böyük xidməti olmuşdu. Həmid bəy Yusifbəyli böyük dəyərlərin daşıyıcısı, öz bilgiləri ilə yaşadığı mühitdə inqilabi şəkildə fərqlənən, yenilikçi, liberal dəyərləri mənimsəmiş,  elm və təhsildən yana olan, dövrün dili ilə desək firəng qiyafəli, firəng fikirli bir şəxsiyyət idi.
Həmid bəy Yusifbəyli Gəncənin ən tanınmış soylarından olan Yusifbəylilər soyundandir. Yusifbəylilərin babası Usub bəy Cavad xanın vəziri, bacısı Şüküfə xanim isə Cavad xanın həyat yoldaşı idi. Hər iki tərəfli böyük xana yaxınlıqları olub və onun yaninda inam və etibara sahib olublar. Usub bəyin bilikli və savadlı olması onun xanın yanında vəzir olmasına səbəb olub. Yusifbəylilər ailəsində siyasətə və dövlət işlərinə marağında tarixi baxımdan dərin kökləri mövcuddur.

hemid_yusifbeyli235
 Həmid bəy Yusifbəyli Yusif bəy Yusifbəylinin böyük oğlu idi. Həmid bəy Yusifbəyli 1873-cü il oktyabr ayının 13-də Gəncə şəhərində dünyaya göz açıb. Bir sıra mənbələrdə Həmid bəyin təvəllüdü 1878-ci il və ya 1879-cu il qeyd edilir.  Yusif bəy Yusifbəylinin övladları haqqında “ Əməl Böyüklərimiz ” adlı kitabın Hörmətli professorumuz Ədalət Tahirzadənin mükəmməl araşdırması olan “ Nəsib bəy Yusifbəyli” adlı bölməsində oxuyuruq : 13 oktyabr 1873 doğumlu Həmid bəy, 5 iyul 1881 doğumlu Nəsib bəy, 17 aprel 1879 doğumlu Şükufə xanım, 15 may 1883 doğumlu Dilşad xanım, 19 sentyabr 1885 doğumlu Xanım xanım, 7 iyul 1889 doğumlu Almaz xanım (1). Sonradan Həmid bəyin 1896-ci ildə daha bir qardaşı olur adını Eyyub qoyurlar.
Həmid bəy 1895-ci ildə Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1898-ci ildən “ Məktəbül-Xeyriyyədə” müəllim işləmişdir(2) . “ Məktəbül Xeyriyyə 1896-cı ildə təsis edilmişdi. Məktəbül-Xeyriyyənin qurucusu Axund Molla Məhəmməd Pişnamazzadə idi. Məktəbül-Xeyriyyə yeni üsul ( Üsuli-Cədit ) məktəblərindən idi. O dövrdə müsəlmanlara dünyəvi təhsil verən milli məktəb sayılırdı. Məktəbin müəllim kadrosu arasında Məhəmməd Pişnamazzadə, Mirzə Məhəmməd Axundzadə, Abdulla Sur, Rus dili müəllimi Həmid bəy Yusifbəyli və s yer almışdı. Müəllimlərdən Abdulla Sur burada həm oxumuş, sonra isə müəllimlik etməyə başlamışdı. Bu haqqda İqbal qəzetində Hüseyin Cavidin Abdulla Surun vəfatı ilə bağlı yazısında diqqəti cəlb edən məqamlar var. Həmin yazıda Hüseyin Cavid Rza bəy Qaraşarlının nitqini verir.
Nitqdən :  Mərhum Abdulla əfəndi 1877 tarixində təvəllüd etmiş və 1896-cı sənəsində açılan məktəbi-xeyriyyədə təhsilə şüru etmiş. Sonra məzkur məktəbdə müəllim təyin edilərək tədris etməyə başlamış. 1900 sənəsində məzkur milli məktəb şəklindən çıxıb rus-müsəlman məktəbi olmuş. Bir neçə ildən sonra bu qəyyur cavan Tiflis şəhərinə getmiş, orada “Şərqi-Rus” qəzetəsinə mühərrir və müsəhhih olmuş, sonra Bakıya gedib beş-altı ay qədər də orada iqamət edərək, oradan doğru İstanbula getmiş. Üç sənədən ziyadə fəqr və fəlakət içində, orada fəna və ucuz lokanta “restoran”larda yemək yeyərək, gecə-gündüz təhsil ilə uğraşıb durmuş. Mərhumun böylə üful etməsinə əsl səbəb də İstanbulda keçirdiyi günlər olsa gərək... Çünki onu məhv edən bu xəstəlik orada ikən başlamışdır. Mərhum İstanbulda ən çox lisan, tarix və ədəbiyyat ilə iştiğal etmişdir. İkmali-təhsil etdikdən sonra doğru Gəncəyə gələrək, mədrəseyi-ruhaniyyədə millət yavrularının gözünü, fikrini açmağa başlamışdır. Mərhumun lisana, osmanlı ədəbiyyatına dair tətəbböatı var, eyi əsərlərdir, hənuz təb olunmamışdır. Kərbəla vaqiəsinə dair də tətəbböatı var, qəzetlərdə nəşr olunmuş. Ruscadan bir coğrafiya kitabı tərcümə etmiş, Şünası mərhumun “Şair evlənməsi” ünvanlı vodevilini Azərbaycan türkcəsinə təhvil etmiş və üç cild üzrə şüəranın gözəl mənzumələrini toplayıb müntəxəbat (xrestomatiya) etmək istəyirdi ki, vəfat etd (3).
Abdulla Surla ( Məhəmmədzadə ) bağlı bu yazı bizə bəzi məqamların üzə çıxmasında yardımçı olur. Həmid bəy Yusifbəylinin rus dilindən dərs verdiyi Məktəbül-Xeyriyyənin mövcudluq tarixi dəqiq tarixlərlə verilir. 1896-1900-cu illər. Məktəbül-Xeyriyyənin sonrakı taleyidə orada qeyd edilir. Məktəb 1900-cu ildə Rus-Müsəlman məktəbinə çevrilib. Məktəbin formasını dəyişməsinində səbəbləri var. Milli məktəblərin movcudluğu, milli müəllim kadrolarının fəaliyyəti və təşkilatlanması Rusiyanın Qafqazdakı məmurlarını narahat etmiyə bilməzdi. Məktəb daxilində müəyyən müəllimlər çirkin vasitələrlə ələ alınaraq məktəbin rəhbərliyinin və əsas müəllim kadrosunun fəaliyyəti məhdudlaşdırıldı. Onların bir hissəsi həbs olundu, bir hissəsi isə sürgünə göndərildi. Məktəbin qurucusu və rəhbəri Axund Molla Məhəmməd Pişnamazzadə daxil olmaqla milli müəllim kadroları təqib və sürgünlərlə üzləşməli oldu.
Məktəbül-Xeyriyyənin fəaliyyətini dayandırması ilə bağlı “Tərcüman” qəzetində “Məvareyi Qafqazda Şeyxülislamlıq məsələsi” başlıqlı yazıda Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadənin tərcümeyi-halında maraqlı məlumatlar var. Yazının müəllifi baş redaktor İsmayil bəy Qaspıralıdır. Həmin yazıdan oxuyuruq :
“1895-ci ildə atası rəhmətə getdikdən sonra Gəncə vilayət məclisinin sədarətinə keçmişdi. Bu işə keçər-keçməz Qafqazda ilk usuli-cədid məktəbləridən məşhur “ Məktəbi-xeyriyyə”-ni təsis etmiş və məktəbdə böyük bir kitabxana yaratmışdı. İstanbuldan 1 müəllim cəlb etmişdi. Əhalinin cəhalət və təəssübünə əhəmiyyət belə verməyərək Məktəbi-xeyriyyə köhnə adət və mərasimləri qaldıraraq daha ciddi, zamana uyğun bir sıra adətlər tətbiq etməyə başladı. Məsələn həyat yoldaşı vəfat etdiyi zaman halva ehsan etməyərək 100 rubl məktəbə, 400 rublda kasıblara vermiş. Axund Molla Məhəmməd Pişnamazzadə tənqidçilərinin dediqodularını bir qulağından aldı, o biri qulağından çıxardı. Axund bu zaman inadcıl bir adama təsadüf etdi. Hacı Molla Atakişiyə rast gəldi. Bu adam Axundun hərəkətlərini dayandırmaq istədi amma dayandıramadı. Bir sıra Ermənilərə, Ruslara müraciət etdi. Bunlar Axund üçün bütün Qafqazlı müsəlmanları ləkələyəcək tələlər hazirladı. Axund sabiq canişin tərəfindən Tiflisə dəvət edildi. Tiflisdəykən 1900-cu il dekabr ayının 18-də polislər, jandarmalar, tərəfindən iqamətgahı basılaraq dusdaq ettilər. Həmin gecə Gəncədə bir çox evlərdə əməliyyatlar keçirilərək bir çox adamlar həbs olundu. Məktəbül-Xeyriyyənin kitabxanası möhürləndi, məktəb zorla daxiliyyə nəzarətinin himayəsinə alındı. Tutulanların bir hissəsi Tiflisdə Mehdi qalasında ( Matex qalası ), bir hissəsidə Gəncə həbsxanasında siyasi məhbuslar kimi təyziqlər gördülər. Müxtəlif vaxtlarda 27 kişini həbsə attılar.
Axund güya Osmanlı, İran, Əfqan hökümətləri ilə münasibətdə imiş. Onları Rusiya əleyhinə sövq edirmiş. Qafqazda böyük inqilab hazırlayırmış.
Hər kəsdə bu haqqsızlığa qarşı bir nifrət oyandı. Digər tərəfdən Hacı Atakişi hökümət himayəsi altında rahat rahat keçinirmiş. Bol-bol maaş alırmış.
Tam 14 ay sonra işin əsassız olduğu hökümət tərəfindən) anlaşıldı. Məhbuslar buraxılsada bəziləri bir müddət Xarkovda, Türkistanda sürgündə qaldı.(4)
Həmid bəy Yusifbəyli Axund Molla Məhəmməd Pişnamazzadənin yaxın çevrəsində olmuş, onun güvəndiyi əsas şəxslərdən biri sayılırdı və ona görə bu həbslər və sürgün dalğasında öz payını almışdı. Məktəbül-Xeyriyyədən başlayaraq 1909-1910-cu illərdə Difai liderlərinin təqiblərlə üzləşdiyi dövrə qədər biz Pişnamazzadə ilə Həmid bəyin çiyin-çiyinə olduğunu görürük. 2-ci sürgün həyatından sonra Həmid bəy siyasi işlərdə aktivlik etmir. Pişnamazzadə ilə Həmid bəyi həmdə qohumluq əlaqələri birləşdirirdi. Həmid bəyin bacısı Şüküfə xanım ilə Şeyxin qardaşı Ağası Pişnamazzadə ailə həyatı qurmuşdular.

1
Həmid bəy 18 dekabr 1899-cu ildə fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılmış və 1900-cü ilin yanvarından başlayaraq 14 ay Matex həbsxanasında, 1904-cü ilin dekabrınadək Türkistanda sürgündə olmuşdu (5)
Həmid bəy Yusifbəylinin sürgündən qayıtması yeni siyasi stiuasiyanın başlanğıc dövrünə təsadüf edir. Həmin dövr Çar Rusiyası ərazisində yeni siyasi munasibətlərin formalaşdığı dövrdür. Rus-Yapon müharibəsi, Qafqazda millətlər arasında münasibətlərin gərginləşməsi, Tətillər, Dumanın təşkili və s. Həmin dövrdə Rusiyanın həm daxili, həmdə xarici siyasətdə vəziyyəti gərgin idi. Həmid bəydə sürgündən qayıtdıqdan sonra siyasi aktivliyini artırır, təşkilatı işlərdə yer alır, həmin məqamda müsəlmanların taleyi ilə bağlı bir çox məsuliyyətli qərarların verilməsində iştirak edir.
1905-ci ildə Gəncədə “Türk Sosial-Fedaralist İnqilab Komitəsi” adı altında fəaliyyət göstərən bir təşkilat yaranmış onun intibahnamələri çap olunub yayılmağa başlamışdı. Bu təşkilat Azərbaycana müxtariyyət və Rusiyanın fedarativ şəkildə qurulması ideyasını ortaya qoyan ilk siyasi qüvvə idi. Məhz bu Komitənin əsasında “Qeyrət” təşkilatı yaranmışdı. Sənədlərdə “ Tatar Sosialistlər, fedaralistlər, inqilabçılar partiyası” adlanan təşkilatın rəhbərliyinə Ə.Rəfibəyli, Ə.B.Xasməmmədli, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idi. Bu partiyaya sədrlik etmək Həmid bəyə həvalə olunmuşdu(6).
Həmin dönəmdə Azərbaycanda Çar Rusiyası məmurlarının özbaşnalığı, Ermənilərin Azərbaycan Türklərinə qarşı soyqırım siyasəti Azərbaycan ziyalılarını narahat edirdi. Bu özbaşnalığa son vermək, Ermənilərin qeyri-insani əməllərinin qarşısını almaq üçün həlledici qərarların verilməsinin zamanı idi. Vəziyyət günü-gündən gərginləşirdi. Müsəlman Türk ziyalılar qanlı hadisələrə yol açacaq hadisələrin baş verməməsi üçün önləyici tədbirlər görürdü. Sabiq Azərbaycan Cümhuriyyəti Əmniyyət naziri olmuş Nağı Şeyxzamanlının xatirələrində bu hadisə ilə bağlı müəyyən qeydlər var. Nağı bəy xatirələrində qeyd edir :
Qafqaz general-qubernatorunun icazəsi ilə Bakıda qəzet çıxaran, xalqın xüsusi ilədə ziyalıların sevgisini qazanmış olan və milli Azərbaycan işləri ilə məşğul olan Ağaoğlu Əhməd bəy Gəncəyə gəlmişdi. Xalq hökümət tərəfindən böyük məscidə dəvət edilmişdi. Məscid ağzına qədər dolu idi. Məndə orda idim. Əhməd bəyi ilk dəfə idi görürdüm. Ağaoğlu minbərin ikinci mərtəbəsinə qalxaraq xalqa müraciət etməyə başladı: “ Möhtərəm Gəncəlilər, Türklərlə ermənilər arasında baş verən son hadisələr hamımızı mütəəssir etdi. Nə müsəlmanlıq, nə də insanlıq bu vəhşi hərəkətlə razı olmaz. Bu hadisə niyə baş verdi, nə üçün oldu, səbəbkarı kimdir deyə tədqiqat və münaqişəyə başlasa, heç bir nəticə əldə etməyəcəyik. Türklər və Ermənilər olub keçənləri unutmalıdırlar. Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı yırtıcı heyvan vara başqa heyvanları parçalayarlar, ancaq həmcinslərinə əsla toxunmazlar. Çox acıdır ki, vəhşi heyvanların etmədiklərini insanlar edirlər, bir-birlərinə atılırlar. Unutmamalıyıq ki, rus idarəsindən əsrlərcə əvvəl Qafqazda Türklərlə Ermənilər dost və yaxın qonşu olaraq yaşamışlar. Tarixdə bu xoşagəlməz hadisəyə bənzər heç bir hadisə baş verməmişdir” (7)
Ziyalılar millətlər arasında gərginləşən münasibətləri sülh yolu ilə yoluna qoymağa çalışırdılar. Amma bunun qarşısını almaq çətinləşmişdi. Müxtəlif yerlərdə ziyalılar, din xadimləri, ticarət adamları təşkilatlanmağı və basqılara cavab verməyi birinci məqsəd kimi qəbul edirdilər. Gəncədə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadənin rəhbərliyi ilə “Difai” partiyası önləyici tədbirlər görürdü. Difai partiyasının Gəncədə fəaliyyətində və idarə olunmasında Ələkbər bəy Rəfibəyli, Hac Məhəmmədhüseyin Rəfiyev, Ələsgər və Ələkbər Xasməmmədovlar, Mirzə Məhəmməd Axundzadə və Həmid bəy Yusifbəyli xüsusi rol oynayırdı.
Difai partiyasının fəaliyyət istiqaməti Müsəlman Türklərə qarşı zərərli ünsürləri zərərsizləşdirmək, onların basqılarına son qoymaq idi. Arxiv sənədlərində ən fəal Difai rəhbərlərindən biri kimi Həmid bəy Yusifbəyli qeyd edilir. Difainin fəaliyyəti məhdudlaşdırılarkən və liderlərin həbsi zamanı bu üzə çıxır.     Həmin sənədlərdən bəzilərini gözdən keçirək :
Difainin Yelizavetpoldakı təşkilatının ləğv edilməsi tədbirləri 1908-ci il iyun ayında başlandı. 1908-ci il iyunun 24-nə кеçən gecə Yelizavetpolda kütləvi axtarışlar aparıldı. Axtarışlar zamanı M. M. Pişnamazzadə, Ə. Rəfibəyov, Ə. Xasməmmədov, M. Q. Rəfiyev və H. Usubbəyovun evlərində rus, fransız və türk dillərində çoxlu miqdarda inqilabi ədəbiyyat aşkar edilmişdi (8) İkinci bir fakt :
M. Axundov, H. Usubbəyov, M. İsmayılzadənin evlərində də xeyli miqdarda qeyri-leqal ədəbiyyat və silah aşkar edilmişdi. Bu şəxslər həbs edilmiş, sonra isə 1909-cu il avqustun 4-də polisin aşkar müşahidəsi şərti ilə azad edilmişdilər (9)

hemid_bey_ushaqlar_ile
Bütün bu faktlara əsasən Çar Rusiyasının jandarm idarəsi Həmid bəy Yusifbəylini nəzarətdə saxlayırdı. Sənədlərdən göründüyü kimi bütün axtarışlarda onun yaşadığı ünvanda var. Həbs və sürgün dalğası başladıqda Həmid bəy Yusifbəyli sürgün həyatı yaşamağa məcbur oldu. Bu haqqda qeyd edilmiş sənədlərdən :
“Tiflis Quberniya Jandarm İdarəsinin rəisi vəzifəsini icra edən podpolkovnik Başinski öz raportunda Yelizavetpol komitəsinin bütün rəhbər heyətini (10 nəfər) aşkar polis nəzarəti altında inzibati qaydada sürgün etməyi təklif edirdi. Lakin onlardan yalnız iki nəfəri - N. Axundov Səmərqəndə və H. Usubbəyov Baxçasaraya sürgün edildi. Onlar 5 il sürgün həyatından sonra çarın 21 fevral 1913-cü il tarixli fərmanına əsasən Romanovlar hakimiyyətinin üç yüz illiyi münasibətilə amnistiyadan sonra 1914-cü ildə vətənə qayıtdılar(10).
1910-cu ildə Qafqaz canişini Vorontsov-Daşkovun hökmü ilə Həmid bəy Yusifbəyli Qafqazdan 5 illik müddətinə Kırıma, Baxçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəyin qayınatası İsmayil Mirzə Qaspiralinin evində yaşadıqdan sonra İstanbula mühacirət etmişdi ( Nazif Qəhramanlı-“ Nəsib bəy Nümunəsi”, səhvə :229 ).  
Həmid bəy sürgündən döndükdən sonra siyasi işlərdə aktivlik etmir, amma arxiv sənədlərində onun sıravi partiya üzvü olduğu üzə çıxır. 1941-ci il 17 iyul tarixində onun həbsi zamanı aparılmış dindirilmədə Həmid bəy Yusifbəylinin istintaq işindən oxuyuruq, istintaqı aparıb Şirinov :
Sual - Bizə məlumdur ki,  Musavat partiyasının üzvü olmusunuz. Bu belədirmi ?
Cavab –Mən xatırlayıram ki, mənim yanıma Axundov adlı birisi gəlmiş və məni Müsavat partiyası sıralarına yazmışdı.
Sual – Beləliklə, siz rəsmən Müsavat partiyası sıralarında olmusunuz...
Cavab – Məni partiya yazsalar da mənim buna istəyim olmamışdır.
Sual – Sizin istəyiniz olmadan oraya necə yaza bilərdilər ?
Cavab – Görünür, onlar Müsavat partiyasının xadimi olan Nəsib bəy Yusifbəylinin qardaşı kimi nüfuzumdan istifadə etmək istəmişlər (11)
Buradan görünür ki, O siyasi işlərdə ancaq partiya üzvü olmaqla kifayətlənib, partiya işlərində aktivlik etməyib. Həmid bəy sürgündən döndükdən sonra ailə həyatı qurur. Həmid bəy Azərbaycan Cümhuriyyəti Əmniyyət naziri olmuş Nağı Şeyxzamanlının əmisi qızı Səriyyə Şeyxzamanlı ilə ailə həyatı qurmuşdu. Onların 1915-ci ildə övladları dünyaya gəlmişdi. Adını Ənvər qoymuşdular. Həmid bəy iki dəfə ailə həyatı qurub, ikinci həyat yoldaşı isə Bilqeyis Nəcəf qızı Cuvarlı idi.
Həmid bəy Yusifbəylinin diqqət cəlb edən əsas cəhətlərdən biri onun elmi və pedoqoji fəaliyyətidir. 1898-ci ildə atasi ilə birlikdə Gəncədə evlərində yaratdıqları Puşkin kitabxanası təqdirəlayiq bir xidmət idi. Həmin kitabxanaya kitablar Rusiya, Osmanlı və İran kimi ölkələrdən gəlirdi. Sonradan bu kitabxana Ozan məscidinə köçrülüb.
Həmid bəy Azərbaycan Cümhuriyyəti yıxıldıqdan sonra pedoqoji fəaliyyətinə son verməmiş Sovetlər dönəmində Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedoqoji Texnikomunda dərs vermişdi. Həmid bəy orada köhnə dostlarından İdris Axundzadə ilə birlikdə çalışmışdı. Həmid bəyin bir sıra dəyərli dostları və yaxın ünsiyyətdə olduğu şəxslər var idi. Onlar Mirzə Məhəmməd Axundzadə, Cavad bəy Rəfibəyli, Əhməd Cavad və s idi. Xatırladım ki, Həmid bəy həmdə Əhməd Cavadın müəllimi olmuşdu. Azərbaycanda ilk dəfə Rus dili üzrə professor dərəcəsi Əhməd Cavad alıb, onun Rus dilindən ilk müəllimi Həmid bəy Yusifbəyli olmuşdu.  
1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğala məruz qaldıqdan sonra Həmid bəyin qardaşı Azərbaycan Cümhuriyyəti baş naziri Nəsib bəy Yusifbəyli müammalı şəkildə şəhid edildi və hətta nəşi belə tapılmadı. 1921-ci ildə Həmid bəyin atası Yusif bəy rəhmətə getdi. Bundan sonra bütün ailənin yükü Həmid bəyin üzərinə düşdü. Şəhid edilmiş qardaşının ailəsinin taleyi ilə maraqlanmaq, onlara kömək olmaq Həmid bəy tərəfindən həyata keçirilirdi.
Şəfiqə xanım Qaspıralı Türkiyə mühacirətə getdikdən sonra Həmid bəy Yusifbəyli ilə məktublaşmış və onların vəziyyəti ilə maraqlanmışdır. Həmid bəyin Şəfiqə Soltan xanıma göndərdiyi məktublardan birində Həmid bəyin qardaşının ailəsinə necə sayğı göstərdiyini sezmək olur. Təxmini 1921-1925-ci illər arasında Gəncədən Şəfiqə xanıma göndərilmiş məktubdan :
“ Əzizim Şəfiqə ! Yazdığınız məktublardan fəqət biri buraya vasil oldu, oxuyub nəhayət mükkədər olduq. Nə etməli, qədər belə imiş. Üç ay əvvəl sizə 100 banknot göndərmişdim. Bilmirəm aldın, yaxud almadın... Bu dəfə üç Osmanlı lirəsi ilə iki dənə rial göndərəcəyəm. Altın göndərmək mümkün olmadığı üçün banknot sürətində gətirəcəklər. Alan günü məlumat vermənizi rica edirəm. Özünüz bizim halımızı, zənn edərim bilirsiniz. Mehdinin uşaqları, dayım, qardaşımda öhdəmdə olduğunu bilirsiniz. Çarə olarsa canımı belə qardaşımın balalarına verməyə hazıram. Cocuqların sinifdən sinifə keçdiklərini bilib çox şad oldum. Əgər mümkün olursa pul lazım olduqca Süleyman bəydən alın. Oda buraya müraciət etsin. Əgər cocuqları orada oxutmaq mümkün deyilsə göndərin buraya gəlsin. Getdikcə burada məktəblər artmaqda və yaxşılaşmaqdadır. Qızım Zöhrənin məktubuna çox şad oldum. Niyazinin məktubunun qisalığı nədəndir, yoxsa bizi unutmaq fikrindədir ? Mümkün olduqca məktub yazınız. Bu il bir az pambıq əkmişəm, məhsul yaxşı olarsa yenə pul göndərəcəyəm. Baqi salam və ehtiram, cümlə tanışlara salam söyləyiniz. KARDEŞİNİZ (Həmid bəy Yusifbəyli ).
Həmid bəy bu sıxıntılı və əzablı yollarla son dayanacaq həbsxana olmaqla çətinliklərlə üzləşmişdi. Onunda taleyinə qardaşı Nəsib bəy kimi mümmalı ölüm yazılmışdı. Hər ikisinində nə nəşi ortaya çıxdı, nədə ki, məzaları var.
1.    ( Əməl Böyüklərimiz, səhvə: 269 )
2.    (Nazif Qəhramanlı - “Nəsib bəy Nümunəsi”, səhvə :226 )
3.    ( Mərhumun təşyii - cənazəsi mərasimi “İqbal” qəzeti, 16 may 1912-ci il)
4.    ( Tərcüman qəzeti, 7 avqust 1909-cu il, səhvə : 4 )
5.    ( Nazif Qəhrəmanlı “ Nəsib bəy Nümunəsi”, səhvə : 227 )
6.    (Nazif Qəhrəmanlı “ Nəsib bəy Nümunəsi”, səhvə: 228 )
7.    ( Nağı Şeyxzamanlı -“Xatirələrim”, səhvə : 17 )
8.    (ГИААР: ф.62. оп.1, д.59, лл. 79, 87.)
9.    ( Багирова И. Политические партии и организации Азербайджана в начале XX века, с. 187 )
10.    (ГИААР: ф.62. оп. 1. д.59. л. 163 об )
11.    ( Nazif Qəhramanlı, “ Nəsib bəy Nümunəsi ”, səhvə : 20 )

Politoloq,tədqiqatçı:CEYHUN NƏBİ

 

Nazim Rza İsrafiloğlu

E-mail Çap PDF

 

On4 Tv Can Azerbaycan - Rafiq Qurbanov - Nazim Rza İsrafiloğlu

 

Çingiz Göygöl

E-mail Çap PDF

 

 

Mücahid bir imza : Çingiz Göygöl

Cinqiz_Goygol


XX əsrdə Azərbaycan milli mücadilə tarixi o qədər rəngarəng olub ki, uğur və uğursuzluqlarla müşayət olunan bu tarix bir çox dönməz istiqlal mübarizlərinin simasında Azərbaycan xalqının düşüncəsinə özünə yer tapib. Hər zaman düşmən qüvvələrin marağında məmləkətimiz olan Azərbaycanı əsarətdə saxlamaq, onun üzərində hökmranlığı həyata keçirmək əsas məqsəd olub. Millətimizin milli düşüncəsini məhv etməklə, dilimizi korlamaqla, təhsilimizi əlimizdən alıb, bizi kölələşdirərək özlərinin imperialist maraqlarını təmin edən həmin qüvvələr milli mövcudluğumuzu təhlükə altına qoyurdular.
Azərbaycanda milli oyanış, müasir milli dövlətçilik ənənələrinin əsasının qoyulması, Bir millət olaraq özünüdərk ümumtürk milli oyanışının tərkib hissəsidir. Hansı ki, bu oyanış təhsildən başladı. Yeni-üsul ( Üsuli-Cədit ) məktəblərinin yaradılması, Cəhalətin hökmranlığı altında inləyən Türk-İslam dünyası parlayan bir ziyanın yandığı istiqamətə yönəldi. Bəli bu istiqamət Kırım idi, parlayan ziyamız isə İsmayıl Qaspıralı Hoca. Cəhalətin bütləri dağılmağa başlayırdı, mollalar müəllimlik etməyə, məscidlər isə məktəblərə çevrilirdi.
Azərbaycanda mütərəqqi ziyalılar başda Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Qafqazdakı müsəlmanların xilası üçün mayak rolunu oynayırdılar. Başlayan həmin yol Azərbaycanı dünyəvi dəyərlər üzərində qurulmuş Cümhuriyyətə doğru aparırdı. 1918-ci ilin may ayının 28-də Azərbaycan öz istiqlalını əldə etdi, dünyəvi dəyərlərlə öz Cumhuriyyətini qurdu. Bu böyük mücadilənin nəticəsi idi. Bəziləri üçün bu sadəcə təbii reallıq kimi qəbul oluna bilər, inqlab oldu, Çar devrildi və bunun nəticəsində Azərbaycan dövləti quruldu.  Bunu heç kəs inkar edə bilməz, bu həqiqətən olub amma əsl reallıqlarıda unutmaq olmaz. Çar yıxıldıqdan sonra burada Sovet dövlətidə qurula bilərdi, din xadimləri  tərəfindən dini dövlətdə qurula bilərdi, amma bu belə olmadı. Dünyəvi dəyərlərə söykənən respublika quruldu. Bu respublikanı quranların fikir və düşüncələri çox dərin köklərə sahib idi. Onlar müasir dünyanın mahiyyətini dərk edə bilir, sağlam gələcəyə baxış konsepsiyaları olan siyasi fenomenlər idi. Bu qurulan Cumhuriyyət o qədər mükəmməl idi ki, orada hər kəs haqqını əldə edirdi. Hətta 5-3 kənddən ibarət olan etniklər belə parlamentdə təmsil olunmaq haqqına sahib olmuşdular. Azərbaycana, müsəlmanlara zərbələr vurmuş Ermənilər hökmətdə təmsil olunur, çoxluğu müsəlmanların təşkil etdiyi bir toplumun idarəçilyini təşkil edirdilər.
Qürurumuz olan Cümhuriyyətimiz çox yaşaya bilmədi, tezliklə Bolşeviklər onu devirdi. Özünün qaniçən, qanlı rejimini qurdu. 100 ildən artıq sürən əsarətin son verib, sevinc şərbətini içdiyimiz bir zamanda soyuq şimalın daha kəskin, dahada iti yeni bir qılıncı başımızın üzərini aldı. Bəli bu BOLŞEVİZM idi.  Həyatımızı qanlara boyadılar. İstiqlalımızın keşikçiləri yenidən işğalla barışa bilmədilər və vətənimiz Azərbaycanı üsyançı etirazları bürüdü. Qarabağ, Gəncə, Zaqatala və s yerlərdən işğala yox sədaları gəlirdi.
Gəncə Üsyanı üsyanların içində o qədər qanlı və şiddətli oldu ki, orada təslimiyyət bayrağı qalxmamışdı, şəhərin əhalisi son damla qanına qədər döyüşmüşdü və Azərbaycan Cumhuriyyəti gözlərini bu şəhərdə yumdu, hansı ki, onun qürurlu 3 rəngli bayrağıda bu şəhərdə ilk dəfə millətimizə həqiqi istiqlalı dadızdırmışdı.
Gəncədə üsyanın qələbə ümidlərinin tükənməsi çox mucahidlərin, vətənpərvərlərin, istiqlal dirənişçilərinin oranı tərk edib, siyasi mühacirətə getməsi ilə nəticələndi. Bir çoxları getdi, bir çoxları təslim oldu, bir çoxlarıda qaçaqlığa keçdi. Üsyan və üsyandan sonrakı dəhşətli hadisələri təsəvvür etmək çox çətindir. Üsyan bitdi amma Gəncədə asıb kəsənlər qurtarmadı. Yenədə həmin ki, qaydada öz cəlladlıqlarını davam etdirirdilər.
Bu kiçik verdiyim başlıq barışmaz bir mücahid olan Çingiz Göygölün ( Çingiz Muxtar oğlu Hacızadə ) həyatı ilə sıx bağlı məqamlardır. Çingiz Göygöl kimdir  ? Çingiz Göygöl adını Azərbaycan istiqlalı ideyasını zehniyyətində daşıyan hər bir vətənpərvər tanımalıdır. Azərbaycan Milliyyətçilər Dərnəyinə başqanlıq etmiş, “Türk izi”, “Mücahid” kimi dərgilərin sahibi olmuş, onun çıxarılmasını təşkil etmiş, Azərbaycan Siyasi Mühacirətinin Türkiyədə gənc simalarının bir ideya, bir təşkilat ətrafında birləşməsinin əsas təşkilatıçılarından biri, dönməz istiqlalçı, düşüncəsi sağlam, böyük vətənpərvər, mücahid qələm sahibi olan bir şəxsiyyətdir.
Çingiz Göygöl Cümhuriyyətin 100 tələbəsindən biri, Azərbaycan Cumhuriyyəti baş naziri olmuş Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göygölün həyat yoldaşı Mirzə Göygölün qardaşıdır. Çingiz Göygöl 1909-cu ildə Gəncə şəhərində doğulmuşdu.  Atası Muxtar, anası Yaqut xanım olub.
Mirzə Göygöldə ( Hacızadə ) Azərbaycan siyasi mühacirətinin öndə gələn əsas simalarından biri idi. Azərbaycan Cümhuriyyəti tərəfindən oxumağa göndərilmiş, 100 tələbədən biri olan və Berlində oxumuş Mirzə bəy Türkiyənin ən tanınmış Kənd Təsərüfatı üzrə mütəxəsislərindən biri hesab olunurdu. Bununla bağlı bir çox kitabında müəllifidir. Çingiz Göygöl Türkiyə gələrkən böyük qardaşı olan Mirzə Göygöldən böyük dəstək görmüşdü. Mirzə bəyin Zöhrə xanım ilə evliliyindən 4 övladı olmuşdu. Səlçuq, Oğuz, Şölə və Dəmir.
Çingiz Göygöl elə bir dövrdə doğulmuşdu ki, həmin dövrdə Azərbaycan Erməni qırğınlarından əziyyət çəkmiş, vandalist zehniyyətli Ermənilərə qarşı mübarizələr təşkil etmiş mücahidlərin, Difai fədailərinin təqib və sürgünlərə məruz qaldığı dövr idi. Axund Molla Məhəmməd Pişnamazzadə, Həmid bəy Yusifbəyli, Mirzə Məhəmməd Axundzadə kimi qorxmaz, cəsur və milli müsəlmanların keşiyində dayanmaqdan qürur duyan şəxslərin sürgünlərə göndərildiyi vaxtlar idi. Çox təbii bir məqamdır ki, Çingiz Göygöl uşaq olduğundan olan bütün bu hadisələrdən xəbərdar ola bilməzdi. Amma O, elə bir mühitdə doğulmuşdu ki, həmin dövrdə onun doğulduğu bu şəhər milli mücadilənin sarsılmaz qalası idi. Rus Çarlıq İrticasının, onlara əl altılıq edən Ermənilər bütün yerlərdə məqsədlərinə vara bilsələrdə sarsılmaz milli qalamız olan Gəncədə bir dirənişlə, təpki ilə üzləşmişlər. Gəncənin milli zehniyyətli ziyalıları, din xadimləri, öndə gələn ağsaqqalları zülümkarlara qarşı vəhdət çırağı yandıra bilmişdilər. 

Cinqiz_Goygol_2 
Çingiz Göygöl doğulduğu zaman milli düşüncəmizin kök saldığı dövr idi. O Rus çarlığı zamanını, Azərbaycan Cümhuriyyətini, Sovet Bolşevizmini görmüş bir insandır. Bütün  bunlardan sonra o siyasi mühacirətə getdi, böyük bir mücadilə səhvəsi yaratdı. Türkiyədə özünə geniş çevrə quraraq Azərbaycan istiqlal davasına qüvvət verərək milli amallarımızın reallaşması üçün əlindən gələni etdi. Niyazi Yusifbəyli ( Kürdəmir ), Səffət Zərdabi  ( Həsən bəy Zərdabinin oğlu ) , Fətəli Xan Xoyiskinin qardaşı oğlu İsgəndər xan Xoyiski, Hidayət Turanlı, Mehmət Altunbay ( Hürriyyətə uçan ilk türk, Gəncəli Qaçaq İbrahimin oğlu ), İstiqlal şairimiz Həmid Dönməz, Əhməd Ulusoy, Əziz Alpout kimi həqiqi mücahidlərlə birlikdə 1952-ci il fevralın 8-də  Azərbaycan Milliyyətçilər Dərnəyini qurdular. Bunların hər birinin gəncliyi cəhənnəmlərdə çeynənmiş, dəhşətli bir faciə, insanlığın qanını donduran bir dramdır. Kimiləri üçün məlum olan, kimiləri üçünsə məlum olmayan. Onları birlikdə var edən zülmkarların zülmünə qarşı mübarizə, Bolşevizmə, bu iyrənc zehniyyətə qarşı nifrət, Azərbaycanın istiqlalı, böyük Türk millətinin hürriyyətçilik sevdası idi. Xalqların həbsxanası Sovetlərin varlığı onların narahat edən əsas məqam idi.
Çingiz Göygöl Azərbaycan Cümhuriyyətinin mühacirətə getmiş siyasi rəhbərləri ilə əlaqələr qurmuş, həmin liderlərin milli mücadilə ilə bağlı tövsiyyələrindən yararlana bilmişdi. Həmin liderlərin arasında başda Azərbaycan Cümhuriyyəti Ədliyyə Bakanı Xəlil bəy Xasməmmədli, Azərbaycan Cümhuriyyəti Əmniyyət Bakanı Nağı bəy Şeyxzamanlı, Azərbaycan Cümhuriyyəti Parlamanı əzalarından Şəfi bəy Rüstəmbəyli, Məmmədsadıq Aran kimi şəxsiyyətlər önəmli rol oynamışdı.    
Çingiz Göygöl çıxardığı dərgiləri, yazdığı məqalələr, kitabları və tutduğu mövqeyi ilə əsl anlamda əsl mücahid idi. Bu araşdırmamda “ Mücahid bir imza” başlığı onun xarakteri, dərin düşüncələri, dönməz mövqeyi və qızıl qədər dəyərli olan qələmi ilə bağlı bir məqamdır. Gəncə ictimai-siyasi mühitindən bir çox dəyərli qələm sahibləri çıxmışdı. Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu kimi bir çox qələm sahibləri bu zəngin elmi, idealoji bazaya sahib məkanın yetirmələri idi.
Azərbaycan milli aristokratiyasının əsas qalası sayılan Gəncənin bu tipli dühaları yetirməsinin tək səbəbi Gəncədə sağlam milli düşüncəyə sahib ictimai, siyasi və elmi mərkəzlərin mövcud olması idi. Hansı ki, Gəncədə bu işlərin önündə Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Hacı Məhəmmədhüseyin Rəfiyev kimi sağlam mövqeyli, məqsəd və məramı eyni olan  hörmət sahibləri gəlirdi. Pişnamazzadə Həzrətlərinin rəhbərliyi altında mövcud olmuş “Məktəbül-Xeyriyyə” dərsxanası, “Mədrəseyyi-Ruhaniyyə” kimi milli düşüncəyə yer vermiş məktəblər, Difai, Qeyrət kimi partiya və ictimai təşkilatların, Müsəlman Xeyriyyə Cəmiyyətlərinin formalaşdırdığı mühitdən millətə xidmət üçün bu möhtəşəm simalar çıxa bilərdi.

Çingiz Göygöl “Türk izi”, “Mücahid” kimi dərgilərdə çıxardığı yazılarda əsas qayə istiqlalçılıq, milli birlik, Bolşevizmə nifrət idi. Dar imkanlar çərçivəsində Çingiz bəy böyük işlər bacarmışdı. Rəhbəri olduğu Azərbaycan Milliyyətçilər Dərnəyi, çıxardığı dərgilər, kitablar həmin dövrdə dəyəri ölçüyə gəlməz dərəcədə çox böyük işlər idi.
Çingiz Göygölün Bolşevizmə dərin nifrəti var idi. “Mücahid” dərgisinin 1957-ci il iyun ayında çıxmış 9-cu sayında “ Mühafizəsi lazım gələn milli ruh”  başlıqlı məqaləsində buna rast gəlmək olar. Çingiz bəy həmin məqalədə orada yaşayanlarla bağlı qeyd edirdi : XX əsrin heç şübhəsiz ən bədbəxt insanları kommunist rejimi və diktaturası altında yaşayanlardır. Bolşevik kommunist tələsinə düşən bu zavallılar, bir ovuc kommunist aristokratiya-sının rifahı və səadəti və yenə bu güruhun hiylə və əməlləri üçün çalışmaqda və yüzdə-yüz istismar edilməkdədir. Dəmir Pərdə içərisində haqq və hüquqdan məhrum, atılmış bir əşya kimi qalmaqda, hər cür hürriyyətləri əllərindən alınmış, makinadan durmadan, dinlənmədən, yarı ac və yarı çılpaq Sovet imperializminin çarxını çevirməkdədirlər. ( Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh: 174 )
Çingiz Göygöl həmin məqalədə Kommunizmin rus şovnizminin bir masqası olduğunu     qeyd edir. Digər xalqlara məxsus olan istehsal məhsulları, onların ərazisində yetişən mehvələr belə hətta rusların adına çıxılır, onların kimi qələmə verilir. Çingiz Göygöl bütün bu çirkin və iyrənc siyasətlərdən xilas olmağın yollarını “Milli Ruhun” güclənməsində görürdü. Həmin məqalədə qeyd edirdi : Kommunistlərin iqtisadi, ictimai və kültürəl bü-tün basqı və imha (məhv) siyasətlərinə qarşı, istilada olanların ciddi və daimi müqavimətləridir. Əlbəttə bu amili əsaslandıran ruhun “Milli Ruh” olduğunda kimsə tərəddüd etməz. Bolşevik kommunistlərin üzərində həssaslıqla durduqları və imhası və tənəzzülə uğradılması üçün ən çox məşğul olduqları yenə “Milli Ruhdur”. Bu ruh, insanlara hürriyyət, millətlərə beka (gələcək) təmin edən ən mühüm ünsürdür. Bolşevik kommunistlərcə təqibə uğrayan insanlarda milli ruh ən üstün vəsf olunandır. (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh : 176 ) .
Çingiz bəy “ Mühafizəsi lazım gələn milli ruh”  adlı məqaləsində sonda bunları qeyd edir : Milli ruhun mövcudiyyəti ilə “Millətlərə istiqlal, in-sanlığa hürriyyət” təmin edilə bilir. Milli ruhun mühafizəsi üçün bütün millətlərin müştərək qüvvə sərf etmələri zərurəti, bu gün dünənədən daha çox ehtiyac halındadır. Kommunistlər bu ruhun imhası (məhvi) üçün hər gün bir az daha hiylə və də-sisə (aldatma) yolları kəşf edərək insanlığı köləliyə sürüklə-məkdədir (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh :178 ).
Çingiz Göygölün ən dəyərli məqalələrindən biridə  “Mücahid” -in 1957-ci il, sentyabr ayı, 10-cu sayında çıxmış “15 sentyabr 1918” adlı məqaləsidi. Bu məqalə digər məqalələrlə müqayisədə tarixi əhəmiyyət kəsb edir, tarixi hadisələrlə özündə milli cümhuriyyətimizinin mövcudiyyət dövrünü canlandırır. Həmin məqalədə Çingiz bəy 15 sentyabr 1918-ci ildə Bakının İşğaldan azad edilməsini, qazanılmış şanlı zəfərin mahiyyətini izah edir. Ənvər Paşanın qardaşı, Qafqaz İslam Ordusu komandani Nuri paşanın millət tərəfindən necə sevinclə qarşılanmasını, hətta xalqın öz dəyərli övladlarını belə ona qurban verə bilməsi səhnəsini canladırır. Nuri Paşa Gəncəyə gələrkən belə hadisələrdən biri Gəncə yaxınlığında olan Seyfəli  ( Əhməd Cavadın doğulduğu kənd )kəndindən bir varli bəyin öz oğlunu paşaya qurban verməsi qeyd edilir. Həmin məqamdan Nuri Paşa ilə varlı bəy arasında maraqli unsiyyət olmuşdu :
Paşa: “Neçin oğlunuzu qurban vermək istədiniz?” – deyə soruşanda bu cavabı almışdı: “Mənim minlərcə qoyun, inək, öküzüm vardır. Bunların hamısı pulla alınır. Fəqət oğlum sevgimin ta özü, ciyərimin bir parçasıdır. Uzun düşündükdən sonra, sizlərə layiq bir qurban tapa bil-mədim. Ancaq oğlumu layiq gördüm” (Nəsiman Yaqublu “ Azərbaycan Mühacirət irsi” səh: 181 ).
Çingiz  Göygöl Azərbaycanda Qafqaz İslam Ordusuna, onun baş komandanı olan Nuri Paşaya olan yüksək münasibətin, xilaskarlıq missyasının mahiyyətini açıb ortaya qoyur. Çingiz Bəyin məlum məqaləsinə əsasən aydın olur ki, Gəncədə Şah Abbas Məscidinin həyətindəki parkda Qafqaz İslam Ordusunun türk mehmetçiyinə abidə qoyulubmuş.
Çingiz bəyin dəyərli məqalələri ilə yanaşı 1958-ci ildə Türkiyədə “Mücahit nəşriyyatı” tərəfindən çap olunmuş birinci kitab olaraq yazmış olduğu “ Kominist Rusiya və Müsəlmanlar” kitabı böyük əhəmiyyət kəsb edir. 64 səhvədən ibarət olan kitab girişdə daxil olmaqla 10 bölmədən ibarətdir. Kitabda Çarlıq və Sovetlər zamanı Rusiyada müsəlmanların və türklərin  vəziyyəti təhlil edilir. Rusların Müsəlman Türkləri necə parçalaması, onları basqı və təyziqlərə məruz qoyması, əsarətdə olan xalqların öz istiqlaliyyəti uğrunda mübarizəsindən və Ruslara qarşı  dirənişindən bəhs edir. Qafqaz, Kırım, Kazan Türklərinin əsarətdə milli zehniyyətin bərqərar olması üçün ortaya qoyduğu əməli işlərin inkişaf yoluna nəzər salınır. Kitabın girişində Çingiz bəy yazır :
Sovet Rusiyasında kominist hakimiyyəti altında yaşamağa məcbur edilən Müsəlmanların, koministlər tərəfindən məruz qaldıqları işgəncələrə dair zaman-zaman gündəlik qəzetlərdə, məcmuələrdə yazdığım yazılar üçün aldığım məktublar məni yenidən bu mövzunu incələməyə və daha geniş oxucu kütləsinə xitab etmək üçün bu balaca kitabı yazmağa sövq etdi (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə: 3 ) .
Çingiz Göygöl “ Kominist Rusiya və Müsəlmanlar” kitabında Azərbaycan milli hərəkatının ilkin dövrlərdə Çar Rusiyasına qarşı mübarizəsindən və Rus ordusunun “Eşalon davasında” ( tarixdə Şamxor davası kimidə xatırlanır, C.N ) tərksilah edilməsindən söz açır.
Çingiz bəy yazmış olduğu kitabın “ Müsəlmanlarda istiqlal məfkürəsinin bərqərar olması” adlı bölməsində həmin dava ilə bağlı qeyd edir :
Azərbaycanda Bakıdan başqa Qarabağ, Gəncə, Şamaxı və s şəhərlərdədə Rus ordusundan təxris olan Ermənilər mövcud olduğu kimi bütün Azərbaycan şəhərlərində mövcud olan Xiristiyanlarda böyük miqdarda silah var idi. Üstəlikdə əsgərlik elmini bilən, hərbi zabitlər mühim miqdarda idi. Azərbaycanda isə Müsəlmanlar əsgərliyə qəbul olunmadığından əsgərlik elmini bilmədikləri kimi, silahlarada nadir halda rast gəlinirdi. Şəhərləri təhdid edən silahlı Xiristiyan yığınına birdə Eşalon qüvvəti əlavə ediləcək olarsa böyük təhlükə yarana bilərdi. Fəqət Gəncə Milli Komitəsi Eşalonu silahdan təcrid edərsə, Gəncə və Qarabağda toplanan Erməni silahlılarının hücuma keçməsi və Qarabağla Gəncənin məhv olması qeyri-mümkün ola bilərdi.  Milli Komitə vaxt qazanamaq istərkən, Milli Hökümət zamanında millət vəkili olmuş və Kominist işğalı zamanında məşhur Bitdili İmamı üsyanının qəhramanı olan şəhid Hacı Axund ( 30-cu illərdə Şəmkirdə üsyan başcısı olmuş Hacı Axund Əhməd Nuruzadə, C.N ) adamları ilə birlikdə Gürcüstan sərhədində tanınmış bir körpübaşı olan Nadir qalasının hakim təpəsini işğal etmişdilər. Burada toplanmış mərhum Hacı Axundun adamlarının hamısı silahlı olduqları iddia ediləməzdi. Fəqət cəsarət və imanları sayəsində xalqın böyük ölçüdə güvənini qazanmışdılar. Eşalon Azərbaycan torpaqlarını keçməyə hazırlanarkən, Nadir qalasında toplanan bir ovuc qəhraman Eşalonu pərişan etməyə bəs etmişdi. Gəncənin kənarında yer alan qəhraman Məmmədqasımın dəstəsi isə daha əzimli və imanlı idi. Gəncəbasarda qəhramanlığı ilə ad çıxarmış idi ( Məmmədqasım uzun illər kominist işğalçı qüvvələrinə qarşı dirəniş göstərmiş və onlarla böyük çapda mücadilə etmiş və adına dastanlar yazılmış Gəncəli bir qəhramandır ) Məmmədqasımın qüvvələrindən bir qismi yardıma gedərək, irəliləyən qüvvələri durdurmuşdu. Böyük ordu irəliləyə bilməyəcəyini anlayaraq dərhal təslim olacağını bildirmişdi. Milli Komitənin əmniyyət işlərini idarə edən gənc və enerjili əmniyyətçi Eyyub Rəfibəyli ( Ələkbər Bəy Rəfibəylinin qardaşı oğlu, Gəncə Üsyanından sonra siyasi mühacirətə gedib, C.N)komandanın təslim şərtlərini gətirən hərbiçini sağ-salamat Milli Komitəyə gətirmişdi. Birinci karvana silahlarını təslim edərək Rusiyaya getməsinə icazə verildi. Sülh danışıqları üçün əvvəlcə bizə keçən zirehli qatarın Nadir qalasına yaxınlaşması anında eşalonun anlaşma şərtlərini pozaraq, qatar üzərinə top atəşi açması və orada olan könüllü hərbiçilərimizdən Məhəmməd Rəfini (Tanınmış Gəncəli tacir və xeyriyyəçi Hacı Məhəmmədhüseyin Rəfiyevin nəvəsi, Azərbaycan Cümhuriyyəti Milli Bankının ilk sədri Məşədi Əli Rəfiyevin oğlu. C. N ) və başqalarını şəhit etməsi, dəstələrə bölünmüş qüvvələrimizin sakit olmayan kin və nifrətinin kükrəməsinə səbəb olmuşdu. Minlərcə hər yaşdan olan xalq, Rusların bu namərdcə hərəkətinin intiqamını almışlardı. Eşalon komandanı yalvarırcasına atəşin kəsilməsi üçün yüzlərcə ağ bayraq çıxarmaqla təslim olduqlarını bildirmişdi. Bir ovuc qəhraman dəstələrindən göstərdiyi şücaət və cəsarətiylə ciddidən ağıllar üstü möcüzələr yaratmışdı. Təlim-tərbiyə görmüş və sayıca 3-5 misli üstün qüvvələrə sahib olan Eşalonun, bir ovuc, əsgərlik elmi ilə heç ünsiyyəti olmayan, üstəlik zəif silahlarla  Hacı Axund dəstəsinə məğlubiyyəti ciddidən qəhramanlıq timsalı bir möcüzə təşkil etmişdi. Eşalonun pərişan halı və minlərcə ölü, yaralı, eyni zamanda acınacaqlı bir hal və mənzərə təşkil etməkdə idi. Gəncə Milli Komitəsinin və əmniyyət təşkilatının yerində tədbirləri ilə Eşalonun yaralıları tez Gəncəyə, xəstəxanalara, hətta evlərə aparıldı. Səyyar səhiyyə qurupları Rus eşalon yaralılarının şəhərə göndərilməyənlərini yerindəcə müalicə etməyə başlamışdı. Rus eşalon komandanı  Müsəlmanların böyük və insani rəftarlarına qarşı böyük minnət hissi duymuş və Milli Komitəyə bir qilincla bir top hədiyyə etmək sürəti ilə “ Sizlər anadan doğma qəhraman olduğunuz qədər insani hisslərə sahib, müstəqil yaşamağı haqq etmiş bir millət olduğunuzu bizə qarşı rəftarınızla isbat etdiniz” . Biz sizin haqqlı, bizim haqqsız olduğumuza inanmanızı istəyirəm, demişdi. Milli Komitə Əmniyyət rəisliyinin aldığı yerində bir tədbirlə, Eşalon silahlarının 60 % -ni tərklə Azərbaycan torpaqlarını keçirdilər. Hacı Axundun, Məmmədqasımın, və Qaçaq Qənbərin, Həsən Binhektar ilə Sarı Ələkbərin qüvvələri Eşalonun Azərbaycan torpaqlarını burunları qanamadan keçməsini təmin etmişdi (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə : 19,20,21 ) .  
Eşalon davası ( Şamxor davası )1918-ci il 8 yanvarda Çar Rusiyasının uzunmüddətli işğalından sonra ilk dəfə olaraq Gəncə Milli Komitəsinin Şəmkir stansiyasında Rus ordusunun tərksilah edilməsi hadisəsidir. Həmin hadisə xalq arasında böyük sevincə səbəb olması, uzun müddətdən sonra bütün imkanların tükəndiyi dövrdə Rusların məğlubiyyətə uğradılması bir sıra yazarların əsərlərində, məqalələrində, söylədiyi nitqlərdə böyük qəhramanlıq hadisəsi kimi qiymətləndirilir. Çingiz bəyində xatirələrində bu hadisə böyük təsirlər bağışladığına görə öz kitabında həmin hadisəyə yer verib.
Çingiz bəy öz kitabında Bolşeviklərin Müsəlman, Türk məmləkətlərində hakimiyyəti  zamanı onların Bolşeviklərə qarşı üsyanlarındanda bəhs edir. Həmin üsyanlarla bağlı “ Kominist Bəyannaməsi” adlı bölmədə qeyd edir :
Müsəlman aləminin koministlərə qarşı üsyanı müdəmadi olaraq davam etmişdi. Şimal Türklərinin Çatal üsyanı, Şeyx Şamilin nəvəsi Səid bəyin üsyanı, Qazaxıstan və Özbəkistan üsyanı və yenə Azərbaycanın Zaqatala və Şəki üsyanı bu dövrə təsadüf edir. Qabaqda yeri gəldikcə bəzi üsyanlardan bəhs edəcəm. Bu üsyanlardan sonra koministlər daha ciddi tədbirlər almaqda gecikmədilər. Müsəlman münəvvərlər bu dəfə bütünlüklə məhv olmaya və sürgün məruz qaldılar. Gəncədə 14 – 70 yaş arası bütün kişilər həbsxanalara atıldılar. Hər gecə çekistlər ( əksəriyyəti könüllü Gəncə Ermənilərindəndir) həbsxanaya gələrək, boylu-buxunlu, əli silah tutan hərkəsi xalqın arasından seçərək alıb aqibəti məchul yerə aparırdılar. Beləcə minlərcə Gəncəli Müsəlman ölümə aparıldı. Gəncədə elə bir ailə təsəvvür edə bilməzsiniz ki, üzvünün birini bu üsyanda itirməmiş olsun. Satılmış Qarayev, Həmid Sultanov, Bağırov kimi koministlərdə Gəncədə Türk və Müsəlmanların məhv olmasını artırmaqdan başqa bir iş görməmişdilər. Bunların Gəncəyə gəldiyini eşidən xalq onlara söz göndərərək bu qətliamın qabağına keçilməsini istəmişdilərsə, “ İnqilab əlehdarı Gəncənin təmizlənməsini bizlər şəxsən edəcəyik” sözləri ilə böyük miqyasda qətliamı dəstəkləmişdilər (Ç.Göygöl, Kominist Rusiya və Müsəlmanlar, səhvə: 31, 32 ).

 

Bu araşdırmamda Çingiz Göygölün mətbu və elmi yaradıcılığı ilə bağlı müəyyən qədər məlumat verdim. Əlbəttə ki, onun fəaliyyət və yaradıcılığını bir məqalə ilə ifadə etmək olmaz. Bizə məlum olan və olmayan Çingiz Göygölün çox yazıları mövcuddur. Bildiyimiz kimi onun əsas yazıları “ Mücahid” və “ Türk izi”-də gedib. Bütün bu dərgiləri toplamaq və yazıları tamı-tamına əldə etmək indiki məqamda imkanlarımız xaricindədir. Bacardığımız qədər bu yazıların müəyyən hissəsini əldə etmişik və etməkdəyik. Zamanlada inanıram ki, biz onun yazılarını əldə edəcəyik. Uzun müddət digər Azərbaycanlı siyasi mühacirlər kimi Çingiz bəydə araşdırılmayıb və müəyyən araşdırmacıların diqqətini cəlb etməyib. Son zamanlar Çingiz bəy və digər Azərbaycan Milliyyətçilər Dərnəyinin üzvülərinin yaşam və mücadilələri ilə bağlı araşdırmacılarda maraq artıb. İnanıram ki, biz bütünlükdə onların yaradıcılıq yollarına, yaşam və mücadilələrinə işıq sala biləcəyik.

Politoloq,tədqiqatçı:CEYHUN NƏBİ

 

Ruzi Əbdürrəhman oğlu Musayev (Pişnamazzadə)

E-mail Çap PDF

 

NEFTÇİ ALİM MUSAYEV RUZİ ƏBDÜRRƏHMAN OĞLU

ruzu_musayev

Texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitunun sabiq şöbə rəhbəri Musayev Ruzi Əbdürrəhman oğlu, 1933-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Onun məktəb illəri məşəqqətli , olduqca çətin bir dövrdə,  II Dünya müharibəsi illərində keçib. Bu çətinliklər onun əzmini qıra bilməyib. O , 1940-cı ildə M. Qorki adına 1 saylı orta məktəbə daxil olub , 1950-ci ildə M.Ə. Sabir adına 5 saylı məktəbi qurtarıb. Həmin il M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunun Neft , Mədən fakkültəsinə daxil olub və 1955-ci ildə həmin institutun “dağ mühəndisi” ixtisası üzrə bitirib. Bibiheybət neft-qaz çıxarma idarəsində , sonra isə Azərbaycan Dövlət Dağ Texniki Nəzarət Komitəsində işləyib.
R. Ə. Musayev neftçıxarma sənayesinin elmi inkişafında daha yaxından iştirak etmək və elmi işlə məşğul olmaq məqsədilə , 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz yataqları problemləri İnstitunda aspiranturaya daxil olub , 1965-ci ildə texnika elmləri namizədi və 1991-ci ildə isə, “texnika elmləri doktoru” , alimlik dərəcələrini almaq üçün dissertasiya müdafiə edib.
R. Musayev ömrünün 50 ildən çox hissəsini neft laylarında baş verən səthi molekulyar, kapilyar, neftin su ilə sıxışdırılma mexanizmini , layların neft veriminin , istismar və suvurucu quyuların məhsuldarlığının artırılmasına , layların və ətraf mühitin ekoloji çirklənməsi səbəblərinin araşdırılması məsələlərinə həsr edib .
R. Musayevin rəhbərliyi və iştirakı ilə kimyəvi maddə məhlullarının fiziki - kimyəvi, həmçinin  kapilyar xüsusiyyətləri hərtərəfli tədqiq edilib. O, ilk dəfə olaraq neft və neft məhsullarında həll olan səthi-fəal maddələrin səthi molekulyar xassələrini və bu maddə məhlulları ilə neft istehsal edən  suvurucu quyuların quyudibi sahəsinə təsir zamanı baş verən kimyəvi, fiziki – kimyəvi hadisələri tədqiq edib. Alınmış nəzəri , eksperimental və mədən sınaq tədqiqatları imkan verib ki, neft kimya və  neftayırma zavodlarının istehsalı olan təbii səthi fəal maddə məhlulları əsasında neft hasil edən quyuların , neftə görə verimini artırmaq üçün yeni texnologiyalar işlənsin və istehsalatda tətbiq olunsun. Bu işlənmiş texnologiyaların Azərbaycan Dövlət Neft Şirkətinin neft-qazçıxarma İdarələrinin mədənlərində neft hasil edən quyularında tətbiqi onların neftə görə verimini artırmağa imkan verib .
SSR-i məkanı daxilində ilk dəfə olaraq, R . Musayevin fəal iştirakı ilə neftli layların qələvi məhlulu ilə neft verimini artırılması üçün tədqiqat işləri aparılmış və alınan nəticələrə əsasən , Kirovdağ neft yatağının birinci horizontunda mədən sınaq işləri aparılmış və alınan nəticələr əsasında bir neçə yeni təkmilləşdirilmiş üsullar təklif edilmişdir.
Layların neft verimini kimyəvi üsulla artırılması sayəsində R. Musayev həmkarları ilə birlikdə sərbəst və bağlı turşu xassəli maddələrin tətbiqi mümkünlüyünü tədqiq etmiş və alınan nəticələrə əsasən , neft laylarının neft verimini intensivləşdirilməsi üçün , bir neçə yeni texnologiya təklif etmişdir.
R. Musayevin digər istiqamətdə apardığı , elmi tədqiqat işləri əsasən , sulaşmaya məruz qalmış  istismar quyularında selektiv və qeyri-selektiv təcrid işlərini aparmaq üçün əmtəə və aralıq zavod məhsulları aşkar edilmiş , onların əsasında yeni texnologiyalar işlənmişdir. Bu texnologiyaların vaxtından əvvəl , sulaşmaya məruz qalmış istismar quyularında tətbiqi çox səmərəli olmuşdur.
Yüksək lay təzyiqinə malik olmayan neft hasil edən quyularda , kənar su axınına qarşı təcrid-təmir işləri aparmaq üçün də , R. Musayev labaratoriya və mədən – sınaq işləri aparmış , prinsipcə yeni üsul işlənmişdir. Təklif edilmiş bu üsul neft-qazçıxarma idarəsində öz geniş tətbiqini tapmışdır.

ruzu_musayev_
R. Musayev ilk dəfə olaraq fiziki təsir üsullarına aid olan sabit və dəyişən elektrik cərəyanı sahələrini çoxgilli neft laylarından neftin su və müxtəlif tipli kimyəvi maddə məhlulları ilə sıxışdırma mexanizminə , neftçıxarmanın texnoloji proseslərində geniş istifadə olunan müxtəlif tip səthi fəal maddələrinin adsorbisiya və desorbisiya dinamikasına , müxtəlif litoloji xüsusiyyətli layların məsaməlik və su ilə doyma kəmiyyətlərinə təsiri amilləri tədqiq etmişdir.
R. Musayev tərəfindən neft yataqlarının müxtəlif təsiretmə üsulları ilə işlənməsi nəticəsində layların çirklənməsi səbəblərini , neftlə çirklənmiş torpaq sahəsində baş verən fiziki-kimyəvi proseslər və neft məhsulları ilə çirklənmiş sahələrin təmizlənməsi məsələlərini də öyrənmişdir. Bu işlərin əksəriyyətindən alınmış nəticələr dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının mühüm elmi nəticələri siyahısına daxil edilmişdir.
R. Musayevin rəhbərliyi və bilavasitə iştirakı ilə işlənmiş yeni üsul və texnologiyalar Dövlət Neft Şirkətinin istehsalat sahələrində geniş miqyasda tətbiq edilmişdir.
R. Musayev 170 çap olunmuş elmi əsərin , 15 müəlliflik şəhadətnaməsinin və 10 təlimatın müəllifidir. Onun əsərləri neft sahəsində fəaliyyət göstərən alimlərə yaxşı məlumdur. O, elmi kadrların hazırlanmasına da böyük əmək sərf edib.
R. Ə. Musayev neft və qaz sənayesinə həsr olunmuş bir çox konfranslarda və simpoziumlarda elmi məruzələrlə çıxış edib .

 

Faiq Əbdürrəhman oğlu Musayev (Pişnamazzadə)

E-mail Çap PDF

 

Tibb Elmləri Namizədi Faiq Musayev

faiq_mm_musayev


Musayev Faiq Əbdürrəhman oğlu 6 aprel 1939-cu ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncənin 24 saylı məktəbində bitirib , 1957-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) “ Stomatologiya “ fakkultəsinə qəbul olunub .  1963-cü ildə həkim – stomatoloq kimi Gəncəyə təyinatla göndərilib.  Mart , 1964-cü ildə şəhərin stomet poliklinikasında əvvəlcə həkim – stomatoloq , sonra isə , ortopedik şöbənin müdiri  işləyib.  1966-cı ildə elmi tədqiqat  işləri ilə əlaqədar terapevtik  şöbəyə keçərək , dissertasiya mövzusu üzərində çalışıb. Elmi rəhbərləri  Leninqrad Tibb Hərbi Akademiyasının müəllimləri prof. A. F. Tumka və D. E. Tanfiliyev olublar. 1971-ci ildə” tibb elmləri namizədi “ adına layiq görülüb. 1979-cu ildə Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya fakkultəsində assistent vəzifəsinə seçilib . 1984-85-ci illərdə kafedra müdiri vəzifəsini icra edib. 1986-cı ildən dossent vəzifəsində işləyir.
40-dan çox elmi əsərləri müxtəlif ölkələrdə çap edilib , onlardan 16 – sı xarici ölkələrdə,  2013-cü ildə “Ağzın selikli qişa xəstəlikləri”  Müəllim Nəşriyyatı  tərəfindən ATU-nun stomatologiya fakkultəsi tələbələri və residentləri üçün nəşr edib. 1986-2009-cu illərdə kafedranın tədris hissə müdiri , 1996 – 2012-ci illərdə ATU-nun nəzdində dissertasiya şurasının üzvü və elmi katibi vəzifələrində çalışıb.

faiq_musayev_v_oqlu

 

Əbədi ezamiyyət

E-mail Çap PDF

 

 

“Qafqaziyyə şeytanı” yox, “Qafqaziyyə qartalı” Dəli Alı.

E-mail Çap PDF

“Qafqaziyyə şeytanı” yox, “Qafqaziyyə qartalı” Dəli Alı.


Dəli Alı Çar Rusiyası üçün bir şeytan kimidə, düşmən kimidə, quldur kimidə qələmə verilə bilər, O Azərbaycanlılar, müsəlmanlar üçün bir dayaq, xilaskar idi. Müsəlmanların əlindən silah alındıqda dağlarda əlində silah gəzən bir şəxs var idi, Qafqaz qartalı Dəli Alı. 70 il Sovetlərin əsarətində yaşayan Azərbaycan Dəli Alı haqqında hər hansısa araşdırma, film və digər işlər görməmişdi. Bununda səbəbi Dəli Alının işinin Çar Rusiyası dövlət məmurları, müsəlmanlara, türklərə qənim kəsilmiş Ermənilərlə, Ruslarla olması ilə bağlı idi. Məsələn Sovet dövründə tanınmış qaçaqlardan biri olan Qaçaq Nəbinin qabardılması onun bəylərə, xanlara qarşı mübarizəsi Sovetlərin maraqlarına uyğun idi. Dəli Alının yaşamı, mübarizəsi bu səpkidə deyildi. Dəli Alı sırf milli qaçaq idi, o ümummilli maraqlardan çıxış edirdi, Müsəlmanların, Türklərin dayağı idi. Dəli Alı Qaçaq Nəbidən fərqli olaraq bəylərə, mülkədarlara qənim kəsilməmişdi, O bəylərlə, mülkədarlarla, tacirlərlə dostluq edirdi. Ona bu işdə bəylər yardımçı olmaq idi, dara düşdükdə bəylərdən məsləhət alır, onlarla hərəkət edirdi.
Dəli Alının fəaliyyəti, yaşamı, mübarizəsi ilə bağlı müxtəlif araşdırmalar var və onların çoxu Türkiyədə aparılmış araşdırmalardır. Türkiyədə Dəli Alı haqqında araşdırma aparanlar Azərbaycanlı siyasi mühacirlər idi. Başda Nağı bəy Şeyxzamanlı olmaqla, Hüseyin Baykara, Məhəmməd Əmin Rəsulzadə və ən mükəmməl araşdırmanın müəllifi Məşədi Əli Rəfiyevin oğlu Səlim Rəfiq Rəfioğlunun araşdırmasıdır. Nağı bəy Şeyxzamanlı Dəli Alının canlı şahidlərindəndir, və onun qəhramanlıqlarını öz gözləri ilə görüb. Digər araşdırmacılar, Dəli Alı haqqında fikir səsləndirənlər eşiddikləri, araşdırmaları əsasında mövqey ortaya qoyurdular.
Dəli Alı Məhərrəm oğlu 1875-ci ildə Şəmkirin Keçili kəndində doğulub. Onun həyatı sadə çobanlıqdan başlayır, o dövrün mülkədarlarının, bəylərinin heyvanlarını, qoyun sürülərini otarmaqla əzablı həyata qatlaşmağa başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Bir gün Çar məmuru Alının dədəsi Məhərrəm kişini vergini ödəməməsi ilə bağlı qətlə yetirir və buna görə Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamağı çətinləşib və onlar Goranboyun Qarasuçu kəndinə köçüblər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim kişinin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparırdılar. Bir gün Göyçəyə gedəndə Erməni pristavı onların qarşısını kəsir və atışma başlayır, Alı pristavı məhv edir. Gülləsi qurtarandan sonra o həbs edilib, Kəvər qalasına salınır. Dostu İsanın köməkliyi ilə qaladan qaça bilir. O gündən Dəli Alının qaçaqlıq həyatı başlayır və Ermənilərə münasibətidə elə o vaxtlardan dəyişib. Bu təsadüf edirdi 1898-ci ilə, artıq 8 il idiki Ermənilər Daşnakstüyun partiyasını təsis etmişdilər. Səlim Rəfiq Rəfioğlu Nağı bəy Şeyxzamanlının dediklərinə əsasən Azərbaycan Yurd bilgisinin 1933-ci il 23-cü sayında qeyd edirdi ki,  Dəli Alı yüksək boylu, enlikürək, kəskin baxışlı və çox yaraşıqlı bir gənc imiş ( səhvə 415 ).
Dəli Alı Gəncəbasarda ad qoymuş ən məhşur qaçaq idi, bəylər, varlı tacirlər, hörmət sahibi insanlar onunla əlaqədə idilər. Müasir mücadilə tariximiz Sarı Ələkbər İmamquluoğlu, Samuxlu Qaçaq Məmmədqasım, Qaçaq Qəmbər Bəhmənli, Qaracaəmirlinin böyük oğulları Rüstəm və Təhməz Ramazanoğulları, Sarı Qafar və digər milli qaçaqlarımızla birlikdə Dəli Alının adını hörmətlə anırlar.
Dəli Alı Ermənilərə, Çar məmurlarına qənim kəsilmişdi. Dəli Alının adı Erməni kəndlərinin kabusuna çevrilmişdi. Dəli Alı mübarizəyə bütünlüklə ailəsi ilə birlikdə qoşulmuşdu, qardaşı Aslan, bacısı Zeynəb, xalası oğlu Məşədi İsmayıl, bacanağı Xuluflu Məşədi və digərləri onun birlikdə hərəkət edirdilər. İndiki Göygölün, Goranboyun, Daskəsənin, Şəmkir və Gədəbəyin dağlıq əraziləri Dəli Alının oylağı idi, onun qaçaqlıq fəaliyyəti bu ərazilərdə olurdu.
Dəli Alı Çar Rusiyasının əsgərlərinin öldürülməsindən, Çar Rusiyasının məğlub olmasından sevinirmiş. Alı rus müharibəsiylə çox maraqlandığından, gündə¬lik qəzetləri təqib və tərcümə etdirirmiş. Bir gün dost¬la¬rın¬dan birisi qəzetin hansı qismindən xoşlandığını soruş¬muş, o da cavabında “Yapon hər¬bində öldürülən rus za¬bit¬ləri siyahısından” de¬miş¬dir. ( Səlim Rəfiq Rəfioğlu, Azərbaycan Yurd bilgisi, 1933, say: 23, səhvə 415 ).
Dəli Alının əsas fəaliyyəti 1905-1906 –ci illəri təşkil edir. 1905-ci ildə Ermənilərin aktivləşməsi, Müsəlmanlara qarşı, Türklərə qarşı haqqsızlıqları Qafqaziyyə Qartalı Dəli Alını hərəkətə keçməyə vadar etmişdi. Dəli Alı kəndlərdən yığılmış 2 minə yaxın gənclə Gəncə Şəhərinə daxil oldu, şəhərin irəli gələnləri ilə görüşdü və belə bir qərar qəbul etdilər: qaranlq düşən kimi erməni tərəfinə dağlıq səmitindən hücüm ediləcək, daş-daş üstündə qalmayacaq, hər tərəf atəşə tutulacaq. Minə yaxın şəhər gəncidə onlar ilə birləşərək axşam saat 7-də hücuma başladılar. ( Nağı bəy Şeyxzamanlı, “ Xatirələrim”, səhvə: 15 ). Dəli Alının silahlı dəstə ilə Gəncəyə daxil olması müsəlmanların tək ümidi, tək dayağı idi. Dəli Alını Allah Gənəcəyə, Gəncəbasara bir xilaskar kimi göndərmişdi. Dəli Alının hərəkətindən Rus idarəsi,  Erməni toplumu qorxuya düşmüşdü. Müsəlmanlarla danışıqlara başladılar. General Qubernator 10 müsəlman, 10 erməni olmaq şərti ilə sülh barışığı yaradır. Dəli Alı bir gün şəhərdə qaldıqdan sonra xalqın alqışları ilə şəhəri tərk edir. ( Nağı bəy Şeyxzamanlı, “ Xatirələrim”, səhvə: 16 ). Bu əməl Müsəlmanların, Türklərin, Gəncə və Gəncəbasarlıların yaddaşına qızıl hərflərlə yazılır, Dəli Alının qəhramanlığı ilə qürur duyurlar. Dəli Alının hərəkətinə xalq ona hədiyyələr verir, şeirlər qoşurlar. Gəncədə tanınmış, Çar Rusiyasında məhşur zərgər olan Zərgər Ağamirzə ona düzəltdiyi, üstündə «Alımərdi-mərdana, budur girdi meydana» sözləri yazılmış qızıl xəncər bağışladılar.
1907-ci ildə Dəli Alı Kərbəla ziyarətində olmuş, oradan qayıtdıqdan sonra Şimali Qafqaza göndərilən xris¬ti¬an osetin alayı tərəfindən mühasirə edilmiş, iki düşmən arasında cərəyan edən şiddətli çarpışma bu dəfə də Alının müvəf¬fə¬qıyyətiylə nəticələnmişdir ( Səlim Rəfiq Rəfioğlu, Azərbaycan Yurd bilgisi, 1933, say: 23, səhvə 415 ). Dəli Alı günü-gündən Çar əsgərləri üzərində qazandığı qələbələr onun nüfuzunu xalq arasında  böyüdürdü.
Dəli Alı ilə Çar rejmi bacara bilmirdi, onunla silah dilində danışmağın dəfələrlə müvəfəqiyyətsizliyini görən Rus höküməti onu bağışlamaq qərarı verir.  Rus höku¬mə¬ti ərkani-şahzadə knyaz Qolitsın’ı Petroqraddan Gəncəyə göndərmiş və bu da Zurnabad  ( indiki Göygöl rayonunun 2 kmdə kənd ) kəndində Alı ilə bir görüş təyin etmişdir. Alı knyazla qarşı¬la¬şınca [knyaz] dərhal ona güləşmək təklif etmişdir. Alı da cavab olaraq “mən tüfənglə güləşirəm” de¬miş-dir. Qolitsın Alıya heyran olmuş və mərkəzə dönər-dönməz onu əfv etdirərək key¬fiy¬yəti telqrafla vilayətə bildirmişdir. Xalq qəhrəmanını sevinclə qarşılamış, Alı da təbliği silah daşımaq səlahiy¬yə-ti¬nə malik olması şərtiylə qəbul etmişdir. Silah daşı¬maq qəti yasaq olmasına baxmayaraq ona silahla dolaş¬mağa icazə verilmişdir. Bundan sonra, 50-60-dan artıq rus məmuru öldürən Alı çarlığın 300 illiyi münasibətiylə keçirilən mərasimdə iştirak üçün qo¬naq dəvət edilmiş və Petroqradda Qolitsın tərəfin¬dən çara təqdim edilmişdir( Səlim Rəfiq Rəfioğlu, Azərbaycan Yurd bilgisi, 1933, say: 23, səhvə 416 ).
Dəli Alının Romanovların 300 illiyində iştirakı, çar Nikolayla görüşməsi bağlı fikirlər birmənalı deyil. Səlim Rəfioğlunun Dəli Alı ilə bağlı məlum məqaləsinə əsaslansaq Petroqradda Qolitsın tərəfin¬dən çara təqdim edilməsi, onunla görüşməsi öz təsdiqini tapır. O dövrün Gəncədə yaşamış, sonradan Türkiyədə yaşayan siyasi mühacirlər bu hadisədən xəbərdar idilər və bu dilləri əzbəri olduğu üçün öz məqalələrində, xatirə yazılarında bu möhtəşəm görüşü qeyd edirlər. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Rəfiyev, babası Hacı Məhəmmədhüseyin Rəfiyev, əmisi Musa Rəfiyev, Türkiyədə onlarla birlikdə siyasi mühacirlik həyatı yaşayan Azərbaycan Cümhuriyyəti liderləri Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov  və s, kimi o dövrün şahidləri bu hadisədən xəbərdar idilər və ona görədə eşiddikləri əsasında Səlim Rəfiq Rəfioğlu öz məqaləsində bu möhtəşəm hadisəni qeyd edib.
Dəli Alının Çarla görüşməsi tək araşdırma və ya hər hansısa xatirə yazılarında yox onun qohumları və ailəsi tərəfindən xüsusi ilə qeyd edilir. Dəli Alının qızının və nəvəsinin yaddaşlarında yaşayan həmin dövrün hadisələri Dəli Alının araşdırmacıları və onun sevənlər üçün xüsusi əhəmiyyət kəsb edir. Çox təəssüf ki, bu gün Dəli Alının övladlarından heç kəs həyatda yoxdur. Amma onun övladlarının danışdıqları, qohum-əqrabalarının söylədikləri Gəncədə bir çox insanların yaddaşlarında yaşayır. O insanların düşüncəsində Çar Nikolayla Dəli Alının görüşü hərtərəfli qalıb. Orada baş verən hadisələr, Dəli Alının Peterburqa gedərkən Gəncədən apardığı mer-meyvə ilə dolu qatar karvanı, Gəncəyə dönüşü  və s, hadisələr Dəli Alı sevərlərin yaddaşlarında yaşayır.
Dəli Alı xalq arasında özünə böyük mövqey qazanmışdı və onun qəhramanlığı söz və sənət adamlarının, aşqıların dilində tərənnüm edilirdi. Onlardan biri, diqqəti cəlb edən Dəli Alının bacısı, onunla birlikdə döyüşlərə qatılan Zeynəb Məhərrəm qızının oğlu Zeynalabdına təşkil etdiyi toy mərasimi idi. Həmin  toyda Gəncənin və Gəncəbasarın bəyləri, sözü keçən hörmət sahibləri, qaçaqlar və vurub-tutan oğulları toplaşmışdılar. Tatoğlu Həsən, Qızılhacılı Allahverdi, Kərbəlayi Məhəmməd, Bala Məşədi, Hacı Əli Qasımov və dostu, həmişə rəqabətdə olduğu Gəncəbasarın hörmətli bəylərindən Məşədi Səməd və digərləri .Toy o qədər möhtəşəm keçmişdi ki, sonradan bu aşıqların dilləri əzbəri olmuş, dastana çevrilmişdi. Şadlıq məclisi İndiki Daşkəsənin Xoşbulaq yaylağında, Qoşqar dağının ətəyində, səfalı bir yaylaq yerində, bulaq başında keçirilmişdi. Həmin toy mərasimi Dəli Alı haqqında ən məhşur dastandır, Aşıqların dillər əzbəridir. Göyçəli Aşıq Ələsgər tərəfindən qoşulmuş, özüdə şəxsən bu məclisdə iştirak etmiş dastanın məzmunu belədir :


Dəli Alı bir sədd açıb Şah Abbas dövranı kimi.
Yanında yoldaşları var Azərbaycan xanı kimi.
Zeynalabdin bəy bəzənib Misirin sultanı kimi,
Hər yana kağız dağılıb Süleyman fərmanı kimi.
***
Neçə çinovniklər gəlib, çox ağır keçdi yığnağı,
Bir yanı Qavrı-qanıq, bir yanı Qoşqarın dağı.
Aləmi çıraqban gördüm, xudadandır çır-çırağı,
Şəmkirdən düyü gəlir, Sarıyaldan gəlir yagı,
Hər yana qafilə işləyir xunkar bəzirganı kimi.
***
İyitliyin səbəbinə ona deyillər Dəli Alı,
Şücaətdə qəhrəmandır, Loğmana bənzər kamalı,
Barilahim, özün saxla, pozulmasın bu cəlalı,
On bir sərkər qoynun güdür, yeddi sərkər qaramalı,
Mehtərdə qırx atın gördüm Cəlalın Türkmanı kimi.
***

Günün günorta vaxtında gəldi Alının dəstəsi,
Hər biri bir iyitti, bir qoşunun sərkərdəsi,
Gördüm asmana dayandı “öldürrəm-öldürrəm” səsi,
Yaponyadan tüfəng gəlib – yeddi  verst vurur gülləsi,
Zərbəsindən dağlar titrər bərgi-dirəxtanı kimi.


***
Alı məclisə gələndə təəccüb qaldı işlərinə,
Anası onu tək doğub, qurbandı sirrim sirrinə.
Şabaş beşlik qızıl işləyirdi qəpik yerinə,
Neçə sandıqlar açılıb sərrafın dükanı  kimi.
***
Hadı bəy məclisə gələndə nəfü ziyanın görmədim,
Beş yüz erkək  qırıldı, toğlunun sayın görmədim.
Nisyə qalan xələtlərin doğru-yalanın görmədim,
Nağdıdan mətləb verir o kişi qələmkarı kimi.                                  
***
O ki Kərbəlayı Məhəmməddi, bir nər oğlu nər kimiydi
Qızılhacılı Allahverdi kamil bir əjdər kimiydi,
Sağ olsun İsmayıl qardaşı, nərəsi hətdər  kimiydi,
Xaçbulaqda meydan açıb Koroğlu meydanı kimi.
***
Orucu çox bəyənmişəm, məhəbbətim var kələrə,
O səltənət o kişiyə, halal olsun İsgəndərə,
Buraxıb dünya malını, tabe olub Peyğəmbərə,
Avaznan namaz qılıb qareyi-Qur’anı kimi.
***
Aslan da şimşək kimi girəndə meydan içinə,
Səyrişir badronları, batırır al qan içinə,
Zərrəcə  gorxusu olmaz düşsə yüz düşman içinə,
İskəndər tək səs salıbdır yeddi Dağıstan içinə,
Tüp dağıdır, ordu pozur qüdrətin aslanı kimi.
***
Biçarə fağır Əliəsgər, gəldin yetdin hər nə isə,
Haqq səni sərraf yaradıb, qiymət qoy yaxşı-pisə,
Tatoğlu iki gardaşa – olar girəndə məclisə,
Hamıdan çox pul verib qızılnan doldu kisə,
Aşıqlar güzəran tapıb bəylər güzəranı kimi.  


Dəli Alı çox qürurlu adam idi, igidlikdə onu kimsə üstələməsinə imkan verməzdi. Xarakterində nakişilik yox idi,kiminsə haqqsızlıq oyununda yer almazdı. Bir knyaz Janderi heç cür yaxalamağa müvəffəq ola bilmədiyi Qaçaq Nağı’nı  ( Qandal Nağı ) öldürməyi Alıya təklif etmiş, Alı bu təklifə görə valinin yanına gedərək Türk qaçağını yaxalamaq onun üçün namussuzluq olduğunu açıqca söyləmişsə də fəqət çox keçmədən Janderi’nin qurduğu bir tələnin qurbanı olmuş və al¬da-dılmış mehtəri tərəfin¬dən öldürülmüşdür. Gən¬cə xal¬qı onu böyük bir təəssür içində misilsiz bir mə¬rasimlə mədfəninə gömmüşdür( Səlim Rəfiq Rəfioğlu, Azərbaycan Yurd bilgisi, 1933, say: 23, səhvə 416 ). Dəli Alı Kürəkçayın yaxınlığında, Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir. Dəli Alı İmamzadə məzarlığında dəfn olunmuşdur. Dəli Alının Dəli Alının doqquz övladı var idi. Beş oğul, dörd qız. Oğlu Məmməd Məhərrəmov İkinci Dünya müharibəsi zamanı öz qəhramanlığına görə Sovet İttifaqı qəhramanı statusu alıb.
Dəli Alı bir xalq qəhramanı kimi 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində Azərbaycan xalqının milli dirəniş hərakatının önündə gedən əsas simalardan biri idi. Həmin dövrdə Dəli Alının xidmətləri, milli təşkilatımız olan Difainin fəaliyyəti Ermənilərin qarşısında bir sipər idi. Ermənilərin ikinci, 1918-ci ildə başlayan soyqırım dalğası zamanı Gəncədə onlara qarşı mübarizəni təşkil edən Gəncə Milli Komitəsinin gördüklərini ilkin dövrlərdə Xalqımızın qürur mənbəyi Dəli Alı başlatmışdı. Bunun nəticəsi idiki Gəncədə Ermənilər baş qaldıra bilməmişdi, çunki onların Dəli Alı kimi dayaqları var idi.


                                                                                                                                                                                                                   Politoloq,tədqiqatçı:CEYHUN NƏBİ

 

Rəssam Sadiq Hüseynov

E-mail Çap PDF

 

Müəllif:Cavid Murad

 


AXTARIŞ

GİRİŞ

Paylaş


© 2011 - 2013. Hər hansı bir məlumatı, materialı və fotoşəkili administrasiyanın icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və Azərbaycan Respublikasının Qanunlarına əsasən cəzalandırılacaqdır.
ankara escort